Prezident İlham Əliyev: “Zərdabın inkişafına böyük diqqət göstərilir”

0
İlham Əliyev: “Zərdabın inkişafına böyük diqqət göstərilir. Zərdabda quruculuq, abadlıq işləri aparılır. Digər layihələrin icrası, əminəm ki, Zərdabın gələcək inkişafını təmin edəcək”.

www.zerdab.com saytı Prezident İlham Əliyevin Küllülü-Zərdab magistral su kəmərinin açılışında rayon ictimaiyyətinin nümayəndələri və kəmərin çəkilməsində iştirak edən inşaatçılarla görüşündəki çıxışını təqdim edir: “Əziz dostlar, əziz zərdablılar! Bu gün Zərdab rayonunun tarixində çox əlamətdar bir gündür. Bu gün Zərdabda böyük su layihəsinin başlamasını qeyd edirik. Bu layihənin icrası imkan verəcək ki, zərdablılar təmiz içməli su ilə təmin olunsunlar. Əlbəttə, bu, rayonun inkişafı, insanların sağlamlığı üçün çox böyük məna daşıyır. İçməli su həyat deməkdir. Təmiz içməli su isə sağlam həyat deməkdir. Bir neçə gündən sonra 72 kilometr uzunluğunda kəmər vasitəsilə verilən su daxili şəbəkəyə birləşdiriləcək və beləliklə, su evlərə paylanacaq.

Hazırda zərdablılar suyu fasilələrlə alırlar. Şəhərin yarısı demək olar ki, bu problemlə üzləşir və su qıtlığı müşahidə olunur. Bu layihə başa çatandan sonra artıq Zərdabda vətəndaşlar 24 saat içməli su alacaqlar.

Bu, doğrudan da böyük tarixi layihədir. Çünki uzun illər ərzində, onilliklər ərzində su problemi demək olar ki, bütün rayonlar üçün xas idi. Hazırda bütün rayonlarda su-kanalizasiya layihələri icra edilir və çalışırıq ki, gələn ilin sonuna qədər bütün rayonlarda, rayon mərkəzlərində içməli su layihələri başa çatsın.

Bu layihə çox böyük maliyyə vəsaiti tələb edir və Azərbaycan dövləti maliyyə yükünün əsas hissəsini öz üzərinə götürmüşdür. Bəzi rayonlarda bəzi layihələr xarici maliyyə qurumlarının kreditləri ilə icra edilir. Ancaq əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bu, belə də olmalıdır. Çünki bizim sosial siyasətimiz insanların rahatlığını təmin etmək üçün aparılır. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır və Azərbaycan vətəndaşının rahat, firavan yaşaması bizim əsas məqsədimizdir.

Bütün infrastruktur layihələrinin içərisində içməli su layihəsi xüsusi məna daşıyır. Düzdür, son illər ərzində bütün bölgələrdə digər vacib infrastruktur layihələri həyata keçirilib, magistral yollar, kənd yolları çəkilir, o cümlədən Zərdab rayonunda bir neçə kəndi birləşdirən yeni yollar çəkilmişdir, elektrik enerjisinin verilməsi böyük dərəcədə yaxşılaşdırılmışdır. Demək olar ki, ölkə üzrə bu ciddi problem artıq aradan götürülüb. Əlbəttə, təkmilləşdirmə işləri aparılmalıdır və aparılır. Amma biz bu problemi köklü şəkildə həll etmişik. Qazlaşdırma prosesi gedir. Zərdab şəhərinin qazla təminatı artıq reallaşıb və ətraf kəndlərə də qaz xətləri çəkilir. Bu layihələrin içində içməli su layihəsi xüsusi məna daşıyır. Çünki insan susuz yaşaya bilməz. Keyfiyyətsiz su insanın sağlamlığına birbaşa ziyan vurur. Biz çalışmalıyıq və çalışırıq ki, bütün bölgələrdə əhaliyə verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab versin. Əminəm ki, buna nail olacağıq. Zərdab rayonuna verilən içməli su çox gözəl, təmiz mənbədən gələn sudur, keyfiyyətli sudur və bir neçə gündən sonra zərdablılar bunu görəcəklər.

Bu layihənin böyük mənası, böyük əhəmiyyəti vardır. Çünki bir daha demək istəyirəm ki, bizdə içməli su problemi həmişə, bütün dövrlərdə olub. Tədricən bu məsələ öz həllini tapmaqdadır və hər bir bölgə üçün konkret investisiya proqramı, konkret proqramlar, planlar vardır. Bu işlər plan üzrə gedir və qarşıya məqsəd qoyulub ki, gələn ilin sonuna qədər əksər layihələr icra edilsin. Yəni, biz bütün rayon mərkəzlərini gələn ilin sonuna qədər içməli su ilə təmin etməliyik. Bununla paralel olaraq, ətraf kəndlərə də təmiz içməli su verilməlidir. Ondan sonrakı mərhələdə daha da geniş miqyasda bu layihələr icra ediləcəkdir. Eyni zamanda, kanalizasiya layihələri də icra ediləcək.

Biz bu məsələni həll etdikdən sonra demək olar ki, infrastruktur layihələri arasında həllini gözləyən məsələ qalmayacaqdır. Bu məsələ ilə bağlı bir neçə il bundan əvvəl konkret tapşırıqlar verilmişdir. Dövlət İnvestisiya Proqramında su layihələri nəzərdə tutulur. Bu, bir daha Azərbaycan hökumətinin, dövlətinin siyasətini əks etdirir. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və indi ölkə iqtisadiyyatı uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, sosial məsələlərin həllinə lazımi səviyyədə maliyyə vəsaiti ayıraq və bunu edirik.

Su layihəsi sırf sosialyönümlü layihədir. Çünki bu layihənin dövlət üçün heç bir kommersiya önəmi yoxdur. Azərbaycanda su tarifləri çox aşağıdır və bu layihələrə qoyulan vəsait heç vaxt, yəni, su tariflərinin ödənilməsi hesabına qaytarıla bilməz. Bu, bir daha Azərbaycan dövlətinin nə qədər güclü sosial siyasət apardığını göstərir.

Bu, belə də olmalıdır. Çünki ölkəmiz inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir və biz çalışırıq, çalışmalıyıq ki, Azərbaycan vətəndaşları üçün daha da yaxşı şərait yaradaq. Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir. İnfrastruktur layihələrinin icrası, əlbəttə ki, ümumi işlərdə mühüm yer tutur. Son illər ərzində ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, artıq öz gözəl nəticəsini verir.

Bu gün həm Zərdab, həm də ümumiyyətlə ölkə üçün çox əlamətdar bir gündür. Çünki qeyd etdiyim kimi, bütün bölgələrdə içməli su layihələri artıq icra edilir, yaxud da ki, onların icrasına hazırlıq işləri aparılır. Onların içində birinci layihə məhz Zərdabda reallaşır. Ona görə bu gün tarixdə qalacaqdır. Bu gün yeni layihələr əsasında Azərbaycan bölgələrinə verilən suyun ilkin mərhələsidir. Təsadüfi deyildir ki, birinci layihə Zərdabda reallaşır. Zərdabın inkişafına böyük diqqət göstərilir. Əvvəlki dövrdə rayonun inkişafı üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Zərdabda quruculuq, abadlıq işləri aparılır. Eyni zamanda, əvvəlki dövrlərdə Kür boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular da quraşdırılıb və insanlar təmiz sudan istifadə edirlər. Digər layihələrin icrası, əminəm ki, Zərdabın gələcək inkişafını təmin edəcək.

Ümumiyyətlə, ölkə miqyasında işlər çox müsbət istiqamətdə gedir. Artıq bir neçə gündən sonra biz üçüncü rübün yekunlarını müzakirə edəcəyik. Birinci altı ayın yekunları çox müsbət olmuşdur – iqtisadiyyat, qeyri-neft iqtisadiyyatı artır, sosial məsələlər həll olunur, sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi başlamışdır və deyə bilərəm ki, MDB məkanında ən qısa müddət ərzində qaytarılacaq vəsait məhz Azərbaycanda olacaqdır. Azərbaycanda bu vəsaitlər ən yüksək əmsalla insanlara veriləcəkdir. Digər sosial layihələr icra edilir. Yəni, ölkənin ümumi inkişaf dinamikası onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bu yolla gedirik, gedəcəyik və elə etməliyik ki, hər bir vətəndaş, hər bir vəzifəli şəxs öz vətəndaşlıq borcunu dərk etsin və ümumi işimizə töhfəsini versin.

Mən əminəm ki, ilin sonuna qədər iqtisadi və sosial göstəricilərimiz müsbət olacaq və 2012-ci ili də biz uğurla başa vuracağıq. Ondan sonrakı dövr üçün də bizim konkret proqramlarımız vardır. 2004-cü ildə birinci regionların sosial-iqtisadi inkişafı proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Artıq ikinci proqram icra edilir, o da gələn ilin sonuna qədər başa çatacaqdır. Bu proqramın icrası nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Ondan sonrakı dövr üçün də bizim konkret konsepsiyamız, baxışlarımız vardır. “Azərbaycan-2020” strateji inkişaf planımız vardır. 2020-ci ilə qədər görüləsi işlər haqqında bizdə çox dəqiq təəssürat vardır və bu proqram üzərində işlər gedir. Biz öz işimizi planlaşdırırıq, proqnozlaşdırırıq. Hər şey plan üzrə gedir – istər xarici siyasətlə, istər daxili siyasətlə bağlı. İqtisadi və infrastruktur layihələrinin icrası bizim işimizin mühüm hissəsidir.

Mən bir daha sizi ürəkdən təbrik edirəm. Biz sizinlə keçən il görüşmüşdük. O vaxt Heydər Əliyev Mərkəzində tamamlanma işləri gedirdi, çox səmimi görüş idi. Mən o vaxt da dedim ki, Zərdabda gedən proseslər daim diqqət mərkəzində olacaq. Bir il keçdi, gözəl hadisə münasibətilə yenə də görüşürük. Yenə də deyirəm, bu gün tarixdə qalacaqdır. Onilliklər, bəlkə də yüzilliklər ərzində ilk dəfə olaraq Zərdaba 24 saat təmiz içməli su veriləcəkdir. Əminəm ki, siz hamınız bu gün eyni hissləri keçirirsiniz. Mən də bu hissləri keçirirəm, mən çox sevinirəm, sizi ürəkdən salamlayıram, təbrik edirəm və sizə cansağlığı, yeni uğurlar arzulayıram”.

www.zerdab.com