Zərdabinin zərdablılara etibar etdiyi əmanət – fotolar

2
33

Həsən bəy Zərdabinin Ev MuzeyiHəsən bəy Zərdabi irsinin toplanması və təbliği sahəsində Zərdab rayonunda fəaliyyət göstərən Həsən bəy Zərdabi Muzeyinin mühüm xidmətləri var. www.zerdab.com saytı xəbər verir ki, muzeydə ümumilikdə 9 nəfər çalışır. Muzeyə Zərdabinin adı ilə bağlı olan eksponatların toplanması istiqamətində işlər bu gün də davam etdirilir. Hazırda muzeyin fondunda 330 eksponat var. Eksponatların 175-i əsas fondda, 155-i isə elmi köməkçi fonddadır. İstər rayon sakinlərinin, istərsə də, qonaqların bu muzeydə Zərdabi irsi ilə yaxından tanış olmaq imkanı var. H. Zərdabi Muzeyinə tez-tez gənclərin, ələlxüsus məktəblilərin ekskursiyaları təşkil edilir, eksponatlara səyyar baxışlar və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir. Muzeydən www.zerdab.com saytına verilən məlumata görə, eksponatların toplanması, kəndlərdə H.Zərdabinin adı ilə bağlı olan hər bir əşyanın alınıb muzeyə qoyulmasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə muzeyin əməkdaşları rayon sakinləri ilə mütəmadi əlaqədə olur, bu istiqamətdə hər hansı yenilik olarsa, dərhal zəruri addımlar atılır. Muzeydə Həsən bəy Zərdabinin sıx əlaqədə olduğu tarixi şəxsiyyətlərlə bağlı da eksponatlar nümayiş etdirilir. Bunlardan M. F. Axundov, A. A. Bakıxanov, N. B. Vəzirov, Ü. Hacıbəyov kimi şəxsiyyətləri xüsusi qeyd etmək olar.

Qeyd edək ki, ötən ilin iyul ayının 19-da Prezident İlham Əliyev Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması ilə bağlı sərəncam imzalayıb. www.zerdab.com saytı həmin sərəncamı bir daha oxucuların diqqətinə çatdırır:

Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidentinin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli 2269 nömrəli Sərəncamının icrası ilə əlaqədar Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasını, muzeyin zəruri avadanlıqlarla təchiz olunmasını və eksponatlarla zənginləşdirilməsini, eləcə də ərazisinin abadlaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2012-ci il.

Sərəncamdan irəli gələn məsələlərlə bağlı görülən işlər barədə bir müddət sonra www.zerdab.com saytında məqalə yayımlanacaq.

Zərdabinin ev-muzeyi onun zərdablılara qoyduğu, etibar etdiyi bir əmanətdir. Bizlər bu əmanəti göz bəbəyimiz kimi qorumalıyıq.

www.zerdab.com

Həsən bəy Zərdabinin Ev MuzeyiHəsən bəy Zərdabinin Ev Muzeyi

2 ŞƏRH

  1. Prezidentimizin verdiyi qərarı alqışlayıram! Amma həmin qərardan sonra hansısa iş görülübmü? Muzeyə ayrılan vəsaitlə hansı yeni iş görülüb? Doqrusu, mən rayonda olarkən muzeydə oldum. Ürəyimcə olmadı. Muzeyin əməkdaşları bacarıqlıdır. Amma onlara şərait yaratmaq lazımdır ki, muzeyi zənginləşdirsinlər. Məsələn, muzeyin əməkdaşlarını Fransaya ezam etmək olar. Bildiyimiz kimi Zərdabinin övladlarıın qəbri ordadır. Yeni maraqlı faktlar əldə etmək olar əgər verilən qərar yerinə yetiriləsə

  2. gozel melumatdi amma axirini yaxsi demeyib xeyriyyecimiz agsaqqal sohbetini deyirem

Comments are closed.