“Gözəl görən gözəl düşünər” – maraqlı həyat hekayələri…

5
5886

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə, tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”. Deməli, bir-birindən gözəl, rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi, şükür etmək də mümkündür.
Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da, sevinmək də öz əlimizdədir. Necə deyərlər, əsas məsələ hara baxmaq yox, necə baxmaqdır. Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək, zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik. Çünki hər şey ya birbaşa, ya da nəticə etibarı ilə gözəldir. Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır. Səbir də, uzaqgörənlik də, nikbinlik də bu xüsusiyyətlərdəndir.
Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür. Deməli, əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.
Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır. Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək, onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.
Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə, müəyyən şablonlar daxilində düşünməkdən əl çəkməli, əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik. O vaxt güllərin arasındakı tikanları yox, tikanların arasındakı gülləri görər, həyatımızda kəşf edilməmiş nə qədər gözəlliklərlə qarşılaşarıq. Çünki, “gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar”…

“Bal xəstəliyi”

Yaşlı bir atanın gözünün ağı-qarası bir oğlu var idi. Oğlan “bal xəstəliyinə” tutulmuşdu. Bal yedikcə xəstəliyi daha da artırdı. Oğlunun xəstəliyinə çarə tapmaq üçün döymədiyi qapı qalmamışdı. Tanıdığı, bildiyi bütün həkimlərə “ağız açsa da”, heç biri oğluna çarə tapa bilməmişdi.
Bir gün yaşlı ataya bir ağsaqqalın yanına getməyi məsləhət gördülər. Ata başqa çıxış yolu olmadığı üçün oğlu ilə birlikdə o ağsaqqalın yanına getdi. Ağsaqqal onları səbirlə dinlədi və sonra: “Gedin, 40 gün sonra gələrsiniz”, – dedi. Yaşlı ata ürəyində: “Bunun da bir faydası olmadı”, – deyərək kor-peşman evə qayıtdı.
Ancaq 40 gün keçəndən sonra oğlunun xəstəliyi bir az da artdı və ata yenə ağsaqqalın yanına üz tutdu. Ağsaqqal onları qapıda qarşıladı və oğlanı ayrıca bir otağa apardı. Qısa bir müddətdən sonra hər ikisi otaqdan çıxdılar. Ağsaqqal: “Hər şey qaydasındadır!” – dedi və “qonaqlarını” yola saldı.
Yol boyu oğlan atasına “bundan sonra bal yeməyəcəyindən” danışdı. Odur ki atası: “Oğlum, madam ki, bundan sonra bal yeməyəcəksən, son dəfə sənə bal alım, doyunca ye”, – dedi. Ancaq oğlunun hələ də “sözündə qəti olduğunu” görüb təəccübləndi və bu işin sirrini öyrənmək üçün ağsaqqalın yanına qayıtdı. “Bu işi belə yaxşı bildiyiniz halda, bəs niyə oğlumu 40 gün əvvəl müalicə etmədiniz?” – deyə soruşdu. Ağsaqqalın cavabı isə çox mənalı idi: “Siz ilk dəfə mənim yanıma gələndə mən süfrədə bal yeyirdim. Əgər mən onda oğlunuza “bal yemə” desəydim, bu sözümün bir təsiri olmayacaqdı. Sonra sırf bu sözü demək üçün düz 40 gün bal yemədim. Nəticəsini isə özünüz gördünüz”…

Bir az səbir, bir az cəsarət…

1986-cı il idi. Reklam agentliyim yenicə bağlanmışdı. Əlimdə olan pul da qurtarmaq üzrə idi. Nə edəcəyimi bilmirdim. Bir gün əlimə kompyuterin imkanları ilə bağlı bir məqalə keçdi. Məqaləni oxuyandan sonra ağlıma bir fikir gəldi: “Niyə insanlar pul qazanmaq üçün kompyuterdən istifadə etmirlər? Məsələn, iş və ya işçi axtaranlar mənə müraciət edə, mən də kompyuter vasitəsi ilə onlara axtardıqları işi və ya axtardıqları adamı tapa bilərəm. Hətta onları nahar masası arxasında da görüşdürmək olar…” Gözəl fikir idi. Ancaq bunun üçün kifayət qədər pulum yox idi. Çox götür-qoydan sonra köhnə peşəm köməyimə gəldi. Ucuz bir nəşriyyata 10 min ədəd kitabça sifariş verdim. Sonra bütün cəsarətimi toplayıb Vaşinqton bulvarlarından birində bu kitabçaları paylamağa başladım. Var gücümlə bağırır, yoldan keçənlərin diqqətini cəlb etməyə çalışırdım. Üç gün belə keçdi. Adamlar bu hərəkətimə qəribə baxsalar da, kitabçaları həvəslə alırdılar.
Üç gün sonra artıq bütün kitabçaları paylamışdım. Ancaq hələ də zəng edən yox idi. Cibimdə pulum da qalmamışdı. Yorğun və ümidsiz evə qayıtdım. İçəri girər-girməz telefonum zəng çaldı. Zəng edən “Vaşinqton Post” qəzetinin müxbiri idi. Məndən müsahibə almaq istəyirdi və təbii ki, əsas mövzu bulvarda payladığım kitabçalar idi. Təsəvvür edirsinizmi? Nə bir şirkətim, nə bir iş telefonum var idi, ancaq məndən müsahibə istəyirdilər. Müxbirin təklifini həvəslə qəbul etdim…
Ertəsi gün müxbirlə görüşdüm. Söhbətimiz yaxşı alındı. Sonra məndən iş telefonumu istədi. Günortadan sonra zəng edib verəcəyimi bildirdim. Ondan ayrılan kimi telefon şirkətinə gedib bir nömrə aldım. Danışdığımız vaxtda ona zəng edib nömrəmi verdim (Hələ qoşulmasa da, artıq bir nömrəm var idi). O, da bu nömrəni qəzetdə dərc edəcəyinə söz verdi.
Ertəsi gün ev telefonumun səsinə oyandım. Dostlarımdan biri məni qəzetdəki müsahibəyə görə təbrik edirdi. Yatağımdan qalxdım. Yadıma düşdü ki, iş nömrəm hələ qoşulmayıb. Elə bunu düşünürdüm ki, qapımın zənginin çaldığını eşitdim. Qapıdakı qadın telefon şirkətindən gəlmişdi. Telefonun qoşulacağı yeri göstərdim. 15 dəqiqə sonra qadın əlində bir yığın kağız geri qayıtdı. “Bu nə kağızlardır?” – deyə soruşdum. Gülərək: “Sizə gələn “mesajlar”, – deyə cavab verdi. Deyəsən, hər şey yoluna düşmüşdü…
Daha sonra “Nyu York Tayms”, “Deyli Nyus”, hətta “Enterteynment Tunayt” kimi böyük mətbuat orqanlarından zənglər gəldi. Müsahibələr verdim. Artıq əməlli-başlı məşhurlaşmışdım. Çox keçmədi ki, yüzlərlə nahara dəvət aldım, yüzlərlə adamı görüşdürdüm. Artıq özüm üçün həm yeni bir iş, həm də yeni bir “əyləncə” tapmışdım. Bütün bunlar isə bir az səbir və bir az da cəsarət hesabına mümkün olmuşdu..

Hazırladı: Nərmin İlqarqızı. Xüsusi olaraq www.zerdab.com saytının oxucuları üçün

5 ŞƏRH

  1. Cox saqolun maraqli ve ibratamiz bir yazidi minnetdaram.Kaw ki,oxuduqumuz yazilardan ibratabiz hekayelerden cuzude olsa ozumuz ucun neise goturmeyi bacaraydiq.
    Allahin verdiklerine wukur ede bilek hetda cetin animizda bele,

  2. Maraqli yazilardi en cox diqqetimi ceken bir stat oldu : Yariya qeder dolu olan su bardagi haqqinda nikbin adam – “yarisi doludur”, bedbin adam ise “yarisi bowdu”, – deyir…

Comments are closed.