Kəndimizin gözləri yollara dikilib qalan evləri…

3
38

Kəndimizin gözəllikləri içərisində yetim uşaqlar kimi boyunlarını büküb, gözləri yollara dikilib qalan həyətlər və evlər də var. Onların çoxu imkansızlıqdan deyil, kimsəsizlikdən miskin hala düşüb, bağ-bağçalarda sahibsiz itlər daldalanır, evlər də siçan-siçovul sığınacağına çevrilib, quşların dimdiklərində dağılıb getməkdədir.

Atalar: “Oğlum oğul olsun, kol dibi evim”, – desələr də, əksər valideynlər övladları, xüsusilə də, oğlan uşaqları dünyaya gələn kimi, az qala özlərini unudub, onların qayğıları ilə yaşayırlar. Böyük arzularla tikilmiş, bir zamanlar abad, səs-küylü, çal-çağırlı yaşayış yeri olan bu məkanlar nə üçün xarabazarlığa çevrilməkdədir?

Tanıdığım həmin evlərdə qızlar bir yana qalsın, neçə-neçə oğullar böyüyüb, dünyanın müxtəlif yerlərinə pərvazlanıblar.

 Övladlarına qarşı dərin və əvəzsiz şəfqət göstərmək, onlar üçün sabit, rahat həyat tərzi qurmaqdan ötrü özünü yandırıb-yaxmaq, demək olar ki, bizlərə məxsusdur.

Ötən əsrin 90-cı illərində tərcüməçi kimi bir qrup əcnəbini Quba ilə tanış etməli oldum. Qəçrəş-Minarə istiqamətində gəzərkən Qəçrəş məktəbinin o vaxtkı direktoru Səmayə müəllimənin qonağı olduq. Söhbət əsnasında əcnəbilərdən altmış beş yaşlı Frits adlı birisi bildirdi ki, bu gün oğlum evlənir. Bizə çox təəccüblü göründü bu xəbər. Necə yəni, atanın iştirakı olmadan, ata xeyir-duası verilmədən oğul evlənir? Bu, bizim nəzərimizdə ən azı düşmən qarğışı demək olardı.

Heyvanlar aləmində də valideyn-övlad münasibətlərinə dair qəribə əhvalatlar var. Bizim tərəflərdə çox işlənən belə bir əhvalat var: dovşan öz balalarını müstəqil həyata çox erkən yola salırmış. Balasını artıq böyük olduğuna inandırmaq üçün onu daşın və ya kəsəyin üstünə çıxarıb deyirmiş: – Bax, məndən böyük olmusan, get, başını saxla. Bəlkə də, müəyyən yaşa çatandan sonra valideynlərini bəyənməyən övladlara xitabən deyilən: “Daha daş üstünə çıxmısan, bizi bəyənməzsən”, – misalı bu əhvalatla əlaqəli yaranıb.

ATV telekanalı ilə yayımlanan “Səni axtarıram” verilişinə baxanda adam göz yaşlarına hakim ola bilmir. Axtarılan insanlarımızın əksəriyyəti “Ata-anamı itirdim. Özümü yara yetirdim”, – deyib, keçmiş sovet məkanının müxtəlif bölgələrinə “cənnət axtarmaq” arzusu ilə səpələnib. Cənnətin anaların ayaqları altında olduğunu veclərinə almayan bu insanlar ata-ananın xəstəliyindən, yollara dikilməkdən saralan gözlərinin yağını əridən həsrətdən xəbərsiz, son mənzilə yadların çiyinlərində getdiklərini bilə-bilə  özləri üçün xoşbəxt həyat qura bilərlərmi? Heç vaxt. “Ata-ana sözünə baxmayan xoş gün görməz”i də atalar deyib.

Yaxşı tanıdığım “yetim evlərinin” cəfakeş sakinləri oğulları ola-ola ya qızları, ya da yad insanlar tərəfindən yola salınıb son mənzilə. Yeddi qız övladı olan, dərdini tez-tez sərxoşluqla əritməyə çalışan bir ata mənimlə dərdləşərkən yanıqlı-yanıqlı “Məni kim dəfn edəcək? – dedi. Dedim ki, sən ən xoşbəxt insansan. Ancaq öz xoşbəxtliyindən xəbərin yoxdur. Hədislərin birində deyilir ki, üç qız övladı böyüdüb, ailə sahibi edən ata cənnətlikdir. Sən isə altı qız övladı köçürmüsən, Allah qoysa, sonbeşiyini də bu yaxınlarda evləndirərsən. Bildiyim qədərincə qızlarının hər birinin də neçə oğlan övladı var. Allahın məsləhət gördüyü qismətdən qaçmaq olmaz. Filankəsin iki oğlu var, onu kim dəfn etdi, filankəsin üç oğlu var, onu kim dəfn etdi? Filankəsin dörd qızı kənddə yaşamalarına baxmayaraq, əmlak mübahisəsi üzündən atalarının dəfnində iştirak etmədilər. Bundan savayı, insanı əməlləri dəfn edir, mərasimdə iştirak edənlər yox. Hiss etdim ki, adamın rəngi-ruhu açıldı.

 “Atasını tanımayan Allahını da tanımaz” – deyən atalar ata haqqının nə qədər əhəmiyyətli olduğunu vurğulamışlar. Bu həqiqətin kökü isə Uca Quranımızdan gəlir… “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”, – de”. (17/23, 24)

Ata-anasının gözünü yolda qoyub, dar günündən xəbəri olmayan övladlar təkcə valideynlərinə deyil, el-obasına da yadlaşır, nəsillərin yaddaşında ögeyləşir. Peşman olub, vətənə qayıtdıqda isə öz doğma, dədə-baba  yurduna sığmır, yad kimi davranır. Atalar bu məqam üçün də belə deyib: – Ata-anasına xeyri olmayanın, elə nə xeyri.

Övlad ata-ananın ürəyinin bir parçası olsa da, bəzi övladların ürəyində ata-ana üçün yer tapılmır, canı övlada bağlı olan valideynlər övladın duyğu və düşüncələrindən perik düşürlər. Bəzi övladlar nəinki ata olana qədər, ata olandan sonra da ata qədrini bilmirlər.

Nəvələrinə ata-anasını döydürən oğulun evinin yanmasını da görmüşəm, ata-anasını həyat yoldaşına döydürən oğulun dilənçilik etdiyinin də şahidi olmuşam. Qayınatasının əl ağacını doğrayan gəlinin yaşlı insanın qarğışına düşüb, yandığını da görmüşəm, gəlin bir yana, öz doğma ata-anasına düşmən kəsilən onlarla insan tanıyıram ki, bu dünyada cəhənnəm əzabı çəkməkdədirlər. “Ataya oğul, anaya qul,”- deyən atalar yaşayıb şahidi olduqları hallar əsasında bu qənaətə gəliblər yəqin.

Ataların nə qədər ibrətamiz sözləri olsa da, övladlarından nankorluq görmələrində özlərinin də günahları olmamış deyil. Necə deyərlər, düzgün tərbiyə xoşbəxt qocalığımız, səhv tərbiyəmiz isə  gələcək göz yaşlarımız, ah-naləmizdir.  Belə ata-analar bu gün oxşayıb əzizlədikləri ciyərparələrindən nankorluq gördükdə, öz aşlarına doğradıqları qaşıqlarına çıxanda, nə qədər yanıb-yaxılsalar da, əhəmiyyəti olmur.

Bu gün qocalar evlərini dolduran ata-analar oraların əbədi sakinləri deyillər ki… Valideynlərini kimsəsizlər evinin sakinlərinə çevirənlər həmin məkanların boş qalmaması üçün hazırlaşmağa real namizədlər deyillərmi?

Bir alimin ana ilə əlaqədar düşüncələrinin üzdəniraq övladları islah edəcəyinə inanaraq nəzərimizə çatdırmağı da özümə borc bildim: –  Ana inləyən varlıqdır. Bütün bir həyat boyu inləyən və sızlayan… Ana vardır dastanlara sığmaz; o, zehinlərdə, sinələrdə, göylərdədir.

Ana-övlad iki vücud bir ruh. Övlad ananın vücudundan bir parça.

Bu yaxınlarda Türkiyənin “Samanyolu” telekanalında “Gərəyi düşünüldü” proqramının aparıcısı Lütfü bəy axırıncı verilişlərindən birini: “Daha bir proqramımızın sonuna gəldik, amma bu gün ağlamadım. Bilirsinizmi niyə? Çünki bu dəfə “ana” sözü işlənmədi” ifadələri ilə tamamladı.

Belə bir yanlış fikir də var ki, guya atanın qarğışı övladı kəsər, ana qarğışı isə dəyməz, ana südü keçərmiş qarşısına. Həyat isə tam əksini sübut edir. İstər ata, istər ana, istərsə də hər hansı bir yaşlı insanın bədduası təhlükəlidir. Heç kəsin haqqını tapdamamağa çalışmaq yaşayış normamız olarsa, həm gündəlik, həm də gələcək xoşbəxtliyimizi təmin etmiş olarıq.

“Zaman-Azərbaycan”

3 ŞƏRH

  1. Cox menali maraqli ibret goture bileceyimiz yazidi.Deyerdim ki tam heqiqetdi bu yazi hamimizin rastlawdiqimiz ve bele setire duze bilmediyimiz aci bir heqiqet .Ve heqiqet olduqunu bildiyimiz haldada bu aci heqiqetler dahada artir bunun qarwisini almaqi bacarmiriq.
    Bir elave kimide deyimki kendlerimizde boynu bukuk evlerin sayi dahada coxalir .Ele bir ata vardiki 7oqlu var amma yad insanlarin ciyninde gedib son mezara ele oqul varki hec ata anasinin mezarini tanimir,
    Butun bunlar urek aqridan aci heqiqetdi

  2. Indiki zamanda cox aktual movzudu…Kendde bosh galmish evler korende cox pis oluram…Ele rayonda da var……Bir vaxtlar bu evlerde heyat gaynayirdi…Bu adamlara ne olub axi……….

Comments are closed.