Ünvanına çatmayan kitab və ya hamının sevimlisi Minayət müəllimə

3
Sevil Gültən
Sevil Gültən
Sevil Gültən
Sevil Gültən

Mən Zərdabın bir neçə kəndində ingilis dili müəllimi işləmişəm. Ayrı-ayrı vaxtlarda  Bıçaqçı, Yuxarı Seyidlər,  Dəkkəoba,  İsaqbağı  kəndlərində işləmişəm. Hər kəndlə bağlı bir yığın xatirələrim var. O kəndlərin hər birində bir yerdə işlədiyim müəllimləri həmişə xatırlayıram. Amma yalnız İsaqbağı kəndində yaşayan Minayət müəllimə ilə daima əlaqə saxlamışam. Azərbaycan dili və ədəbiyyatından  dərs deyirdi. Tez-tez olmasa da bayramlarda zəngləşmişik…O mənim üçün yalnız iş yoldaşı deyildi. Bəzən bacımla bölə bilmədiyim dərdimi onunla bölüşmüşəm…O, mənim üçün sözün əsl mənasında İnsan idi…

Noyabrın axırlarında onun qızı  Kəmalə zəng etdi mənə ( qızı şagirdim olub). Dedi ki, anası xəstəxanadadır. Ərşad Əzimzadənin “ Möcüzəsiz möcüzə” kitabını istəyir. Minayət müəllimənin şəkəri vardı. Ona görə də düşündüm ki, yəqin yenə şəkəri qalxıb . Elə həmin gün kitabı aldım. Kəmaləyə zəng edib dedim ki,  almışam. Dedi ki, lazım gələndə zəng edib deyəcək ki, kitabı kiminlə yollayım. Bir –iki gün keçdi. Zəng gəlmədi. Özüm zəng etdim.  Zəngimə cavab verən olmadı…Təkrar bir daha zəng etdim..Yenə də cavab olmadı…Elə bil hansısa hiss mənə deyirdi ki, Minayət müəllimə artıq yoxdur həyatda. Neçə gün bu fikir məndən əl çəkmədi. Neçə dəfə Kəmaləyə zəng etmək istədim. Amma  qorxdum, elə bildim ki, mənə bəd xəbər deyəcək… O bəd  xəbəri eşitməməkçün  zəng etmədim. Beləcə “uzatdım “onun ömrünü”…

Dekabrın 7 –si idi. Birtəhər özümü toplayıb zəng etdim Kəmaləyə…Artıq özümü hazırlamışdım bəd xəbəri eşitməyə…Zəngimə cavab verib ağladı…Ürəyimə nə dammışdısa o da oldu. Mən neçə gün əvvəl ona zəng edəndə, o telefonuma cavab verməyəndə artıq anası yoxmuş həyatda…Elə həmin gün, o kitabı istədiyi gün dünyasını dəyişib…

Mənə görə o noyabrın 7 –də köçdü bu dünyadan. Həmin gün hara baxdımsa onu gördüm. Gah sinif otağında gördüm, gah məktəbin həyətində..Gah müəllimlər otağından sinif  jurnalını götürdüyü an bir lent kimi gözüm önündə canlandı.. Səsi qulaqlarımda səsləndi. Gah evlərində gördüm onu. Gah məktəbin həyətindən çıxıb evlərinə doğru getdiyi anlar gözüm önünə gəldi. Həmin gün bütün günü xəyalımın qonağı oldu Minayət müəllimə. Onunla bağlı yaddaşımda nə vardısa göz yaşına döndü,  xatirələrim islandı.

Mən o məktəbi onsuz təsəvvür edə bilmirəm.  Elə bilirəm nə vaxtsa o kəndə gedəndə o məktəbin həyət qapısını açıb içəri girəndə yenə onu orda görəcəm…

O qədər məsuliyyətli idi ki…  Yanvarın 6-da 40 gün tamam olacaq onun yoxluğunun. Yanvarın 7 –də isə şagirdlərin qış tətili qurtarır.  Bu dəfə qış tətilindən sonra o məktəbə qayıtmayacaq…Onun ruhu dolaşacaq o məktəbin ətrafında..

Yanvarın 2 –si onun doğum günü idi…O bu dəfə doğum gününü əbədi dünyada qarşılayacaq. İlk dəfədir ki, doğmaları onun doğum günündə onsuzdurlar…

P.S. Bu yaxınlarda  cavan ikən dünyasını dəyişmiş həmyerlimiz Pərviz Soltanov xəstəxanada olarkən Ramil Səfərov ona baş çəkməyə getmişdi,  öz kitabını da gətirmişdi. Təəssüf ki,  o kitab da ünvanına çatmadı. Ramil xəstəxanaya çatanda Pərviz dünyasını dəyişmişdi. İndi ünvanına çatmayan bir kitab da məndədir. Qızı xahiş etdi ki, o kitabı ona çatdırım. Çünki bu kitab anasının son istəyi olub.

3 ŞƏRH

  1. İstər orta məktəb illərində, istər universtet illərində , istərsə də həyatda dərsin və ya işlərimizin xatiri üçün çoxlarına müəllim deyirik. Amma əsl müəllim adına layiql olan adam azdır.Amma Minayət müəllimə əsl müəllim idi. İstər tədris metodikasına görə istər ,insani keyfiyyətlərinə görə əsl müəllim idi. Mənim müəlliməm , mənə daima dəstək olan və mənə doğru istiqamətlər verdiyi üçün üzərimda haqqı böyükdür. Allah ona Rəhmət etsin.Yaxınlarına da səbr diləyirəm.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × five =