Dövlət Sərhəd Xidmətindən sabiq zərdablı əsgərlə bağlı açıqlama

0
28

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bəzi KİV-lərdə Sərhəd Qoşunlarının keçmiş əsgərinin hərbi hissədə fiziki təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra komaya düşməsi barədə yayılan məlumatlara münasibət bildirib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bəzi KİV-lər Sərhəd Qoşunlarının keçmiş əsgəri Abid Məmmədlinin guya hərbi hissədə təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra depressiya keçirərək oktyabrın 20-də komaya düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıblar: «DSX rəsmi şəkildə bəyan edir ki, 2011-ci ilin aprel ayında Zərdab rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədli Abid Əlisəfa oğlu oktyabrın 6-da tam sağlam şəkildə ordu sıralarından tərxis edilib. Yolasalma mərasimi zamanı digər əsgər yoldaşları ilə birlikdə ümumi baxışdan keçirilib. Onunla təhlükəsizlik qaydaları barədə, mülki həyatda davranış normaları haqqında söhbət aparılıb, gələcək həyatında uğurlar arzulanıb. Bu zaman əsgərin heç bir narazılığı və şikayəti olmayıb».

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə yer alan məlumatlara görə, Zərdab rayonu Böyük Dəkkə kənd sakini, 20 yaşlı Abid Əlisəfa oğlu Məmmədli 6 gündür koma vəziyyətindədir. O, Naxçıvanda xidmət edib. Valideynləri mətbuata açıqlamalarında onun hərbi xidmətdə döyüldüyünü iddia ediblər.