Xərçəngə tutulan həmyerlimizin yatdığı xəstəxanada eşitdiklərim-foto

14
Pərviz Soltanov həyat yoldaşı ilə birgə Vaşinqtonda. Xoşbəxt günlər…

Biz jurnalistlərin işi, sözün həqiqi mənasında, ağırdır. Hər gün bir ağrı ilə, acı ilə üzləşirsən və onu yaşamalı olursan. Pərviz qardaşımızın (Soltanovun) haqqında məqalə yazmaq üçün Mərkəzi Klinikaya yollananda da eyni hissləri keçirdim. Məlumat üçün bildirim ki, 1980-ci il təvəllüdlü Pərviz Soltanov xərçəng xəstəliyindən əziyyət çəkir və Mərkəzi Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimasiya şöbəsində Pərvizin qardaşı, professor Elnur Soltanovu gözləyirəm. Elnur müəllimin gəlişi bir neçə dəqiqə çəkir. İstər-istəməz şöbənin girişində əyləşmiş insanlar diqqətimi cəlb edirlər. Hamısının gözünün içi qırmızıdır, hamısının beli bükülüb sanki. Buradakıların reanimasiya şöbəsində qohum-əqrəbası, tanışı var və onlar Allaha dua edə-edə doğmalarının şəfa tapacağına ümid edirlər.

Elnur gəlir və biz xəstəxananın ikinci mərtəbəsinə qalxırıq. Pərvizin anası Natavan xanımın ağ saçları, gözlərindəki kədər məni də qəhərləndirir, deməyə söz tapmıram…

Soltanov Pərviz Zabit oğlu Mingəçevir şəhərində dünyaya gəlib. Həm atası, həm də anası Zərdab rayonundandılar. Mingəçevir Özəl Türk Liseyində oxuyub. Buranı bitirdikdən sonra Türkiyədə Orta Doğu Texnik Universitetinə qəbul olub. Bu ali təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra magistratura təhsili almaq qərarına gəlib və Macarıstanda fəaliyyət göstərən Mərkəzi Avropa Universitetinə qəbul olub. O bu nüfuzlu ali təhsil ocağında tarix üzrə magistratura təhsilini də müvəffəqiyyətlə başa vurub.

Pərviz bundan sonra doktoranturanı oxumaq üçün Amerikaya yollanıb. Məqsədi Texas Universitetində siyasi elmlər üzrə təhsil almaq imiş. Araşdırmalara başlayıb.

Qardaşı Elnur Soltanov deyir ki, Pərvizin Macarıstanda magistratura təhsili aldığı illər Ramil Səfərovun bu ölkədə məhkəməsi keçirilən dövrə düşüb: “Macarıstanda erməni lobbisi çox güclüdür. Əgər o dövrdə Ramil Səfərovun məhkəməsinə 100 erməni gəlirdisə, 5 azərbaycanlı gəlirdi. Ramilin müdafiəsində Pərviz də Macarıstanı yaxşı tanıyan, əlaqələri olan bir gənc kimi əlindən gələni edirdi. O dövrdə ANS telekanalında Ramil Səfərovun məhkəməsi ilə bağlı efirə gedən süjetlərin bir çoxunun mənbəyi Pərviz idi. O, məhkəmə prosesində Ramil Səfərovla görüşür, ona dəstək olurdu”.

Həmin dövrdə məhkəmə ilə bağlı məqalələr yazdığı, araşdırmalar apardığı üçün Pərviz Soltanova ermənilər tərəfindən təzyiqlər göstərilirmiş: “Pərviz araşdırmalar aparırdı, məhkəmələrdə olurdu, yazılar yazırdı, yerli telekanallar üçün materiallar hazırlayıb göndərirdi, müxtəlif insanlarla əlaqədə olurdu və ermənilər bu prosesi çox yaxından izlədikləri üçün xəbər tuturdular. O, Macarıstanı çox yaxşı tanıyırdı. Bu mənada əlindəki imkanlardan Ramil üçün kifayət qədər istifadə edirdi. Həmin ərəfədə ermənilərdən ona hədə zəngləri gəlirdi, təhdid dolu “e-mail”lər yazırdılar. Hətta deyirdilər ki, Pərviz Soltanovu da Ramilin aqibəti gözləyir”.

Yeri gəlmişkən, qeyd edək ki, Pərviz Macarıstanda təhsil aldığı müddətdə macarıstanlı bir xanımla tanış olub və onunla ailə qurub. İki övladı var: Atilla və Balaş.

“Ən məşhur alimlərlə görüşdü”

Xərçəng xəstəliyinə isə o, Amerikaya gedəndən sonra tutulub: “Əslində onda olan xərçəng, çox asan müalicə olunan növlərdən idi. İlk müalicəsini alandan sonra sağaldı. Amerikada idi, sığortası vardı və həkimlər söz verdilər ki, səhhətində problem olmayacaq. 4 il ərzində səhhətindən heç bir gileyi olmadı. Lakin sonradan xəstəlik yenidən baş qaldırdı. Bu yerdə bir məqamı da qeyd etmək istəyirəm: bu xəstəliyə tutulanların 75 faizi demək olar, tamamən sağalır. Sağalanların təxminən 2-4 faizində bu xəstəlik 5 il sonra yenidən baş qaldıra bilir. Xəstəlik təkrar geri qayıtdıqda xəstənin yaşama ehtimalı həddindən artıq az olur. Pərviz də məhz 2-4 faizə daxil olan insanlardan biri oldu. İkinci dəfə yenidən onu müalicə etdirdik, o zaman mən də Amerikada idim və bu barədə heç ailəmizə də xəbər vermədik.

Amma xəstəlik üçüncü dəfə baş qaldıranda, belə deyək, bütün qüvvələrimizi səfərbər etməyimizə baxmayaraq, heç bir faydası olmadı. O bu xəstəliyin müalicəsi üçün yüzlərlə məqalə, araşdırma oxudu, ən yaxşı həkimləri tapıb, onlarla görüşdü. Bu xəstəliyin müalicəsi ilə məşğul olan ən məşhur alimlə görüşdü. Lakin…”

Anası cümləsini tamamlaya bilmir, çünki göz yaşları buna imkan vermir…

Bütün çətinliklərə baxmayaraq, Pərvizin doğmaları onun şəfa tapması üçün Allaha dua edirlər: “Əslində onun səhhətinin ağırlaşması ağciyərlə bağlıdır. Xəstəlik metostaz verib. Ağciyərində pnevmoniya başlayıb. Onsuz da ağciyəri zəif idi, bir az da zəifləyib. Əsas ümidimiz odur ki, bəlkə pnevmoniyanı antibiotiklərdən istifadə etməklə müalicə edə bildilər. Ən azından əvvəlki vəziyyətinə qayıtsa, bu, bizi çox sevindirər. Son vaxtlaradək gəzirdi, maşın sürürdü, deyib-gülürdü və s. Doktorantura imtahanının birini vermişdi, ikincisinə hazırlaşırdı. Bəstələri var idi. Allahın təqdiridir və biz ümidsiz deyilik”.

Hazırda Pərviz xəstəlikdən çox ağrı-acı çəkməsin deyə, ona yuxugətirici həblər verilir. Sonuncu dəfə ayılanda isə anasına Ramil Səfərovu görmək istədiyini söyləyib. Anası bu barədə danışarkən, göz yaşlarını saxlaya bilmir.

Pərvizin bu halı, ailəsinin növbəti imtahanı sayıla bilər…

“Ramil Səfərovun əfv edilməsi xəbəri onu hədsiz dərəcədə sevindirmişdi. Çox qürur duyurdu. Xəstə yatağında, ağır vəziyyətdə Ramili görmək istəyi də yəqin ki, ona olan sevgidən, hörmətdən irəli gəlir”,-deyir qardaşı Elnur Soltanov. Yaxınları ümidlidirlər ki, Pərviz Ramil Səfərovla görüşsə, bu, ona psixoloji olaraq çox böyük təkan olar və səhhətində müsbət dəyişikliklər baş verə bilər.

Sonda bir faktı da qeyd edək: Pərvizin atası Zabit Soltanov 70-ci illərdə Qarabağ və Aran bölgəsində tanınmış qarmon ifaçılarından olub. O, 54 yaşında vəfat edib. Pərvizin böyük qardaşı isə daha erkən – 10 yaşında dünyadan köçüb. Pərvizin bu halı isə ailənin növbəti imtahanı sayıla bilər.

Onu da əlavə edək ki, yaxınları hamımızın sevə-sevə dinlədiyimiz, Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış məşhur “Gecələr” mahnısının məhz Zabit Soltanov tərəfindən bəstələndiyini bildirirlər. Lakin övladının qəfil ölümü, bir neçə il sonra isə, özünün vəfatı ona bu mahnının müəllifliyini təsdiq etməyə imkan verməyib. Təəssüf ki, hələ də bir çoxları bu mahnının müəllifinin müğənni Niyaməddin Musayev olduğunu düşünürlər…

Belə. Biz də Pərviz qardaşımıza Allahdan şəfa diləyirik. Ümid edək ki, yazdıqlarımız Pərvizin Ramil Səfərovu görmək arzusunun gerçəkləşməşində bir vəsilə olacaq…

P.S. Bu yazı “Zaman” qəzetinin bugünkü sayında dərc olunub. Yazının müəllifi Zərdab rayonunun Qoruqbağı kənd sakini, jurnalist Nicat İntiqamdır.

14 ŞƏRH

  1. Çox təsirləndim. Allah onun anasına bir daha bala dağı çəkməsin. hər ağızda bir dua var deyiblər. Allah onun ovladlarını atasız, həyat yoldaşını isə onsuz qoymasın!
    Ümid edirəm ki, bu ailə üçün bir sınaq olacaq Pərvizin xəstəliyi- O., sağalacaq!

  2. Allah ona rehim elesin Inwallah.. Men onu wexsen taniyiram hemde uzaq qohumumdu..

  3. Ramil Seferovu dardan qurtaran Allah Pervizi de dardan qurtarsin. Perviz! Eziz qardasim, sen guclusen, gencsen heyat esqi ile dolusan ! Inaniram bu defe de bu sinaqdan cixacaqsan yasayacaqsan. Bizim taleyimiz hardasa oxsardi . Birinci defe ureyimden emeliyyat olandan sonra men de 4 il yaxsi oldum amma sonra. 5 faiz menim kimi xestelerde ola bilecek agirlasmalar oldu , 2 ci defe emeliyyat olundum . Indi. Sukurler olsun yaxsiyam men oz kullerimin icinden yeniden alisaraq bas qaldira bildim ,sen de bacaracaqsan . Ramili de qurtaran bizim dualarimiz olub, indi dualariimiz senin ucundi. Ramile de seslenirem yeqin ki, bilse gelecek.

  4. DAW UREKLI OLASAN KI, BUNU SAKIT OXUYASAN PERVIZIN ATASIZ YAWADIQINI EVLADLARINA QISMET ETMESIN ANAYA BIR DAHA AQIR DERD CEKDIRMESIN BOYUK YARADAN…ALLAH OZU KOMEK OLSUN YARDIMCI OLSUN OZ MOCUZESINI ESIRGEMESIN .HAMIMIZ DUACI OLAQ INWAALLAH ALLAH EWIDER DUALARIMIZI.

  5. Pərviz böyük şərəf yolunu keçib, bu dərəcəyə çatıb, bizim fəxrimizdir.Çox təəssüf ki, xəstəlikdən əziyyət çəkir. Arzu edirəm tezliklə sagalıb öz şərəf yolunu davam etdirsin, bizim ona ehtiyacımız var. Qaldı, Ramil Səfərovla onun görüşməsi, məncə bu elə də çətin bir proses deyil, Pərvizin bu arzusu dərhal yerinə yetrilsə yaxşı olar.

  6. Allah ozu yardimci olsun.Allah edilen dualari qebula kecirsin.Her aqizda bir dua var.inwallah saqalib saqliqina qovuwar.

  7. Men bu gun, 1 saat evvel Zerdabda Perviz qardashimizin bibisi Sefa xanimla evlerinde gorushdum. Xastedir, amma yalniz Pervizi dushunur, deyir, Bakida idim, Natavan xanimgil razi olmadilar bu veziyyetde orada gozleyim. Sefa xanim dedi ki, 1 defe Perviz Amerikadan mene zeng etdi, sesimden anladi ki, xestelenmishem, 3 gun sonra zeng edib mene kod yazdirdi, dedi teqaudumu bu gun aldim, bu kodu banka ver, pulu al, mutleq get mualiceye, bax, getmesen, senden inciyerem. Indi ise eziz qardashimin gozel ve aqilli balasi dardadir, men olmush bibisi hech ne eda bilmirem, ureyim partlayir…. Sefa xala aqlaya-aqlaya albomunu qarshisina qoyub sehifeleri chevirdikce chox sheyler danishdi, men de goz yashlarimi gizlede bilmedim, meni Sefa xanimla gorushduren bacisi nevesi Zemanet da. Dua etdik Allaha ki, Pervize rehm elesin. Ela Sefa xanima da!AMIN!

  8. Perviz ALLAH sene qiymasin!ALLAHIN rehimi boyukdu,insALLAH sagalib ayaga durarsan,ve oz tutdugun meksedive catarsan!ALLAH qohumlarinin ve seni sevenlerin umudunu uzmesin!Amin,AMIN

  9. men onun yaxin qohumuyam 1nece ay bundan once onunla facede yazisrdim men ondan sorusurdum ki, necesen oda soylediki helelik yasiyam indi ise onu vezyeti agir olqaraq qalir men ona allahdan sefa dileyirem

  10. perviz menim heyat yoldasimin qohumudur pervizin xeste oldugunu esitdiymiz gunden beri her gun allaha dua edirk vetenden uzaq yasagidigimiza baxmayaraq gundelik olqaraq perviz qardasimizn sehedi ile maraqlaniriq. Allah boyukdur ona uca allahdan sefa dileyirem amin.

  11. cox təəssüf edirəm o oglan ölməməliydi amma allah təalanın bir qədər qisməti var başımız sağ olsun o mənimdə qohumumdu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen + nineteen =