İlk üç il ailələr üçün sınaq müddətidir – KLİP

3
28

xoşbextlikAilənin bir o üzü var, bir bu üzü. Adam var dərd-sərini ailəsi ilə unudur, adam da var ailə dərdini işdə-gücdə unutmağa çalışır. Təbii ki, hər şey kimi ailə də qismət işidir. Ancaq Allah ağıl verib, düşüncə verib, insanı tanımaq üçün, öyrənmək üçün imkanlar verib. Gərək qabaqcadan ölçüb-biçəsən, kiminlə ailə qurduğunu biləsən. Müsbət və mənfi tərəflərini öyrənəsən və onu yaxşı və pis tərəfləri ilə tam olaraq, bütöv olaraq qəbul edəsən.

Yoxsa, “Ailə də qarpız kimidir, kim bilir içindən nə çıxacaq” məntiqi ilə qərar qəbul etmək əlini ilan yuvasına soxmaq kimi bir şeydir. Müşahidələr göstərir ki, ilk üç il gənc ailə üçün sınaq müddətidir. Yəni əksər boşanmalar və narazılıqlar məhz bu müddətdə müşahidə olunur. Bu mərhələni keçən ailələrin boşanma faizi də xeyli az olur. Demək, məhz bu ilk üç ildə gənc ailəyə ağsaqqal qayğısı, ağbirçək öyüdü lazımdır. Bu mərhələdə ən böyük qorxu tərəflərin bir-birinin gözündə adiləşməsidir. Dünənə qədər əlçatmaz, ülvi görünən duyğuların indi boz-bulanıq və yorucu düşüncələrə çevrilməsidir. Gərək o təravəti saxlamağı bacarasan, gərək o ilkinliyi, o həyanı üzdəki qızartını, səsin titrəyişini itirməyəsən, bu mərhələdə dünyanı adiləşməyə qoymayasan.

Ailə ilkin vətənimizdir, birinci cəmiyyətimizdir. Bu yuvada, bu ocaqda yaşanan duyğular istər-istəməz bizim əhvali-ruhiyyəmizi formalaşdırır və biz o sifətlə, o xarakterlə cəmiyyətə təqdim olunuruq. Kiminə ilıq bir yuva, kiminə cəhənnəm çuxuru kimi dəhşətlidir. Çox uğurun təməlində ailə dayanır. Bir də belə bir söz var ki, hər uğurlu kişinin arxasında bir bacarıqlı qadın dayanır. Bu söz həqiqətən də böyük həqiqətdən xəbər verir. Təbii ki, ailə səadəti böyük nemətdir, xoşbəxtlik üçün ən ümdə amillərdən biridir. Bu xoşbəxtliyi ruhunuzda duyasınız, həyatınız bu cür ilıq atmosfer içində axıb getsin.

www.zerdab.com

3 ŞƏRH

  1. Mövzu da gözəldi, mahnı da…Əllərinizə sağlıq..Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də onların içində!!!

  2. Cox gozeldi hem yazi hemde mahni ellerinize saqliq olsun cox saqolun.Allah butun aile quranlari xowbext elesin .
    Ailenin mohkemliyi onun temelinin nece qoyulmaqindanda aslidi her kese ilk addimda uqurlar dileyirem

  3. xosbextlik insanin oz elindedir
    istese mef eder istese qurar
    ailenin temelin ilk ozu qurar
    onu gah sevince donderer gahda kedere

Comments are closed.