İosif Stalin 68 il öncə zərdablılara təşəkkür teleqramı vurubmuş

1

İOSİF STALİNSSRİ DÖVLƏTİNİN RƏHBƏRİ İOSİF STALİN 1944-CÜ İLDƏ ZƏRDABLILARA TƏŞƏKKÜR TELEQRAMI VƏ QARDAŞLIQ SALAMI GÖNDƏRMİŞDİ

1941-1945-ci illərin Böyük Vətən müharibəsi adlandırılan müharibənin ağır günlərində sovet xalqının alman faşizmi üzərində qələbəsinin qazanılmasına Zərdab rayonunun da çox əhəmiyyətli köməyi olmuşdur. İndiki «Əkinçi» qəzetinin xələfi olan «Zərdab Staxanovçusu» qəzetinin 1944-cü il oktyabrın 16-da bazar ertəsi çıxan 4-cü sayında SSRİ dövlətinin başçısı, Ali Baş Komandan, marşal İosif Vissarionoviç Stalinin zərdablılara göndərdiyi belə bir teleqram dərc olunmuşdur (“Zərdab Staxanovçusu” qəzetinin həmin sayını “Əkinçi” qəzeti redaksiyasına bu teleqramda adı çəkilən mərhum həmyerlimiz Niyazi Abdullayevin oğlu Fuad həkim Abdullayev ailə arxivindən təqdim etmişdir və bunun üçün Fuad həkimə bir daha minnətdarlığımızı bildiririk):

 Azərbaycan SSR Zərdab rayon Partiya Komitetinin katibi Nəriman SÜLEYMANOV yoldaşa,

rayon İcraiyyə Komitetinin sədri Abdulla MƏMMƏDOV yoldaşa, rayon İcraiyyə Komitetinin dövlət təminat və hərbi qulluqçu ailələrinə yardım üzrə müavini  Niyazi ABDULLAYEV yoldaşa

 Cəbhəçi uşaqlarına kömək fonduna 8000 manat pul və 800 pud taxıl toplayan Zərdab rayon partiya, sovet və kənd fəallarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirməyinizi xahiş edirəm!

İ. V. STALİN.

Qanlı-qadalı müharibə nəhayət ki, 1945-ci il  mayın  9-da SSRİ-nin qələbəsi ilə başa çatdı. Sağ qalanların çoxu öz el-obasına qayıtdı. Qolunu, qıçını döyüş meydanlarında qoyub gələnlər, bədənində, hətta sinəsində qəlpə ilə  qayıdanlar evlərinə sevinc, ümidlə yanaşı, çətinliklər, problemlər də  gətirdilər. Nə yazıq ki,  izsiz-soraqsız itənlər də çox idi. Ümumiyyətlə isə Zərdabdan 3 min nəfərə yaxın insan müharibəyə getdi, onların təqribən yarısına geri qayıtmaq qismət olmadı…      

Zərdablıların II Dünya müharibəsində iştirakı barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayevin redaktoru olduğu İsaməddin Əhmədovun “Zərdablılar 1941-1945-ci illər müharibəsində” (Bakı, “Müəllim” nəşriyyatı, 2010) kitabında geniş məlumatlar dərc olunmuşdur. Həmin kitabda Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıq göstərən orden-medallı zərdablılar barədə ayrıca materiallar dərc edilmişdir.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + four =