Bu ilin 9 ayında Zərdab rayonunda hansı işlər görülüb?

1

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat verib. www.zerdab.com saytı Lütvəli Babayevin hesabat məruzəsini qısa ixtisarla təqdim edir: “Bu günlər Zərdab və zərdablılar üçün son dərəcə əlamətdardır. Son dövrün ən mühüm və tarixi hadisəsi, bütün zərdablıların hələ də həmin günün xoş təəssüratları ilə yaşadığı 7 oktyabr 2012-ci il tarixidir. Məhz həmin gün dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Zərdaba səfər etmişdir.

Cənab Prezident rayonumuzda möhtəşəm Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasının, Ağsu rayonundan 72 km məsafədən çəkilmiş təmiz içməli su bulağının və Gənclər Mərkəzinin açılışını etmiş, Heydər Əliyev parkı və Veteranlar evi ilə tanış olmuşdur.

Cənab Prezident 300 nəfərdən çox zərdablıların iştirak etdiyi ictimaiyyət nümayəndələri ilə çox səmimi görüşmüş, onları səmimiyyətlə salamlamış və ictimaiyyət qarşısında geniş çıxış etmişdir. Rayonumuzda görülən işlərdən çox məmnun olan, razı qalan cənab Prezident Zərdabdan çox gözəl və xoş təəssüratlarla ayrılmışdır. Ölkə Prezidentinin 2011-ci il 6 may və 2012-ci ilin 7 oktyabr tarixlərində, yəni son 2 ildə dalbadal 2 dəfə Zərdaba səfər etməsi bir daha ölkə rəhbərinin Zərdaba, Zərdab rayon rəhbərliyinə və bütövlükdə zərdablılara olan hörmətin, inamın, diqqət və qayğının bariz nümunəsidir. “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız 15 oktyabr 2012-ci il tarixli sərəncamla rayona 2 milyon manat vəsaitin ayrılması zərdablıların sevincinə növbəti sevinc qatmışdır. Ona görə də mən öncə öz adımdan, Sizlərin adınızdan və 55 min nəfərdən çox zərdablılar adından dövlətimizin başçısına dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildirirəm.

Hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 73,7 milyon manatlıq məhsul istehsal edilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövrü ərzində 200 daimi iş yeri yaradılmışdır.

Rayon iqtisadiyyatının ayrı-ayrı sahələrindəki dinamik inkişafla iqtisadiyyatın əsasını təşkil edən rayonun yerli büdcəsi qarşılıqlı şəkildə əlaqəlidir.

Hesabat dövründə rayonun gəlirləri 8 milyon 761 min 150 manata qarşı 9 milyon 689 min 99 manat və ya 110,6 faiz, mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait 6 milyon 941 min 860 manata qarşı 7 milyon 543 min manat və ya 108,6 faiz, yerli gəlirlər 1 milyon 819 min 290 manata qarşı 2 milyon 146 min 99  manat və ya 117,9 faiz icra olunmuşdur.

Büdcənin məxaric hissəsi 14 milyon 368 min 501 manata qarşı 13 milyon 812 min 790 manat və ya 96,1 faiz icra edilmişdir.

Rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 9 ayda 31,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox istehlak malları satılmışdır. Adambaşına bir günlük əmtəə dövriyyəsi 2,99 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,9 milyon manat təşkil etmişdir. Pullu xidmətlərin 908 min manatı və ya 11,5 faizi dövlət mülkiyyətinə, 6,9 milyon manatı və ya 88,5 faizi qeyri-dövlət sektoruna aid olmuşdur.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da mühüm işlər görülmüşdür.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Zərdab rayonu üzrə təsdiq olunmuş tədbirlər planında 2012-ci il üçün 1042 ha sahədə pambıq bitkisinin əkilməsi proqnozlaşdırılmışdır.

Pambıq məhsulunun alış qiymətinin çox aşağı olması, pambığın maya dəyərinin baha başa gəlməsi pambıq bitkisinin əkininə marağı azaltmışdır. Lakin bütün bunlara baxmayaraq 778 ha sahədə çiyid səpini aparılmış, pambıq əkin sahələrində ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Sahələrdə 3 dəfə kompleks becərmə işləri görülmüş, pambıq yığımına başlanılmış, 01 oktyabr 2012-ci il tarixə 248 ton pambıq məhsulu yığılmışdır. Hal-hazırda pambıq yığımı davam edir.

2012-ci ilin məhsulu üçün 4164 ha sahədə arpa, 10987 ha sahədə payızlıq buğda, cəmi 15481 ha sahədə taxıl əkilmişdir. Taxıl əkilmiş sahələrdə becərmə işləri aparılmış, sahələrə üzvü və mineral gübrələr verilmiş, tələb olunan sahələrdə alaq otlarına qarşı mübarizə tədbirləri və digər aqrotexniki tədbirlər aparılmış, 01 iyun 2012-ci il tarixdə taxıl biçininə başlanılmışdır. 4164 ha arpa sahəsindən 10693 ton arpa, 15151 ha taxıl sahəsindən, (buğda sahəsinin 330 hektarı təbii fəlakət nəticəsində məhv olmuşdur)  28356 ton buğda, cəmi 39049 ton taxıl məhsulu istehsal olunmuş, hər hektardan 25,8 sentner məhsul toplanmışdır. 2011-ci ilə nisbətən hər hektardan məhsuldarlıq 2,4 sentner artmışdır.

Taxılçılıqla məşğul olan fermerləri yüksək reproduksiyalı toxumla təmin etmək məqsədilə toxumçuluq təsərrüfatlarının sayının artırılması və onlara lazımi köməkliklərin göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2012-ci ildə taxılçılıq üzrə 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, 381 ha sahədə toxumluq arpa və buğda əkilmişdir. Əkilmiş 381 ha sahənin taxılı biçilmiş, hər hektardan orta hesabla 32,5 sentner olmaqla 1238,5 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bu da ümumi rayon göstəricisindən 6,9 sentner çoxdur.

2012-ci ildə 151,5 hektarda kartof, 177 hektarda tərəvəz, 386,5 hektarda bostan, 6 hektarda çəltik əkilmişdir. Mövsüm ərzində 2565 ton kartof istehsal olunmuş, hər hektardan məhsuldarlıq 169,3 sentner olmuşdur. Tərəvəz sahələrindən 2572 ton məhsul istehsal olunmuş, keçən ilə nisbətən əkin sahəsinin azalmasına baxmayaraq məhsuldarlıq 2,7 sentner artmışdır. Hesabat dövründə 12096 ton bostan məhsulu istehsal olunmuşdur.

Hal-hazırda 2013-cü ilin məhsulu üçün taxıl səpininə başlanılmış, indiyədək 1126 hektarda arpa, 70 hektarda buğda əkilmişdir ki, bu da keçən ilin eyni dövründən cəmi 643 ha çoxdur.

«Şəki-İpək» ASC tərəfindən baramaqurdu toxumu dirildilib rayonun kümçülərinə verilmədiyinə, barama məhsulunun maya dəyərinin baha başa gəlməsi, eyni zamanda alış qiymətinin çox aşağı olması kümçüləri qane etmədiyinə görə məhsul istehsal olunmamışdır.

2011-ci ilin eyni dövrünə nisbətən 01 oktyabr 2012-ci il vəziyyətinə iribuynuzlu mal-qara 384 baş artaraq 53716 başa, xırda buynuzlu mal-qara 1293 baş artaraq 110146 başa, ət istehsalı (diri çəkidə) 700 kq artaraq 3253,9 tona, süd istehsalı 6,1 ton artaraq 16247,3 tona, yumurta istehsalı min ədəd artaraq 6091 min ədədə, yun istehsalı 100 kq artaraq 159,8 tona çatmışdır.

Ətlik və südlük istiqamətində maldarlığın inkişaf etdirilməsi məqsədilə hesabat dövründə 680 baş ana inək və düyələrdə süni mayalama aparılmış, süni mayalanmış heyvanlardan 495 baş bala alınmışdır.

Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə baytarlıq xidməti yaxşılaşdırılmış, mal-qara və quşlar arasında bir sıra yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə işləri aparılmışdır.

Quşçuluğun inkişaf etdirilməsi məqsədilə “Turac-2008” MMC tərəfindən əhaliyə 9860 baş inkubasiya cücəsi satılmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2000 baş çoxdur.

Hesabat dövründə yem bitkilərinin istehsalına diqqət artırılmış, 3455 hektarda təzə yonca əkilmiş, yonca sahələrinin həcmi 16535 hektara çatdırılmışdır. 01 oktyabr 2012-ci il tarixədək sahələrdən 111155 ton qaba yem tədarük olunmuşdur ki, bu da 2011-ci ilin eyni dövründən 4085 ton çoxdur. Hal-hazırda yem tədarükü davam edir.

Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 2012-ci ilin 9 ayı ərzində 15151 ha taxıl, 1622 ha yonca, 778 ha pambıq, 715 ha bostan-tərəvəz sahəsində, 1932 ha həyətyanı sahədə, 1168 ha meşə və çoxillik əkmələrdə suvarma aparılmışdır.

Rayonun kəndlərində 468 km uzunluqda suvarma kanalları lildən təmizlənmiş, 63 ədəd hidrotexniki qurğu, 8 ədəd hidropost, 3 ədəd mülki istehsal binası cari, latok kanalları, 3 ədəd nasos stansiyası əsaslı təmir olunmuşdur.

Nəzəralılı nasos stansiyasında əsaslı təmir işləri başa çatdırılmış, Şahhüseynli, Gödəkqobu, İsaqbağı kəndlərinə xidmət edən nov kanallarında, emalatxana binasında, Seyidlər, Qoşaoba, Gödəkqobu, Məlikli, Alıcanlı, Burunlu kəndlərində yerləşən nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır.

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən yaşayış sahələrini daşqın və sel sularından qorumaq məqsədilə 2012-ci ilin 9 ayı ərzində rayon ərazisində Kür çayının sol sahili boyunca Sarıqaya, İsaqbağı, Körpükənd, Bıçaqçı və digər kəndlərdə maşın və mexanizmlərin köməyi ilə 104,4 min kubmetr həcmində, 4,6 km məsafədə bəndin təmiri və qaya kəsmə, 165 kubmetr həcmində betonla, 460 kubmetr həcmində faşınla, Türyançay çayında 160 kubmetr həcmində fasınla sahilbərkitmə işləri görülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə yeni layihə üzrə üstdən eni 8 m, altdan eni 22-25 m olmaqla Bıçaqçı və Körpükənd kəndləri ərazisində 15 km məsafədə mühafizə bəndləri bərpa edilmiş, Sarıqaya kəndi ərazisində 100 m məsafədə daş-betonla sahilbərkitmə işləri görülmüşdür.

Rayon Meşəsalma Müəssisəsi tərəfindən hesabat dövründə 29 hektarda meşə əkilmiş, 1 hektarda palıd səpini aparılmış, 2,5 hektarda tinglik, 0,55 ha böyütmə şöbəsi yaradılmış, 0,3 ha kökləndirmə aparılmışdır.

2012-ci ildə və əvvəlki illərdə əkilmiş meşə sahələrində kompleks becərmə işləri aparılmış, magistral yolların kənarlarında 3000 ədəd sərv, tuya, Eldar şamı və digər ağaclar, kəndlərdə olan su qurğularının ətrafında 900 ədəd şam, tuya və sərv ağacları əkilmişdir.

2012-ci ilin payız mövsümündə əkmək üçün 50 kq şam toxumu, 20 kq sərv toxumu, 150 kq iydə toxumu tədarük olunmuş, 2 hektarda böyütmə şöbəsi, 1 hektarda kökləndirmə şöbəsi, 1 hektarda səpin şöbəsi yaratmaq üçün torpaqda hazırlıq işləri görülmüşdür.

Rayon Bitki Mühafizə Mərkəzi 2012-ci ilin 9 ayında rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində müəyyən işlər görmüşdür.

«Aqrolizinq» ASC-nin rayon Aqroservis filialı tərəfindən 56 adda texnika vasitəsilə müxtəlif xidmətlər göstərilmişdir.

Filialın texnikalarının köməyi ilə 2814 ha sahədə taxıl biçini aparılmış, 684 ha sahədə şum sürülmüş, 319 ha sahənin otu biçilmiş, 18250 metr uzunluğunda kanal çəkilmiş, 24 ha yonca səpini aparılmış, 52 ha sahənin toxumu döyülmuş, 21,6 ha sahənin otu dırmıqlanmışdır. Məhsul istehsalını artırmaq üçün güzəştli qiymətlə 315 ton azot gübrəsi satılmış, alaq otlarına qarşı 780 litr amin duzu, 50 litr vələmir dərmanı, 11 litr B-58 preparatı satılmışdır.

Bundan əlavə lizinq yolu ilə ayrı-ayrı fermerlərə 2012-ci ildə 4 ədəd müxtəlif markalı traktor, 4 ədəd kotan, 2 ədəd taxıl selkası satılmışdır.

2012-ci ilin 9 ayı ərzində təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər sahələrinin inkişafı istiqamətində xeyli iş görülmüşdür.

Dövlət Proqramına uyğun olaraq smeta dəyəri 510 min manatlıq 80 şagird yerlik Lələağacı kənd ümumi orta məktəbinin və smeta dəyəri 1016,4 min manatlıq olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə tikilən 180 şagird yerlik Pərvanlı kənd tam orta məktəbin tikintisi  başa çatmış  və yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. 2010-cu ilin yazında Kür çayının daşması səbəbindən baş vermiş təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün şəhərin “32 hektar” adlanan ərazisində yeni salınan qəsəbədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən smeta dəyəri 568,9 min manatlıq olan 132 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılmış, Qoruqbağı kəndində uşaq bağçası üçün yeni bina istifadəyə verilmişdir.  Çallı kəndində smeta dəyəri 2,3 milyon manat olan kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmış və artıq 201,0 min manatlıq tikinti işi aparılmışdır. 220 şagird yerlik İsaqbağı kənd tam orta  məktəbi üçün smeta dəyəri 1,9 milyon manat olan binada 145 min manatlıq, smeta dəyəri 556 min manat olan 80 yerlik Aşağı Seyidlər kənd ümumi orta məktəb binasının tikintisində 65 min manatlıq tikinti işləri aparılmışdır. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün 9 ay ərzində 293,2 min manatlıq bərk və yumşaq inventar, avadanlıq, dəftərxana ləvazimatları alınaraq məktəblərə paylanılmışdır.

Bu il təhsilimizdə böyük uğurlar qazanılmışdır. Rayonumuzun ümumtəhsil məktəblərini bitirən məzunlardan 102 nəfər müxtəlif profilli ali məktəblərə daxil olmuş, 1 nəfər məzunumuz – Sarıqaya kənd tam orta məktəbinin məzunu Əzməmmədzadə Pərvin Cəlal oğlu 637 bal toplayaraq Prezident Yanında İdarəçilik Akademiyasına daxil olmuşdur.

2011-2012-ci dərs ilində Respublika Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak edən Gəlmə kənd tam orta məktəbi qalib olaraq 2012-ci ildə “İlin ən yaxşı məktəbi» adına layiq görülmüşdür.

Şəhər 3 saylı məktəbin 11-ci sinif şagirdi Teymurzadə Əminə Fərhad qızı  seçim imtahanlarını uğurla verərək təhsilini ABŞ-da davam etdirmək hüququ qazanmışdır.

Hesabat dövründə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Çallı kəndində doğum evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün tikilmiş yeni binaların açılışı olmuşdur.

Yerli büdcə vəsaiti hesabına 2012-ci ilin 9 ayı ərzində Zərdab Mərkəzi Rayon Xəstəxanasına 30,0 min manatlıq odun, 134,5 min manatlıq imtiyazlı qrup  xəstələr üçün dərman, sarğı materialları və vaksinlər alınmışdır. Bıçaqçı kənd həkim məntəqəsinin cari təmirinə 8500 manat vəsait xərclənmişdir.

9 ay ərzində Mərkəzi Rayon Xəstəxanasına 37,3 min manatlıq yumşaq inventar, yataq ləvazimatı, 89,0 min manatlıq maşın və avadanlıq alınmışdır.

Əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə respublikanın tanınmış həkimlərinin rəhbərliyi altında həkim briqadaları rayonumuza gələrək rayon əhalisinə yüksək səviyyədə tibbi xidmət göstərmişlər.

Belə ki, Bakı şəhəri OFKO Göz Klinikasından Tibb Elmləri Doktoru Professor Çingiz Cərullazadənin rəhbərliyi ilə həkim briqadası 19-20 may 2012-ci il tarixlərdə rayonumuzda olmuş, 200-ə yaxın rayon sakinini müayinə, 30 nəfər xəstəni cərrahi əməliyyat etmişlər. 2-4 iyun 2012-ci il tarixlərdə isə Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həkim briqadası rayonumuzda olmuş, onlar tərəfindən 500-dən artıq xəstə müayinə, 11 nəfər xəstə isə əməliyyat olunmuşdur. 9 ay ərzində Mərkəzi Rayon Xəstəxanası üzrə 21 nəfər cərrahi əməliyyat olmuşdur.

Hesabat dövründə əhalinin asudə vaxtının səmərəli təşkili üçün həyata keçirilən mədəni-kütləvi tədbirlərin dairəsi genişləndirilmiş, istedadlı gənclərin aşkar edilməsi üçün “İstedadlar sorağında-2012” baxış müsabiqəsi keçirilmiş, respublikanın tanınmış incəsənət ustalarının rayon əhalisi qarşısında çıxışları olmuş, vaxtaşırı olaraq Heydər parkında konsert proqramları təşkil edilmişdir.

“H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Rezidentinin 04 iyun 2012-ci il tarixli sərəncamının icrası ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun və şöbənin sektor müdiri Vüqar Əliyevin də daxil olduğu 50 nəfərdən ibarət qonaqların iştirakı ilə rayonumuzda H.B.Zərdabinin 170 illik yubiley tədbiri keçirilmiş və qonaqlar Zərdabi muzeyində olmuş və oradakı eksponatlarla yaxından tanış olmuşlar. 19 iyul 2012-ci il tarixdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  H.B.Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalamışdır. H.Zərdabinin yubiley tədbirlərinin davamı olaraq 21.07.2012-ci ildə İctimai Televiziya “Carçı” filim Yaradıcılıq Birliyinin direktoru, siyasi elmlər doktoru Qərənfil xanım Xəlilova və filologiya elmlər namizədi, Gəncə Müəllimlər İnstitutunun dekanı, Zərdabişünas alim Nəzmiyyə Axundovanın rayon ictimaiyyəti ilə birgə “H.B.Zərdabi Azərbaycan mətbuatının və milli teatrının banisi, Azərbaycanda ilk qızlar gimnaziyanın açılışının təşəbbüskarı və təşkilatçısıdır» mövzusunda dəyirmi masa  keçirilmişdir. Rayonun müxtəlif idarə və təşkilatlarında H.Zərdabinin yubileyinə həsr olunmuş müxtəlif tədbirlər hazırlanıb həyata keçirilmişdir.

2012-ci ilin 9 ayında Rayon Mədəniyyət və Turizm Şöbəsində və Zərdabi muzeyində 15 min manatlıq cari təmir işləri aparılmış, 15000 manat dəyərində odun alınaraq müəssisələrə paylanılmışdır. Mədəni-maarif müəssisələrinin inventar avadanlıqlarla təmin olunması üçün 55 min manatlıq bərk, 16,5 min manatlıq yumşaq inventar, 36,8 min manatlıq avadanlıq, 55 min manatlıq maşın avadanlığı alınmış, ümumilikdə 9 ay ərzində 193,2 min manat vəsait təyinatı üzrə xərclənmişdir.

Hesabat ilində rayonda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində xeyli iş görülmüşdür. Cənab Prezidentimiz tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsi bu sahədə aparılan işlərə çox böyük təkan vermişdir. Bu münasibətlə 2012-ci ilin may ayında idmanın 14 növü üzrə idman bayramı təşkil edilmişdir.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlanmasında  xüsusi rolu olan “Şahin” və “Cəsurlar” hərbi-idman oyunlarının keçirilməsinə diqqət xeyli artırılmışdır. Rayonun Gəlmə kənd tam orta məktəbinin şagirdləri «Şahin» hərbi idman oyunlarının Respublika finalında III yeri tutmuşlar.

Rayonun şahmat məktəbinin şagirdi Tağızadə Nərgiz İsveçrədə keçirilən Beynəlxalq turnirdə birincilik qazanmışdır. Uşaq və Yeniyetmələrin Elmi Texniki Yaradıcılıq Respublika baxış müsabiqəsinin final mərhələsində 1 nəfər dərnək üzvü  mükafata layiq birinci yer tutmuşdur.

Ukrayna Respublikasının Odessa şəhərində keçirilmiş VKC karate idman növü üzrə Dünya Güclülərinin mərhələ turnirində və Avropa Çempionatında 1 idmançımız Əliyarlı Nurəddin İlqar oğlu qızıl medal qazanmış, Bakı şəhərində keçirilmiş taekvando idman növü üzrə yeniyetmələr arasında 1-ci ümumrespublika turnirində rayon komandası iştirak edərək 1 qızıl və 2 bürünc medal qazanmışdır.

Gənclərin asudə vaxtının  səmərəli təşkili üçün rayonumuzda Gənclər Mərkəzi tikilmiş və gənclərin öhdəsinə verilmişdir.

Bu ilin 9 ayı ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin apardığı siyasət rayonumuzda da yüksək səviyyədə həyata keçirilir. Bu sahədə mövcud və yeni qəbul olunmuş qanunların və normativ-hüquqi sənədlərin tələblərindən irəli gələn vəzifələr vaxtında icra edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının nəticəsi olaraq rayon üzrə orta aylıq pensiya məbləği 139,0 manata çatdırılmışdır. Hesabat dövründə 7633 pensiyaçının pensiyası plastik kartlarla vaxtında ödənilmişdir.

2012-ci ilin 9 ayında  rayon üzrə Məcburi Dövlət Sosial Sığorta ödənişləri üzrə proqnoz tapşırığa ümumilikdə 89,0 faiz, o cümlədən büdcə təşkilatları üzrə 90,7 faiz, qeyri-büdcə təşkilatları üzrə 80,4 faiz, fiziki şəxslər üzrə 84,9 faiz əməl edilmişdir.

Hesabat dövründə ünvanlı dövlət sosial yardımı üçün 589 ailə müraciət etmiş, onlardan 574 ailənin sənədləri qeydiyyata alınmışdır. Həmin sənədlərə mərkəzdə yaradılmış komissiyada baxılaraq  548 ailənin  2557  üzvünə ünvanlı sosial yardımı təyin olunması üçün qərar qəbul olunmuşdur.

Tənha, ahıl vətəndaşların və əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, qayğının daha da artırılması işləri yerli icra nümayəndələri və bələdiyyələrlə əlaqəli şəkildə təşkil edilmişdir.

İlin 9 ayı ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır.

21 sentyabr 2012-ci il tarixdə rayonda fəal məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. “Əmək Yarmarkası”nda 47 nəfər vətəndaşın işə düzəldilməsi təmin edilmişdir.

2012-ci ilin 9 ayında xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatlarının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.

Hesabat dövründə 35/10 kv-luq Ucar-Zərdab və Zərdab-Əlvənd hava xətlərində 35/10 kv-luq Zərdab yarımstansiyasından qidalanan 10 kv-luq 2 saylı şəhər və 3 saylı kənd hava xətlərində təmir-bərpa işləri aparılmış, yaşıl kütlədən təmizlənmə işləri görülmüşdür. 10 kv-luq Sovxoz hava xəttində 9 ədəd çürüyüb istismara yararsız vəziyyətə düşmüş ağac dayaq yenisi ilə əvəz olunmuş, 4,5 km məsafədə təmir-bərpa işləri aparılmışdır.

Qoruqbağı, Məmmədqasımlı, Dəli Quşçu kəndlərində 0,4 kv-luq elektrik verilişi xətlərində 8 ədəd istismara yararsız dayaq dəyişdirilmiş 12 ədəd dayaq təmir edilmişdir. Rayon ərazisində 27 ədəd müxtəlif güclü transformator yarımstansiyası, eləcə də Əlvənd, Məlikli, Əlibəyli, Ağamalılar kəndlərində transformatorlar təmir olunaraq yenidən istifadəyə verilmişdir.

Şəbəkə üzrə 145 ədəd yeni sayğac quraşdırılmış, 74 ədəd istismara yararsız sayğac yenisi ilə əvəz olunmuşdur.

9 ay ərzində 19455,3 min manatlıq təmir bərpa işləri görülmüşdür. Rayonda 35,9 milyon kv-saat elektrik enerjisi  istehlak olunaraq, dəyəri 92,4 faiz ödənilmişdir, əhali sektoru üzrə 14,3  milyon kv-saat elektrik enerjisi istehlak olunaraq dəyəri 94,7 faiz ödənilmişdir.

Qaz təsərrüfatında da mühüm işlər görülmüşdür. Dövlət Proqramının icrası istiqamətində rayonun Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərində müxtəlif diametrli polietilen borularla 6687 p/m qaz xətti çəkilmişdir. Abonentlərə fərdi qaz xəttinin çəkilişi və sayğacların quraşdırılması məqsədilə 518 çıxış verilmiş, 48 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmışdır.

Şəhərin  32 hektar adlanan ərazisində salınmış yeni yaşayış massivində 3130 p/m qaz xətti çəkilmişdir.

Təzəkənd  yaşayış massivində qaz itkilərinin qarşısını almaq məqsədilə Zərdab Qaz İstismar Sahəsinin  daxili imkanları hesabına 7835 p/m müxtəlif diametrli metal borularla qaz xətti çəkilmişdir

9 ay ərzində istehlakçılara 3 milyon 641 min kubmetr təbii qaz satılmış və dəyəri 102,8 % ödənilmişdir. Əhali üzrə istehlak olunmuş təbii qazın dəyəri 103,3 % ödənilmişdir.

Görülən bütün işlərlə yanaşı, kəndlərin qazlaşdırılması işinin daha da sürətləndirilməsinə diqqətin artırılmasının vacibliyi nəzərə alınmalıdır. Belə ki, tədbirlər planına əsasən Dəli Quşçu, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı kəndlərinin 2010-cu, Əlibəyli, Allahqulubağı, Məlikumudlu, Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı kəndlərinin isə 2011-ci ildə qazlaşdırılması nəzərdə tutulmasına baxmayaraq, hələlik bu istiqamətdə işlərə başlanılmamışdır.

Rayonda içməli suya olan tələbatın ödənilməsi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür.

Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədər 2011-ci ildə Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması tədbirinin icrasına başlanılmışdır. Rayonun Dəli Quşçu kəndinin yaxınlığında çirkab  təmizləyici terminalın tikintisinə başlanılmış, mərkəzi su anbarının köhnə binasının sökülməsi işləri, eləcə də şəhərin küçələrinin asfalt örtüyünün kəsilməsi işləri həyata keçirilmişdir.

Hesabat dövründə işlər davam etdirilmişdir. “Hidro-Lotus” MMC tərəfindən 9 ay ərzində ümumilikdə 140 mm-lik boru xətti ilə şəhərdaxili 18 km içməli su xətti, 200 mm-lik boru xətti ilə 10,7 km kanalizasiya xətti çəkilmiş, 332 ədəd baxış quyusu qoyulmuş, 29 ədəd kanalizasiya üçün ev bağlantısı verilmişdir.

Zərdab-Kürdəmir rayonları arasında 450 mm-lik boru xətti ilə 72 km uzunluqda magistiral su xəttinin çəkilişi başa çatdırılmışdır.

Rayon ərazisində 17 ədəd modul tipli sutəmizləyici qurğu və 194 ədəd bulaq vardır. Həmin qurğular və bulaqlar təyin olunmuş qrafik üzrə hər gün əhalini ekoloji standartlara cavab verən içməli su ilə təmin edirlər.

Bütün görülən işlərlə yanaşı, əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Sukanal idarəsinin daxili imkanları hesabına zəruri təmir-bərpa işləri həyata keçirilmiş, layihənin icrası ilə əlaqədar zədələnib sıradan çıxmış qurğular və boru xətləri bərpa edilmişdir.

Yol təsərrüfatında Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi tərəfindən orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində ümumilikdə 753,3 min manatlıq iş görülmüş, Ucar-Zərdab-Ağcəbədi avtomobil yolunda, Məlikumudlu, Salahlı, Hüseynxanlı-Xanməmmədli, Bəyimli avtomobil yolunda təmir işləri aparılmışdır. Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 170,2 km məsafədə  yollara qreyder çəkilmiş, kəndarası yollara 7820 tondan çox çınqıl döşənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamına əsasən 10 min nəfərə qədər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən  Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,4 milyon manatı Zərdab Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Tikinti işlərinə 2012-ci ilin iyun ayında “Energetik-quraşdırma və sazlama” MMC tərəfindən başlanılmışdır. Hesabat dövründə 10,5 km uzunluqda yola ikiqat asfalt örtük vurulmuş, 5 keçid tikilmişdir.

2012-ci ilin 9 ayı ərzində şəhər küçələrinin təmiri və asfaltlaşdırılması istiqamətində işlər də davam etdirilmişdir.

“32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbənin yollarına 466 metr məsafədə asfalt örtüyü qoyulmuş, 1320 metr hissəsində isə çınqıllaşdırma işləri aparılmışdır. Təzəkənd yaşayış massivində 3445 metr, Alı Mustafayev küçəsində 612 metr və digər küçələrə çınqıl örtük verilmişdir. Bu işlərə ümumilikdə 451 min 653 manat büdcə vəsaiti xərclənmişdir.

Hesabat dövründə 1941-1945-ci illərdə döyüşlərdə həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin yenidən qurulmasına, şəhərin Azərbaycan küçəsində 17 və 18 saylı yaşayış binalarının ərazisində nümunəvi məhəllə salınmasına, eləcə də şəhərdaxili küçələrdə yeni dirəklərin və müasir işıqlandırma sisteminin qurulmasına 270,0 min manat dövlət vəsaiti xərclənmişdir.

Şəhərin 8-ci məhəlləsində Heydər Əliyev parkının ərazisində  YAP-ın Zərdab rayon təşkilatı üçün 2 mərtəbəli inzibati bina tikilmişdir. Binanın ümumi sahəsi 542 kv. metrdir. Binanın fasad hissəsi milli memarlıq üslubunu özündə əks etdirməklə aqlay daşı ilə üzlənmişdir. Tikintiyə 492,0 min manat vəsait xərclənmiş və avqust ayında tikinti işləri başa çatmışdır.

Cari ilin 9 ayında rabitə və poçt xidmətlərinin yaxşılaşdırlması sahəsində də müəyyən işlər görülmüşdür.

Belə ki, Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətlərdən əldə olunan tarif gəliri proqnozuna  232,0 min manata qarşı  232,7 min manat olmaqla 102,2% əməl edilmlşdir.

Müasir tələblərə cavab verən sürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə mərkəzi Elektron ATS-də DSLAM avadanlıqlarının montaj tutumu 537-ə çatdırılmışdır ki, onlardan 490-ı hazırda istfadədədir.

Qovşağın 19 kənd Elektron ATS-də əhaliyə geniş zolaqlı internet xidmətlərinin göstərilməsi məqsədilə fiber-optik kabelin çəkilişi başa çatdırılmışdır. Hazırda montaj işləri aparılır.

Zərdab Poçt filialı üzrə göstərilən xidmətlərdən əldə olunan tarif gəliri proqnozuna 100,3%   faiz əməl edilmişdir.

Yaxın müddətdə rayonun 8 kəndində, o cümlədən Kəndəbil, Əlvənd, Şəftəhal, Təzəkənd, Hüseynxanlı, Yarməmmədbağı, Məmmədqasımlı, Bıçaqçı kəndlərində poçt şöbələri üçün yeni müasir binaların tikilməsi nəzərdə tutulur.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına uyğun olaraq Kapital Bankın Zərdab filialı tərəfindən qeyd olunan Fərmanın əhəmiyyəti barədə təbliğat kompaniyası təşkil edilmiş, filialda ödənişlərin verilməsi üçün müvafiq şərait, əməliyyatları həyata keçirən personal üçün lazımi maddi-texniki baza yaradılmışdır. Fərmanın icrası və  əmanətlərin  əhaliyə qaytarılması prosesi rayonda uğurla həyata keçirilir.

İlin 9 ayı ərzində sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilmiş, müvafiq fəaliiyət növləri ilə məşğul olmaq üçün 11 hüquqi və 151 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir.

“Sahibkarlığa Kömək Milli Fondu”nun dəstəyi ilə martın 7-də rayonun Şıxbağı kənd orta məktəbin binasında sahibkarların maarifləndirilməsi və onlara kreditlər verilməsi məqsədilə təşkil olunan tədbirdə rayonumuzun sahibkarlq subyektləri ilə yanaşı, ətraf rayonların da sahibkarları, o cümlədən Bərdə, Goranboy, Tərtər, Ağcabədi, və İmişli rayonlarından olan iş adamları, kəndli-fermerlər, eləcə də müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak etmişlər. Rayonda güzəştli kreditlər hesabına pambıqçılığın tam bərpa olunub genişləndirilməsinə, nar bağları salınmasına olan imkanlar nəzərə alınaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilmişdir.

Dövlətimizin Əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması və tədricən aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində rayonda cari ilin 21 may 2012-ci il tarixində Bank olmayan Kredit təşkilatı “Vijn Fond Azərkredit” MMC-nin Zərdab şöbəsi açılmışdır. “Vijn Fond Azərkredit” MMC-nin əsas məqsədi aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından, kənd təsərrüfatının stimullaşdırılmasından və sahibkarlığın inkişafına dəstək olmaqdan ibarətdir.

Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, rayonumuzda son zamanlar inşa olunan və istifadəyə verilən yeni-yeni müasir pərakəndə satış və xidmət obyektlərinin sayı artmış, xidmətin səviyyəsi xeyli yaxşılaşmış, memarlıq baxımından şəhərimizin görkəmi əhəmiyyətli dərəcədə artmışdır.

Dövlətimizin özəl sektorun inkişafına, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, uzun illər göstərilən səylərin nəticəsi olaraq artıq rayonumuzda yeni emal müəssisəsi istifadəyə hazırdır.

İlkin mərhələdə 70 nəfərin işlə təmin olunması nəzərdə tutulan köhnə çörək zavodunun bazasında inşa edilən süd məhsulları emalı zavodunda təmir bərpa, avadanlıqların quraşdırılması, ətrafın abadlaşdırılması istiqamətində son tamamlama işləri aparılmışdır.

Şəhərimizin küçə və dalanlarında məişət tullantılarının götürülməsinin yaxşılaşdırılması məqsədilə müxtəlif yerlərdə Gəncə şəhərində sifariş olunaraq hazırlanmış 20 ədəd xüsusi tullantı qutuları qoyulmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyul 2012-ci il tarixli 167 S nömrəli Sərəncamına əsasən, Çin Xalq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında  imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişləri çərçivəsində Çin Xalq Respublikası tərəfindən ayrılmış texniki yardımlar hesabına Respublikamıza gətirilən məişət tullantıları daşıyan texnikalaradan biri və 70 ədəd respublikamızda istehsal olunan müasir konteyner məhz Zərdab rayonu üçün ayrılmışdır. Tullantıların kənarlaşdırılması və daşınması üçün nəzərdə tutlan müasir texnika artıq rayona gətirilmişdir. Yaxın müddət ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydaları, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun olaraq tullantı qutularının rayona gətirilməsi və müvafiq ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur ki, bu da şəhərimizin daha təmiz gigiyenik baxımdan sağlam olmasına şərait yaradacaqdır.

Ölkə Prezidentinin Nazirlər Kabinetinin yığıncağındakı nitqlərindən irəli gələn tapşırıq və tövsiyyələr  hər bir dövlət məmuru, hər bir rəhbər işçi üçün əsl fəaliyyət proqramı olmalıdır.

Zərdablılar bundan sonra da Rayon İcra Hakimiyyəti ətrafında daha sıx birləşməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və onun uğurla həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyəcək, bütün qüvvə və bacarıqlarını dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə, qarşıdakı dövrdə daha böyük  əzmlə işləməyə, rayonun sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına çalışacaq, Ölkə Prezidenti tərəfindən göstərilən diqqət və qayğıya əməli işləri və hərtərəfli dəstəkləri ilə cavab verəcəklər”.

www.zerdab.com

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − 10 =