Zərdab rayon Məhkəməsindən HÖKM

0
67

www.zerdab.com saytı təqdim edir:

İş № 1(036)-60/2009-сu il

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

H  Ö  K  M

 Zərdab rayon Məhkəməsinin hakimi əvəzi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Quliyev Fəyyaz Əbdi oğlunun, müdafiəçi Həsənov Əlayıf Həsən oğlunun, mülki iddiaçı  Qarayev Rauf Qara   oğlunun iştirakı ilə 26 noyabr 2009-cu ildə Zərdab şəhərində, Mustafayev  Möhübbət  Seyfəddin  oğlunun– 13 fevral 1951-cü ildə  Zərdab rayonunun Qoruqbağı kəndində anadan olmuş, Qoruqbağı kəndində yaşayır, Azərbaycan Respublikasının vətəndaşı,  evli,  himayəsində 4 nəfər ailə üzvü olan, orta təhsilli,  əvvəllər məhkum olunmamış, sahibkarlıqla məşğul olur,  barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N   E T D İ:

Təqsirləndirilən şəxs Mustafayev Möhübbət  Seyfəddin oğlu Zərdab rayon İcra Hakimiyyəti Başçısının 21 avqust 2001-ci il tarixli 39 saylı sərəncamı ilə Zərdab rayonu Qoruqbağı kəndi ərazisində Kür çayının sağ sahilindən “ Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 saylı qərarı ilə təsdiq edilmiş, “Sənaye, nəqliyyat və digər təyinatlı torpaqların istifadəsi Qaydalarına” əsaslanaraq 0,12 ha torpaq sahəsi verilməsinə və həmin yerdə iaşə obyekti inşa etməsinə baxmayaraq, o, əlavə olaraq Zərdab rayon Qoruqbağı bələdiyyəsinin fondunda olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsini özbaşına tutaraq bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu pozmaqla torpaq sahəsini zəbt etmişdir.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Mustafayev Möhübbət Seyfəddin oğlu ona verilən  ittihamla  özünü  təqsirli bilməyərək  göstərdi ki, o, 1994-cü ildən  yaşadığı Zərdab rayonu Qoruqbağı kəndi ərazisində Kür çayının sağ sahilində iaşə obyekti işlətmiş və Zərdab  rayon  İcra  Hakimiyyəti  Başçısının  21 avqust 2001-ci il tarixli, 39 saylı sərəncamı ilə ona həmin yerdə 0,12 ha torpaq sahəsi ayrılıb verilmiş, həmin yerdə öz vəsaiti hesabına abadlıq və yaşıllaşdırma işləri görmüş, tikinti işlərini genişləndirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və iaşə obyektində 10 nəfər işçi ilə çalışmışdır. Kür çayının sağ sahilində apardığı tikinti işlərinə dair sənədləri qanuna uyğun olmuş və qeyd  edilən yerdə torpaq sahəsi zəbt etməmiş, əksinə həmin yerə torpaq tökməklə bənd atma işinə köməklik göstərmişdir.

Təqsirləndirilən şəxs M.S.Mustafayev özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, lakin onun törətdiyi cinayət əməli məhkəmə istintaqında aşağıda göstərilən qaydada sübuta yetirildi.

Məhkəmədə mülki iddiaçı kimi dindirilən Qarayev Rauf Qara oğlu göstərdi ki,  işlədiyi Zərdab rayonu Qoruqbağı kənd bələdiyyəsinə məxsus torpaq sahələrinin yerüstü cizgiləri tərtib olunmuş xəritədə öz əksini tapmış, Kür çayının sağ sahilində bələdiyyə fonduna məxsus olan torpaq sahəsinin bir hissəsi Qoruqbağı kənd sakini Mustafayev Möhübbət Seyfəddin oğlu tərəfindən istifadə olunmuş, həmin torpaq sahəsinin sərəncam əsasında verildiyini M.Mustafayev ona bildirməklə fəaliyyətini davam etdirmişdir. R.Qarayev bələdiyyə fonduna məxsus olan və M.Mustafayev tərəfindən istifadə edilən torpaq sahəsi ilə bağlı sonuncuya qarşı iddia tələbinin olmadığını bildirdi.

Məhkəmədə şahid kimi dindirilən  Əhmədov Sahid Abuseyid  oğlu göstərdi ki, Zərdab rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyir. Zərdab rayon İcra Hakimiyyəti Başçısının 21 avqust 2001-ci il tarixli 39 saylı sərəncamı ilə Zərdab rayonu Qoruqbağı kənd sakini Mustafayev Möhübbət Seyfəddin oğluna  0,12 ha torpaq sahəsi istifadəyə verilmiş, lakin M.Mustafayev Kür çayının mühafizə zonasında iaşə obyekti tikdirmiş, sonuncu ona ayrılmış 0,12 ha torpaq sahəsindən əlavə olaraq sonradan 0,10 ha torpaq sahəsini də zəbt etmişdir. M.Mustafayev zəbt etdiyi həmin torpaq sahəsində hazırda da tikinti işlərini aparmaqla məşğuldur.

Şahid Həmidov İsrəfil Fəzayıl oğlu  göstərdi ki, Zərdab rayon İcra Hakimiyyəti  aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri  vəzifəsində işləyir. Zərdab rayon İcra Hakimiyyəti Başçısının 21 avqust 2001-ci il tarixli 39 saylı sərəncamı ilə Zərdab rayonu Qoruqbağı kənd sakini Mustafayev Möhübbət Seyfəddin oğluna  0,12 ha torpaq sahəsi istifadəyə verilmiş, həmin vaxt M.Mustafayev Kür çayının mühafizə zonasında iaşə obyekti tikdirmiş, sonradan ona ayrılmış 0,12 ha torpaq sahəsindən əlavə  olaraq    həmin əraziyə  hissə-hissə torpaq sahələrini daxil etməklə və həmin ərazilərdə  tikinti işlərini davam etdirməklə ümumilikdə 0,10 ha torpaq sahəsin zəbt etmişdir. Zəbt etmiş olduğu həmin torpaq sahəsində  yarımçıq tikililər vardır və hazırda da tikinti işlərini aparmaqla zəbtetməni davam etdirməkdədir.

Şahid Babayev Xəzri Baba oğlu göstərdi ki, Zərdab rayon İcra Hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məlumatı əsasında Zərdab rayonu ərazisində Kür çayı sahilində torpaqların qanunsuz tutulması və həmin torpaqlarda qanunsuz tikililər inşa edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun məktubu əsasında onun iştirakı ilə reyd keçirilmişdir. Zərdab rayon İcra  Hakimiyyəti  Başçısının 21 avqust 2001-ci il tarixli 39 saylı sərəncamı ilə Zərdab rayonu Qoruqbağı kənd sakini Mustafayev Möhübbət Seyfəddin oğluna  0,12 ha torpaq sahəsi istifadəyə verilmiş, buna baxmayaraq M.Mustafayev Kür çayının mühafizə zonasında iaşə obyekti tikdirmiş, sonuncu ona ayrılmış 0,12 ha torpaq sahəsindən əlavə olaraq sonradan  0,10 ha torpaq sahəsini hissə-hissə zəbt etmiş və həmin yerdə də hazırda tikinti işləri aparmaqla məşğuldur.

Göstərilənləri iş üzrə  şahid kimi dindirilmiş İsmayılov Mehman Əlif oğlu, Rüstəmov Namiz Alı oğlu   təsdiq etdilər.

Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Kür yeməkxanasında işləyən Bayramov Yalçın Qaryağdı oğlu, İmanov Ələmdar Həsən oğlu, Mirzəyev Sakit Məhəmmədəli oğlu ifadələrində M.Mustafayevin işlətdiyi yeməkxanada müvafiq olaraq 1992, 1995-ci il tarixdən işləmələrini, hazırki vəziyyətdə olan yeməkxananın isə artıq 2001-ci ilin payız aylarından tikilərək istifadəyə verildiyini ifadələrində təsdiq etmişlər.

Göstərilən cinayət hadisəsinin baş verməsi işdə olan akt, protokol və digər sənədlərlə də təsdiq olunur.

İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin təqdim etdiyi 15 sentyabr 2009-cu il tarixli 197 saylı məktubundan görünür ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Mustafayev Möhübbət Seyfəddin oğlu 0,12 ha torpaq sahəsi əvəzinə 0,22 ha torpaq sahəsindən istifadə etməklə 0,10 ha torpaq sahəsini zəbt etmişdir.

Beləliklə,  bütün bu yuxarıda sadalanan biri digərini tamamlayan sübut növlərinin cəminə obyektiv qiymət verməklə təqsirləndirilən şəxs M.S.Mustafayevin etdiyi cinayət əməli məhkəmə istintaqında da ona tam sübuta yetirildi.

M.Mustafayevin hərəkəti Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkibini təşkil edir. O, həmin qanunun tələbi əsasında cəzalandırılmalıdır.

Məhkəmə təqsirləndirilən şəxs  M.S.Mustafayevə cəza təyin edərkən onun  şəxsiyyətini, etdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun haqqında cəzanı aşırlaşdıran və yüngülləşdirən halları müzakirə etməklə nəzərə aldı.

Onun 59 yaşı olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

İşdə maddi sübut və mülki iddia yoxdur.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M   E T D İ:

 Mustafayev Möhübbət Seyfəddin oğlu Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin.

Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Hökmün icrası Zərdab rayon Məhkəmə icraçıları qrupuna tapşırılsın.

Hökmdən 20 (iyirmi) gün müddətində Zərdab rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

 ƏSLİ İLƏ DÜZDÜR:

ZƏRDAB RAYON MƏHKƏMƏSİNİN

HAKİMİ ƏVƏZİ:                           Ç.Ə.İSGƏNDƏROV

İş № 1(036)-60/2009-сu il.

www.zerdab.com

Qoruqbağı kəndi