Kürlə yarışan nəğmələr

1
40
Zərdab-rayonu
Zərdab-rayonu

Hərdən mənə elə gəlir ki, Əli Kərim poeziyamızın çətin yoluna qəfil  və gözlənilməz  tufan kimi birdən-birə, ən uzaq səfərə getməyə qadir köhlən at belində yaraqlı-yasaqlı  çıxdı. Onun nəğmələri  qeyri-adi  sürətlə  qanadlandı, pərvazlandı.  Sənətimizə  böyük imkanlara malik,  yetkin bir  istedadın gəlişini xəbər verdi. O, poeziyanın mötəbər  kürsülərinə  qalxıb sakit, təmkinli bir ürəyin coşqun  və ehtiraslı  şerlərini oxumağa başladı.  Lakin ilk görüşlərdən  belə mənəmlik  eləmək istəyən havalı ilhamının axınını cilovlamaq, bununla da onu vaxtsız aparmanın büdrəyiş aqibətindən qorumaq məqsədi ilə insan Əli Kərimdə təbii olaraq başıaşağılıq, az görünüb, az danışmaq mədəniyyəti yarandı.

Onun təvazökarlığı onun istedadı ilə əkiz doğuldu. Ona ən yaxın həmdəm, ən yaxın məsləhətçi oldu. Bu da faktdır ki, bu son dərəcə  təvazökarlıq,  özündən qaçma,  özündən narazı  xasiyyət  sağlığında  şair Əli Kərimin lazımınca dərk olunmasına müəyyən mane törətdi. Onu onsuz daha  dərindən  duyduq, daha  yaxşı dərk elədik.  Daha o, araya söz qatıb, ondan  danışmaq  imkanımızı  əlimizdən ala bilmədi. Sağlığında  görə bilmədiyimiz bəzi keyfiyyətlər onu bir qədər də böyütdü gözlərimizdə.

Onun zəhmətkeş ilhamı çoxdan bəri ən ağır yüklər dartmaqda idi. Çoxdan bəri də yüksək tərifə layiq idi. Qürrələnməkmi? Oxucu və ya tənqidçi tərifini baş altına  qoyub xumarlanmaq, əbədi mürgüyə  gedib  elə eyni səviyyədə ayaq  döyməkmi?  Yox, bu özünü çarmıxa çəkmək, özünü öz əlində  dəfn edib, sonra da qəbrinin üstündə  saç yolub ağlamağa  bərabərdir.  Görmüşük hayla gəlib vayla gedən  yersiz qışqırtıları! Görmüşük müəyyən təsadüfün gücü ilə beş-on  çör-çöpü  ağzına  alıb burulğanlıq eləmək istəyən ötəri küləkləri! Yoxsa, əsl  şair təbiəti belə doğula bilməz. Sonradan bu xəstəliyə  tutulmaq ehtimalına  inanmaq mümkündür. Bu xəstəliyin müalicəsi çətin olur.  Olsa da başqa   imkanları  məhdudlaşdırmaq hesabına başa gəlir.

Əli Kərimin istedadına  xas olan birinci  ən başlıca  əlamət odur ki, o, sənət dilinə mükəmməl  bələddir.  Ömrü boyu bu dili höccələyə-höccələyə  oxuyanlar və başa düşmədən də  bu dildə danışa-danışa  ölüb gedənlər olur.

O, sənət dilinin vəzifəsini  yaxşı başa düşür.  Bu dil hamının başa düşəcəyi, hamının danışmağa qadir ola  bilmədiyi  yüksək bədii  obrazlı dildir.  Bu dili kamil  bilirsənsə, demək,  qanında Nizami, Füzuli, Sabir  qanının zərrələri  var.  Demək, qəlbində dünyanın  bütün nemətlərini  göyərtməyə  qadirsən və  onu bəşər oğluna töhfə  verməyə borclusan.

Bu dil küləklərin, suların, səsi çox çətin eşidilən  ulduzların belə dilini öyrənməyə qabildir. Ona yiyələnməklə Kürün nəğmələrini tərcümə edib poeziya kitabına daxil eləmək mümkündür.

«Kür, sənə bənzəyən nəğməm olaydı…» şerindən bir neçə bəndə baxaq:
Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənin tək mənalı bir nəğməni mən
«Hardasan» – deyərək gəzirəm çoxdan…

…Hər könül istəyim, könül harayım
Ellərin qədrinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir  sənə bənzəyən nəğməm olaydı.

Bu, Əli Kərimin ilk kitabının birinci  şeridir.  Amma ilk mətbu şeri deyil. O, bəlkə də, təsadüfi olaraq  kitabını  Kürə müraciət şerilə açmır.  Adından məlum olduğu kimi,  Kürdə kürlük var. Kürdə həm də  gurluq var. Bəlkə şair onu  öz təbiətinə tətbiq edib, ötəri kürlüyü atıb, əbədi gurluğu  saxlamaq istəyir? Bəlkə bunlar əbədi birlikdə çay  əbədiliyini  saxlaya  bilirlər?
Əlinin ilk şerlərində bəlkə də belə adiliyi mənalandırmaq,  ictimai-coğrafi  lövhələr cızmaq yoxdur.  Ancaq nə var?  – Böyük bir ehtirasla ətraf mühitə daxil olub, onu duyub-anlamaq, çevirib oxumaq,  ürəyincə olmayan  təbii-ictimai mənzərələri  ələk-vələk  eləmək,  istədiyi səmtə uçmaq  meyli, istədiyi  səmtdən dünyalar dartıb gətirmək arzusu…
Onun sevgi  qəhrəmanı dünənin alatoran  xatirələrində  itmiş məhəbbət  soraqlayıb geriyə yüyürmürdü. Şair əsl  məhəbbətin gücünü insanda sarsılmaz inam yaratmaqda, onu  gələcəyə çağırmaqda görürdü.
İlk görüş həmişə arxada deyil,
İlk görüş bəzən də gələcəkdədir.

Bəzən elə  olur ki, şair-sənətkar insanlığın bir hissəsinə döndüyündən,  bəşər üçün  yaşadığından özünü unudur. Şəxsi həyatını  öz əsərlərində  başqalarına arzu  elədiyi,  onlara bəxş eləmək istədiyi  həyat səviyyəsində  yaşaya bilmir.  Belə sənətkarlar Məcnun didərginliyinə düşsələr, öz səviyyəsini  itirər, qabaqda məşəl aparan ol bilməzlər. Bu isə sənətin,  sənətkarın taleyi üçün  mühüm şərtdir. Belə hallarda yüksək  yiyələnmək mədəniyyəti  Ə.Kərimin  əlindən tutur.  Onun şəxsi kədəri, təəssüf  və nidaları özünü ələ alıb insanlaşır.  İnsan olan varlığından dözüm naqilləri keçir. Bununla onu ən  çətin  anda belə qıcıqlandırıb ayıltmalı, ən ağır yükləri daşımağa sövq etməlidir.

Əlinin ilk şerlərində yuxarıda adını çəkdiyimiz lirik qəhrəman hələ ağıllı, müdrik fikirləşərək  addım atan  aşiq deyildi. Onda gənclik təbiətinə  xas olan qəribə  heyrət, qəribə  təəssüf oyanırdı. Elə heyrət və təəssüf ki, kiməsə ibrət  dərs  olsun, ağılla  yaşasın və sevsin, sonradan məhəbbət onun üçün  cavabsız suallı bir heyrətə, çox nöqtəli  bir təəssüfə dönməsin. Bu hisslərdə elə təbiilik, elə səmimilik vardı ki, bunları ancaq ilk sevgi dilinə bələd olanlar daha dərindən başa düşərlər. «Görüm eşq oduna sən yanmayasan» şerində olduğu kimi.

Bu şer Əli Kərimin lap gənclik şerlərindəndir. Sonradan sevgi qəhrəmanının məhəbbətə insani, sənəti münasibəti formaca dəyişir, kamilləşir. Daha ağıllı məsləhət alır, məsləhət verir, neçə uğursuz addımı çökəyə düşməkdən çəkindirir. «Ziyanlığın yarısından» da olsa qaytarır, həqiqi münasibətə, qarşılıqlı anlayışa  arxalanan bir məhəbbət ünvanına göndərir. «İki sevgi» şeri bu qəhrəman üçün öz məhəbbət proqramına bir ön söz xarakteri daşıyırdı.

Gözəl qız sən saf susan,
İki qəlb arzususan
Mənsə səni  sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq  su sevən kimi.
O isə səni  sevir,
rahatca bardaş qurub
Kabab üstdən sərin su pis olmaz deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət  qalan göz işıq sevən  kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni  sevirəm,
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil  ki, səndən
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De, görək nə deyirsən!?
Amma yaxşı fikir ver bu iki məhəbbətə,
Daha heç nə demirəm:
Nöqtə, nöqtə və nöqtə.

Əslində, iki sevginin biri sevgidir, o birini ayırıb dırnaq içində yazmalıyıq. Bu, əyləncədir, sevgi pərdəsi altında gizlənmiş şəhvət hissləridir. «Mən necə sevirəm»in şiddətini göstərmək  üçün müəllif «o necə sevir»i öz mənfilik zirvəsinə qaldırır.

Mən təsadüfi olaraq bu şerin – «İki sevgi»nin  adını çəkmədim. Əlinin ilk kitabı «İki sevgi»  adlanırdı.  Kitab on il bundan əvvəl, 1960-cı ildə çapdan çıxıb. Bu kitab elə poetik sevginin, elə güclü sənət ehtirasının məhsuludur ki, onu Əli Kərimin  ilk şöhrət addımı adlandırsaq, səhv etmərik.

Burada uzaq üfüq qaşında sozalıb sönən ocaqları xatırladan ötəri hisslər yoxdur. Əksinə, «Kür, sənə bənzəyən nəğməm olaydı», «İki sevgi», «Qaytar ana borcunu», «Atamın xatirəsi», «Poçtalyon», «Üçüncü atlı» kimi əsərlərin  misraları arasında ağıllı poeziya işığının şüləklərini görürük. Bu şüləklər nur cığırlarına dönür, adamı arzu-ümid mənzilinə, iş başına, yaşayıb-yaratmaq təntənəsinə aparır.

Əlbəttə, elə çıxmasın ki, Əlinin lirik şerləri məhəbbət nizamnaməsidir. Bu, bütün sevənlər üçün qeydsiz-şərtsiz qəbul edilməlidir, burada hər şey ütülü, ülgüdən, qəlibdən çıxmışdır.  Elə təmənnada  ola biləcək  şair və şeriyyəti  təsəvvür  etmək çətindir. Odur ki, bu poeziyanın da həyata, məhəbbət fəlsəfəsinə  ailə-məişət  təsərrüfatına öz subyektiv  baxışı var və hamı üçün qəbul olunmaq iddiasını da  qarşıya qoymaq fikrində deyil.

Hər gözü olan adam təbiətə  baxmağa qadir, hər qəlbi olan isə zövq almağa  ixtiyarlıdır.  Təbiət özünü  müəyyən  adamlar  üçün bəzəyib hazırlamır. Hünərin, qabiliyyətin varsa, ondan hər şey götürə bilərsən.
Təbiəti, ümumiyyətlə, bütün varlığı, hadisəni hadisəyə calayan zamanı – vaxtı  görmək, duyub oxumaq işi isə xüsusi istedad  tələb edir.  Burada hər şeyi görmək deyil, məhz  görməlini görüb göstərmək bacarığı  gərəkdir.  İlk baxışda: nə varmış, bu ağacı durduğu kimi, bu dənizi ləpələndiyi, bu dağı durduğu kimi təsvir eləməyə!..

Belə düşünənlər və doğrudan da olanın ilk şəklini olduğu  kimi çəkənlər nə çox…

Həyat səhnə olmadığı kimi, səhnə də heç vaxt həyat deyil. Səhnədə sənətləşmiş,  bir qədər həyatilikdən çıxmış, xüsusiliyi ümumiləşmiş həyat vardır.

Şerin də həyata  baxışı, ürəklərə  ayna tutuşu, fikirlərə fəlsəfi nüfuzu belədir. Onlarda əks olunub qayıtma, işıq vermə prosesi belədir.
Saçlarımda dünənin
Ayaq tozları qalmış.

Həyata təbiilik məntiqi ilə yanaşsaq, saçla ayaq arasında sənət məsafəsi çox uzundur, elə ki, «saçlarımda dünənin ayaq tozu»  şəklində deyilir, təbii görünür, təzə görünür. Çünki obrazlı deyilib.

Zəhməti az gözə çarpan xırda peşə sahibləri haqqında onlarla əsər yazılıb. Bu mövzunun sərhəd xətti də yoxdur. Əli belə peşə sahiblərindən birini – hamımızın qapısını döymüş olan poçtalyonu necə təzə görür, necə təbii sadəliklə böyüdür, özünün kəşf etdiyi bir dünya adamı kimi portretini çəkib poeziya muzeyinin bir divarından asır.

«Yükü el salamı, el məhəbbəti» olan bu mənəvi yükdaşıyanın  ən böyük qazancı nədir: «Gəlin təbəssümü, ana sağ olu!». Bəlkə elə bunun üçün də gümrahdır, ütükdür, yorulmazdır.

Bu yerlər qəlbinə tanışdır, tanış,
Öz həyəti kimi, bağçası kimi.
Bəlkə hər qapını  min dəfə açmış
Mahud pəncəyinin yaxası kimi.

Əli Kərim
Əli Kərim

Təkcə bu şerə görə  yox, ümumiyyətlə, demək lazımdır ki, Əli Kərim öz poçtalyonu olan şair idi. Bu poçtalyon onun  poeziyasında elə səmimi, elə hərəki və güclü insani hisslər  idi ki, onların ürək qapısı, ağıl qapısı döyüb gözəl şer  muştuluğu gətirməsinə  xüsusi ehtiyacı olanlar vardı. Bunlar təkcə sıravi  oxucular, şerdən-sənətdən  məsləhət uman «dərdkeşlər», özünü yeni «məhəbbət səfəri»nə hazırlayan «Qərib sevgililər» deyildi, həm də ədəbiyyata hələ gənclik həvəsi gücünə gələn, hissi, ehtirası ilə tozanaq qoparmaq istərkən xam atının yüyənini yığa bilməyən şer həvəskarları  idi.  Əli Kərimin təzə şerləri mətbuatda belələri üçün nümunə və meyardı.

Redaksiyalarda gənclərə «kimi oxumaq lazımdır» məsləhəti verən ədəbiyyatçılar  müasir şairlərdən Əli Kərimin də adını məmnuniyyətlə çəkərdilər. Əli şair, yazıçı  baxışı  ilə deyil, ədəbiyyatçı marağı ilə  gənc yazıçıları  izlər, oxuyar,  hərdən çox «xəsis təriflə»  «uğurlu yol» da yazardı. Belə adi, kiçik yazılarda da onun qələminin təzə sözləri, orijinal məsləhətləri Əliliyini  büruzə verərdi.

Burada adam xatirələrə əl atmaq istəyir:
Əlinin ağıllı, dərrakəli,  hərdən də ona üzdən çətin yovuşan duzlu-məzəli, təzə söhbətləri  yada düşür. O, dünya ədəbiyyatını çox yaxşı bilirdi. Kimisə inkardan xoşu gəlməzdi. Onun aləmi üçün maraqlı  olan sənətkar-şəxsiyyətlərin elə  sənəti  xasiyyətlərini təhlil edərdi ki,  bu kəşf,  bu tapıntı  yalnız onun özünə məxsus idi. Odur ki, bir pis səhnə əsərinə baxanda onun bu misralarını xatırlayırıq:
Fikirləş bir,
Şekspir var, Şekspir!

Başqa sözlə, bir yazılanlardan xəbərin olsun, oxu, öyrən. Nizamidən, Sabirdən ayıbdır ki, böyük sənətinin gözü baxa-baxa xırdalara, ünsürlərə şer, sənət donu geyindirib ədəbiyyat muzeylərinə çinləyək.

Çox halda insan qəlbinin təbiətini insanın üzündən  oxumaq çətindir. Dediyim kimi, xaricən təmkinli, sakit, az danışan görünən Əli Kərimin elə yanar halları, elə özünəsığmaz coşqun dəmləri olurdu ki, onları cilovlayıb  hovuda  bilən yeganə  qüvvə kağız-qələm idi.  Əsl sənətkara xas olan «gözü səndə, özü uzaqdalıq»,  ədəbi narahatlıq, itiyini tapa bilməmək xasiyyətini, məncə,  o, bütün ömrü boyu  bir gün belə tərgitməmişdi.  Elə xəstə-xəstə durub gəzəndə də  hiss edirdin ki  o, fikirlidir, qayğılıdır, yarımçıq əsərlərinin taleyini düşünür. Onun kitablarından biri «Həmişə səfərdə» adlanır.

Ədəbiyyat aləmində də müəyyən kəmiyyət planını yerinə yetirənlər, iş icraçıları,  hətta «qapançını çəkidə aldadanlar»  olur.  Ədəbiyyat müfəttişi isə  həm çox sərtdir və həm də çox humanistdir,  gözü ölçü və çəki meyarıdır.  Onu aldatmaq mümkün deyil.  Payı alınmışların haqqını özünə  qaytarar,  adı «qabaqcıl əməkçilər»  siyahısına düşmüş qarınotaranları bir qələmlə qaralayıb atar.  Bir sözlə, onun  zaman-məkan meydanında  astronomik dəqiqliyi var. «Oxucu yadında qalmaq üçün»  nə gəldi  çap elətdirmək, «həmişə  axtarır, gəzir»  desinlər – deyə  hara gəldi gedənləri, əslində heç nə görməyənləri  o, yaxşı  tanıyır.  Əli Kərim  həmişə səfərdə  –  yaradıcılıq səfərində  idi. Təyyarəyə,  qatara, gəmiyə minmədən də səfərdəydi.  Öz iş otağının küncünə çəkilib  oradan dünyanı  seyr etmək səyyahlığı, öz ürək qəbuledicisi ilə dünyanı tuta  bilmək qabiliyyəti  onu həmişə səfər əhval-ruhiyyəsində  saxlayırdı.  Lakin o, elələrindən də deyildi ki,  pəncərəsini  həyətə açmaqdan qorxsun, yalnız  və yalnız kitablararası  Kolumb olsun. Onun  istedadı  həyat  biliyi ilə  kitab biliyinin bir-birinə  qarşılıqlı təsirinə ağsaqqallıq eləməyi bacarırdı.

Onun fikri, xəyalı əbədi səfər paltarında planetimizi gəzir, ən yaxşı adamların  qapısını  açır, mərdiməzar bir uşağın necə bir hərisliklə  kibrit  çəkib ot tayasına vurarkən zövq aldığı  kimi, dünyanı oda bürüməkdən həzz alan, vicdanını girov qoymuş müharibə qatillərini evinin astanasındaca boğmaq istəyirdi.

Şerin gülləsi birbaşa şair barmağından qopub hədəfə getmir. O, dolayı yolla, əvvəl oxucu qəlbinə yol açır, ordan özünə həmkar – qəzəb, nifrət ordusu  toplayıb «düşmən üstünə» hücuma keçir.

Şerin əsl gücü onun əks-sədasında, fikirləri zəncirvarı şəkildə  bir-birinə bağlamasındadır. Məsələn, «Daş» şeri kimi.

Qədim insanın düşməninə atdığı  bu daş onu atanın iradəsindən asılı olmayaraq ondan sonra nələr törədə bilir və bilərsə, nə kimi dağıntı  gücünə malikdirsə, «Daş» şeri  də  onun təsir istiqamətində,  sənətin imkanları  daxilində  elə təsir  qüvvəsinə  qadirdir.  Sənətdə təsir edən, öyrədən  sənətkar xoşbəxtdir. Bəzən elə də olur ki,  bu təsir o qədər  təkrar yaradır, ilk ixtiraçı  yaddan çıxır.  «Daş» şerinin  yeni addımı, təsiri və bu  qatışıqlıqlara  qarışmaq taleyi belə  olmuşdur.  Əlbəttə, zaman keçdikcə, istedadı paslandırmaq  meylli subyektiv  amillər itib gedir.  Hər kəsin işığı «öz həyətini» işıqlandırır, zaman qonşu çəpərinin sərhəd xəttini çox dəqiqliklə yerinə çəkir.

Mən «Qayıt»  şerini də «Daş» qəbilli taleyi olan əsər hesab edirəm.
Əli Kərim çox incə təbli, nazik qəlbli, kövrək adam idi.  Bunlar çox təbii və səmimi şəkildə onun lirik şerlərinə  hakim kəsilmişdi. Şairin lirik qəhrəmanı  eşqini palçıq  sayağı ayağı  altına atmağa  hazır olan  bu ürəksizlə üz-üzə  gələndə də  təbiətindən çıxmır, onun qəlbinin  harasındasa gizlənmiş  bir insani hissi tapıb bu vasitə ilə ona təsir eləmək istəyir. O, qəzəbi güclə, nifrəti intiqamla yox, qarşılıqlı güzəştlə, səmimi etirafla soyutmağa çalışır. Onun poetik etirafından kövrəlməmək, duruxub özünü müzakirə eləməmək mümkün  deyil.

Nə bu dərd gərəkdir uşaqlar üçün
Nə da aramızda bu narazılıq.
Biz dərdin, kədərin özündən belə
Onlara səadət yaratmalıyıq.
Onlar uşaqdırlar, nə borclarına
Görüşdük harada,
nə zaman, niyə?
Nə üçün bir səhər mən aşiq oldum,
Könlümü yandıran bir gözəlliyə.

İlk baxışda adi görünən bu sətirlərdə necə səmimi, həlim hisslərlə dolu bir insan ürəyi, bir ata vicdanı, şair  etirafı gizlənib? Belə poetik  məsləhət, ailə didaktikası  çox evin yıxılası dirəyini  dikəltməyə qadirdir. Elə əsl  poeziya da odur ki,  o, məişətə  nüfuz edə bilir, şənlik məclislərində, yas mərasimlərində yuxarı  başda oturur.

İnsanlığın qəribə taleyi var. Bəzən öz istedadının ən yüksək  zirvəsində belə dayanan cavan diqqət cəlb eləmir. Cavanlığın «nizamnaməsindən» gələn belə məhdudiyyət «etikası»  çox vaxt müəyyən  imkanların  qarşısını alır, sonrakı təəssüf ölən qızın saçı üçün ağlamaq kimi bir şey  olur. Onun varlığı  yoxluğundan  sonra daha tez  gözə çarpır. Təəssüflər humanistləşir: cavan idi, istedadlı idi…

Səxavətlər necə də əliaçıq olur. Növbədənkənar qəbullara düşə bilərsən, təki gələsən. Bir sətrinin bir vergülünə dəyməzlər, təki, təzə şer yaz. Öləndən sonra bütün ehtiyacın ödənir, bütün işləri harda istəyirsən qatara yüklə, hara istəyirsən sür.
Əli bu hallara eyham vururdu:

Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?

Əli Kərim ara-sıra öz orbitindən çıxıb, ürəyincə olmayan yazılar yazsa da, bunlar özünü ələ almaq, ovxarlanmaq üçün idi. O, xırda, fikirlərin üstündən adlamağı tez bacarar, lüzumsuz təfərrüatlara göz zilləməz, şerin baş yolu ilə addımlardı.

Vətən əsgəri olmaq, səssiz-küysüz nəzərini üfüqünə zilləyib Vətən keşiyi çəkmək onun şair vəzifəsində başlıca məqsəd idi. O, Vətən torpağını Göyçaydan Kamçatkayadək qucaqlamağa  hazır şairlərdəndi. Bu fikirlər onun vədlərində, kürsülərdəki çıxışlarında  deyil, şerinin, nəğməsinin məzmununda,  mövzusunda ana xəttində idi. «Vətən» deyə-deyə Vətən haqqında yaxşı nəğmələr yazan var.  «Vətən» deməyə-deməyə  də əsl  Vətən məhəbbətli əsərlər  yazan  çoxdur. Vətən torpağı  fiziki cəhətdən  daim dəyişildiyi,  onun xarici mənzərəsi  gözəçarpacaq  dərəcədə yeni  görkəm aldığı kimi,  Vətənin vətəndaş  oğlunun münasibəti  də sözün yaxşı  mənasında  dəyişkən  olur.  Şair  ucsuz-bucaqsız kainat okeanında üzən  bu vətən-gəmini  müxtəlif səmtlərdən  görür, müxtəlif səmtlərdən onu  tuta biləcək  meteor  yağışlarını duyub  xəbər verir. Dünən onun üfüqündən hansı bulud baş qaldırmışdı, bu gün hansı,  sabah hansı ola bilər. Bunlar, əlbəttə, astronomik, meteoroloji mənada yox, beynəlxalq, siyasi, ictimai, mənəvi mənada başa düşülməlidir.

İndi meridianmı ömrün arşını,
İndi ölçüsümü sevincin gülüş?
Dərindən dərk elə, yaxşı başa düş
Zamanla şerin son yarışını!

İndi onun fikri, xəyalı «raket kimi şığımaq» istəyir, hara, nə üçün? Əslində bu şığımaq baş götürüb  harasa uçmaq mənasında yox, daha möhkəm şəkildə torpağa bağlanmaq, insanların yüksələn tələbatı  səviyyəsində əsər yazmaq; elə yazmaq ki, yüksək elm-texnika  əsrinin adamı  ağız büzməsin. Əksinə, bədii sənət onun ağlının dərinliklərində elə hissi  nöqtələrə toxunsun ki, bu təsir və qavrayış  onun elmi-texniki  səviyyəsinə  yeni yüksəliş  gətirməyə imkan  yaratsın.  Mənə  elə  gəlir ki, «ədəbiyyatdan  uzaq»  ən spesifik  sahənin  adamı  üçün də ədəbiyyat yeni  fantaziya  oyatmağa, elmi-qavrayış  prosesinin özünü  sürətləndirməyə  qadirdir. Əks halda  sənət  cəmiyyətdə  artıq şeyə çevrilir.  Bu baxımdan Əlinin  şerlərində  yüksək  əqli səviyyə, hətta bir  çox elmi istilahların  şerə gətirilib yerində işlədilə bilmək məharəti var.

Lakin onun şerləri nə qədər əqli səviyyədə, fikri yüksəklikdə yazılsa da, şer olmaq  təbiətindən  çıxmır, o heç  vaxt Azərbaycan  torpağının bir parçası  olduğunu  unutmur. Mən deyərdim ki, Əlinin şerlərinin mərkəzindən həmişə  Kür çayı keçmişdir. «Kür» onun çox işlətdiyi  ifadə, Kür onu tez-tez yarışa çağıran  gümüş qiyafəli  bir cəngavər idi.

Kürün əbədi narahatlığı, o taylı-bu taylı  torpaqlara  həyat verməsimi, yoxsa dəliliyi, coşğunluğumu onun nəzərini cəlb edir.  Bəlkə də  bunların hamısı, həmişə belədir.  Bütün narahat çaylar şairlərin diqqətini cəlb edir, onları yeni  söz deməyə çağırır.

Kür çayı da belədir. Kür bəlkə də Əli  üçün  ən yaxşı zəhmətkeş, yorulmaz yolçu, ehtiraslı  nəğməkar rəmzidir. Onun nə qədər nəğməsi  Kürə yan alıb ondan su içmişdi. Onun nə qədər  nəğməsi  ölüm Kürünə qərq oldu.  Əli Kərim haqqında daha çox, daha geniş  danışmaq olar.  O, bir neçə sanballı poemanın, nəsr əsərlərinin, pyeslərin müəllifidir.

Əlinin nəsr  əsərləri  də onun şeri kimi yüksək  mədəniyyətə yiyələnmiş bir fikri  istedadın qələmindən  doğulub. Bu əsərlərdə də yazıçının sərraf qələmi öz sənətinin tələbkar  ustası, mahir heykəltəraşıdır. Əli  təbiətindəki dramatiklik, duzlu-düşündürücü yumor onun oynanmış və ya arxivindən təzəcə tapılmış pyeslərinə xas olan keyfiyyətlərdir.

Əlinin ədəbi irsində «Cərrahın ürəyi», «Fraqmentlər»  adlı bitməmiş  poemalar, 10 çap vərəqinə  qədər təzə  şerləri, 10-a qədər birpərdəli pyesi, 10-dan artıq hekayəsi və başqa  yazıları, məqalə  və tərcümələri, uşaq şerləri vardır. Yaxın  vaxtlarda Əli Kərimin seçilmiş  əsərlərindən ibarət üç cildliyi  çapdan buraxılacaq.  Cəmi 39 il yaşayıb, 20 ilə qədər  qələm çala bilmiş  bu görkəmli  şairin cavan arxivi də özü  kimi zəngin, özü kimi maraqlı və özü  kimi də qayğıya möhtacdır.  Onun həyat yoldaşı  Elza xanım ilk  oxucu olduğu  kimi indi də bu arxivin  ilk oxucusu, qayğıkeş tədqiqatçısı və həmdəmidir.

Burada Əlinin qələmindən bəzən tələsik qopan, özünü təmin etmədiyi üçün sağlığında  üzə çıxarmadığı  yazıların da  olduğunu  deməliyik. Torpağa səpilən nə varsa,  hamısı məhsul versəydi, onda yerin  bəhrəsini  yığıb-yığışdırmaq mümkün olmazdı.

Əli sağ olsaydı, bu dediyim yazıların çoxunu çapa verməzdi. Artıq Əli, Əlinin qələmi bu əsərlərə qayıda bilməyəcək. Ona görə də biz şairin ruhundan üzr istəyib, arxivini əsasən çapa hazırlamalıyıq.
Bir Əli var mənim qarşımda: başı aşağı, düşüncəli, üzündə-gözündə  uşaq təmizliyi…

Bir Əli var aramızda: elə ehtirasla şer oxuyur, elə qeyri-adi bir ilhamla dinir ki, çox şairlər unudur şairliyini…

Bir Əli var məclisimizdə: məclisin duzu, hamıdan az gülən, hamıdan çox güldürən. Qədirli şerlər yazan, öz qədrini az bilən.

Çoxumuzdan yaxşı yazan, çoxumuzdan az tərif  uman, heç ummayan…
Bir Əli var… həmişə ilhamı söykənən torpağa indi kürəyi söykənib… Elə bil son dəfə bu şerini oxuyur: «Mənim ömrüm».

Məmməd Araz, 1970

1 comment

  1. Cox sevirem “Iki sevgi”ni…O isə səni sevir, rahatca bardaş qurub
    Kabab üstdən sərin su pis olmaz deyən kimi…

Comments are closed.