Jalə Əliyeva Zərdabın həlli vacib olan problemlərindən danışdı

0
25

Millət vəkilimiz Jalə Əliyeva mətbuata açıqlamasında və büdcə müzakirələri zamanı çıxışında Zərdab rayonunda görülməsi vacib olan işlərdən danışıb. www.zerdab.com saytı Jalə Əliyevanın fikirlərindən bəzi hissələri təqdim edir: “Ötən ay ölkə Prezidenti  İlham Əliyev Zərdab rayonuna səfər etdi. Səfər çərçivəsində bir çox önəmli açılışlar, o cümlədən 72 kilometrlik Ağsu-Zərdab magistral su xəttinin açılışı oldu. Bu, bəlkə də mövcud olduğu gündən bəri içməli suya həsrət qalan Zərdab əhalisi üçün əsil tarixi hadisə  idi.  Bunu da bildirmək istəyirəm ki, son bir ildə Zərdab rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı olaraq cənab Prezident tərəfindən 4 sərəncam imzalanıb. Bu çox böyük bir diqqət və qaygıdır. Və insanlarımız bunun üçün cənab Prezidentə sonsuz minnətdardırlar”.

Millət vəkili onu da vurğulayıb ki, Dövlət Proqramına əsasən rayonun kəndləri  (37 kənd) 2013-cü ilin sonuna qədər qazlaşdırılmalı idi, lakin bu günə qədər rayonun sadəcə üç kəndi qazlaşdırılıb:  “Altı kənddə isə işlər bu il bitməli idi. Həmin altı  kəndə xəttlər çəkilib, lakin evlərə qaz hələlik verilməyib. Digər 28 kənd də növbəsini gözləyir. İkinci məsələ içməli su ilə bağlıdır. Qeyd etdiyim kimi, ötən ay cənab Prezidentin səfəri zamanı şəhərdə su xətti istismara verildi. Lakin içməli su xəttinin perspektiv planda kəndlərə çəkilməsi  işinin tezləşdirilməsinə ehtiyac var. Kəndlərarası və kəndləriçi yollar əsaslı təmir edilməlidir. Bəzi yollar xüsusilə Kür daşqını zamanı ağır tonnajlı yük maşınlarının sayəsində keçilməz vəziyyətə düşüb. 35 kilovoltluq Zərdab-Ucar elektrik xəttinin 110 kilovoltluq xətlə əvəz edilməsinə ehtiyac var. Yeri gəlmişkən, bu xahişimizi daha əvvəlki ilərdə də dəfələrlə səsləndirmişik. Şəhər xəstəxanası əsaslı təmir olunmalıdır. İstər yeni tikilən, istərsə də köhnə məktəblərin istilik sistemi ürəkaçan deyil. Hətta yeni tikilən məktəblərdə belə hələ də odun ocaqlarından istifadə edilir. Rayonda uşaq bağçalarının da təmirə, eyni zamanda yenilərinin tkilməsinə ehtiyac var”.