“Gəncliyə Dəstək” İB Zərdabda maraqlı layihə həyata keçirib

0

“Gəncliyə Dəstək” İctimai Birliyi (İB) Azərbaycan Gənclər Fondunun dəstəyi ilə avqust-oktyabr aylarında Zərdab rayonunda  “Gənclərin peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seciminə yönəldilməsi” adlı layihəsini uğurla həyata keçirib. Birliyin sədri Eldar Xəlilov www.zerdab.com saytına açıqlamasında deyib ki, layihənin məqsədi gənclərin peşə seçiminə diqqətin artırılması və peşə seçiminin cəmiyyətdə stimullaşdırılması, insanları köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin olunmasından ibarət idi. E. Xəlilovun dediyinə görə, layihə çərçivəsində gənclərin istifadəsi üçün peşə seçiminin düzgün edilməsinin əhəmiyyəti, əmək bazarında ehtiyac olan peşələr barədə və s. maarifləndirici çap materialları hazırlanıb və 20-dən çox orta məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdlərinə paylanıb. Abituriyentlər üçün www.test.gdib.org xüsusi sınaq testləri təşkil olunub, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstək göstərilib, gənclərdə peşə sənətinə marağı artırmaq üşün Zərdab Peşə Liseyində və 7 məktəbdə görüşlər keçirilib, bu sahəyə aid olan şəxslər və təşkilatların iştirakı ilə dəyirmi masa düzənlənib və genişprofilli PR fəaliyyəti təşkil olunub: “Əminik ki, layihə Zərdab rayonunda gənclərin məşğulluğunun təmin olunmasına, onların yaradıcılıq potensialının inkişafına və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planınında (6.3.7 və 6.4.2 bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına və gənclərin işinə böyük töhfələr verdi”.