Qız qaçırma həm günah, həm də cinayətdir

0
38

qızqaçırmaAzərbaycanın bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.

Ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə, qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etmir. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşir. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.

Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə “başlıq pulu”nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar. Ümumilikdə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.

Qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.

Hüquqşünaslar deyirlər ki, əslində əgər qız nikah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir. Ekspertlərin sözlərinə görə, insana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nikah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır.

“Təzə Pir” məscidinin axundu Hacı Faiz deyir ki, qızın qoşulub qaçması dində qadağan edilir: “İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması böyük günah sayılır. Hətta bəzən toy olur, qız 2-3 aylıq hamilə olanda kəbin kəsdirirlər. Bu, İslamda haram hesab edilir. Bütün bunun günahı ilk növbədə valideyinlərin boynunda qalır. Çünki cavanların bir az ağlı kəsmir, riskə gedirlər”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yenicə başa vurduğumuz 2012-ci ildə evlənmək məqsədilə ilə yetkinlik yaşına çatmayan qızların qaçırılması halları 6 dəfə baş verib. Yəni 6 dəfə 17 yaşına çatmayan qızlar zorla qaçırılıblar. Komitədən onu da bildiriblər ki, 2012-ci ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı da 10 hadisə baş verib.

Nihadə Eyyubova