Həsən bəy Zərdabinin dilçilik görüşləri

1
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, həmyerlimiz Məhərrəm Məmmədli

“Əkinçi” qəzetinin nəşri ilə dilimizin və mədəniyyətimizin inkişafında yeni dövr başlandı; milli mətbuatımızın bünövrəsi qoyuldu, ana dilimizin fəaliyyət dairəsi genişləndi, ədəbi dilin publisistik üslubu təşəkkül tapdı, rəsmi-işdüzar üslubda və elmi terminologiyada milliləşmə prosesi intensivləşdi. Qəzetin dili fonetik qrammatik və leksik normalar müstəvisində həmin dövr üçün səciyyəvi olan klassik ənənə ilə xalq danışıq üslubunu özündə birləşdirdi. Az vaxt ərzində mütərəqqi ziyalılar qəzetin ətrafına toplaşdılar, xalqın müxtəlif  təbəqələri oxucu auditoriyasında təmsil olundu. “Əkinçi”nin dili xalq dilinə köklənmişdi. Siyasi, elmi, tibbi, rəsmi və kənd təsərrüfatına dair məqalələr sadə və aydın üslubda yazılırdı, eyni zamanda ana dili təbliğ olunurdu. Ölkənin Dərbənd, Tabasaran, Quba, Göyçay, Zərdab və s. bölgələrindən, xaricdən – Qars, Krım və s. gələn məqalələrin çapında da ədəbi dilin normaları nəzərə alınırdı. Qəzetin lügət tərkibinin əsasını milli sözlər təşkil edirdi. Zərurət yarandıqda ərəb-fars və rus alınmalarından istifadə olunurdu: “Əkin yeri sulanır isə gərək onu duzlayasan və su gələn tərəfini bir az hündür edəsən ki, su axsın. Bizlərdə yeri suya basdırırlar, amma belədə yerin bir tərəfi az və bir tərəfinə çox az dəyir və bir də belədə su axan zaman torpağı apardığına yeri nahəmvar edir və əkinə lazım olan şeyləri aparıb ol yerin ayağını qüvvətli edir, amma başını qüvvədən salır. Ona binaən bir yeri düşəndə bir suya basdırmaq olur ki,onun zəhməti azdır, amma həmişə basdırmaq olmaz. (1877, 5). H. B. Zərdabi məqalə müəlliflərinin fərdi üslubunu da saxlamağa çalışır, hər müəllifi öz dili ilə tanıdırdı. Daha çox din xadimlərinin məktublarında və məqalələrində ərəb və fars sözlərinin bolluğu nəzərə çarpır:  “Cənab Heydəri elmül-əbdan və əqlül-məaş hədisinin barəsində fazil rus dilindən elədiyi suala cavabdır: əvvələn, əhli-islama əqli-məaş və elmül-əbdanı əllərindən verməklik böhtandır. Əgər belə olsa əhli-islama lazım gəlir ki, təxti-bəvücudları ədəmə mübəddəl olsun, bəlkə hər tayfa özünə münasib səliqə ilə məaş və hifzi-əbdanların hifz ediblər. Külli hizbin bima lədeyhim (Badkubəli molla) “Əkinçi”nin bu mövqeyi dövrün mütərəqqi ziyalıları tərəfindən yüksək qiymətləndirilir”. Ə. Topçubaşov “Azərbaycanın mayakı” məqaləsində yazırdı: “Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı; o, dilin terminologiyası imkan verdiyinə görə “Əkinçi” də ərəb və fars sözlərindən qaçmağa və müstəsna şəkildə türkcən- Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə, ən asan başa düşülən xalq sözləri və ifadələri işlədirdi”.

“Əkinçi” qəzetinin çap olunduğu dövrdə ədəbi dilidə osmanlı dilinə meyl güclənmişdi. Bir qrup ziyalılar türk dünyasının görkəmli ideoloqu İ. Qaspralının mövqeyində dayanaraq, ümumtürk ədəbi dili kimi osmanlı dilində yazmağı təbliğ edirdilər. H.B.Zərdabi “Əkinçi” qəzeti vasitəsilə bu cür hallara qarşı çıxır, mənşəyi eyni olsa da dillərin müasir səviyyəsinin fərqli olmasını göstərirdi: “…əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn q, k, r, l artıq işlənir, ona binaən ol hüruflar qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtda nə ki, ol mətləbin məzmununu və qeyri əhvalatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzinə başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın”. (1875, 3). Böyük mütəfəkkirin qeyd etdiyi hərflər Azərbaycan və türk dillərində fərqli tələffüzə və işlənmə məqamlarına malikdir. Eyni zamanda Həsən bəy osmanlı dilinin XIX yüzillikdəki durumunu məqbul hesab etmir. Dilin lüğət tərkibində ərəb və fars sözlərinin zənginliyi ədəbi dillə ümumxalq dili arasında böyük fərqlər yaratmışdı: “…Doğrudur, osmanlı dili ilə bizim dil düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola. Ancaq osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların dilində ərəb, fars və qeyr millətlərin sözləri çox olduğuna onu birdən dərk etmək çətindir”. (1876, 14).

Həsən bəy Zərdabi Qafqaz müsəlmanlarının savadsız olmasının, elm öyrənməməsinin və tərəqqidən kənarda qalmasının bir səbəbini də ərəb əlifbasında görürdü. M.F.Axundova “Əkinçi” qəzeti vasitəsilə göndərdiyi məktubunda bildirirdi ki, “Doğru buyurursunuz, bizim dillərdə yazıb oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birindən düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna (  ﺙ ﺱ ﺺ ya  ﻈ ﺾ ﺯ ﺫ) onlara bir-birindən təvafüt etmək çətindir. ( 1877, 3). Orta yüzilliklərdə türk dünyasının ən möhtəşəm abidələri ərəb əlifbasında yazılsa da, türk dillərinin fonetik sistemini tam əks etdirmirdi. Böyük və kiçik hərflərin, durğu işarələrinin olmaması, qrafik işarələrin oxşarlığı, nöqtələrin çoxluğu, bir sıra hərflərin birləşməməsi, qrafemlərin söz ortasında və sonunda dəyişikliyə uğraması, liqaturlar, saitləri bildirən hərflərin azlığı, müştərək hərflər bir səsin iki və daha artıq hərflə ifadə olunması və s. məsələlər yazı və oxunuşda çətinliklər yaradırdı. Həsən bəy kimi digər mütəfəkkirlər ərəb əlifbasının dəyişdirilməsi və islah edilməsi üçün nə qədər çalışsalar da buna XX yüzilliyin əvvəllərində nail olundu. Həmin dövrdə latın əlifbasına keçidlə savadsızlıq tədricən aradan qaldırıldı.

H. B. Zərdabi doğma dili müqəddəs sayır, dünyada ən əziz varlıq olan ana ilə müqayisə edir. Öz dilini sevməyən, ana dilində danışmağı xoşlamayan, dilinin inkişafına çalışmayan insanları anasına qayğı göstərməyənlərə bənzədir: “…bir kişiyə vacibdir ki, daima onun irəli getməsinə (dil nəzərdə tutulur-M.M.) canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı deməyəcəkdir….hər kəs ol kişiyə yaman sözlər deyib yoldan keçərkən rastına gəlsə, bu, anasını xoşnud eləməyən kişidir deyibən Allahın salamını dəxi ona verməkliyi çox görəcəkdir”. (1875,10).

Qəzetin səhifələrində dilin ictimai funksiyasına da toxunulur. Dil və nitq, nitqin formalaşması məsələlərinə aydınlıq gətirilir. Nitqin formalaşmasında ailə, məktəb və ictimai mühitin roluna xüsusi əhəmiyyət verilir: “Bir çocuq öz anası rəhmindən düşüb dünyaya gəldiyində və körpə lisanı açıb cüzvi fərasət kəsb elədiyi vaxtda öz pədəri və anasından savayı heç kimsə böyük yoxdur,-deyib fəhvasında bulunurdum.

…Öz pədəri və anasından yaxşıca öyrəndiyindən, əvvəl hər bir ləvazimata lisanı təpərindəki qədər yek diğərinə az-az ism verir. Ondan sonra su, çörək, süd, çay deməyi başlar. 4-5 sinninə təcavüz etdiyi vaxtda küçələrə çıxıb gəzmək istər”. (1876, 13).

Ədəbi dildə əsas yeri milli leksika tutur. Bundan əlavə, ərəb, fars və  rus alınmaları fəal iştirak edir.Nitq prosesində leksik normanın pozulmasında, yəni loru və yaxud kobud sözlərin yer almasında ailə günahkar sayılır:” Bir kərə düşünməlisiniz ki, bu həzəran səbt etmək və fəna sözlər söyləmək əcəba çocuqlar bunları kitabdamı oxuyurlar? Haşa. Bu lüğətlər heç bir zaman çap olunmamış və olunmaz. Ancaq övladlar körpə zamanı öz pədər və analarından öyrəniblər. Çox pədər övladımı söyərəm deyərəm deyim, başlar ona fəna sözlər öyrətməyə, zavallı çocuq da yaman sözlər ağzından çıxarmağa adət edib, sonra eşiyə çıxdığı vaxtda dəxi bu misilli bir çəng sözlər tərbiyəsiz yoldaşlardan eşidib, günbəgün artmağa başlar və belə böyüdüyünə mədəniyyətdən məhrum olur”. ( 1876,13).

H.B.Zərdabi dili millətin varlığının əsas atributlarından sayırdı. O, bütün dillərə, o cümlədən də azsaylı xalqların dillərinə hörmətlə yanaşmağın tərəfdarı idi. Bəzi azsaylı xalqların dilinin mənşəyini leksikası əsasında müəyyənləşdirib, qorunub saxlanmasını vacib hesab edirdi:” Gürcüstanda ud adlı bir tayfa var ki, onun dilində Misir əhlinin dilinin sözlərindən çox sözlər var. Qədim tarixlərə binaən Misir əhli bir neçə min il bundan əvvəl Gürcüstanı zəbt etmişlər imiş. Belə görünür ki, onların bir güruhu bizim Gürcüstanda qalmış imiş. Çünki zikr olan ud tayfası mürur ilə azalıb tələf olur və yavuq zamanda bilmərrə yox olacaqdır, ona binaən indi elm sahibləri ol tayfanın dilini öyrənib onun Misir əhli olmağını sübut edirlər”. (1879. 9).

“Əkinçi” qəzeti onomastik vahidlərin, xüsusilə toponim və hidronimlərin tədqiqində tarixi mənbə kimi dəyərlidir. Qəzetin ayrı-ayrı səhifələrində Azərbaycan, Gürcüstan, Dağıstan, İran, Türkiyə, Rüsiya, Özbəkistan və s. ölkələrdəki şəhər, kənd, çay adları və onların coğrafi mövqeyi barədə məlumatlar verilmişdir. Köçəri qırğız, qıpçaq, qarapapaq, osetin, ud, zaryan etnonomləri ilə bağlı məlumatlar onların mənşəyinin və tarixi miqrasiyalarının öyrənilməsi baxımından əhəmiyyətlidir: “20 ya 30 il bundan əqdəm İran dövlətinin qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe olan Şurəgil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürdməyə hökm olunub”. (1875,9). Həsən bəy bəzi toponimlərin yaranması ilə bağlı xalq etimoloğiyasını da xatırlatmışdır: “450 il bundan sabiq Osmanlı türkləri Avropaya daxil olub Rum dövlətinin Qəstəntiniyyə şəhərini zəbt edib ona İslambul, yəni islam şəhəri ad qoyub, ətrafda vaqe olan xaçpərəst vilayətlərini həm zəbt ediblər”. ( 1876,8). Müasir elmi ədəbiyyatda da İstanbul sözünün bu yozumu həmin toponim barəsində mülahizələr arasında özünə yer almışdır.

“Əkinçi” qəzetində ədəbi dilimizin inkişafını təmin edən mühüm amil kimi rəsmi-işgüzar sənədlərə geniş yer ayrılırdı. Qəzetin hər sayında elanlar, məktublar və naşirin ayrı-ayrı tanınmış ziyalılar və din xadimləri ilə yazışmaları çap olunurdu. Bu sənədlər xalqa zəruri informasiyalar verməklə yanaşı, təmiz ana dilində asan başa düşülən üslubda yazılırdı, lüğət tərkibi və sintaksisi xalq danışıq dilinə tam uyğun gəlirdi. Həsən bəy sənədlərdə standard formaları gözləməkdən əlavə, asan başa düşülməsi üçün müxtəlif vasitələrdən, o cümlədən sinonimlərdən də istifadə edirdi: “Bir cavan rus ki, Badkubəyə təzə gəlib və özü türk dilini danışmagı bilir, istəyir amil, yəni prikasçik olsun. Hər kəs onu saxlamağa xahiş edirsə, “Əkinçi”nin idarəsinə xəbər eləsin” ( 1877,12). İşgüzar sənəd formalarının xalq arasında yayılması üçün qəzetdə ana dilində hüquqi məsləhətlər də verilirdi: “Zakona müvafiq natarius təsdiq edən vəkalətnamə iki qism olur. Birisi gerbovoy və birisi sadə, yəni ağ kağız üstə yazılır. Əvvəlinci qism vəkalətnaməni natarius gərək öz dəftərinə səbt eləsin. Ona binaən bu vəkalətnaməni təsdiq etmək üçün o vəkalətnaməni təsdiq edən kəs gərək natariusa bir manat pul versin, amma sadə kağız üstə yazılan vəkalətnaməni natarius iki qism təsdiq edə bilir”. ( 1875.1).

“Əkinçi” qəzeti terminologiya sahəsində də Azərbaycan dilçiliyinə yenilik gətirdi; qəzetin səhifələrində ilk dəfə sahə terminologiyasına aid milli terminlər işləndi. H. B. Zərdabinin əməli fəaliyyəti sayəsində dildə ərəb-fars və rus – Avropa mənşəli terminlərin mövqeyi milli sinonimlərinin hesabına zəiflədi. Burada işlənən milli terminlərin əksəriyyəti morfoloji və sintaktik üsullarla əmələ gəlmişdir: yonqu, çəki, yatalaq, dayaqlı, tullama, dolandırma, lərə, istilik, diyirçək, gözçü, yağışölçən, qarğaduzu dəmir qabı və s. Bəzi terminlər ilk dəfə işləndiyindən ( nar qumstan, quru qumstan, soyuq yer, çürük otlu~qara yer, gəvasin, qılınc, kənə, qır, diyircək, dəstə “kotanın hissələri”, dayaq “kotan növü”, ləpə, tullama, dolandırma” zəlzələ növləri”, yağışölçən və s.) onların sadə dildə izahı verilir, quruluşu və xassələri göstərilir.

Qəzetdə milli və alınma terminlər paralel işlənir və bəzən də anlaşılmazlığı aradan qaldırmaq üçün bir- birinin vasitəsi ilə izah edilir. Terminlərlə bağlı H.Zərdabinin ənənələri sonrakı dövrlərdə uğurla davam etdirilmiş, müasir dövrdə milli terminlərin dildə kəmiyyəti artmış və sabitləşmişdir. (Ardı var)

– Ədəbiyyat:

1. Əkinçi (tam mətni)- transliterasiya və tərtib edəni: T. Həsənzadə. Bakı, Avraisya Press, 2005, 496 səh. (“Əkinçi”qəzetinə istinadlarda çap ili, və sayı göstərilmişdir).

2.Həsən bəy Zərdabi. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,1960, 432 səh.

1 comment

  1. Meherrem muellim,meqalenizi boyuk maraqla oxudum ve cox memnun qaldim.Size ozumun ve anamin adindan teshekkurumu bildirirem.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 + 12 =