“Bobbi” filmi və kəndimizdə sevgi macəraları

3

Kəndimizdə qədim bir kişi varıydı, Cəlal dayı. Onun da bir sözü varıydı – məclis yaraşığı… Cavanlara deyirdi ki, ayə, məndən sizə amanat, gedin varlı-karlı, tərəfli yerdən qız alın, adam olun, ağ günə çıxın. O vaxt bizim sevən vaxtımızıydı, sevdiyimizin əlindən tutub bu dünyadan ilim-ilim itmək istəyirdik, nədənsə o vaxtlar kasıb kişilərin qızları daha gözəl idi. Bəlkə bu da ondan doğurdu ki, kəndimizə “Bobbi” filmi təzə gəlmişdi. Afişasının birini məktəbimizin çöl divarına, birini də kolxoz idarəsinin qapısına yapışdırmışdılar.

Kəndimizdə klub yox idi. İlk dəfə “Bobbi” filminə hava qaralanda çöldə baxdıq. Pərdə yerinə məktəbimizin ağ divarında film canlandırıldı. Səhər dərsə gedəndə həmin ağ divarın qarşısında “Bobbi” filminin maraqlı səhnələrini yamsılayırdıq. Baxmayanların ağzının suyu axırdı. Sonra qərara alındı ki, kino gündüz də göstərilsin, qızlar da baxa bilsin. Amma necə? Ədəbiyyat otağımızın pəncərələrini qara pərdə ilə bağladılar.

Yenidən filmə baxdıq. Daha bundan sonra Cəlal dayının sözü tamamilə öz kəsərini itirdi. Sinif yoldaşlarım olan qızlar filmdən sonra Bobbiyə bənzəyirdilər. Həm də utanırdılar. Racunun yanında biz də xəcalət çəkirdik. Çünki onlar kimi geyimli-kecimli deyildik. Sevgidə bəlkə də onlardan üstün idik. Bir sözlə, “Bobbi” filmi bizi dəli eləmişdi. Nənəm demişkən, olub-qalan ağlımızı başımızdan almışdı. Bəzi qızlar qoşulub qaçmaq istəyirdilər, bəzi oğlanlar motosiklet almaqdan ötrü qəpik-qəpik pul yığırdılar. Bir növ Cəlal dayının fikri ilə “Bobbi” filmi daban-dabana zidd idi. Cəlal dayı deyirdi ki, ayə, ay camaat o kinodur, adamın başını aldadırlar, sizə deyirəm gedin tərəfli, qol-qanadlı bir yerdən qız alın. Biz də əsas üstünlüyü “Bobbi” filminə verirdik. Bobbinin şəklini cibimizdə gəzdirirdik. Yaşıdımız qızlar da bundan çox pis olurdular.

Cəlal dayının layihəsi həyata keçə bilmirdi. Cəlal dayı öz layihəsinin əsas qəhrəmani idi. Çünki o, yeddi qardaşın bir bacısını almışdı. Qayınlarının hərəsi bir tərəfdə iş başında idi, biri Kamaz sürücüsü, biri mühasib, biri qarğıdalı briqadiri, biri pambıq briqadiri, hamısı qollu, qanadlı… atıb tutan… Kimiydi Cəlal dayıya cavanlığında bir söz deyən, o saat qayınları gəlib həmin adamın aşını-suyunu verərdilər. İş elə gətirdi ki, Cəlal dayının qaynının biri – mühasib işləyəni gedib rayon prokurorunun qızını aldı, prokurorun oğlu da birinci katibin qızını aldı, katibin oğlu da gedib Bakıda bir nazir qızı aldı. Nəsil calana-calana düz Mərkəzi Komitəyə qədər gedib çıxdı. Mərkəzi Komitədəki qohum da “çerez-çerez” Cəlal dayının oğlanlarını və qızlarını yaxşıca yerbəyər eləmişdi. Ona görə Cəlal dayı deyirdi ki, aya, bu kinoya inanmayın, onlar kinoda kasıb qızı alırlar və ya kasıba ərə gedirlər. Həyatda isə başqa cür olurlar. Motosiklet kinoda yaxşı görünür, sən öl kənddə ondan mənə yüzünü havayı verələr, götürmərəm. Mərkəzi Komitədə qohumu olan motosiklet sürərmi?

Bu məsələ kəndimizdə çox çözüldü, Cəlal dayı bir-iki dəfə afişanı cırdı. Kəndimizin kasıb qızları ərə gedənə qədər özlərini Bobbi hesab elədilər, biz də şübhəsiz ki, Racu olurduq. Amma nə onlar Bobbi ola bildi, nə də biz Racu.

O vaxt Cəlal dayının möhtəşəm layihəsini sinif yoldaşlarımdan biri qəbul elədi, gedib kolxoz sədrinin qızını aldı, bir neçə ildən sonra həmin sinif yoldaşımız kəndimizin kassiri oldu, biz də gedirdik ondan utana-utana qənd-çay pulu istəməyə, yəni əlborcu almağa, o da yuxarı – ikinci mərtəbəyə səslənirdi. Arvadına deyirdi ki, seyfdəki pula dəymə, şkafda yüzlük paçkasının yanında əllilik paçkası var, onu da açma, altında yüzlüklər olmalıdı, onun arasındakı əlliliklərdən ikisini çək gətir.

İndi gündə yüz yol deyirəm ki, ay Cəlal dayı, allah sənə rəhmət eləsin! Sənin layihən lap beynəlxalq səviyyəli imiş. Biz bilməmişik, bizi bağışla.

Qəşəm

3 ŞƏRH

  1. Mən də o illəri xatırladım. Hətta bizim kəndin yaşlı arvadları da rayon mərkəzinə gedib klubda o kinoya baxardılar.
    Bobbinin şəkli xatirə dəftərlərini bəzəyirdi. Bir sözlə, Bobbi gənc qızların sevimlisi idi…
    P.S. Görəsən o rolu oynaya aktrisa indi sağdır?

  2. bobbi kinosundan hemise bu mahni yadimda qalib mesal du neyim baqel cabsede mera cun saireni

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 − five =