Hər dəfə Zərdaba gedəndə sizin küçədən keçirəm…

7

Qarabağ müharibəsiBu yazı Zərdab rayonundan olan şəhid qardaşımız Samirə həsr olunub. 1 oktyabr, 1991–ci ildə “Əkinçi” qəzetində çap olunub. Müəllifi həmyerlimiz Sevil Gültəndir.  

Mən səni tanımırdım, qardaş! Tanımırdım. Bir dəfə də olsa görməmişdim səni. Nə bilim, bəlkə də haçansa görmüşəm səni. Sən o vaxt milyonlardan biri idin. Sadəcə Samir idin. Adi idin.  Heç nəylə fərqlənmirdin.  Amma indi…qəhrəmansan, qardaş! Bu ad hər adama qismət olmur.

“Qardaş”  deyə müracitət etdim sənə. Vətənini, torpağını, xalqını sevən hər kəsin qardaşısan, Samir! Şəhid bacımız Salatının qardaşısan, Samir! Neçə-neçə şəhidin qardaşısan, Samir!

Hər dəfə rayona gedəndə sizin küçədən keçirəm. Sizin evinizin yanından. Əvvələr rayondakı neçə evlərdən biri idi o ev mənim nəzərimdə. Amma iki ay əvvəl darvazanızın ən yüksək yerinə qara yaylıq bağlanan gündən o ev, o darvaza adiliyini itirdi.  O vaxtdan bəri hər dəfə o dəmir darvazanı görəndə qəhər boğur məni. Həyətinizə keçib göz yaşı qurumamış anana təsəlli vermək istəyirəm. Amma zəngin ana dilimizdə elə bir söz tapmıram ki, oğul itirmiş anaya təsəlli üçün deyə bilim. Oğul itirən ana heç nəylə təsəlli tapmaz!

Hamı öləcək, mində bir insan ölümüylə əbədi həyat qazanır! Sənin kimi, Samir! Sən cismən öldün. Mənən yaşayacaqsan bu dünya durduqca. Sənin qanın ana qədər sevdiyin torpağa qarışıb. O torpaq durduqca yaşayacaqsan, qardaş!

Yaşayacaqsan, Samir! Öz küçənizin adında yaşayacaqsan, qardaş! Xəbərin olmadı, səndən sonra uşaq vaxtı dava-dava oynadığın küçəyə sənin adın verildi. Öz küçənizin adında yaşamağa mənəvi haqqın var, Samir!

Yaşayacaqsan! Şəhidlərə yazılmış neçə-neçə şeirin misralarında yaşayacaqsan!

Çox adam tanımır səni hələ. Nə vaxtsa küçənizdən keçən nabələd adam sənin adını oxuyacaq divarlara vurulmuş lövhələrdə. Yoldan ötənlərdən sənin kimliyini soruşacaq. Neçə-neçə nabələd adamın yaddaşında təzədən doğulacaqsan,  Samir! Heç vaxt qocalmayacaqsan! Yaşıdların qocalacaq, sən cavan qalacaqsan, qardaş! Dostların övladlarına sənin adını qoyacaqlar. Neçə-neçə körpənin dünyaya gəlişiylə təzədən doğulacaqsan, Samir! Amma heç vaxt ölməyəcəksən, qardaş!

Arxayın ol, qardaş! Gec-tez haqq-ədalət günəşi parlayacaq-anan kimi neçə gözüyaşlı  qadınların göz yaşını qurudacaq!

7 ŞƏRH

  1. Amin Allah cemi wehidlerimize rehmet elesin.
    Yaqin bu yazi wehidimiz SAMIR ABDULLAYEVA hesr olunub.
    Samir doyuwlerde cox qehremanliq gosterib Kelbecerde Sariyelde wehid olub.

  2. Sizə dərin təşəkkürümü bildirirəm bu yazını dərc etdiyinizə görə! Amma bu şəkildə Samir yoxdur.

  3. Sag tarafdan besinci Samir Abdullayevdir.Allah butun sahidlarimiza ramat elasin!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 + 4 =