Kəndinə gələn adam

1
34
Zərdab rayonu

İnsan hər vəzifəyə ucala, hər cür naz-nemətə sahib ola bilər. Amma kiçik gördüyümüz, bəzən fərqinə varmadığımız elə məqamlar da var ki, bütün həyatımızı dəyişə bilir. İyrimi yaşında doğma kəndini tərk etmiş, ailənin yeganə övladı olan Eldar dayı da bu gün həmin anı yaşayırdı. Nəhayət, 38 il sonra doğma kəndini ziyarətə gəldiyi üçün o çox xoşbəxt idi…

***

İstər Sovet dövründə, istərsə də, müstəqillik illərində Bakı şəhərində müxtəlif yüksək vəzifələrdə çalışmışdı Eldar müəllim. Özünü tanıdandan sonra çalışdığı ən kiçik vəzifə zavod direktorluğu olmuşdu.

İlk illər doğulub boya-başa çatdığı rayondan hansısa iş üçün ona müraciət edənlərə köməklik edər, yardımını əsirgəməzdi. Amma zaman keçdi, yeni tanışlar, yeni dostlar tapdı, imkanı daha da genişləndi və işləri o qədər artdı ki, ürəyinin dərinliyindəki bu hisslər zəifləməyə başladı.

Şəhərli bir xanımla ailə qurdu, övladları dünyaya gələndən sonra başı daha da qarışdı…

Kəndə getməyə vaxtı olmadığı üçün ilk illər valideynləri onu ziyarətə gəlirdilər. Ata-anası şəhər həyatına öyrəşməmişdi, dörd divar arasında sıxıldıqları üçün iki-üç gün qalandan sonra geriyə – kəndə tələsərdilər.

Hər dəfə də kəndə yola düşəndə Eldara dil-ağız edərdilər ki, heç olmasa iki-üç günlüyə kəndinə, ev-eşiyinə gəlsin. Yaşlı nənəsi də son nəfəsində Eldarı görməyi arzulayırdı…

***

Atası narahat idi ki, sabah, birigün dünyasını dəyişəndən sonra ev-eşiyi, həyət bacası yiyəsiz qalacaq, sahib çıxan olmayacaq. Lakin Eldar hər dəfə bir bəhanə ilə kəndə getməkdən boyun qaçırırdı. Əslində isə Eldar özü də bilmirdi ki, çox şey itirir…

***

İllər ötdü, zaman keçdi və hamı kimi bir gün Eldarın valideynləri də dünyadan köçdülər. Ata-anası həmin günədək Eldarı kəndə bağlaya biləcək yeganə varlıqlar idilər. Elə ona görə də onların yas mərasimlərindən sonra Eldarı bir daha doğulduğu kənddə gördüm deyən olmadı…

***

Vəzifə, imkan artır, Eldar yaşa dolur, övladları böyüyürdülər. Məzuniyyət vaxtı ailəsi ilə birgə çox şəhərlər gəzdi, çox görməli yerlər gördü, təkcə doğulduğu kəndə getmədi. Qızı, oğlu kənd arzulayanda belə onların arzularını ürəklərində qoydu, elə bildi ki, kəndə getməklə nəyisə əskiləcək və bir daha oradan çıxa bilməyəcək…

***

Böyük oğlu Arif hərbi xidməti başa vurandan sonra Amerikada ali məktəbə qəbul oldu və ora köçdü. Qızı Günel isə ali təhsil almaq istəmədi və sevib-seçdiyi oğlanla ailə qurdu. Övladları onlardan ayrılandan sonra evlərində qəribə sakitlik, tənhalıq hökm sürürdü. Amma bu tənhalıq, səssizlik onlar işə yollananadək davam edirdi. İşə çatandan sonra başları qarışardı və hər şey yaddan çıxardı. Eldar dayının həyat yoldaşı Almaz xanım isə ali məktəblərin birində dərs deyirdi. Onun da gününün çox hissəsi iş yerində keçdiyindən ilk illər elə bir narazılığı yox idi…

***

Ali təhsili başa vurandan sonra oğlu Arif geri-vətənə dönmək istəmədiyini və Amerikada yaşamağa qərar verdiyini söylədi. İlk günlər oğlunun bu qərarına bir qədər soyuqqanlı yanaşdılar. Amma eşidəndə Arif Amerikada tanış olduğu əcnəbi bir xanımla ailə qurmaq istəyir, dözə bilmədilər. Bəs illər ərzində yığdıqları var-dövlət kimə qalacaqdı? Bəs ömürlərinin ən gözəl günlərini xərcləmək hesabına aldıqları mülklərə kim sahib çıxacaqdı? Eldar dayı oğlunu yola gətirmək üçün çox cəhd elədi. Hətta onu fikrindən daşındırmaq üçün həyat yoldaşı ilə birgə Amerikaya da yollandı. Amma xeyri olmadı…

***

Pensiya yaşı çatdığı üçün işdən çıxanda hamı onu canla-başla yola saldı. İlk günlər evinə gəlib-gedən çox oldu, zənglərin ardı-arası kəsilmədi. Bir-iki ay sonra isə nə evinə gələn oldu, nə də zəng vurub axtaran. Evdə çox darıxdı, çox sıxıldı. Bəlkə bu çətin anlardan qurtular deyə xanımından işdən çıxıb evdə oturmağı xahiş etdi, amma heç nə əvvəlki kimi olmadı…

***

Onu axtarmayan dostlarını, tanışlarını indi özü axtarırdı. Hətta onların iş yerlərinə də getmişdi. İlk günlər görüşdüyü adamlar onu mehribanlıqla qarşıladılar, lakin gəliş-gedişlərin sayı artdıqca ya yerlərində “tapılmadılar”, ya “vaxtları olmadı”, ya da katibələri vasitəsilə Eldar dayıya “getsin, sonra gələr” mesajını çatdırdılar…

Hər şeydən əli üzülmüşdü. Xeyli müddət idi ki, oğlu Arif də zəng vurmurdu. Qızı Günel isə Rusiyaya – ərinin yanına yollanmışdı. Heç olmasa onlara gedərdi, başı qarışardı. Şəhərdə başqa qohumu yox idi ki, qapısını döysün, ürəyindəkiləri bölüşsün…

***

…Bu gün Eldar dayının həyatında bir başqa gün idi. Psixoloqun tövsiyəsi ilə doğulub boya-başa çatdığı kəndə gəlmişdi. Psixoloq demişdi ki, kəndə, öz ata-baba evinə getsə, bəlkə stressdən, tənhalıqdan yaxa qurtarar, fikri dağılar…

…Bu gün Eldar dayının həyatında bir başqa gün idi. 62 yaşında, düz 38 il sonra öz ata-baba məhləsinə gəlmişdi.

Həyətin qamışdan hörülmüş çəpəri uçub dağılmışdı. Atasının illər öncə əkib böyütdüyü ağacların çoxu qurumuşdu. Həyətdəki gül kollarının çoxunu örüşdən qayıdan heyvanlar bərbad hala salmışdılar. Evin divarları çat-çat idi. Aynaların çoxunun güzgüləri qırılmışdı. Eyvanı toz basmışdı…

***

Həyətdə durub həyəcanla ətrafı seyr edirdi. Yaxınlıqda xanımından başqa heç kim olmasa da, həyətdəki tikililərin çoxu uçub dağılsa da, hər şey səliqəsiz görünsə də darıxmırdı. Uçub dağılmış, səliqəsiz həyət ona çox doğma gəlirdi. Həyat yoldaşı qurumuş ağaclara, gül kollarına baxdıqdan sonra üzünü ona tutub: “Heyif, vaxtında çox səliqəli həyət olub deyəsən. Eldar, biz indiyə kimi bura niyə gəlməmişik?”,- dedi. Ömürgün yoldaşı Almazın bu iradı elə bil Eldarın ürəyindən tikan çıxardı. Sanki uşaqlaşmışdı, istəyirdi ki, kimsə onu bu qəbahətinə görə tənbeh eləsin, danlasın, o da başını aşağı salıb dinməzcə dursun…

***

Həyat yoldaşı Almazla birgə kənd qəbiristanlığına yollandı. Qəbiristanlıq qoruqçusunun köməyi ilə ata-anasının ətrafını ot-alaf basmıs qəbirlərini tapdı. İçində, öz-özünə valideynləri ilə söhbətləşdi, onlardan üzr istədi. Əli ilə qəbirlərin ətrafındakı kol-kosu, otu təmizlədi. Çox peşman olmuşdu uzun illər bura gəlmədiyinə görə…

Qəbiristanlıqdan çıxandan sonra xanımına kəndi pay-piyada gəzməyi təklif etdi. May ayı olduğu üçün kənd həyatı daha da cəzbedici, gözəl idi. Təbiət yenidən oyanmışdı, otların, çiçəklərin, güllərin iyi bir-birinə qarışmışdı. Quşların ciggiltisi ona uşaqlıq illərini xatırladırdı. Gözləri doldu bu mənzərədən. İçində həyat yoldaşı Almaza haqq qazandırdı və onun bayaq verdiyi sualı bir daha təkrarladı: “Həqiqətən, axı necə olub ki, bu illər ərzində kəndimizə gəlməmişəm, övladlarımı, həyat yoldaşımı buralara gətirməmişəm?”.

***

Şəhərə qayıdırdı Eldar dayı. Amma bu dəfə daha hazırlıqlı geri dönmək üçün…

Oğlu Arifə məktub yazıb onu Amerikada ailə qurduğu qadınla birgə öz ata-baba məhləsinə dəvət edəcəkdi. Qoy Arif də, xanımı da gəlib kənddəki bu gözəlliyi, bu mənzərəni, bu doğmalığı görsünlər.

Yol boyu Arifə yazacağı məktub üçün özündə qeydlər aparırdı: “Arif, indi məndən soruşsaydılar ki, həyatda ən böyük səhvin nədir, deyərdim ki, bir dəfə də olsun doğulub boya-başa çatdığım kəndə, həyətə getməməyim. Dünyanın çox yerini gəzdim, çox gözəlliklərini gördüm, ancaq onların heç biri məni bu qədər rahatlaşdırmadı, sakitləşdirmədi. Əgər elə bir imkanım olsaydı, bütün insanlara səslənərdim: doğulduğunuz el-obanı yaddan çıxarmayın”…

Nicat İntiqam

1 comment

  1. Tessufler olsun indi bu hallar daha coxdu.Yene Eldar dayi gecde olsa sehvini anlayib.
    Kaw ki bezi insanlarda ata yurdunu xatirlayib yad ede bilsin

Comments are closed.