Zərdabda 55 min nəfərin adından Prezidentə müraciət edilib – mətn

0
22

Zərdabda cari ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat iclası keçirilib. İclasda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabatı dinlənilib. Sonda yığıncaq iştirakçılarının Prezident İlham Əliyevə müraciəti ünvanlanıb. www.zerdab.com saytı müraciətin tam mətnini təqdim edir: “Möhtərəm cənab Prezident!
Biz – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2012-ci il  tarixdə Sizin sədrliyinizlə keçirilən 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasının tələbləri  baxımından son doqquz ayda Zərdab rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən Şura yığıncağının iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarına və dövlətçilik kursuna sədaqətlə xidmətdən, ölkəmizin daha sürətli inkişafı uğrunda Sizin zəngin daxili və xarici siyasətinizə yardımçı olmaqdan yüksək qürur hissi keçiririk.
Sizin məqsədyönlü rəhbərliyiniz sayəsində ölkəmizdə son 9 ildə qazanılan nailiyyətlər, vətəndaş cəmiyyətinin formalaşması, ordu quruculuğuna diqqətin artırılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, Dağlıq Qarabağ probleminin həlli yolunda həyata keçirilən uğurlu xarici siyasət bütün xalqımızı ürəkdən sevindirir və daha böyük uğurlar qazanmağa ruhlandırır.
Hörmətli cənab Prezident!
Sizin ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləriniz, o cümlədən son 2 ildə 2 dəfə, sonuncu dəfə 7 oktyabrda rayonumuza tarixi səfəriniz dövlətimizin siyasətinin yerlərdə necə icra olunmasına nəzarət mexanizminin mühüm vasitəsi kimi qiymətləndirilməklə, dərin razılıqla qarşılanır. Həmin günü Heydər Əliyev parkında 4 obyektin açılışında şəxsən iştirak etməyiniz, Heydər Əliyev parkı və Veteranlar Evi ilə tanış olmağınız ictimaiyyət nümayəndələri ilə səmimi görüşləriniz, Zərdab və zərdablılar haqqında xoş sözləriniz, Zərdaba göstərdiyiniz sonsuz məhəbbət, diqqət və qayğı zərdablıların xatirələrində uzun müddət yaşayacaqdır.
“Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız 15 oktyabr 2012-ci il tarixli sərəncamla rayona 2 milyon manat vəsaitin ayrılması zərdablıların sevincinə növbəti sevinc qatmışdır.
Fürsətdən istifadə edib, Zərdaba və zərdablılara göstərdiyiniz yüksək diqqət və qayğıya görə bir daha Sizə 55 min nəfərdən çox zərdablılar adından öz dərin minnətdarlığımızı bildiririk.
Ölkə Prezidenti vəzifəsində çalışdığınız dövrdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyiniz Dövlət Proqramlarının uğurla həyata keçirilməsi bütün Azərbaycan xalqı kimi zərdablılar tərəfindən də ürəkdən alqışlanır və yüksək qiymətləndirilir.
Sevinirik ki, bütövlükdə ölkəmizdə gedən böyük tikinti-quruculuq, abadlıq işlərini, qazanılan uğurları bizim rayonun timsalında da aydın görmək olar. Xüsusilə, son dövrdə rayonun sosial mənzərəsinin gözəlləşdirilməsi istiqamətində xeyli işlər görülmüş, şəhər və kəndlərimizdə tikinti-quruculuq işlərinin həcmi  genişləndirilmiş, insanların sosial problemlərinin həlli yolunda xeyli iş görülmüşdür. Yeni-yeni sosial və istehsal təyinatlı obyektlər tikilmiş, rayonun kəndlərinə qaz xəttinin çəkilişi davam etdirilmişdir. Qaravəlli kəndinin qazlaşdırılması başa çatdırılmış, qaz xəttinin açılışı olmuşdur.  Hazırda Gəlmə, Xanməmmədli, Hüseynxanlı və Salahlı kəndlərinə qaz xətti çəkilir. Zərdab-Mollakənd yolu asfaltlanmışdır. Heydər Əliyev parkı əsaslı şəkildə yenidən qurulmuş, kommunal binaların dam örtükləri dəyişdirilmiş, küçələrə müasir tipli elektrik dirəkləri quraşdırılmışdır.
Möhtərəm Prezident!
Sizin iştirakınızla Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının inzibati binasının, Gənclər Mərkəzinin, Ağsu rayonundan çəkilmiş təmiz içməli su bulağının açılışı olmuşdur. Tezliklə zərdablılar təmiz içməli su ilə təmin olunacaqlar. Eyni zamanda parkda Veteranlar Evi, Yaradıcılıq Evi, Uşaq və Ailələrə Dəstək Mərkəzi də istifadəyə verilmişdir.
Son 5 ildə Zərdabda 13 məktəb binası inşa edilmişdir. Hazırda 3 yeni məktəb binası tikilir. Hesabat dövrünün 15 sentyabrında Pərvanlı və Lələağacı kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir. Bütün bunlara görə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin təşəbbüsçüsü, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, xalqımızın sevimlisi Mehriban xanım Əliyevaya minnətdarıq.
Cənab Prezident!
Sizin müvafiq Sərəncamınızla ayrılmış 5,4 milyon manat vəsait hesabına Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yoluna 10,5 km məsafədə yeni asfalt örtük döşənməsi həmin ərazidəki kəndin 10 min nəfərə qədər əhalisi ilə yanaşı bütün zərdablıların, hətta həmin yol istiqamətində yerləşən Veysəl Qərani (Veysəlqara) ziyarətinə gedən minlərlə insanın hədsiz sevincinə səbəb olmuşdur.
Möhtərəm cənab Prezident!
Görülən bütün işlərə görə zərdablılar şəxsən Sizə minnətdardırlar. Rayonda yaşanan yüksək siyasi fəallıq, mütəşəkkillik, sağlam və işgüzar əhval-ruhiyyə 2012-ci ilin qalan dövrünün də Zərdab və zərdablılar üçün uğurlu olacağından xəbər verir. Biz – xalqımızın bu günü və gələcəyi naminə həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinizi  ürəkdən alqışlayır, bəyənir və müdafiə edirik. Hələ də Sizin 7 oktyabrda rayonumuza səfərinizin sevincləri ilə yaşayan bütün zərdablılar adından Sizə möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti, müstəqil, azad və demokratik Azərbaycanımızın daha da tərəqqisi yolundakı səmərəli fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq”.

www.zerdab.com