Həsən bəy Zərdabinin dilçilik görüşləri (2)

0

 

Məhərrəm Məmmədli
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, həmyerlimiz Məhərrəm Məmmədli

Azərbaycan yazısının formalaşmasında “Əkinçi” qəzetinin rolu böyükdür. Həsən  bəy Zərdabi yazının asan oxunması, fikrin tez anlaşılmasında durğu işarələrinin roluna xüsusi əhəmiyyət vermiş, ilk dəfə yazıda iki nöqtə, çox nöqtə, sual, mötərizə, defis işarələrini işlətmiş və işlənmə məqamlarını müəyyənləşdirmişdir. Bundan sonra yazıda əsas qrafik vasitə kimi durğu işarələrinin rolu genişlənmiş və tədricən təkmilləşmişdir.

“Əkinçi” qəzetinin fəaliyyəti dayandırıldıqdan sonra Həsən bəy “Həyat”qəzeti ilə əməkdaşlıq etmiş, dövrünün aktual problemləri, o cümlədən də dil məsələləri ilə bağlı fikirlərini ictimaiyyətə həmin qəzet vasitəsilə çatdırmışdır. “Kənd mirzələrindən xilas olmalıyıq” məqaləsində rus dilinin geniş yayılmasına, ana dilinin fəaliyyət dairəsinin məhdudlaşdırılmasına mənfi münasibətini bildirir. Azərbaycan dilinin dövlət statusunun bərpa olunması üçün xalqı mübarizəyə çağırır: “… məlumdur ki, bizim kənd divanxanalarında rus dili işlənir. Kənd yüzbaşılarının və sudyalarının qəti-teyi dəftərlərə rus dilində yazılır və onun altında bisavad yüzbaşı və sudyalar padşahlıq möhürlərini səbt edirlər və həmçinin hakimlərə göndərilən raportlar, hakimlərdən sadir olan hökmlər də rus dilində yazılır və bunları əmələ gətirməkdən ötrü hər camaatın borcudur ki, rus mirzəsi saxlasın və hər camaat hər mirzəyə ildə 3-4 yüz manat məvacib versin (2, 216). Bu məsələdə Azərbaycan dili gürcü dili ilə müqayisə edilir; hər ikisi ümumünsiyyət vasitəsi olsa da Gürcüstanda dövlət idarələrində yazışmalar milli dildə aparılırdı: “Tiflis qəzetləri yazırlar ki, Kutais qubernatoru hökm edir ki, Ozorgid uyezdinin naçalnik divanxanası Ozorgid kəndlərinin sakinləri intixab edən yüzbaşı və sudyalar ilə öz dillərində, yəni gürcü dilində danışsınlar. Yəni kəndlərdən divanxanaya gedən və divanxanadan kəndlərə gələn kağızlar, həmçinin qəti-teylər,xülasə, hər bir yazı gürcü dilində yazılsın (2,218). Həsən bəy “İttihadi-lisan” və “Dil davası” məqalələrində ümumi dilçilik məsələlərinə aydınlıq gətirir. O, dili statik vəziyyətdə deyil, daim inkişafda görür. Cəmiyyət inkişaf etdikcə, dil də inkişaf edir. Xalqlar arasında mədəni, siyasi və iqtisadi əlaqələrin güclənməsi ilə dilə alınma sözlər daxil olur və lüğət ehtiyatını zənginləşdirir.Həsən bəyin bu proseslə bağlı müqayisəsi yerinə düşür: “Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri günü-gündən artacaqdır, belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar ( 2, 243).

Ortaq türk ədəbi dilinin yaradılması türk xalqlarını düşündürən vacib problemlərdəndir. Uzun yüzilliklər boyu türk xalqları belə bir dilə ehtiyac duymuşlar. Orta yüzilliklərdə türk dövlətlərinin əmələ gəlməsi vahid türk dilinin regional formaları nın meydana çıxması ilə nəticələnmişdir. Həmin dövrdən müstəqil inkişaf yoluna  qədəm qoyan müasir türk dilləri arasında müəyyən fərqlər yaranmış və ünsiyyət çə tinləşmişdir. Həsən bəy bu tarixi prosesi izləmiş, gələcək inkişafına narahatlığını bildirmişdir: “Biz Rusiya dövlətinə tabe olan müsəlmanların hamısı türkdürlər. Bizim əsil dilimiz türk dilidir. Amma bu dil ayrı-ayrı yerlərdə cari olduğuna hər tərəf də bir qeyri cür şivəyə düşüb, qeyrilərdən aralanıb, əlbəttə, zikr olan qayda ilə bu türk tayfaları  elm təhsil etməyə başlayıb, qaranlıq otaqdan çıxıb tərəqqi yoluna düşəndə bir- birindən dəxi artıq uzaqlaşacaqdırlar. Belədə bir az vaxtdan sonra onlar bir- birinin nə ki, danışığını, hətta yazdığını da anlaya bilməyəcəkdirlər” (2,244).

Türk dillərinin bu istiqamətdə inkişafının qarşısını almaq üçün XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində İ. Qaspralı ortaq türk dili məsələsini qaldırmış, Həsən bəy də bu vacib məsələnin zəruriliyini və əhəmiyyətini göstərmişdir: “Ona görə bizlərə vacibdir ki, indi vaxt keçməmişdən ittihadi-lisan dalıncan olub bir ümumi dil bina edib, bu ümumi dildə yazıb oxuyaq ki, vaxtilə o dil hamının yazıb oxumaq dili olsun. Belədə Rusiyada olan türk tayfaları getdikcən bir-birinə artıq yavuqlaşıb, birləşməkdən artıq da güclənib tərəqqi etməyə qadir olurlar və qardaşlıqları dəxi möhkəm olur”. ( 2,244) .

Qohum və qeyri-qohum xalqlar arasındakı çoxsaylı əlaqələr dillərin daha çox lüğət tərkibinə, bəzən də qrammatik quruluşuna da öz təsirini göstərir. Bu cəhətdən Həsən bəy dilimizin Qafqaz və digər azsaylı xalqların dilləri ilə əlaqələrinə toxunur hətta qonşu dillərin sərhədlərində ikidilli mühitlərin formalaşmasını qeyd edir:” …Bu səbəblərə görə indi o tayfaların dilləri ilə ətrafda olan tayfaların dilləri arasında dil davası ( dil əlaqələri- M.M.) şiddət edib. Dağıstanın bizim tərəflərdə olan tayfaları ki, Samur. Tabasaran, Qumuq və Kürə okruqlarında sakin olurlar, bizim ilə gediş-gəlişləri artıq olduğuna mirur ilə bizim türk dilini öyrənib türkləşirlər”. ( 2,246).

Xalqımızın və dilimizin tarixinə müxtəlif baxışlar uzun illər davam etsə də Həsən bəy Azərbaycanın ta qədimdən türklər ölkəsi olmasını təsdiqləyir. Gəlmə İran tayfalarının ümumünsiyyət vasitəsi kimi Azərbaycan- türk dilindən istifadə etməsi nəticəsində onların dilinin türkləşməsini təbii proses kimi dəyərləndirir: ” Dağıstan tayfalarından sonra bir qeyri tayfalar da bizim Qafqaza İran tərəfindən gəlib düz yerlərdə sakin olurlar. Onların bəzi ərəb, bəzi fars və bəzi türkmən olub. O ərəb və tükmən tayfalarının indi bircə adları qalıb. Məsələn: “Ərəb Şahverdi”, “Ərəb Bal-oğlan”, Göyçayın yanında olan türkmənlər və qeyri dil davasında onlar məğlub  olub lap türkləşiblər…” ( 2,247). Şirvanda Lahıc kəndində əhalinin öz dilini qoruyub saxlaması onların yaşadığı coğrafi məkanla və əlaqələrinin zəifliyi ilə izah edilir: “Bircə Şirvanda Lahıc kəndi qalıb ki, bu halda da fars dili danışır və onların da belə qalmağına səbəb onlar sakin olduğu yerdir ki, dağ təpəsində olduğuna gediş-gəliş az olub”. ( 2,247).

H.B.Zərdabinin ana dilimizlə bağlı fikir və mülahizələri XX yüzillikdə də inkişaf etdirilərək dilçiliyin nitq mədəniyyəti, üslubiyyat, terminologiya, dil əlaqələri sahələri kimi formalaşmışdır. Ortaq türk dili problemi sovet dönəmi istisna olmaqla həmin dördən indiyə qədər öz aktuallığını saxlamış, hazırda türk xalqları vahid ünsiyyət vasitəsinin yaradılması istiqamətində mühüm işlər görürlər.

 

Yazının əvvəli: http://www.zerdab.com/?p=6009 

Ədəbiyyat

1. Əkinçi (tam mətni)- transliterasiya və tərtib edəni: T. Həsənzadə. Bakı, Avraisya Press, 2005, 496 səh. (“Əkinçi”qəzetinə istinadlarda çap ili, və sayı göstərilmişdir).

2.Həsən bəy Zərdabi. Seçilmiş əsərləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,1960, 432 səh.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 + 14 =