RƏHİM BƏY MƏLİKOV (1886-1936)

0

Rəhim bəy Mehrəli bəy oğlu Məlikov 1886-cı il mayın 2-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulmuşdur. Görkəmli fizik, riyaziyyatçı, publisist və professor Rəhim bəyin atası Mehrəli bəy Həsən bəy Zərdabinin qardaşıdır. Mehrəli bəy vəfat edəndə Rəhim bəyin 8 yaşı vardı və bu səbəbdən də ona əmisi H. Zərdabi himayədarlıq edərək gözəl tərbiyə və təhsil verdi.
Rəhim bəy gənc yaşlarından Bakıya getmiş, realnı məktəbdə təhsil almış, 1906-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra o, dövrün məşhur elm ocağı olan Kazan universitetinə gedərək fizika-riyaziyyat fakültəsinə daxil olmuş, özünü yüksək istedadlı, nümunəvi tələbə kimi göstərmişdir. 1912-ci ildə universiteti yüksək qiymətlərlə bitirən gənc Rəhim bəy bir müddət Qroznı, Maykop və Pyatiqorsk şəhərlərində ali kurslarda fizika və riyaziyyatdan dərs demişdir.
1923-cü ildə R. Məlikov Azərbaycana – Bakı şəhərinə dəvət olunmuş və öz doğma xalqına xidmət göstərmək təklifini məmnuniyyətlə qəbul etmiş, elə o vaxtdan Azərbaycan Pedaqoji İnstitutuna (indiki APU) fizika müəllimi təyin olunmuşdur.
Rəhim bəy Məlikov görkəmli alim olaraq Azərbaycan Dövlət Universitetinə (indiki BDU), Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyasına), Sovet Ticarəti İnstitutuna, texnikum və digər təhsil ocaqlarına müəllim kimi dəvət olunmuş və dərs demişdir. 1930-cu ildən ömrünün sonuna qədər indiki APU-nun fizika kafedrasının müdiri vəzifəsində şərəflə çalışmış, tələbələri onu həmişə iftixarla “Azərbaycan müəllimlərinin müəllimi” adlandırmışlar.
Professor Rəhim bəy Məlikov ilk dəfə Azərbaycan dilində istilik fizikasına dair dərslik yazan (əlyazma şəklində) müəllif kimi də tarixə düşmüşdür. O, fizika və riyaziyyata dair terminlər lüğəti, çox dəyərli elm proqram da tərtib etmişdir.
Gəncliyində – 1917-ci ilin oktyabr çevrilişindən əvvəl R. Məlikovu Azərbaycan qadınının azadlığı problemi ciddi düşündürmüş, o bu mövzuda, həmçinin mədəni və ictimai məsələlərə dair məqalələr yazıb qəzet və jurnallarda dərc etdirmişdir. Eyni zamanda ədəbiyyatla və teatrla ciddi maraqlanmış, ədəbi tənqidlə də məşğul olmuşdur. R. Məlikov  “Seqodnya” qəzetinin 12 iyun 1908-ci il tarixli sayında “Teatr oçerki” adlı resenziyasında (rus dilində) Hüseynqulu Sarabskinin “Cəhalət” pyesinin oynanılması səviyyəsini və Azərbaycan teatrının mövcud vəziyyətini gəniş təhlil etmişdir. Acı reallığı, həyatın müxtəlif sahələrindəki mənfiliklər, xüsusən qadın hüquqsuzluğunu kəskin tənqid etdiyinə görə mətbuatda açıq hücuma, hətta təhqirlərə məruz qalmış, Nəriman Nərimanov onu mətbuatda açıq müdafiə etmiş, haqlı olduğunu yazmışdır.
Həmyerlimizin ən mühüm ədəbi xidmətlərindən biri də realist Azərbaycan ədəbiyyatı nümunələrindən rus dilinə tərcümələr etməsidir. Ümumiyyətlə isə bu görkəmli simanın Azərbaycanda elmin, xalq maarifinin və mədəniyyətin inkişafındakı xidmətləri çox böyük dəyərə malikdir, əvəzolunmaz nümunədir. Rəhim bəy Məlikov 1936-cı il fevralın 23-də Bakıda vəfat etmişdir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 3 =