Zərdab rayonunda təhsilin təşkili və inkişafı

0

Tarixi faklar göstərir ki, 1952-ci ilə qədər Azərbaycanın  hər yerində olduğu kimi Zərdabda da Rayon Xalq Maarif Şöbəsi Rayon Mədəni-Maarif şöbəsi ilə paralel olaraq eyni qurumun tərkibində fəaliyyət göstərmişdir. 1952-ci ildən isə maarif şöbələri ayrıca qurum kimi fəaliyyətə başlamışlar. Bununla belə qeyd etmək yerinə düşər ki, Zərdab rayonunun Əlvənd kəndində (o vaxt Şamaxı quberniyasının Əlvənd kəndi kimi qeyd olunurdu) 1880-ci illərdə Həsən bəy Zərdabinin qohumu Novruzəli bəyin öz hesabına açdığı dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbi fəaliyyət göstərmişdir.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 28 oktyabr 1883-cü il 122-ci sayında Zərdabda məktəb məsələsi ilə bağlı ürək ağrısı ilə yazırdı: “Bu günə kimi Zərdabda məktəb yoxdur və yaxın zamanlarda olub-olmayacağı da qaranlıq məsələdir. İş burasındadır ki, biz ictimai bərənin gəlirlərindən məktəb üçün ianə ayrılmasına hər üç Zərdab icmasını razı sala bilsək də ümumilikdə bu iş göydə durna tutmağa bənzəyir. Zülmət və savadsızlıq mühitində yaşayan cəmiyyəti hansısa faydalı bir iş üçün ianə verməyə inandırıb razı salmaq çox çətin işdir, bundan da çətini əsasən çoxsaylı köçərilərdən ibarət olub on verstlərlə əraziyə səpələnmiş Zərdab cəmiyyətini başa salmaqdır. Belə bir şəraitdə elə görünür ki, Zərdabda nə zamansa məktəb açmaq fikri ilə birdəfəlik vidalaşmaq gərəkdir, lakin həqiqətdə vəziyyət elə də ümidsiz deyil. İş burasındadır ki, əgər cəmiyyət məktəb tikməyi üzərinə götürərsə onun qızdırılması, çıraqla və gözətçi ilə təmin edilməsi məsələsini də həll edəcək.
Məktəb binası tikməyi mən öz üstümə götürürəm; deməli, qalır binanın isidilməsi işıqlandırılması və ona gözətçi tutulması ki, bütün bunlara cəmi-cümlətanı ildə ən çoxu 150 rubl pul gərəkdir. Yəni biz indi bu yazıq 150 rublun qarşısında aciz qalaraq ümidsizliyə qapılıb hər şeydən əlimizi üzək?
İctimai bərəni, misal üçün, mən on illiyə icarəyə o şərtlə götürürəm ki, hər il Zərdab icmasına bərə icarəsindən indi aldığı haqq qədər icarə pulu ödəyirəm, məktəb üçün isə ildə nəinki 150, hətta 200-300 rubl pul verirəm. Deməli, məktəbin pul məsələsini həll olunmuş hesab etmək olar, lakin işin başqa tərəfi qalır: bu məktəbdən cəmiyyətə hansısa bir fayda olacaqmı? Təbii olaraq bilirsən ki, hər hansı işıq necəliyindən asılı olmayaraq, qaranlıqdan yaxşıdır; məktəb də lap nə qədər pis işləsə də hər halda özünün faydasını verəcək. Amma arzu edərdik ki, bu fayda mümkün qədər böyük olsun, buna isə yalnız o halda nail olmaq olar ki, əhali məktəbdən gələn faydanı necə deyərlər, öz gözləri ilə görüb duysun; əmin olsun ki, uşağın təhsilə sərf etdiyi vaxt itirilən vaxt deyil, uşaq dərsdə çoxlu faydalı bilik əldə edir, həyat təcrübəsi qazanır. Bizdə peşə məktəbi, məsələn, əkinçilik, bundan da daha yaxşısı baramaçılıq-ipəkçilik məktəbi yaratmaq olmazmı? Mən inanıram ki, belə məktəbə hamı gedəcək və o məktəb heç zaman boş qalmayacaq.
Sadə insanlar – rəiyyət həmişə hər şeydən fayda, gözə çarpan xeyir tələb edir, xalq məktəbi isə gərəkdir ki, bu tələbatı davamlı olaraq ödəsin. Baramaçılıq məktəbi bu halda Zərdab üçün əsl fayda, insanlara kömək mənbəyi olardı”.
H. Zərdabi “Kaspi” qəzetinin 1885-ci il 91-ci sayında isə belə yazırdı:
“Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaq… Mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda ikisinifli məktəb açılacaq”.
H. Zərdabinin tədqiqatçısı, “Xalq qəzeti”nin redaktor müavini Tahir Aydınoğlunun “Hənifə xanım Məlikova – Abayevanın xatirələri” kitabının 65-ci səhifəsində yazılır: “Müəllimlikdən istefa verən H. Zərdabini Bakıda heç yerdə işə götürmədilər. O, Bakıdadan köçüb 16 il doğma kəndi Zərdabda sakin oldu. Zərdabda yaşadığı illərdə Həsən bəy arvadı Hənifə xanımla birlikdə böyük çətinliklə balaca bir məktəb açıb kənd uşaqlarına savad öyrədirdi”.
Zərdabişünas alim Esmira Cavadova “Sətirlərdə döyünən ürək” kitabında (Azərnəşr, Bakı-1988, səh.140) yazır: “Zərdabi Zərdabda məktəb açılmasına çox sevinirdi. Sevinirdi ona görə ki, onun doğma kəndində də cəhaləti işıq, mollaxananı yeni tədris ocağı əvəz edəcək…
Əlbəttə, Həsən bəyin xalq arasında səpdiyi elm, təhsil toxumu yerli mollaların, şeyxlərin mənafeyinə toxunurdu. Hətta Zərdabda məktəb açılarkən Şeyx Əlibaba öz havadarları ilə gecə ikən Zərdabinin evinə basqın edib onu öldürmək təşəbbüsündə olmuşdu. Lakin Həsən bəy bundan vaxtında xəbər tutmuş və Kür çayını keçərək Bakıya qaçmışdı”…
1932-ci ildə sovet hakimiyyəti 1911-ci ildə Göyçay qəzasının Gəlmə kəndində (Zərdab) doğulan, Gəncə pedaqoji gimnaziyasını bitirərək Göyçay Maarif Şöbəsinin inspektoru işləyən Hacı Baba oğlu Hüseynovu Zərdaba göndərir və Hacı müəllim hökumətin dəstəyi ilə burada 10 illik (orta) məktəb – Zərdab nümunəvi kolxoz-gənclər orta məktəbi təşkil edir, direktor da özü təyin olunur, 1932-33-34-cü tədris illərində bu vəzifədə çalışır.
Hacı müəllimin Zərdabda təşkil etdiyi orta məktəb indiki 1 saylı şəhər orta məktəbin yerləşdiyi binanın qarşısında hər biri 3-4 otaqdan ibarət 2 tikilidən ibarət olub. H. Hüseynov bu məktəbin təşkili və fəaliyyətə başlanması üçün çox zəhmətlərə qatlaşıb. Zərdab rayonunun kadr potensialının yetişməsində bu məktəbin çox böyük rolu və əhəmiyyəti olub…

Zərdab rayon Təhsil Şöbəsinə rəhbərlik etmiş şəxslər:

1937-ci il Baba Həsənov
1950-ci il Dilguşə Behbudova
1951-ci il İ. Flatov
1951-ci ilin sentyabrından Kərimov İsrayıl
1953-1960-cı illər Abdullayev Abdulla Mahmud oğlu
1961-1969-cu ilə qədər Salmanov Vaqif İsam oğlu
1969-1974-cü ilə kimi Qasımov Əli
1974-1978-ci illər Abdullayev Abdulla Mahmud oğlu
1978-1980-cı illər Həmidov İsrəfil Fəzayıl oğlu
1980-1985-ci illər Həsənov Hüseyn Dəmir oğlu
1985-1989-cu illər Feyzullayev Rəhman İbrahim oğlu
1989-1992-ci illər Hüseynov Nəsimi Hüseynəli oğlu
1992-1993-cü illər Əliyev Bəhram Gülməmməd oğlu
1993-cü ildən hal-hazıra kimi Hüseynov Nəsimi Hüseynəli oğlu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − 7 =