Kəndimizin yeni gəncliyinə ithaf edirəm

2
35

Hisslərim məni uzun səfərdən sonra bütün ixtiyarı ilə sahibinin yedəyində ləngərlə yeriyən at kimi gəncliyimə – xeyli uzaqlaşsa da, hələ özümü yaxın olduğuna inandırmağa çalışdığım o illərə aparır.

Müdrik insanlar həmişə Allahın bizlərə bəxş etdiyi üç əmanətin qədrini bilməyi tövsiyə ediblər: zaman, var-dövlət və gənclik. Uşaqlıqdan zamanın qədrini bilməyə alışmışdım. Dan yeri sökülmədən, yuxunun baldan şirin olduğu bir vaxtda yataqdan qalxıb, ömürlərinin ritminə dönmüş gündəlik iş-güclərinə başlayan, qışa yazından, yaza qışından hazırlaşan, hər günü bir imtahan hesab edib, uğurlu nəticəsinə ürəkdən sevinən və bu sevinci bir-biri, hərdən də bizimlə bölüşən valideynlərimin həyat tərzi mənim də qanıma-canıma hopmuşdu. Əslində biz də, futbol komandalarının əvəzedici heyətləri kimi, valideynlərimizin həyat tərzini öz imkanlarımız daxilində təkrar edirdik. İş-gücün çoxluğundan dərslərimizi arxayın oxumağa vaxtımız çatmazdı. Yaddaşımız bir, uzağı iki dəfə oxumaqla öyrənməyə alışmışdı. Dərslərdə müəllimlərimizə “dörd gözlə” baxar, “dörd qulaqla”  dinləyərdik onları. Bu qədər iş-gücün ağırlığına baxmayaraq, əla qiymətlərlə oxumağımız müəllimlərimizi də heyrətləndirir, bizləri yaxşı oxumaq imkanı olan bəzi şagirdlərə nümunə də göstərirdilər.

Ata-anamın irəliləmiş yaşlarına təsadüf edən gəncliyim səbir və təmkinimin kifayət qədər yetkinləşdiyi bu yaşımda belə, daşımağa çətinlik çəkdiyi həyat yükləri ilə yüklənmişdi. Valideynlərimi nəzərə alaraq, iyirmi iki yaşımda ailə qurub, ailə rəhbəri, ata məsuliyyəti daşımaq, tez-tez xəstələnən yaşlı valideynlərin nazını çəkmək, beş-on manat artıq qazanmaq üçün üç kənd məktəbində işləmək belimi büküb, dizimi qatlaya bilmədi. Əksinə, bu qədər işin içində böyüməkdə olan ailəm üçün yeni ev tikməyə başladım. O zaman ev tikmək ən çətin işlərdən biri idi. Mişar daşı almaq mümkün olmadığı üçün, daha doğrusu, qadağan olduğu üçün evləri çiy kərpicdən tikərdilər. Ortabab bir ev üçün səkkiz-on min kərpic lazım gəlirdi. Bir neçə il kərpic kəsib hazırlamalı, dam örtüyü üçün illərlə növbə gözləməli olurduq. Tikəcəyimiz evin kərpicini hazırlayarkən palçığın çox hissəsini ayaqla tapdayırdıq.

Evimiz küçənin kənarında idi. Əksər insanlar “Allah qüvvət versin!” – deyib keçərdilər. Bu üç kəlmə artıq dizlərimizdə düyünlənmiş yorğunluğumuzu əridər, bizə güc-qüvvət verərdi. Hər gün yanımızdan keçib işə gedən yaşlı bir qadın da vardı. Bircə dəfə də olsun bizə “Allah qüvvət versin!” – deməzdi. Hər dəfəsində “Öləcəksiniz, canınıza yazığınız gəlsin!” – desə də, qurmaq, yaratmaq eşqimiz o qədər dərin idi ki, onun bu sözünü də xeyir-dua kimi qəbul edərdik. O illərin yağışları da sanki bizimlə öcəşirdi. Kəsdiyimiz kərpiclər bəzən gecə boyunca yağan yağışın zərbələrinə tab gətirməyib parçalanıb ovulur, amma hava açılan kimi də onları yenidən qəlibdən keçirməli olardıq.

İki-üç inək, on-onbeş xırdabuynuzlu heyvandan ibarət şəxsi təsərrüfat, əsas hissəsində çiyələk becərdiyim həyətyanı sahəm də mənə baxırdı. Bununla birlikdə, fəslində meşə zoğalı, böyürtkən toplayıb satmağa da macal tapırdıq.

Təsərrüfatımdakı heyvanları saxlamaq ayrı bir zülm növü idi. Onları qış aylarında bəsləmək üçün bir-iki ton ot-ələf lazım gəlirdi. Kəndin bütün sahəsi sovxozun sərəncamında olduğu üçün izinsiz bir qarış yerin də otunu biçə bilməzdik. İzin almaq istəyəndə isə sovxoz səninlə müqavilə bağlayardı. Bir hektar biçənək sahəsinin sənin olması üçün iki hektar sahəni sovxoz üçün biçib yığmalı olurdun. Adına “üçə-bir” dedikləri bu müqaviləni yerinə yetirməyə, demək olar ki, məzuniyyətimizin çox hissəsi sərf olunurdu. İllərlə bu ağır müqavilə şərtlərini də yerinə yetirib, böyüməkdə olan uşaqlara təmiz ət, süd, pendir, qatıq yedirdir və bundan da zövq alırdıq. İndi başa düşürəm ki, damarlarımızdan yorğunluğumuzu sorub çıxaran, onun yerini taqətlə dolduran o sehrli qüvvə, ürəyimizin enerji mənbəyi, sən demə, elə zövqümüz, şövqümüz olubmuş.

Zəhmət zövqü deyəndə yadıma bir qədim rəsm əsəri də düşür. Köhnə evimizin divarlarını müxtəlif rəsmlərlə bəzəmişdik. Onlardan birində torpağını şumlayıb yorğun düşmüş bir əkinçi təsvir olunurdu. Yarıçılpaq kəndli torpaq sahəsinin kənarındakı böyük, gövdəsi yaşlı insanların damarlı əllərinin üstünə bənzəyən bir ağacın düyününə söykənib, başını qatlanmış qolları üstünə qoyub, dərin yuxuya dalmışdı. Xışa qoşulu öküzləri də ağacın kölgəsində sahibi kimi çəkdikləri zəhmətin ləzzətini yaşayaraq dincəlməkdə idilər. O mənzərəni seyr etdikcə zəhmətimizin şirinliyi birə-beş artardı. Həmin rəsmi tapa bilsəydim, onu yaşadığım evin ən görkəmli yerində asardım, bu gün də onu oxumaqdan, müəllifinə rəhmət diləməkdən doymazdım.

Özümün və gəncliyi o dövrlərə düşən insanların keçmişi yadıma düşəndə kəndimizin bugünkü gəncliyinə yazığım gəlir. Hər şeyi kimdənsə gözləyən, bütün dünyanı özlərinə borclu bilən, alnının tərindən, əlinin qabarından diksinən, nə daşı-daş üstə qoymağa, nə əkməyə, nə də biçməyə həvəsi olan bu insanlar böyük vədlər verən, məchul bir mənzilə aparacaq kommunizm qatarı gözləyən zavallı sərnişinlərə bənzəyir təsəvvürümdə.

Hazırkı şərtlər daxilində şəxsi təsərrüfatda gücün yetən qədər heyvan saxlamaq üçün ideal imkanlar olduğu halda, kəndimizdə iribuynuzlu heyvanların sayı sürətlə azalmaqdadır. Sayı küçəmizə sığmayan məhəllə naxırımızda üç-beş baş heyvan qalıb. Durmadan şəhərləşən kəndimizin gələcək sakinlərinin inək, qoyun-quzu mələşməsi eşidəndə bu səsi müxtəlif telekanallarda seyr etdikləri bədheybət varlıqların nərəsi zənn edib qorxudan ödlərinin ağızlarına gəlməyəcəyinə zəmanət verə bilərikmi?

Alın təri ilə, əl qabarı ilə, halallıqla yaşamaq vəzifəsini unudub ruhi yorğunluğa, küskünlüyə düçar olan bu gənclər ömrünü-gününü zəhmətlə yoğurub səksən, doxsan il yaşayan kişilərin nəvələri deyillərmi? Onların şövq, həyəcan dolu ömür sürmələri, zəhmətdən ayrılmamaları, zamanlarını onunla bərəkətləndirmələri, torpağı öldürüb dirilik qazanmaları nə tez unudulur, öz züryətləri tərəfindən qəbuledilməz həyat norması hesab olunur, görəsən?

Həyat eşqi coşqun bulaqdır, onun fışqırıb ömür vadilərini göyərtməsi üçün isə qulağına zəhmət laylası pıçıldayacaq qədər könül səsinə, iradəyə sahib olmaq lazımdır. Zəhmətsiz ötən günlər suyu kəsilmiş dəyirmana, aylar, illər isə sovrulmuş xırmana bənzər.

RAHIB ALPANLI

2 ŞƏRH

  1. Mənə tanış hisslərdir. Lap o illərə qayıtdım.
    Belə bir söz var deyərlər: ” İşlək ananın qızı tənbəl olar”
    Bəlkə də indiki gənclərin çoxunun tənbəl olmasının səbəbləri onların valideynlərinin zəhmətkeş olmasıdır. Bizim millətdə bir adət də var. Valideynlər işin ən ağırını özləri edər, balalarına qıymazlar. Bəlkə də o səbəbdəndir ki, indiki uşaqlar zəhmətə qatlaşmaq istəmirlər

  2. Heya! I just wanted to ask if you ever have any trouble with hackers? My last blog (wordpress) was hacked and I ended up losing months of hard work due to no back up. Do you have any solutions to protect against hackers?

Comments are closed.