Azərbaycanda “Mətbuat Evləri”, regional mətbəələr yaradılacaq

0
26

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara  subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaq”. www.zerdab.com saytı xəbər verir ki, bu fikirlər “Azərbaycan – 2020: Gələcəyə baxış” inkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiyada həmçinin qeyd olunur ki, Azərbaycanın regionlarında fəaliyyət göstərən KİV-lərin inkişaf etdirilməsi məqsədilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, “Mətbuat Evləri”, regional mətbəələr yaradılması dəstəklənəcək. Sənəddə KİV-lərin iqtisadi müstəqilliyini təmin etmək məqsədilə reklam bazarının genişləndirilməsinə stimul veriləcəyi və bu sahədə mövcud problemlərin aradan qaldırılacağı qeyd olunur: “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davamlı xarakter daşıyacaq. Jurnalistlərin peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın formalaşmasının  əsas  şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün jurnalistika sahəsində kadrların hazırlanmasına diqqət artırılacaq,  Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması məqsədilə beynəlxalq təşkilatlar və xarici jurnalist qurumları ilə birgə tədbirlər davam etdiriləcək”.

www.zerdab.com