Söz vermişdin ki, bir gün məni mütləq gətirəcəksən Zərdaba…

8

Bakı-Zərdab yolu… Bu yolu bir gün gedəcəyimi bilirdim. Dayınuşaqlarına o qədər məndən danışmışdın ki… Söz vermişdin ki, bir gün məni mütləq gətirəcəksən Zərdaba. Amma əslində bunun mümkün olmadığını bilirdin. Çünki atamın mənə ora gəlməyimə icazə verməyəcəyinə əmin idin… Amma nahaq əmin oldun, gözəl gözlüm. 

Mən gəlirdim yanına, həm də içimdə elə hisslər var idi ki… Əslində bir də ümid var idi, sən mütləq orda olacaqın, məni görən kimi həmişəki kimi “Çinaaaaaaam” deyib, qucaqlayacaqdın məni, yol boyu buna qarışıq, gah qaranlıq, gah işıq dolu ümidlər. Şəhəri dolanmağımız uzun zaman aldı, həmişə kimi tıxac dolu şəhərimiz. Amma mən tələsmirdim, qorxurdum, həqiqətləri hiss etmək ümidi bitirmir, amma görmək bitirir, bax mən o ümidimi itirməkdən qorxurdum.

Artıq şəhəri tərk edirik, yol boyu pəncərədən baxırdım, sən hər yerdə var idin…Bəlkə buna inanmırsan. İnan ki, mənim üçün var idin. Boruların üzərində oturub, ayaqlarını sallayırdın, avtobusdan baxıb mənə əl eləyirdin, axı mən sənin Zərdabda məni gözlədiyini bilirdim bunlar necə ola bilərdi? Bəlkə mən ağlımı itirirdim, bəlkə sənsizliyi dərk etməyə başlayırdım.

Rəhbərin Elbrus müəllim bizi sənin yanına gətirirdi. O, deyəndə ki, birinci Sevincin məzarına gedək, bu sözlər qulağımda cingildədi, sənsizliyin qulaqbatıran səsi idi bu… İstədim deyim “Dilim qurusun”, istədim yalvarım, məni ora aparmayın, məni evə aparın Sevincin yanına aparın, onla danışım, gülüm, nə də olsa mən onun həyatdakı ən yaxın rəfiqəsi idim. Amma içimdə boğulub qalan səsimi eşitdirə bilmirdim, içimdə gah sənlə, gah yanımdakı dostlarımla dalaşırdım… Gəldik məzarlığa… Sənin məzarına bir az yol var. Aman Allah mən o yolu necə gedim axı. Bütün məzarlar mənə deyirdi: “O, da bizim kimi ölüdü artıq”. Onlar niyə mənə kinayə edirlər?! Niyə mənim ruhumu incidirlər?! Axı siz bu cür dəhşətli ölmədiz. Susun hamınız…Yox o, ölmədi, bəs bizim xatirələrimiz, bəs bizim ümidlərimiz, axı sən mənə söz vermişdin ki, toyunda şahidin olacağam… Mən tez ailə qurmağa qarşı idim, karyera deyib qalırdım. Sən axı öz ailənin xanımı olmağını çox istəyirdin, mələyim mənim. Məzarlar arasında sənin məzarına çatdım. Bu sən ola bilməzdin, üzərində qırmızı lent bağlanmış bu insan sən ola bilməzdin. Bayaqdan bütün məzarlar mənlə danışırdı, bəs sən?! Niyə danışmırsan, axı həyatda qaraqabaq olan insanlar mənlə danışdığı halda, sən niyə susumusan?!.. O, an qulağıma pıçıldayırdın, sakitləşdirməyə çalışrdın məni. Həqiqətən mənlə danışırdın, ağlamamağım üçün mənə təskinlik edirdin… Nə idi bunlar?!

Torpaq səni necə soyudub… Sən şıltaq kimi tullanıb düşməliydin, dur ayağa, dur de ki, səninçün darıxmışam. Tez-tez gmail hesabımı açanda mesajlar arasında bir özəl mesajım olurdu, həmişə mənimçün darıxdığını yazırdın. Bəs indi mən nə edim, artıq sənsizlik sümüklərimə qədər işləyirdi, titrəyirdim, mən nə qədər tək idim, ətrafım dolu idi, mən sənsiz boş idim, mənasız idim. Universitetdə oxuduğumuz illərdə hər kəsin üzünə gülən o mələyim indi necə uzanmışdı orda. Bizi görüb sevindin? Düzünü de, gəldiyimiz üçün xoşbəxt oldun, yoxsa həyat səni hər şeydən küsdürdü artıq?.. Bilirəm sevinmisən, nə də olsa sən hər şeyə gülürdün. İndi bir təsəllim daha var. Yox sən ölməmisən, ola bilərdi ki, bu başqalarının mənə oyunudur, axı sən zarafat etməyi də çox sevirdin, yeganə ümidim qalmışdı, o son ümidimə çatmağa tələsmirdim. Ailəndən qalan, səni ana kimi bəsləyən bacın. Titrəyə-titrəyə maşına oturduq, yenidən yollandıq dayıngilin evinə. Yolda əsirdim, Allaha yalvarırıdım: “Nolar, bunlar yuxu olsun, məni dost itkisi ilə üz-üzə qoyma” . Hər şey o qədər soyuq idi ki, hər yer o qədər mənasız idi ki, hər şey səndə idi, istilik, səmimilik, məna… Dayıngilə çatanda məni görən kimi qucaqlayıb ağlayan o bacın, ax o bacın. İlk dəfə hiss etdim ki, “Sən yoxsan”… “Sənə həmişə “Sevincim, kədərim” deyirdim. Sən də bu sözü deyəndə o qədər gülürdün ki… İndi həm Sevincimsən, həm də çox böyük kədərim…Qurban olum, qayıt həyatıma hər şeyin yalan olduğunu de, mənlə zarafat etdiyini de, sənsizliyə dözə bilmirəm, sənin belə ölümünə dözə bilmirəm… Heç vaxt rəhmətə gedən bir insana yaxın dura bilməzdim.

Amma məzarlıqda olanda tək istəyim var idi. Sənin o, zalım atan tərəfindən parçalanmış sifətinə bir daha baxmaq, “qoğal sifət”indən bir daha öpmək, səni o donuq halınla bərk-bərk qucaqlamaq. İnan ki, qorxmurdum, ölüm haqqında deyilən heçnə məni qorxutmurdu, ruhun məni narahatmı edə bilərdi? Kaş edərdi… Amma sənsizliyinlə belə barışmaq məcburiyyətində qalmazdım… Sən o şansı yaratmadın mənə… Hamı deyir sən yoxsan, sən qətlə yetirilmisən, amma sən mənimçün yaşayırsan, getdiyim hər məkanda, restoranda, universitetdə, gəzdiyimiz mağazalarda, yollarda, avtobuslarda, baxıb mənə gülürsən və deyirsən “Çinaaaaaam”. Amma Sənə “Can” deyə bilmirəm, o saat da yox olursan…

Niyə qoymursan heç olmasa “can” deyim. Sənə “can” deməkçün darıxmışam…Mən canıma da “can” deməyim bəs kimə deyim?! Bəs mən gülməyi necə öyrənim daha?! Sənin yoxluğun məni məhv edir, heç olmasa yuxuma gəl məni dindir, üzümə gülümsə, imkan ver son dəfə o çox sevdiyim çiyninə başımı qoyum. Mən sənin yanındayam de, gözləyirəm, mütləq gəl…

Çinarə Nurməmmədova

8 ŞƏRH

  1. Man ilk novbada sizlara va onun aila uzvlarina bash saqligi veriram. Bu hadisani eshidanda man cox sarsildim. Bu malumati man indi oxudum va cox hayacanlandim. Gozumdan yash axa-axa bu sozlari yaziram!
    Bu hadisa na vaxt bash verib, marhum mana tanishdi. Man biliram, dost itkisi na demakdir!

    Falak baxmir insanlarin yashina
    Tabiatin baharina, qishina.
    Qaribliyin neca mazar dashina,
    Goz yashlarim tokulanda bilmisham.

    Shovqi heyrandi carxi-gardisha,
    Bilinmir bu hayat kadardi, nasha.
    Gah mazar ustuna, gah da gorusha
    Darilib tokulmush gullar kimiyyam.

    Allah marhuma rahmat, sizlara sabir versin111,

    Man ozum Zerdab shahar 1 sayli orta maktabda muallim, Zardab İcra Aparatinda masul vazifada ishlamisham!

  2. Cox saq olun Sovqu mellim. Allah komeyiniz olsun. Taleleri bele imis. Allah onlara rehmet, hamimiza da sebr versin. Bizim qohumdular. Cox yaxin qohum. Cox sen aile idiler. Bele olacagi hec aglimdan da kecmezdi. Cox saq olun. Siz meni taniyirsiz.

  3. Yazını oxuya-oxuya göz yaşlarımı saxlaya bilmədim..
    Allah rəhmət eləsin! Qismətdən qaçmaq olmaz!
    İnsan xatırlanmayanda ölür. Nə qədər ki onun sizin kimi dostları var, o yaşayacaq

  4. Yazını oxuyarkən göz yaşlarımı saxlaya bilmədim.
    Allah rəhmət eləsin! Onun da qisməti bu imiş
    İnsan xatırlanmayanda ölür. Yaxşı ki onun sizin kimi dostları var-onu həmişə xatırlayan- yaşadan- dostlar!

  5. Allah rəhmət eləsin! Çox təsirli bir elegiya–ağıdır. O acı xəbər hamımızı sarsıtdı. Bir həmyerli və həmkar kimi, biz də çox sarsıldıq. Təsəllimiz odur ki, bu məsum qızcığaz şəhid sayılır. Şəhidləri isə ölü zənn etmək düzgün deyil və onlar sorğusuz-sualsız Cənnətə daxil olacaqlar. Yazırlar ki, Peyğəmbərimiz (S.Ə.V.) həyatının son anlarında ətrafdakıların ağladıqlarını görür və deyir ki, mənim bu dünyadan getməyimə, kim bu dünyada əbədi qalacaqsa, o ağlasın… Mənə görə, bu dünya müvəqqəti bir hava limanıdır. Kimin təyyarəsi nə vaxt gəlirsə, bir çox hallarda çoxları hətta heç kəsə heç nə deyə bilmədən uçub gedirlər Haqqın dərgahına. qalanlar isə öz təyyarələrini gözləyirlər… O məsum xanımın təyyarəsi lap tez gəldi. Yəqin ona görə ki, Sevinc yaddaşlarda əbədi olaraq gənc və gözəl qalsın. Heyiflər olsun! Siz gərək, qismət olaydı, onun toyundan reportaj hazırlayaydınız… Allah bir daha rəhmət eləsin, əzizlərinə səbr versin! AMİN!

  6. ALLAH Rəhmət eləsin. Mən şəxsən çox təsirləndim bu hadisəyə. Çinarə xanımın məqaləsini demək olar ki, göz yaşları ilə oxudum. Xüsusən də Sevincin elə bir zülmlə qətlə yetirilməsi mənə ağır təsir edir. Yaxınlarına ALLAHDAN səbr diləyirəm. ALLAH Sevingilin qismətinə Şəhidlik yazıbmış.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − 3 =