“Əkinçi”nin məramının arxasında böyük məqsədlər gizlənmişdi”

1

EkinchiƏdəbi tənqidimizin M.F.Axundovdan sonrakı mərhələsi «Əkinçi» qəzetinin  (1875-1877) və onun naşirinin fəaliyyəti ilə bağlıdır. Adından da göründüyü kimi «Əkinçi» sırf ədəbi-bədii orqan deyildi. Onun məramı yoxsulluq və zülm girdabında boğulan Azərbaycan kəndlisinin iqtisadi-sosial dərdləri, təsərrüfatla bağlı qayğılarını işıqlandırmaq idi. Ancaq bu zahirən belə görünsə də arxasında daha böyük məqsədlər gizlənmişdi. Çar Rusiyası Zərdabiyə ana dilində qəzet nəşrinə icazə verərkən onun məhz «Əkin və ziraətdən danışacağını» nəzərdə tutmuşdu. Həsən bəy üçün isə bu daha çox qəzeti qoruyub saxlamaq vasitəsi idi. Görkəmli ictimai xadim M.Ə.Rəsulzadə M.F.Axundovun xidmətlərindən bəhs edərkən Həsən bəy Zərdabinin Azərbaycan türklərinin «milliyyət ikən millət olmaya başlaması» prosesinin öncülü olduğunu göstərirdi. «Qonuşduğu lisanda ilk qəzetəyə malik cəmiyyət bir milliyyət ikən millət olmaya başlamış deməkdi». Deməli Azərbaycan türklərinin millət olma prosesinin başlanması «Əkinçi»nin və onun naşirinin adı ilə bağlıdır. «Əkinçi» qəzetindən 1905-ci ilə qədər olan dövr (1875-1905) tədqiqatçılar tərəfindən müxtəlif adlarla adlandırılsa da daha çox Zərdabi dövrüdür. «Əkinçi»dən Molla Nəsrəddinə qədərki dövrdür. Bəs bu dövr hansı keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur.
1. M.F.Axundovla ədəbiyyatda başlanan Avropalaşma orientasiyası tədricən mədəniyyətin başqa sferalarına da nüfuz edir. H.Zərdabi maarifçilik hərəkatının önündə gedərək ilk xeyriyyə cəmiyyətinin, milli teatrın ana dilli mətbuatın əsasını qoyur, təhsilin milliləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Həsən bəy Zərdabi özündən sonrakı Azərbaycan mədəniyyətinin əsas istiqamətlərini, meyllərini müəyyənləşdirir.
2. Azərbaycan mədəniyyətini əhatə edən qərbləşmə meyli «Əkinçi» ənənələri Rusiya əsarətində yaşayan digər müsəlmanların, türkdilli xalqların mədəni inkişafına təsir göstərir, Azərbaycanı Rusiya müsəlmanlarının əsas mədəniyyət mərkəzlərindən birinə çevirir. İlk dram əsərinin, ana dilində realist nəsrin və ədəbi tənqidin ardınca «Əkinçi» dövründə ilk ana dilli qəzet, ana dilində teatr tamaşası, ilk milli ədəbiyyat tarixi də Azərbaycan türkləri arasında meydana gəlir, İsmayıl Qaspiralı və «Tərcüman» fenomeni «Əkinçi» qəzetinin ardıcılı, davamçısı olaraq, onun təsiri altında formalaşır.

3. Mərhələnin sonunda ümmətçilikdən millətçiliyə keçid baş verir. Azərbaycanda ilk dəfə olaraq bu dövrdə «millət» və «din» məfhumlarının arasındakı fərq nəzərə çarpdırılır. Qafqazda yaşayan müsəlmanların etnik mənsubiyyətinin müəyyənləşdirilməsi yolunda ilk addımlar atılır. Cəmiyyətin bütün sahələrini bürüyən maarifçilik hərəkatı millətin və milli şüurun formalaşmasını şərtləndirir. Həsən bəy Zərdabi dövrü Əli bəy Hüseynzadə tərəfindən Milli ideologiyanın yaranması ilə başa çatır.
4. «Əkinçi» qəzetinin İsmayıl Qaspiralıya, İsmayıl Qaspiralının Azərbaycan mühitinə, Ə.Hüseynzadə, Ə.Topçubaşov və Ə. Ağaoğluna ikitərəfli təsiri baş verir. İlk dəfə olaraq İsmayıl Qaspiralı 80-ci illərdə bütün türklərin bir millət olması, türk birliyinin türklərin milli tərəqqisinin vacib şərti olması, ümumtürk ədəbi dili yaratmaq» – «dildə, fikirdə, işdə birlik» tezisini irəli sürür.
Çar Rusiyasının mədəniyyəti yerli ləhcələrdə inkişaf etdirməklə rus olmayan əhalini ruslaşdırmaq siyasəti əks nəticə verir: Bu siyasət milli şüurun oyanmasına, milli özünüdərkin güclənməsinə gətirib çıxarır. Bundan sonra hökumət var qüvvəsi ilə ana dilində maarifin, mətbuatın, təhsilin yayılmasının qarşısını almağa çalışır. Bu milli ayrı-seçkilik siyasəti 1905-ci ilə qədər xüsusi kəskinliklə davam edir. Zərdabi mərhələsinin baş ideoloqu heç şübhəsiz müasirlərinin: «Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və atası» adlandırdıqları Həsən bəy Zərdabi idi. Bu baş ideoloq və onun mühərrirlik etdiyi «Əkinçi» ilk anadilli mətbuatımız kimi mənsub oldu xalqın mədəni tərəqqisinə, qədim və çoxəsrlik mədəniyyətinə biganə qala bilməzdi. Təsadüfi deyil ki, geniş mənada elmin və maarifçilik ideyalarının intişarı, məzmunsuz formalist şerə qarşı mübarizə, realist ədəbiyyatın başlıca prinsiplərinin müdafiə və tətbiqi «Əkinçi»nin səhifələrindən qırmızı bir xətlə gəlib keçir.
Zərdabi başda olmaqla dövrün ən yaxşı ədəbi qüvvələri (N.Vəzirov, S.Ə.Şirvani, Əhsənül-Qəvaid, Əsgər ağa Adıgözəlov, Gorani və s.) «Əkinçi» qəzetinin ətrafına toplanmışdı. M.F.Axundovun ömrünün son çağlarında «Əkinçi»də «Vəkili-naməlumi-millət» imzası ilə əməkdaşlıq etməsi də qəzetin nəşri tarixində əlamətdar hadisələrdən idi. M.F.Axundov milli ədəbi tənqidi əsaslandırıb onun gələcək inkişaf yollarını müəyyənləşdirməyə çalışarkən ciddi bir çətinlik qarşısında qalmışdı. Ana dilində bircə dənə də olsun qəzet və ya jurnalın nəşr edilməməsi yazıçının tənqidi irsinin ədəbi prosesə dərindən müdaxiləsinə maneəçilik törətmiş, müasir ədəbi hərəkata istiqamət vermək imkanlarını xeyli məhdudlaşdırmışdı. Milli mətbuatın yaranması ilə tənqidçi Axundovun qarşılaşdığı çətinlik qismən də olsa aradan qalxdı. Realist ədəbiyyat uğrunda mübarizə özünün yeni mərhələsinə daxil oldu. M.F.Axundovun başlayıb axıra qədər çatdıra bilmədiyi işi onun xələfləri – «Əkinçi»nin mühərrirləri yerinə yetirdilər. H.Zərdabinin qəzetin məqsəd və vəzifələri, əhatə etdiyi məsələlər barədə konkret proqramı var idi. Həmin proqramı o, «Əkinçi»nin ilk nömrələrindən etibarən elan da etmişdi: «Hər bir vilayətin qəzeti gərək ol vilayətin sakinləri elədiyi işlər onlara lazım olan şeylər xülasə, onların hər bir dərdi nə xahişi ol qəzetdə çap olunsun ki, ol qəzətə baxan xalqı aynada görən kimi görsün».

Belə aydın proqramla mətbuat aləminə qədəm qoyan «Əkinçi» sonadək öz prinsipinə sadiq qalmış ictimai-mədəni tərəqqi hərəkatında, milli şüurun tərbiyə edilməsində səfərbəredici rol oynamışdır. 1905-ci ildə qələmə aldığı «Rusiyada əvvəlinci türk qəzeti» adlı məqaləsində H.Zərdabi öz qəzetinin yarandığı şəraiti və səbəbləri şərh edərək yazırdı: «… hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın».

Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur. Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri ilbəil artar. «Əkinçi» qəzetinin araşdırdığı mühüm maarif və mədəniyyət problemləri sırasında dünyəvi elmlərin təbliği, yeni tipli məktəb və dərslik uğrunda mübarizə, uşaqların təlim və tərbiyəsi, ana dili kimi mühüm məsələlər var idi. Axundzadə dövrünün maarifçiliyi daha çox nəzəri səciyyə daşıyırdısa, bu dövr intensiv təşkilati fəaliyyət dövrü idi. «Əkinçi» öz səhifələrində qədim islam və türk dəyərlərini inadla dəstəkləməklə yanaşı, mədəniyyət və ədəbiyyatın, elmin, kənd təsərrüfatının sənaye və texnikanın bütün sahələrində islahat ideyasını təbliğ edir və bunu bir proqram kimi də irəli sürürdü: «Bizim sözlərimizə əməl ediblər, zəmanə dəyşilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər». Realizm sosial satira xəlqilik və irsilik problemi milli demokratik dəyərlərə sadiqlik «Əkinçi»nin sənət sahəsində proqramı belə idi. Dövrün məşhur elmlər mübahisəsində o qəti olaraq «elmi-əbdan»ı seçmişdir.
Əkinçinin səhifələrində milli-realist ədəbiyyatın qayğıları, onun inkişaf istiqamətləri və yaradıcılıq problemləri daim diqqət mərkəzində dururdu. Yeni tipli realist ədəbiyyat və sənət uğrundakı tarixi mübarizəsinə «Əkinçi» şerdə məzmundan uzaq olan, ümumxalq mənafeyindən istifadə etməyən həcuğuluğa və mədhiyyəçiliyə qarşı kəskin hücumlarla başladı. Belə mübarizənin tarixi qədim olsa da M.F.Axundovun ədəbi-tənqidi görüşlərində bu məsələ yeni məna kəsb etmişdi. Azərbaycan poeziyasının ideya istiqamətini dəyişmək realist ədəbiyyatın mövzu, ideya məzmun və sənətkarlıq baxımdan istiqamətverici və müdafiəçisi kimi çıxış edən «Əkinçi»nin mübarizəsində Zərdabidən başqa onun qələm və məslək yoldaşları da iştirak edirdilər.

Qəzetin fəal əməkdaşlarından olan Əhsənül-Qəvaid «Məktubat» adı altında dərc etdirdiyi silsilə xarakterli məqalə məktublarında şer və sənət problemlərinə də öz münasibətini bildirir, müasiri olduğu şairlərin qarşısında duran vəzifələri diqqət mərkəzinə çəkirdi. Məqalə müəllifi hər bir vətəndaşın mövqeyini, dəyərini, onun xalq, vətən üçün gördüyü işlərin faydası ilə ölçürdü. Əhsənül-Qəvaid şerdə epiqopçuluğa, nəsfğuluğa qarşı kəskin ittihamla çıxış edirdi. «Yaxşı olurdu bu əşar əvəzinə bez toxuyub bir növ əhli-elm ilə və kəmal hesab oleydilər, ya pinədazluq öyrənib bir qardaşın başmağı yırtılanda pinə edəydilər». Məqalə etirazla qarşılandı və S.Ə.Şirvani başda olmaqla dörd nəfər Şirvan şairi «Əkinçi» qəzetində ona cavab məqaləsi ilə çıxış etdilər. Onlar Şirvan şairlərinin mövqeyini ifadə edərək ədəbiyyatda mədhiyyəçiliyə, şərabın və gözəlin vəsfinə rəvac verməyi daha üstün hesab edirdilər. Mövqelərində haqlı olduqlarını sübut üçün Qurandan ayə nə Sədi, Hafiz, ibn Sina kimi şərq klassiklərindən misallar, parçalar gətirirdilər. Qəzetin növbəti nömrəsində Əhsənül-Qəvaid Şirvan şairlərinə cavab məktubu yazır və orada heç bir şəxsi ədavəti və məqsədinin olmadığını vurğulayaraq bildirirdi ki, «Aya, cəhət nə olmuş ola ki, milləti-digər bu qədər tərəqqi tapıb, məmləkətləri məmur olub nə illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir.» Cavab məktubunda o, Şirvan şairlərinin gətirdikləri dəlillərin əsassız olduğunu sübuta yetirir. Eyni zamanda yeni dövrün şer və sənət qarşısında qoyduğu əsas vəzifələri realist ədəbiyyatın prinsiplərini daha dərindən açıb şərh edirdi. «Əkinçi» və onun mübariz silahdaşlarının düzgün mövqeyi S.Ə.Şirvani kimi görkəmli şairin maarifçi-didaktik irsinin formalaşmasında aparıcı rol oynadı. Bu ədəbi mübarizələrin müsbət səmərəsi onu maarifçi realist şer yoluna istiqamətləndirdi.

«Əkinçi» qəzetinin yeni məktəb, yeni ədəbiyyat uğrunda mübarizəsinə inamına qoşulan və realist ədəbiyyatın prinsiplərini ardıcıl şəkildə müdafiə edənlərdən biri də o vaxt Moskvada təhsil alan gənc yazıçı-dramaturq Nəcəfbəy Vəzirov idi. O, «Əkinçi» qəzetinə göndərdiyi publisistik məqalələrdə xalqın ağır vəziyyəti, mədəni geriliyi haqqında düşünən və bu vəziyyətdən çıxış yolu axtaran bir maarifçi, vətənpərvər yazıçı kimi nəzəri cəlb edir: «Bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz. Amma ona elə adət eləməmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz» (Əkinçi 6 noyabr, 1876, № 1). N.Vəzirov çox haqlı olaraq məktəblərdə «Leyli və Məcnun» əhvalatının, Hafizin aşiqanə qəzəllərinin az yaşlı uşaqlara öyrədilməsi əleyhinə çıxır və məsləhət görür ki, «Leyli və Məcnun» məhəbbət dastanını uşaqlara öyrətməkdənsə, onlara «elmi coğrafiya kitabını oxusaq, həm yazıb oxumağı öyrənə, həm dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq» (Yenə orada). Qəzetdə nəşr etdirdiyi digər məqaləsində poeziya haqqında nəzəri mühakimələr irəli sürür. Məqalədə Moskvada olarkən ona Qarabağdan iki şer dəftərinin göndərilməsindən danışır. O, bu şerlərdəki həvğuluğu bəyənmir və onların zəif olması qənaətinə gəlir. N.Vəzirov digər qələm yoldaşları kimi realizmi dövrün tələblərinə cavab verən yaradıcılıq metodu kimi müdafiə edirdi. Vəzirova görə: «Yazıçı xalqın gözgüsüdür»-yəni əsil sənətkar xalqın tərbiyəçisidir. Ədəbiyyat nümunələri elə yazılmalıdır ki, «o, xalqın gözünü açsın», «cəmiyyətə xeyir versin». Ədəbi forma və janr axtarışları yolunda M.F.Axundov ideyaları əsrin sonuna doğru öz bəhrəsini verdi və yeni diqqətəlayiq əsərlər yarandı. Zəngin tarixi ədəbi ənənələri olan Azərbaycan poeziyası tarixində milli məzmuna malik sərgilər yaratmağın zəruriliyi ideyasını ilk dəfə H.Zərdabi irəli sürmüşdür. Qəzetin son nömrələrindən birində Zərdabi şairlərə müraciət edərək xalq mahnılarının melodiyasını əsas götürməklə «millətin keçmişdə olan yaxşı və yaman günlərini şərh edən mahnılar yazmağa çağırmışdır. Onun fikrincə, bu mahnılar ağızdan-ağıza düşüb xalqı «nadanlıqdan danalığa təhrik etməkdə» mühüm rol oynaya bilərdi. Bizim qonşularımız ermənilər belə şerlər ilə çox iş görürlər. Bu halda onların küçələrində gözləri kor əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi ki, o, aşıqlar nə oxuyurlar. Onlar Ermənistanın keçmişdə olan xoş və yaman günlərindən, Osmanlı dövləti onlara etdiyi zülmlərdən və qeyrə şerlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?! Millətin oyanması, özünüdərki üçün bundan gözəl örnək nə ola bilər? Milli şüurun təşəkkülündə bu cür çağırışlar qəzetə qarşı təqibləri sürətləndirirdi. «Əkinçi» qəzeti öz səhifələrində tez-tez mövcud uşaq kitablarını tənqid atəşinə tutan məqalələr nəşr edir, «Kəmal ibarətdir o, elmi əməldən ki, onun millət, dövlət üçün bir faydası olsun».

Qəzet uşaqların dərsdən sonra oxuması üçün mütaliə kitablarının yoxluğunu da nəzərə çatdırır və bunların zəruriliyini dönə-dönə qeyd edirdi. Maraqlı cəhət onda idi ki, yeni tipli sənət nümunələri yaradılması yolunda tənqidlərə məruz qalan S.Ə.Şirvani sonradan özü bu sahədə nümunə olmuş maarifçirealist şerlərinin mühüm bir qismini ilk dəfə «Əkinçi»də nəşr etdirmişdir. Maarifçilər şair-pedaqoq və realist poeziyanın yaradıcılarından biri kimi həmin şerlərdə S.Ə.Şirvani bir tərəfdən, oğlu Mir Cəfərin timsalında gələcəyinə böyük ümid bəslədiyi yeniyetmələri səylə çalışmağa, elmə və maarifə çağırır, digər tərəfədən də «Əkinçi»nin yeni məzmunlu realist ədəbiyyat və sənət uğrunda mübarizəsində fəal iştirak edirdi. H.Zərdabi tərəfindən «Məliküşüəra» adlandırılan S.Əzim məhz belə bir nümunəyə çevrilə bildi. Azərbaycan mədəniyyəti tarixində ədəbi-bədii əsərlərin Milli mətbuat səhifələrində ilk dəfə nəşri «Əkinçi» ilə başlayır. Qəzetin ədəbi əhəmiyyəti ondan ibarətdir ki, ötən əsrin ikinci yarısında dramaturgiya və nəsrə nisbətən geridə qalan şeri həyatla əlaqələndirmək işinə, satirik janrda realist metodda bir sıra poeziya nümunələrinin yaranmasına kömək etdi. Qeyd etdiyimiz kimi «Əkinçi» başda M.F.Axundov olmaqla XIX əsr Azərbaycan maarifçilərinin, alim və yazıçılarının xalqa müraciət tribunası idi. «Əkinçi»nin səpmiş olduğu «toxumlar» sonrakı dövrlərdə öz bəhrəsini vermiş, «Ziya», «Kəşkül», Krımda «Tərcüman» «Əkinçi» qəzetinin davamçıları kimi meydana çıxdılar. H.Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov «Əkinçi» qəzetinin 50 illik yubileyinə həsr etdiyi «Azərbaycanın mayakı» adlı xatiratında göstərirdi ki, «Əkinçi»nin nəşr olunduğu dövr çar Rusiyasının ən müdhiş dövrlərindən idi və Şərqi Zaqafqaziyanın müsəlman əhalisi ağır zülümə və təqiblərə məruz qalırdı. Onlar öz ölkələrinin adı ilə – «Azərbaycan» adı ilə, özlərini isə azəri türkləri adlandırmağa cəsarət etmirdilər; deməyə qorxurdular ki, onlar türk mənşəli xalqdırlar, onların da nəinki dini, eyni zamanda əqli, elmi-təhsil, iqtisadi ehtiyacları vardır. Qəzetin tənqidi ruhunun sferasını müəyyənləşdirmək üçün Ə.B.Topçubaşovun bu fikirləri olduqca əhəmiyyətlidir. Qeyd etdiyimz kimi, milliyyətdən millətə keçidin baş verməsinin ən böyük təsir vasitəsi mətbuat və onun başında dayanan ziyalılar idi. Deməli, Azərbaycan türkləri «Əkinçi» qəzetinin nəşri ilə artıq millət olmağa başlamış «Ziya» və «Kəşkül»dən sonra artıq millət kimi formalaşmışdır. Məlumdur ki, «Əkinçi» qəzetində hələ ümmətçilik şüuru hakim idi («Müsəlman», «Qafqaz müsəlmanları», «müsəlman milləti» və s.). Amma Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin maarifçilik fəaliyyətləri nəticəsində ötən əsrin 80-90-cı illərindən «din» və «millət» anlayışları artıq bir-birindən fərqləndirilməyə başlanmışdı. «Müsəlman», «türk», «azərbaycanlı» anlayışlarının fərqli məzmun daşıdıqları etiraf edilirdi. Mətbuatda, mədəni mühitdə din və millət məfhumlarını bir-birindən ayırmağı bacaran adamlar cərgəsində H.Zərdabi də var idi. O, «Ziya» qəzetində çap olunmuş məktubunda dərs kitablarında uşaqlara millətin adını öyrətməyi, onlarda milli şüuru oyatmağı məsləhət görürdü.

Müəllif: M.O.HƏSƏNOVA (SARACLI)
Bakı Dövlət Universiteti

ƏDƏBİYYAT
1. Qasımzadə F. XIX əsrin Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1973, s. 487.
2. Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı: 2002, s.737.

3. Əliyeva A. Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. Bakı: 2002, s. 332.
4. Məmmədov M. Azərbaycan ədəbi tənqidi müntəxabat. Bakı: 2002, s.382.
5. Rüstəmov İ. Bir daha «Əkinçi haqqında» (Ə.Topçubaşov və bir sıra yeni məqamlar). Bakı
Universitetinin Xəbərləri. Humanitar elimlər seriyası. 2003, № 3, s. 247- 253.
6. Məmmədov X. «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər. Bakı: 1987, s.258 .
7. Məmmədov X. Azərbaycan ədəbi tənqidi. XIX-XX əsrlərin hüdudunda. Bakı: 1999, s.145.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen + nine =