Milli oyanış və mədəni tərəqqi fədaisi – Həsən bəy Zərdabi

1
62
Müəllif: Eldəniz Həsənov

Cəmiyyətin tərəqqisi üçün çalışmış və xeyirli irs qoyub getmiş dahi şəxsiyyətlərdən biri də böyük Azərbaycan maarifçi-demokratı və təbiətşünası Həsən  bəy Zərdabi olmuşdur. Elm və mədəniyyətimizin bir sıra yönlərində əsaslar yaratmış bu insan 1837-ci il noyabrın 12-də keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) dünyaya göz açmışdır. Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, milli teatrımızın və mətbuatımızın banisi, Şərqdə xeyriyyəçilik hərəkatının yaradıcısı, təbiətşünas və içtimai-siyasi xadim Həsən bəy Zərdabi “milli ziyalıların atası” kimi dövrünün ən işıqlı siması olmuşdur. Onun adı dünən və bu gün olduğu kimi, sabah da yaddaşlarda əbədi qalacaqdır. Bu il Həsən bəy Zərdabinin anadan olmasının 175, vəfatının 105 ili tamam olur. Bu münasibətlə ilin əvvəlindən müxtəlif tədbirlər keçirilir. Çox təəssüf ki, bəzi alimlərimiz bu dahi şəxsiyyətin yubileyinin dövlət səviyyəsində qeyd olunmasına təşəbbüs göstərməkdənsə, onun doğum tarixi üstündə mənasız mübahisə aparırlar. Həsən bəy Zərdabi kimi bir millət fədaisinin doğum tarixinin əsassız olaraq mübahisə obyektinə çevrilməsi onun ruhunun narahat edilməsi və yubiley tədbirlərinin pozulması deməkdir. Tədqiqatçılar Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı yazılarında onun doğum tarixini bəzən yanlış olaraq 1842-ci il, bir sox halda isə düzgün olaraq 1837-ci il göstərmişlər. Zaman keçdikcə bu fərqli tarixlər təkrarlana-təkrarlana geniş yayılmış və buna əhəmiyyət verən olmamışdır.

Həsən bəy Zərdabinin çoxsahəli və çoxşaxəli fəaliyyəti ziyalıların diqqətini hələ öz sağlığında cəlb etdiyindən keçən əsrin əvvəllərindən onun müxtəlif sahələrə aid yaradıcılığı tədqiq edilmiş, haqqında çoxlu məqalə və kitablar yazılmışdır.
Akademik Heydər Hüseynov “Zərdabinin ictimai görüşləri haqqında” tədqiqatında və məqalələrində təsadüfi deyildir ki, Həsən bəy Zərdabinin doğum tarixini 12 noyabr 1837-ci il göstərmişdir. Cəlal Məmmədovun 1949-cu ildə çap olunan “Həsən bəy Zərdabi” adlı kitabında “Müqəddəs and” başlıqlı fəsilə diqqət yetirmək də kifayət edir ki, Həsən bəyin məhz 1837-ci ildə dünyaya göz açdığına inanasan: “Şair nə isə demək istəyirdi. O ağzını yenicə açmışdı ki, nökər yüyürərək eyvana gəldi:
– Ağa, gözünüz aydın olsun, Allah sizə bir oğul bağışlayıb!
Səlim bəy yerindən sıçrayıb ayağa qalxdı. Gözləri sevincdən yanırdı. Kisəsindən pul çıxarıb dərhal nökərə muştuluq verdi. Sonra bayaqdan bəri etdikləri mübahisəni xatırlayıb ərk ilə dedi:
– Oğlumu bura gətir. Qoy şair Zərdabda necə oğullar doğulduğunu görsün!
Bir az sonra ciyərinə yenicə hava dolmuş və pörtmüş uşağı yuxarı çıxartdılar. Səlim bəy ona lap yaxından baxıb işarə etdi. Uşağı apardılar. Xoşbəxt ata üzünü qonağa tutub əmr etdi:
– Şair, adını qoy!
– Adı ilə yaşasın, inşallah! Gərşivəz.
Səlim bəy bir az fikirləşdi. Eyvana yığılmış kəndlilərə baxdı. Onların donuq baxışlarında heç bir şey oxuya bilmədi.
– Yox, eloğluna belə ad yaraşmaz. Mən onun adını Həsən qoyuram.
Eyvandakılar hərəkətə gəldilər. Təqdiredici pıçıltı eşidildi. Ancaq qonağın dodaqları büzülmüş, qaşları çatılmışdı:
– Tərəkəmə adıdır.
– Qoy olsun, Gərşivəzdən yaxşıdır. Yadımızdan çıxmasın: 1252-ci il hicri (1837), oğlum Həsənin dünyaya gəldiyi gün”.
Filosof Zaman Məmmədovun 1957-ci ildə nəşr etdirdiyi “Həsən bəy Zərdabi” adlı tədqiqat əsərinin “Həsən bəy Zərdabinin həyat və yaradıcılığı” bölməsinin ilk cümləsində oxuyuruq: “Həsən bəy Məlikov Zərdabi 1837-ci il noyabrın 12-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur”.
Tədqiqatçıların Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ilə bağlı yazılarına diqqət yetirdikdə görürük ki, atası Səlim bəy artıq yetkin bir gənc olan Həsəni 1852-ci ildə Şamaxıda yenicə açılmış yeni üsulla rus dilində tədris aparan məktəbə gətirir. Nəzərə alsaq ki, Həsən bəyin doğum tarixi 1842-ci ildən hesab olunarsa, deməli, 1852-ci ildə onun 10 yaşı olar. 10 yaşında isə o, yetkin bir gənc hesab olunmazdı. Həsən bəyin 1852-ci ildə artıq 15 yaşlı yetkin bir gənc olaraq Şamaxı şəhər rus məktəbində təhsil alması faktı isə onun doğum tarixinin 1837-ci il olmasını təsdiqləyir. Digər tərəfdən, bir çox tədqiqatçıların əsərlərində göstərilir ki, Həsən bəy 1852-ci ildə Şamaxı şəhərində rus dili verən məktəbə daxil olarkən o, 15 yaşının içində idi.
Cəlal Məmmədov yuxarıda adı gedən kitabında yazır: “1852-ci ildə 15 yaşlı Həsən mollaxanada təhsilini davam etdirməkdən qəti surətdə boyun qaçırtdı. Səlim bəy də elə bunu gözləyirdi. Şamaxıda rus dilində şəhər məktəbi açılmışdı. Səlim bəy oğlunu bu məktəbə göndərdi”.
1837-ci il təvəllüdünə əsasən, Həsən bəy vəfalı həyat yoldaşı Hənifə xanım Abayeva ilə ailə həyatı qurarkən onlar arasında 18 ildən artıq yaş fərqi var idi.
Hənifə xanım Məlikova (Abayeva) “Həsən bəy Məlikov Zərdabinin tərcümeyi-halı” xatirəsində də Həsən bəyin 1837-ci ildə doğulduğunu, Şamaxı məktəbinə gedəndə 15 yaşı olduğunu göstərmişdir. Əgər Həsən bəyin təvəllüdü, həqiqətən, 1842-ci il olsaydı, şübhəsiz ki, Hənifə xanım həyat yoldaşının özündən 18 yaş yox, əksinə 14 yaş böyük olduğunu göstərərdi. Deməli, buradan da Həsən bəyin 1837-ci ildə doğulduğu bəlli olur.
Bir sıra mənbələrdə Həsən bəyin 70 yaşında vəfat etdiyi bildirilir. Mirəli Axundov 1990-cı ildə nəşr etdirdiyi “Zamanı qabaqlayanlar” adlı kitabında “Zərdabi və bioloji fikrin inkişafı” məqaləsində yazır: “Həyatın bütün mənasını xalqa xidmət etməkdə görən Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də 70 yaşında vəfat edir”.
X.Həsənov “Həsən bəy Zərdabi Azərbaycanda torpaqşünaslıq və aqrokimya elmlərinin banisidir” adlı kitabında da (“Elm” nəşriyyatı, Bakı – 1972) Həsən bəy Məlikov Zərdabinin 1837-ci ildə anadan olmasını, 1852-58-ci illərdə Şamaxıda yeni açılmış rus məktəbində, 1858-61-ci illərdə I Tiflis gimnaziyasında, 1861-65-ci illərdə Moskva Universitetində oxumasını göstərir.
Bu gün Həsən bəy Zərdabinin anadan olmasının 175 illik yubileyi münasibətilə alimlərimiz, ziyalılarımız yeni əsərlər yazırlar, onun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı mətbuat orqanlarında məqalələr dərc olunur. Qalib Əhmədovun “Azərbaycan” qəzetinin 17 iyul 2007-ci il tarixli sayında dərc olunan “Zərdabi öz adını daşıyan ünvanda necə yad olunur?” sərlövhəli yazı bu baxımdan çox aktual səslənir. Mən özüm “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı elmi-tədqiqat əsərimi onun anadan olmasının 170 illiyinə həsr etmişəm.
Belə bir məqamda, bu nadir şəxsiyyətin doğum tarixi ilə bağlı lüzumsuz fikirlər irəli sürərək onun 1842-ci ildə anadan olmasını “sübuta yetirməyə” çalışanlar da vardır. AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Esmira Cavadova Həsən bəy Zərdabinin 170 illik yubileyi ərəfəsində “Azərbaycan” qəzetinin 10 iyul 2007-ci il tarixli sayında “Bir daha H.Zərdabinin doğum ili haqqında” başlıqlı yazısında tədqiqatçıların bir hissəsinin Həsən bəyin 1837-ci ildə, bir qrupunun isə 1842-ci ildə anadan olduğunu göstərdiklərini qeyd edir və bu fakta görə zərdabişünasları iki yerə ayırır. Müəllif bir neçə zərdabişünasın, o cümlədən professor İzzət Rüstəmovun, Vəli Məmmədovun əsərlərində Zərdabinin 1842-ci ildə anadan olduğunu yazdıqlarını göstərir.
Esmira xanım nəzərə almalıdır ki, Həsən bəy Zərdabinin fundamental tədqiqatçılarından professor İ.Rüstəmov, V.Məmmədov və başqaları bu gün yeni tədqiqatlara, sübut və dəlillərə əsaslanaraq onun doğum tarixinin 1837-ci il olduğunu təsdiq edirlər. Vəli Məmmədovun “Azərbaycan” qəzetinin 18 iyul 2007-ci il tarixli sayında dərc olunmuş “Zərdabinin təvəllüd tarixi haqqında” yazısına diqqət yetirmək kifayətdir. Esmira Cavadova Azərbaycan MEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun H.Zərdabi fondunda saxlanılan “Attestat” adlı əlyazma sənədlə Zərdabinin 1842-ci ildə anadan olması haqqındakı fikirlərin daha əsaslı olduğunu təsdiq etməyə çalışır.
Zərdabişünaslara, alimlərimizə yaxşı məlumdur ki, Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab etmişdir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti hökumət dairələri tərəfindən bağlanır. 1878-ci ildə isə Həsən bəy gimnaziyadan müəllimlikdən azad edilir. Daha sonra hökumət üçün “təhlükəli” hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə o, Bakı realnı gimnaziyasından uzaqlaşdırılır. Həmin “Attestat” adlandırılan sənəd də o vaxt yazılaraq (əlyazması şəklində) işsiz qalan Həsən bəyə verilir ki, bu da onun həqiqi doğum tarixini təsdiqləyə bilməz.
Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım Topçubaşovanın (1873-1947) həyat yoldaşı, Azərbaycanın ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1865-1934) “Azərbaycanın mayakı” başlıqlı xatirəsində yazırdı ki, Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetini bitirəndə 28 yaşında idi. Deməli, 1837-ci il təvəllüdünə istinadən Həsən bəy Hənifə xanımla 1872-ci ildə ailə həyatı qurarkən onun 35 yaşı olub. 1873-cü ildə onların ilk övladı Pəri dünyaya gəlib. Bu faktların özü təsdiq edir ki, 1907-ci ildə 70 yaşında dünyasını dəyişən, əbədiyyətə qovuşan Həsən bəy Zərdabinin doğum tarixi məhz 1837-ci ildir.
Həsən bəy Zərdabinin heykəllərinə – məzarüstü büstə, keçmiş Zərdab kəndində (indiki Zərdab şəhəri) yurd yerininin əhatəsində yerləşən ev muzeyinin qarşısındakı büstə, Kür çayının üstə, Şirvanla Qarabağın sərhəddində qoyulmuş qranit abidəyə, Zərdab rayon mədəniyyət evinin qarşısında ucalan monumental heykələ baxan hər bir kəs görür ki, həmin abidələrə bu millət fədaisinin doğum və ölüm tarixi “12.XI.1837 – 28.XI.1907″ kimi həkk olunmuşdur.
Bəlkə də, Həsən bəy Zərdabinin yubileyinin dövlət səviyyəsində keçirilməsinə belə şübhəli baxışlar mane olur?”. Belə olan halda Həsən bəyin doğum tarixi ilə bağlı yanlış fikir yürütməyə dəyərmi? Bu böyük şəxsiyyətin anadan olmasının 175 illiyinin dövlət səviyyəsində qeyd olunması həqiqətin təsdiqi, böyük maarifçi-demokratın və təbiətşünasın ölməz xatirəsinə ümumxalq ehtiramının layiqli təsdiqi olardı.

Eldəniz Həsənov, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, tədqiqatçı, zərdabişünas alim.

1 comment

  1. Mili Arxiv İdarəsində H.Zərdabi haqqında çoxlu materiallar var.Sözünüzün daha kəsərli olması üçün həmin materialları mütləq oxuyun.

Comments are closed.