Həsən bəy Zərdabinin Kür çayında gəmiçiliklə bağlı təklifləri

8
78

  Kür  çayında  gəmiçilik

(Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə yazdığı məqalə barədə)

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə
doktoru, Beynəlxalq Ekoenergetika
Akademiyasının ekologiya üzrə professoru,
Zərdabişünas

Məlumdur ki, Kür çayının uzunluğu 1515 km olub üç ölkənin AzərbaycanTürkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.

 Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Hesablamalara görə Kürün vadisində kənd təsərrüfatı işləri təxminən 4.500 il əvvəldən görülməyə başlanılıb. Kür vadisində yaşayan xalqlar böyük və zəngin mədəniyyət yaratmağa müvəffəq olmuşdular. Lakin eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da xarici işğalçılar tərəfindən bu ərazilər yerlə-yeksan edilmişdi.

XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi ilə üzərək getmək mümkün idisə, hazırda bu yol su elektrik stansiyalarının tikintisi səbəbindən bağlanılıb.

Çayın deltasında uzunburun, ağbalıqnərə,  kütüm, ilanbalığı və başqa balıqlar ovlanır. Sovet vaxtında çayın Tiflisə qədər olan hissəsi yuxarı ərazilərdən meşə materiallarının axıntı boyunca daşınmasında istifadə olunurdu. Kür çayı üzərində MingəçevirŞəmkir və Yenikənd su bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Bundan başqa, Azərbaycan ərazisində Kürün suyu suvarma üçün intensiv şəkildə istifadə olunur.

Kür çayı Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlı hesab olunur.   

Bu məsələ ilə bağlı 113 il bundan öncə görkəmli təbiətşünas alim Həsən bəy Zərdabinin “Kaspi” qəzetində rus dilində dərc olunmuş və tərəfimdən Azərbaycan dilinə tərcümə olunan “Kür çayında gəmiçilik” adlı məqaləsini hesab edirəm ki, oxucuların, alim və mütəxəssislərin diqqətinə çatdırmaq gərəkli olardı.

                 Kür çayında gəmiçilik

“Heç bir düz-əməlli ölkədə Kürlə müqayisədə böyük bir çay tapmazsan ki, orada gəmiçilik olmasın; eynilə özü kimi məhsuldar Muğan, Mil, Küdrü kimi geniş çöllərə rast gəlməzsən ki, məskunlaşmamış olsun. Hələ keçmiş canişin knyaz Vorontsov Kürün mənsəbi ilə Tiflis şəhərini birləşdirmək istəyirdi, ancaq mühəndis araşdırmalarına görə, Tiflisdən aşağı hissədə çayın yatağında olan astanaya görə bu mümkün olmamışdı. Buna görə də o vaxt Salyanı Zərdab kəndi ilə (o zaman indiki Neftçala Salyanın tərkibinə daxil olduğundan Kürün mənsəbi hesab olunan yer Salyan adlanırdı, Zərdab kəndi isə indiki Zərdab şəhəridir – E.H.) birləşdirən kiçik bir gəmi ilə kifayətləndilər. Sonra gəmiçilik haqqında düşünmədilər, hansı ki, heç bir yaxşı şey vəd etmirdi və o vaxtkı hökumət zarafatca deyib ki, Kür çayında gəmi ilə yalnız Salyan qızdırması daşımaq olar. Şərqi Zaqafqaziyaya xəstə bir ölkə kimi baxılan belə bir naümid vəziyyət xeyli davam etdi. Nəhayət, Bakı qəzasının daşlı və susuz sahələrində fontan vuran neft quyuları qazıldı, hamı təbiətin bu möcüzəsinə təəccüblə baxdı. Maliyyə işbazları tezliklə milyonlar yığdılar və onda hər yerdən bura kapital və elm axtarmağa gəlməyə başlanıldı, keçmiş inzibati sürgün yerlərində Amerika Kaliforniyası və Cənubi Afrika Transvaalı həyatı qaynamağa başladı.

Bu qaynar həyat Zaqafqaziya dəmir yoluna da işıq saldı və beləliklə, Zaqafqaziyanın şərq hissəsi Tiflis şəhərinin inzibati və başqa idarələri ilə birləşdi; Bakı və onunla birlikdə Xəzərsahili ərazilər rəhbərliyin gözü qarşısında dirçəldi, elə buna görə dəmir yolunun açılışından sonra Kürdə gəmiçilik haqqında düşünməyə başladılar, bu dəfə onun mənsəbindən Yevlax stansiyasına qədər. Nəqliyyat mühəndisləri tapdılar, sualtı əyriləri təmizləyən bütöv suölçən ştatı yaratdılar; rəhbərlik üçün kayutalı gəmilər qurdular və su hövzəsini təmizləyən donanma Kür ilə irəliləyərək ildə 25 min dövlət pulunu udmağa başladı. Gündə 3 dəfə suyun səviyyəsini ölçmək üçün Kürün əsas məntəqələrində daimi suölçənlər yerləşdirdilər, rəhbərlik özü isə əvvəlcə Kürün axını istiqamətində Yevlax stansiyasından başlayaraq çıxıntıları təmizləməyə başladı. Bir neçə il işlədilər, necə deyərlər 100 verstdən artıq (107 km-dən artıq – E.H.) təmizlədilər… amma baxdılar ki, təmizlədikləri ərazinin hər yerində yeni çıxıntılar əmələ gəlib. Məlum oldu ki, Kür daşan vaxt çayda üzən ağacları Yevlax körpüsünün yanında tutmağı yaddan çıxarıblar, hansı ki, bu çayın dibinə bataraq yeni çıxıntılar əmələ gətiribdir.

Onda qərara gəldilər ki, işi aşağıdan yuxarı, məhz Salyandan (indiki Neftçaladan – E.H.) başlamaq lazımdır. İş yenidən qaynadı, xüsusən o günlər ki, ildə 1-2 dəfə müfəttiş gəlirdi, fəhlələri daşımaq üçün kiçik “Kür” gəmisi aldılar və tezliklə Cavada (indiki Sabirabad – E.Həsənov.), başqa sözlə, Petropavlovski rus kəndinə çatdılar. Burada rəhbərlik özünə dayanacaq saldı, balaca ev tikdilər, buxar dəyirmanını işə saldılar, “Kür” gəmisi sahil boyu yaşayan kəndlilərin ununu daşımağa və unu hər puda (16 kq – E.H.) 15 funt (funt (girvənkə) = 6150 qr. – E.H.) xeyrinə taxılla dəyişməyə başladılar. Əlbəttə, “Kür” gəmisinin bu işlə məşğul olması Kürdə çıxıntıların təmizlənməsi işinə mane olmaya bilməzdi, donanma yenə də ləng də olsa çıxıntıları təmizləyirdi, “Kür” isə həftədə 2 dəfə fəhlələrə baş çəkir, əlaltdan öz ununu taxıla dəyişirdi. Cavada qayıdaraq taxılı təhvil verib, yenə də aşağı kəndlərin camaatı üçün un götürüb düz vaxtında, fəhlələri götürmək lazım olanda yuxarıya yön alıb Petropavlovski dayanacağına qayıdırdı.

Beləliklə, çay Körpükənd kəndinə (Zərdab rayonunun indiki Körpükənd kəndi -E.H.) qədər təmizləndi, amma burada balaca bir maneəyə rast gəlindi. Cavad yaxınlığında Mollakənd kəndinin böyüklərindən biri (Kürdəmir rayonunun indiki Mollakənd kəndi – E.H.) buxar dəyirmanının belə xeyirlə işlədiyini görüb özü də belə bir dəyirman tikdi və buğda döymə pulunu az almağa başladı. Onda çayı təmizləyənlərin idarəçiləri əllərini yelləyib, dəyirmanlarını tərgitdilər. O vaxtdan “Kür” Kür çayında çox gəzmir, daha çox Arazda görünür, hansı ki, balıq icarəçilərinin nəfinə Allah Araza yeni axar göstərmişdi ki, orada da böyük göllər əmələ gəlmişdi. Bu göllərdə “Kür” gəmisi çoxlu tutulan şəxsi balığın vətəgəyə daşınması ilə məşğuldur ki, ayda 2000 manat qazanır. Bəs onlar orada necə işləyir-bilmirik. Nəticədə qeyd edək ki, bakılı Vəliyevin, bir neçə iri balıq sənayeçisinin və Balıqçılıq İdarəsinin gəmiləri artıq Kür çayında işləyir, lakin təcili hərəkət heç bir yerdə yoxdur”.

“Kaspi”, 212, 03 oktyabr 1899-cu il.

Göründüyü kimi, mütərəqqi dünyagörüşünə malik olan Həsən bəy Zərdabi “Kaspi” qəzetində dərc etdirdiyi “Kür çayında gəmiçilik” adlı məqaləsində çox məsələlərdən söhbət açır. O, Azərbaycanın malik olduğu belə bir sərvətdən səmərəli surətdə istifadə olunmaması halına acıyır. Qeyd edir ki, doğma Kür çayı ilə müqayisədə heç bir yerdə belə bir çay tapmaq olmaz ki, orada gəmiçilik olmasın.

Kür çayının sol və sağ sahili boyunca Azərbaycanın Muğan, Mil, Küdrü kimi geniş ərazilərinin ekoloji, təsərrüfat baxımından yerləşməsinin iqtisadi səmərəsindən söhbət açır. Qafqaz canişini Vorontsovun Kürün mənsəbi ilə Tiflis şəhərini birləşdirmək istəyində olmasını qeyd etməklə nəzərə çatdırır ki, Kürdə gəmiçiliyin inkişafı həqiqətən mümkün olan bir məsələdir. Həsən bəy eyni zamanda Vorontsovun belə bir ideyasını ortaya atmaqla bir növ özünü çar çinovniklərindən, eləcə də yerli məmurlardan qorumağa çalışır. Çünki o zaman Zərdabinin hər bir ideyası, yazısı, təklifi nəzarətə götürülürdü və ona siyasi don geyindirməyə cəhd edirdilər. Bütün bunlara baxmayaraq Həsən bəy Zərdabi yazılarında elmi, nəzəri, təcrübi əsaslarla Kür çayında gəmiçilik fəaliyyətinin tam şəkildə mümkünlüyü məsələsinə öz münasibətini bildirmiş, bunun Kür çayı boyunca yerləşən yaşayış məntəqələri və eyni zamanda orada yaşayan əhalinin sosial, mədəni, məişət həyatında iqtisadi səmərəsini bilərək bu yolda əməli fəaliyyət göstərmişdir.

Vorontsovun istəyinə baxmayaraq Salyanla Zərdab kəndi (indiki Zərdab şəhəri) arasında hərəkət edən kiçik bir gəmi ilə kifayətlənilməsi, mühəndis araşdırmalarına görə bu fikrin həyata keçirilməsinin mümkün olmamasını qeyd edir. “Kaspi” qəzetində dərc olunan sözügedən yazısında bir növ müraciət edərək hökumət canişini olan knyazın bu məsələyə bir daha diqqətini yönəldir və bu işə təkan verməsini diqqətə yetirir. Nəzərə çatdırır ki, gəmiçilik haqqında düşünməlidirlər.

Həsən bəy Zərdabi eyni zamanda bu məqaləsində, Zaqafqaziyaya xəstə bir ölkə kimi baxılan belə bir vaxtda bu işə xeyli müddət biganə yanaşıldığını göstərir. Lakin sonradan Bakı qəzasının daşlı və susuz yerlərində fontan vuran neft quyularının gəlir mənbəyinə çevrildiyini görənlər, hər yerdən bura kapital və elm axtarmağa gəlindiyini, həyatın qaynadığını və bu var-dövlətə sahib çıxmaq üçün, nəinki gəmiçiliyin inkişaf etdirilməsini, eyni zamanda Zaqafqaziyaya dəmir yolunun çəkilməsi zərurətini ortaya atdığını və beləliklə Zaqafqaziyanın şərq hissəsinin Tiflis şəhərinin  inzibati və başqa idarələri ilə birləşdiyini qeyd edir. Həmçinin bu məsələnin Bakı və Xəzərsahili yerlərin rəhbərliyinin diqqətini cəlb etməsindən, bu səbəbdən dəmir yolunun açılışından sonra Kürdə gəmiçilik haqqında fikirləşməyə başladıqlarını vurğulayır.

Lent.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi 05.10.2012-ci il tarixli məlumatda “Kürdə sərnişin daşınmasına start verilir” layihəsinə uyğun olaraq Salyandan Yevlax rayonuna qədər bir ərazidə yaxtalarla sərnişinlərin daşınmasını və çay turizminin inkişaf etdirilməsini əhatə edəcəyi bildirilir.

Məlumatda bildirilir: “Artıq Kür çayında gəmiçiliyin yaradılması üçün bir neçə yerli və xarici şirkət tərəfindən araşdırmalar aparılaraq hökumət üçün müəyyən təkliflər hazırlanıb. Bu təkliflərə Kür çayında sərnişin daşınması üçün çay gəmilərinin alınması, Salyanda və digər bir neçə ətraf rayonda mini çay portlarının (körpülərin) tikintisi, gəmiçiliyin inkişafı üçün zəruri infrastrukturun yaradılması və s. yer alır. Azərbaycan Dövlət Dəniz Administrasiyasında da hesab edirlər ki, özəl şirkətlər tərəfindən Kür çayında sərnişin-turist daşınmasının həyata keçirilməsi mümkündür.

Administrasiyanın mütəxəssislərinin fikrincə, ölkədaxili çaylardan yalnız Kür gəmiçilik üçün yararlıdır. Kürdə əvvəllər də paroxodlar hərəkət edib və sərnişinlərin daşınması üçün elə bir təhlükə yoxdur. Çay gəmiləri suya adətən 1 metr – 2 metr 20 santimetr oturduğundan Kürün Neftçala-Yevlax sahəsi gəmiçiliyə yararlı hesab olunur. Burada bəzi infrastruktur işlərinin həyata keçirilməsi, mənsəbə yaxın ərazilərin lildən təmizlənməsi və dərinləşdirmə işlərinin aparılması gələcəkdə Bakıdan belə Yevlaxa gəmi reyslərinin təşkilinə imkan yarada bilər”.

Hesab edirik ki, Kür çayında gəmiçiliyin inkişaf etdirilməsi ilə bağlı bu və ya bu kimi digər layihələrin yaxın müddət ərzində reallaşması və həyata keçirilməsi hələ bu yolda 113 il bundan öncə öz dəyərli yazıları, tövsiyələri, əməli işləri ilə fədakarlıq göstərən millət fədaisi, Azərbaycanın ilk təbiətşünas-ekoloq alimi, dahi Həsən bəy Zərdabi arzularının çiçək açması, ruhunun şad olması deməkdir.

 Ruhun şad olsun, ey dahi Həsən bəy!

8 ŞƏRH

  1. Kur cayinda gemicilik inkisaf etdirilerse cay derinlesecek ve lil yiqilmasinin qarsisi alinacaq

  2. Maraqlı yazıdır. Gemiçilik eslinde müeyyen menada Mingeçevir şeherinde inkişaf etdirilir. Burada 2 beş ulduzlu otel Kürün sahilinde inşa olunub ve turistler burada Kür çayında gemi ile gezirler, istirahet edirler, balıq tutular. Bir gün Zerdabda da bele bir işler görülse ela olar.

  3. Bir vaxtlar Zerdabda bulvar var idi. O bulvarin inkişafı nezerde tutulurdu. Hazırda bele bir möhteşem bulvar Yevlax rayonu erazisinde var. Çoooox gözeldir. İcra başçımız bu meseleye bir encam çekse, ela olar. İsteyerdik ki, Zerdabda da bulvar olsun, gedek istirahet edek, gemilerle gezek ve saire.

  4. Ruhun wad olsun bizim ulu dahi babamiz.Arzularin cicek acsin kaw .Hesen bey Zerdabi oz arzusuyla deyil milletin arzusuyla yawayib heyatini.Kaw Hesen bey Zerdabinin arzularini heyata kecirmek bacariqimiz olaydi

  5. Orxan bey Zerdabinin umumi arzusu mence Zerdabin taninmasi elinin obasinin yawayiw terzinin yaxwilawmasi olub, neinki arzusu deye bilerik ki o insan heyati boyu caliwdiqi emmelleri de bundan ibret olub.
    Eger bu yazidaki arzusunu deyirsizse, ozunuz mendende yaxwi bilirsiz sohbet neden gedir.

  6. Hesen beyin en boyuk arzusu milletimizin maariflenmesi olub. Onun sayesinde milletimiz maariflendi.

Comments are closed.