Zamiq Zərdabi: “Gözümdə gördüyün göz yaşı deyil”

6
Zamiq Zərdabi
Zamiq Zərdabi

Zamiq Maarif oğlu Abdullayev (Zərdabi) – 28.08.1982-ci ildə Zərdab şəhərində anadan olub. İlk şeirlərini 10 yaşında yazmağa başlamışdır. Bakı Dövlət Uniersitetinin Tarix fakultəsini bitirmişdir. Hazırda Zərdab şəhər 1 saylı texniki-humanitar liseydə müəllim işləyir.

Zamiq Zərdabi nəsr əsərlərində də qələmini sınayan şairlərdəndir. Bir romanı, bir povesti, xeyli sayda hekayələri var. Hazırda “Yalquzaq” adlı ikinci romanı tamamlanmaq üzrədir. Ailəlidir. Bir övladı var.

Qəzəl

Ruhunam, tərki-bədən olmağa, hazır deyiləm.
Sənə bir qəmli dünən olmağa, hazır deyiləm.

Mən vəfasız deyiləm, sən təki ey nazlı gözəl,
Mən mənəm, mən hələ sən olmağa hazır deyiləm

Məni sən sürgün edirsən ürəyindən gözəlim,
Mən axı tərki-vətən olmağa hazır deyiləm.

Düz edirsən, məni ağlat, məni güldürmək əbəs,
Mən özüm də, hələ şən olmağa hazır deyiləm.

Niyyətin etmək isə, Zamiqi divanə, gülüm,
Bil ki, Məcnun ilə tən olmağa, hazır deyiləm.

Dərdimin

Bir çarəsi olar bəlkə,
Mənim gülməli dərdimin.

Üstünə salacaq kölgə,
Ölüm, bu dəli dərdimin.

Yapışıb can köynəyimə,
Didir məni ilmə-ilmə,
Cırmaq atır mənliyimə,
Uzanıb əli dərdimin

Bu dərd deyil, bu bir azar,
Bu bir zülmət…, soyuq məzar…
Nə bir görünən sonu var,
Nə də əvvəli dərdimin.

Dərd mənsiz yaşaya bilməz,
Məndən uzaq üzü gülməz,
Öz yükün daşıya bilməz,
Qırılar beli dərdimin.

Necə bölək dərdimizi,
Tez – tez itir dərdin izi…
Uzaq durun yıxar sizi
Tərpənsə, yeli dərdimin.

Eşqim damla-damla çıxır gözümdən

Mən tək nə edim ki, bacarmaq olmur,
Daşıyıb bu eşqi aparmaq olmur;

Gözümdən əksini qoparmaq olmur,
Hərdən oğrun-oğrun baxır gözümdən.

Neyləyim, olmadı düz əməllərin,
Saldı aramıza söz, əməllərin,
Sənin öz işlərin, öz əməllərin,
Səni asta-asta yıxır gözümdən.

Sənə kim deyir ki, önümdə əyil,
Sadəcə bu eşqin qiymətini bil…
Gözümdə gördüyün göz yaşı deyil
Eşqim damla-damla çıxır gözümdən.

 Bilmirəm

Ömrümə vaxtında gəlməmisən sən,
Sənə mən nə ümid verim, bilmirəm.

Sən elə çiçəksən dərilməmisən,
Səni hansı üzlə dərim bilmirəm.

Bir yanda səhradır, bir yanda gülşən,
Bir yanda ailəm, bir tərəfdə sən,
İndi harda qurum özümə məskən,
Mənim hara olsun yerim, bilmirəm.

Sən mənim yolumda əriyən bir şam,
Mən səni yandırıb-yaxan olmuşam,
Bu yol ayrıcında çaş-baş qalmışam,
Hansıdır xeyirim, şərim, bilmirəm.

Dünyaya gələndən gərmişəm sinə,
Bu qara taleyə, ömürə, günə,
Görəsən biryolluq sənin ömrünə,
Sənin həyatına girim?…bilmirəm

 Yenə sevərdim Səni mən…

Dağ çayından axıb gələn,
Sularda gördüm Səni mən.

Bildim bu saf su kimisən.
Qəlbimə hördüm Səni mən.

Aldanıb nəfsə bir daha,
Alllah bizə baxa-baxa,
Əl atdım böyük günaha,
Nahaqdan dərdim Səni mən.

Bir az ki, düşdüm çətinə,
Əl uzatmadım əlinə,
Uydum elin adətinə,
Güdaza verdim Səni mən.

Mən ömründə qonaq kimi,
Ləkə kimi, qınaq kimi…
Pul itirən uşaq kimi
Saldım, itirdim Səni mən.

Qorxdum, qaldım yana-yana,
Baxdim qaldim yana-yana,
Sevmədiyin o oğlana,
Əlimlə verdim Səni mən.

Ana adın almasaydın,
Övladınçün yanmasaydın,
Ərli gəlin olmasaydın,
Yenə sevərdim Səni mən.
Yenə sevərdim Səni mən.

www.zerdab.com

6 ŞƏRH

  1. Yerlilerimizin bu cur ugurlarini gorende ancaq yasamaq isteyirsen.Zamiq muellim size bu yolda bol sanslar arzulayiriq.Ailenizle cox xosbext, uzun, menali bir heyat yasamagi uca tanridan dileyirik.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 1 =