Zərdaba sığınan məcburi köçkünlər

0
Mirağa Bağırov
Mirağa Bağırov

 Zaman ən böyük həkimdir, deyirlər. Müharibənin yaralarını zaman unutdurmağa başlayırdı ki, yeni bir fəlakət – ölkənin öz vətəndaşlarına qarşı repressiyası başlandı. Müharibənin acı illərində təsərrüfatın ağırlığını öz çiyinlərində daşımış, kotan sürməkdən, araba dartmaqdan əlləri cadar, ayaqları qabar bağlamış adamların arasında xainlər, düşmənlər, sabetajçılar axtarmağa başladılar… Filankəs kolxoza xor baxır, işə çıxmır, kolxozu dağıtmaq istəyir… Adamları dəstə-dəstə cələkləyib sürgünə yolladılar, yerindən-yurdundan, elindən-obasından didərgin saldılar. Buna qanuni don geyindirmək üçün hətta SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1948-ci il iyunun 2-də “Kənd təsərrüfatında işləməkdən boyun qaçıran və cəmiyyətə heç bir xeyir verməyən, özgə əməyi hesabına yaşayanların SSRİ-nin ən uzaq rayonlarına sürgün edilməsi haqqında” fərman da imzaladı.

Həmin fərmanın tələblərinə uyğun olaraq Zərdabdan 4 nəfər sürgün olunmuşdur. İ. V. Stalinin ölümündən sonra hakimiyyətə yiyələnmiş N. S. Xuruşşov bu haqsızlığın aradan qaldırılması üçün şərait yaratdı, repressiya qurbanlarının bəzilərinə bəraət verildi. Həmin 4 zərdablı da bəraət alanların sırasındadır. Maraqlı olacağını nəzərə alıb həmin məsələ ilə əlaqədar Zərdab Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin 21 dekabr 1954-cü il tarixli 67 saylı iclasının qərarını oxucularımızın diqqətinə təqdim edirik:

“SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanı ilə kolxozlardan sürgün edilmiş vətəndaşlar haqqında”.

Rayon icraiyyə komitəsi qeyd edir ki, “Kənd təsərrüfatında işləməkdən qəsdən boyun qaçıran və cəmiyyətə heç bir xeyir verməyən, özgə əməyi hesabına yaşayanların SSRİ-nin ən uzaq rayonlarına sürgün edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Zərdab rayonunun Mikoyan adına kolxozun kolxozçularının ictimai hökmü ilə Zərdab kənd sakinləri Həsənov Qasım Əlihəsən oğlu və İsgəndərov Zahra Ömrüm qızı SSRİ-nin ən uzaq rayonlarına sürgün edilmişdir. Bundan başqa həmin fərmana əsasən Sarıqaya kənd sakini Abdullayev Cəlil Bəbiş oğlu uzun müddət müəllim işləmiş və müəllimlik vəzifəsindən azad edildiyi üçün Malenkov adına kolxozun idarə heyəti onun kolxozda işləməsini təklif etmiş, o, bu təklifdən imtina etdiyinə görə, uzun müddət köçüb başqa rayonda işləmiş Həsənov Şaban Məhəmməd oğlu işlədiyi yerdən Körpükənd kəndinə qayıtdıqdan sonra Şaumyan adına kolxozun idarə heyəti onun kolxozda işləməsini məsləhət görmüş, lakin o, bu təklifə guya etiraz etmiş, bunun üçün hər ikisi SSRİ-nin ən uzaq rayonlarına kolxozçuların ictimai hökmilə 8 il müddətinə sürgün edilmişlər.

Zərdab rayonu icraiyyə komitəsi hazırkı vaxtda, sürgün edilənlərin ailə vəziyyətini və ərizələrinə nəzərə alaraq q ə r a r a  a l ı r:

1.SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Zərdab kənd sakinləri Həsənov Qasım Əlihəsən oğlu və İsgəndərov Zahra Ömrüm qızı SSRİ-nin ən uzaq rayonlarına sürgün edilmələri haqqında Mikoyan adına kolxozu kolxozçularının 1949-cu il 14 iyun tarixli 13N-li ictimai hökmünün ləğv edilməsi haqqında Mikoyan adına kolxozu kolxozçularının 1954-cü il 18 noyabr tarixli 13N-li qərarı təsdiq edilsin. Bu ictimai hökmün təsdiq edilməsi haqqında Zərdab rayon icraiyyə komitəsinin 1949-cu il 22 iyun tarixli 38N-li qərarı ləğv edilsin.

2.SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 2 iyun tarixli fərmanına əsasən Srıqaya kəndindən sürgün edilmiş Abdullayev Cəlil Bəbiş oğlu haqqında Malenkov adına kolxozu kolxozçularının 1951-ci il 19 may tarixli 8N-li ictimai hökmünün təsdiq edilməsi barədə Zərdab rayon icraiyyə komitəsinin 1951-ci il 23 may tarixli 17N-li Körpükənd kəndindən sürgün edilmiş Həsənov Şaban Məhəmməd oğlu haqqında Şaumyan adına kolxozu kolxozçularının 1952-ci 11 oktyabr tarixli 32N-li ictimai hökmünün təsdiq edilməsi barədə Zərdab rayon icraiyyə komitəsinin 1952-ci il 15 oktyabr tarixli 68N-li qərarı ləğv edilsin. Azərbaycan SSRİ Nazirlər Sovetindən xahiş edilsin ki, Həsənov Qasım Əlihəsən oğlunun, İsgəndərova Zahra Ömrüm qızının, Abdullayev Cəlil Bəbiş oğlunun və Həsənov Şaban Məhəmməd oğlunun sürgündən azad olunması üçün lazımi təşkilatlara sərəncam versin.

Digər məcburi köçkün dalğası Ermənistandan-qədim Azərbaycan torpaqlarından gələnlərdən ibarət idi. Dəhşətli müharibədən kütləvi qırğınlar hesabına qalib çıxanlar sırasında şərəfli yer tutmuş Azərbaycanın sarsılmış iqtisadiyyatına erməni xəyanətkarlığı yeni bir zərbə hazırladı. Azərbaycanın qədim torpaqları olan İrəvan xanlığının – o vaxtkı Ermənistan SSR-in ərazisində yaşayan azərbaycanlıların dədə-baba yurdlarından məcburi köçürülməsi planı hazırlandı. SSRİ Ali Soveti Rəyasət Heyətinin o vaxtkı sədri A. Mikoyanın tövsiyəsi ilə hazırlanmış bu xəyanətkar plana İ.V. Stalinin xeyir-duası ilə ali səviyyədə qanuni don geydirildi. Azərbaycnlıların Ermənistandan kütləvi surətdə deportasiyasına – məcburi köçürülməsinə başlanıldı. Bu məcburi köçürmənin səviyyəsini təsəvvür etmək üçün təkcə onu demək kifayətdir ki, Ermənistandan qovulanları yerbəyer etmək üçün Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsi 10 yanvar 1950-ci ildə 26N-li qərar qəbul etmişdir. Bu qərara uyğun olaraq təkcə Zərdab rayonunda 100 təsərrüfat yerləşdirməli, onlar üçün ev tikilməli, həyatyanı torpaq sahəsi ayrılmalı, lazımi şərait yaradılmalı idi. Azərbaycanın o vaxtkı iqtisadi durumunu nəzərə alsaq, bunun necə böyük iqtisadi zərbə olduğunu təsəvvür etmək mümkündür, hələ köçürülənlərə vurulan mənəvi zərbəni demirik.

1950-ci ilin təkcə fevral ayında Zərdab Rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi Ermənistan SSR-dən Zərdab rayonuna gəlmiş təsərrüfatların yerləşdirilməsi ilə əlaqədar iki dəfə məsələ müzakirə etmişdir. 04 fevral 1950-ci ildə qəbul edilmiş qərarda qeyd edilir ki, Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsinin qərarında nəzərdə tutulmuş 40 yaşayış evi Zərdab kəndində tikilsin. Həmin 40 ev üçün müvafiq həyatyanı sahə ayırmaq və evlərin planlaşdırılmış tikilməsi aidiyyatı orqanlara tapşırılmışdır. Yevlax rayolnlararası tikinti kontorunun Zərdab məntəqəsinə tapşırılmışdır ki, Erəmənistan SSR-dən gələn təsərrüfatlar üçün tikiləcək yaşayış evlərinin Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsinin qərarında nəzərdə tutulmuş vaxtda tikilib başa çatdırılmasını təmin etsin.

Ermənistandan köçüb rayona gəlmiş təsərrüfatların vəziyyətini yoxlayıb, onlara hərtərəfli yardım edilməsi məqsədilə Burunlu, Zərdab, Körpükənd, Vəlixanlı və Kirəşli kəndləri üzrə komissiya yaradılmış, komissiyanın üzvlərinə yoxlamanın nəticəsini RİK-in iclasında müzakirə üçün təqdim etmək tapşırılmışdır.

Zərdab Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 10 fevral 1950-ci il tarixli 61N-li iclasında “1950-ci idə Ermənistan SSR-dən Zərdab rayonuna gəlmiş təsərrüfatlar üçün kolxozun qüvvəsi ilə yaşayış evlərinin tikilməsi barəsində” məsələ müzakirə edilmişdir. Qərara alınmışdır ki. 100 yaşayış evi rayonun aşağıdakı kolxozlarından tikilsin:

Zərdab – Kaqonoviç kolxozunda – 10 ev

Burunlu – “26 komissar” kolxozunda – 24 ev

Körpükənd – Şaumyan kolxozunda – 17 ev

Kirəşli – Lenin kolxozunda – 36 ev

Vəlixanlı – Voroşilov kolxozunda – 13 ev.

Həmin kolxozların heyət idarə sədrlərinə tapşırılmışdır ki, nəzərdə tutulmuş yaşayış evlərinin tikilib başa çatdırılması üçün lazımi qədər ssudanın alınmasını, həmin ssudadan səmərəli istifadə etməklə, yaşayış evlərinin vaxtında tikilib başa çatdırılmasını təmin etsinlər. Yaşayış evlərinin tikilməsi işinə 1950-ci ilin ikinci rübündə başlanılıb dördüncü rübündə başa çatdirilması həmin kolxozların heyət idarə sədrlərindən tələb edilmişdir. SSRİ kənd təsərrüfatı bankının rayon müvəkkilindən tələb olunurdu ki, nəzərdə tutulmuş ssudanın alınmasında kolxozlara yaxından kömət etsin. Rayon Dövlət bankından tələb olunurdu ki, ssudanın vaxtında buraxılmasına və öz məqsədi üçün xərclənməsinə nəzarət etsin. Həmin qərarın icra gedişatına nəzarət etmək kənd təsərrüfatı şöbəsinin müdirinə həvalə edilmişdir.

İqtisadiyyatımıza zərbə olan erməni hiyləgərliyinin bu dalğası da dəf olundu. Zərdabda, Vəlixanlıda, Qoşaobada 1950-ci ildə Ermənistandan deportasiya olunmuşların övladları yaşayırlar. O dəhşətli məcburi köçürmənin canlı şahidlərindən də bu gün Zərdabda yaşayanlar var.

www.zerdab.com