Kürün daşması nəticəsində baş vermiş təbii fəlakətlərin vurduğu ziyanlar

0

(Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə yazdığı məqalə barədə)

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə
doktoru, Beynəlxalq Ekoenergetika
Akademiyasının ekologiya üzrə professoru,
Zərdabişünas

Həsən bəy Zərdabi hələ 130-140 il bundan öncə öz əsərlərində insanları təbiətin törədə biləcəyi dağıdıcı, ziyanverici fəlakətlərə qarşı düşünülmüş şəkildə, təcrübi olaraq tədbirlər görməyə dəvət edirdi. O, Kür çayının törətdiyi daşqınlardan, çayın məcrasından çıxaraq ətrafında olan yaşayış məntəqələrinə, təsərrüfatlara vurduğu ziyanlardan, yararlı torpaqların məhv edilməsindən, torpağın üst münbit qatının yuyulub aparılmasından söhbət açmışdır.

Həsən bəy Zərdabi Kür çayının törətdiyi təbii fəlakətlərin qarşısının alınması üçün kompleks yerquruluşu işlərinin aparılması məqsədilə dəyərli məsləhətlər verirdi.

O, hələ “Əkinçi” qəzetinin 22 iyul 1875-ci il        tarixli birinci nömrəsində “Elm xəbərləri” bölməsində “Evləri sel basmağın zərəri” başlıqlı məqaləsində təbii fəlakətlər nəticəsində insanların sakin olduqları evlərin  çay daşqınlarının təsirinə məruz qaldıqlarını qələmə almaqla, sellərin törətdiyi dağıdıcı təsirləri, onların tikili və qurğulara vurduğu zərər və ziyanlı cəhətləri açıqlamaqla yanaşı cəmiyyətdə onun insan orqanizmi, həyatı üçün təhlükəli xəstəliklər yaratması amillərini əhalinin nəzər-diqqətinə çatdırmışdır. Təbii fəlakətlər nəticəsində evləri sel basması zamanı yaranan birinci qisim zərərli təsirin insanlar tərəfindən aradan qaldırılmasını, yəni tikili və qurğuların uçub-dağılması halına təcili reaksiya verilməsini, insanların bu zaman bir-birinə yardımçı olmasını təbliğ edirdi.

Həsən bəyin dili ilə desək, “Əvvəlinci qism zərər insanın canına olur. Çünki, çox kəslər üçün mal candan şirindir, bu səbəbə mala olan zərəri tez görür, amma cana olanı heç görmür”.

Həsən bəy Zərdabi sel basan yaşayış evlərinin nəm hala düşməsi nəticəsində orada yaşayan ailələrin bir çox xəstəliklərə düçar olmalarını və onu yaradan başlıca amilləri açıqlayır. Sel hadisəsinə qarşı mübarizə aparmağın yollarını əhaliyə çatdırmağa çalışır. Sel sularının gətirdiyi, qapı-bacanı basan lilin tərkibində gedən bioloji proseslərin zərərli cəhətlərini açıqlayır. Eyni zamanda, su çəkildikdən sonra lilin yığılaraq, əkin sahələrinə verilməsini tövsiyə edir ki, bu zaman həm evlərdə ekoloji durumun (hava şəraitinin) yaxşılaşdırılmasının təmin olunmasını, habelə torpağın məhsuldarlığının yüksəldilməsinə zəmin yaratmasının xeyrini açıqlayır.

O, sonrakı məqalələrində və əsərlərində də təbii fəlakətlərin törətdiyi dağıdıcı təsirlərə qarşı mübarizədə elmi, təcrübi məsələlərdən geniş söhbət açmış, insanları onlara qarşı hazır olmağa çağırmış, xalqının həyat tərzinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çalışmışdır.

Görkəmli təbiətşünas alim Həsən bəy Zərdabinin təbii fəlakət nəticəsində Kür çayının vurduğu ziyanlar, fəsadlar barədə hələ 130 il bundan öncə “Kaspi” qəzetinin 1882-ci il tarixli 59-cu nömrəsində rus dilində dərc olunmuş və tərəfimdən Azərbaycan dilinə tərcümə olunan məqaləsini hesab edirəm ki, oxucuların diqqətinə çatdırmaq maraqlı olardı:

“Zərdab, Göyçay qəzası. 5 apreldən bu vaxta qədər Kürün səviyyəsi hələ də qalxmaqdadır. Biz sahil camaatı su ilə fədakar mübarizə aparırıq, təəssüf ki, bizim əməyimiz və enerjimiz, ən əsası isə bizim əkinlərimiz izsiz-tozsuz itir. Hal-hazırda əkinlərimizin bir hissəsi artıq məhv olmuş, kənddəki evlərin əksəriyyətini su basıb. Burada daha bir bəla çöl siçanlarıdır. Sahələrin su basmasından hələ su basmamış əkinlərdə gizlənən siçanlar taxılı məhv edirlər. Bizdə və başqa yerlərdə dəfələrlə peyda olan siçanlara nə üçünsə fikir verən yoxdur, halbuki onlar çəyirtkə qədər ziyan vururlar…

Bu dəqiqə qarovulçular xəbər gətirdilər ki, Dəkkə və Mehman çalasından suyun qabağı açılıb. Böyükdən kiçiyə qədər hamı yuxudan duraraq ora-bura qaçır, təəssüf ki, əlbəttə, heç bir şey edə bilmirlər, hər halda Mehman haqqında qətiyyətlə demək olar ki, axmazlar ki, deyirlər orada bir neçə verst yuyulub, yeri gəlmişkən, orda aşağısı 25-30 min pud (400 000 – 480 000 kq – E.H.) taxıl var idi. Bu yeni bəla mənim əl-qolumu təmiz bağladı. Axı mən hər dəqiqə məni dörd tərəfdən əhatə edən suyun dağıdıcı hücumunu gözləyə bilərəm. Mənim evim və bağım 4 desyatin (4,36 ha – E.H.) sahəni əhatə edir. Mən dörd tərəfdən axmaz tikdirmişəm, lakin hal-hazırda suyun səviyyəsi mənim həyətimin sahəsindən 1 arşın (0,771 metr – E.H.) yuxarıdadır. Artıq bir aydır ki, on nəfər mənim sahəmin ətrafını torpaqlayırlar, ancaq buna baxmayaraq, su mənim bağıma çıxıb sevimli ağaclarımı basır, hansı ki mən ölkənin hər yerindən onları alıb gətizdirib hissə-hissə (2000) toplamışam, hamısı yavaş-yavaş suyun altında qalır”.

Göründüyü kimi, Həsən bəy Zərdabi hələ 1882-ci ildə sözügedən məqaləsində ürək ağrısı ilə Kür çayının təbii fəlakət nəticəsində əkin sahələrinə, habelə öz şəxsi evinə, bağ sahəsinə vurduğu ziyanlar haqqında söhbət açır.

“Dəli Kür”ün sahilində doğulub boya-başa çatan, uşaqlıq illərindən onun bütün şıltaqlıqlarının, törətdiyi dağıntıların canlı şahidi olan və sonralar aldığı biliklərin təsiri, iş təcrübəsi nəticəsində təbiətşünas, torpaqşünas, yerquruluşçusu-torpaq işçisi kimi böyük elmi, təcrübi düşüncəyə malik olan Həsən bəy Zərdabi Kür çayı boyunca sahil bərkidici tədbirlərin, meşə bərpası işlərinin aparılmasında kompleks şəkildə “torpaq quruluşu” işlərinin vacibliyini göstərmişdir… O öz doğma yurdu Zərdab kəndində, Kür qırağında yaşayıb-yaratdığı 16 il ərzində (1880-1896) kompleks tədbirlər sisteminin mahiyyətini, təcrübi tətbiqini yerli əhaliyə əyani şəkildə çatdırmış və həmin dövrdən etibarən Zərdabın yerli əhalisi tərəfindən daşqınlar nəticəsində əmələ gələn gölməçələr, göllər qurudulmuş, torpaqların hamarlanma işləri aparılmış, torpağa üzvi və mineral gübrələr verilmişdir.  Aqrokimyəvi tədbirlərin görülməsi, kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi işinə Zərdabi böyük şərait yaratmışdır.

Bütün yuxarıda qeyd olunanlarla yanaşı qeyd etmək istərdim ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlər son zamanlar ölkə daxilində özünü daha qabarıq şəkildə göstərməkdədir ki, bu da ölkənin iqtisadiyyatına külli miqdarda ziyanlar vurmaqla nəticələnir.

Həmin fəlakətlərin vurduğu ziyanlar Zərdab rayonundan da yan keçməmişdir. Təbii fəlakətlərin törədə biləcəyi və törətmiş olduğu fəsadların aradan qaldırılması yolunda, Şirvan şəhəri, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Neftçala, Hacıqabul rayonları ilə yanaşı Zərdab rayonunun əhalisi də Kür və Qarasu çaylarının sahili boyunca canlı sipər çəkərək, gecəli-gündüzlü narahat, yuxusuz günlər, aylar keçirmiş və baş verə biləcək, təkrarlanacaq təbii fəlakətlə üzbəüz qalmışlar.

Təbii ki, çayların daşması nəticəsində baş vermiş təbii fəlakətlərin nəticələri  ölkəmizin aidiyyəti təşkilatlarının, yerli icra hakimiyyəti orqanlarının, yerli sakinlərin  göstərmiş  olduğu səylər nəticəsində aradan qaldırılmışdır.

H.Əliyev Zərdab şəhərində Kür sahilində, tapşırıq və tövsiyələrini verərkən (29.05.1978)

 Kür və Qarasu çaylarının daşması nəticəsində güclü, dağıdıcı fəlakət zərdablıların qadalı, bəlalı günləri kimi insanların və tarixin yaddaşında 1978 və 2010-cu illərin hadisəsi kimi qalmaqdadır.

1978-ci ilin may ayında Kür çayında suyun səviyyəsinin son həddə çatması Zərdab rayonunu bütövlükdə təhlükə qarşısında qoymuşdu. O zaman Azərbaycan KP MK-nın birinci katibi, Ulu Öndər Heydər Əliyevin Zərdab rayonuna gəlməsi, Kürün daşması nəticəsində su basan yerlərə getməsi, daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərlə tanış olması, tapşırıq və göstərişlərini verməsi nəticəsində Zərdab su altında qalmaq təhlükəsindən xilas edildi.

O zaman bu vəziyyətlə bağlı “Kommunist” qəzeti (indiki “Xalq” qəzeti) geniş məqalə dərc etmişdi. Məqalədə deyilirdi: “Mingəçevir su anbarı istifadəyə verildikdən (1945-1953-cü illərdə) sonra Kürün daşıb sahilləri basması təsadüfdən-təsadüfə baş verərdi. Belə bir real təhlükə Zərdab üçün son dəfə 1978-ci ilin may ayında yaranmışdı. Həmin təhlükəli vaxtda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş 1978-ci ilin may ayının 29-da Zərdaba səfər etdi, yerli əhali ilə görüşdü, daşqın təhlükəsinin qarşısını almaq üçün tövsiyələr və tapşırıqlar verdi, respublika paytaxtından və qonşu rayonlardan ağır texnika, torpaq daşıyan maşınlar, digər mexanizmlər səfərbər etdi, sahil bəndbərkitmə işləri sürətləndirildi. Heydər Əliyevin rəhbərliyi altında daxili imkanların tam səfərbər edilməsi, görülən əlavə ciddi tədbirlər nəticəsində Zərdab su altında qalmaq təhlükəsindən xilas edildi. Rayonu daşqınların pəncəsindən xilas etmək üçün torpaq doldurulmuş kisələrdən də istifadə olundu, xüsusən şəhərin Kür sahili boyu suyun qarşısına torpaq doldurulmuş kisələr düzüldü. Öz məcrasından çıxmış Kürün sularının qarşısına bu kisələrlə sədd çəkildi, daşqın bu süni maneəni aşıb şəhərə daxil ola bilmədi. Şəhər daşqınlardan xilas edildi. Amma Kürün daşması ziyansız da ötmədi. Bir neçə kəndə müəyyən qədər ziyan dəydi. Bununla belə respublika rəhbərliyinin qayğısı sayəsində insan tələfatı olmadı, ciddi maddi itkilərsiz ötüşmək mümkün oldu”.

Daşqın təhlükəsi 2010-cu ildə özünü bir daha büruzə vermiş, həmin ilin may ayının əvvəlindən etibarən Kür çayının səviyyəsinin kəskin şəkildə qalxması, daşması nəticəsində baş verən təbii fəlakət digər şəhər və rayonlarla yanaşı Zərdab rayonunda da insanları ciddi təhlükə qarşısında qoymuşdu.

Bu zaman, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin vermiş olduğu ciddi tapşırıqların, əməli köməkliyin nəticəsində yaranmış gərginliklər aradan qaldırılmış, daşqınlardan zərər çəkən əhaliyə hərtərəfli yardım göstərilmişdir. Bütün bunlara görə Zərdabi yurdunun hər bir övladı ilk öncə vətəninə, millətinə, xalqına qayğı ilə yanaşan, onun dərd-sərlərinə yardımçı olan dövlətinin başçısına minnətdardır.

Bu tarixi yaşamış və o gərgin günləri xatırlayan Zərdab şəhər 1 nömrəli məktəb- liseyin müəllimi, əsl Azərbaycan ziyalısı, “Tərəqqi” medalı ilə təltif olunmuş Firuzə xanım Qocayeva Prezident İlham Əliyevin 2012-ci ilin 08 oktyabr tarixində Zərdab rayonuna səfəri zamanı onunla keçirilən görüşdə çıxış edərkən demişdir:

”Mən şahidi olduğum bir məsələni demək istəyirəm ki, 1978-ci ildə Ulu Öndərimiz Heydər Əliyev, 2010-cu ildə isə Siz Zərdabı və zərdablıları Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən xilas etmisiniz. Sakinlərimiz o çətin günlərdə dövlətin gücünü və onun rəhbərinin qayğısını bir daha gördülər. Sizin bir çağırışınızla bütün ölkə ayağa qalxmışdı. Doğrudan da heç bir neçə ay keçmədi ki, bütün fəlakət bölgəsində olduğu kimi, Zərdabda da zərər çəkmiş ailələr üçün yeni qəsəbə salındı, sosial obyektlər inşa edildi, insanlara maddi kömək göstərildi. Zərdablılar bütün bunlara görə bir daha Sizə öz dərin minnətdarlıqlarını bildirirlər”.

Məlumatlara əsasən, bizə bəllidir ki, 2010-cu ildə Kür daşqınları zamanı 20 mindən çox ev su altında qalmış, 300-dən çox ev dağılmış, 50 min hektara yaxın ərazini su basmışdır. Ölkənin şərq hissəsində-Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır.

Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin vurduğu ziyanlar artıq aradan qaldırılmışdır. Lakin 1978 və 2010-cu illərin hadisəsi kimi yadda qalan təbii fəlakətin təkrarlanmaması, onun törədə biləcəyi fəsadların qarşısının vaxtında alınması məqsədilə, Azərbaycanın ilk təbiətşünas alimi, dahi mütəfəkkiri, millət fədaisi, xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabi ideyalarının, tövsiyələrinin carçısı olan alim və mütəxəssislərimiz tərəfindən elmi əsaslarla kompleks tədbirlər sistemi işlənib hazırlanmalı və bu işin həyata keçirilməsi dövlət proqramı çərçivəsində günün ən qlobal məsələlərindən birinə çevrilməlidir.

 Ruhun şad olsun, ey millətin fədaisi, mənəvi atası, dahi Həsən bəy!  

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen − seven =