Hər şeydən şikayətlənən qızına atanın nümunəvi misalı

1
50

Ailə - valideyn- ata-anaHər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilə üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşbaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu. Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlmə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi. Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmiş sual dalınca sual verməyə başladı. Ancaq atasından səs çıxmırdı. İyirmi dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəlcə birinci qabdakı yerkökünü çıxarıb bir qaba qoydu. Sonra ikinci qabdakı yumurtanı çıxardı. Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana boşaltdı. Üzünü qızına tutub soruşdu:

– Nə görürsən?

– Yerkökü, yumurta, qəhvə, – deyə qızı saymazyana cavab verdi.

– Daha yaxından bax, – dedi atası.

– Yerkökünə toxun.

Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.

– İndi də yumurtaya bax.

Yumurtanın qabığı əvvəlkindən də bərk idi.

– İndi də qəhvənin dadına bax.

Qızı qəhvədən bir qurtum aldı. Qəhvənin çox gözəl dadı var idi. İstər istəməz qızın üzünə xoş bir təbəssüm yayıldı. Ancaq yenə də bütün bunlardan bir şey başa düşməmişdi.

– Bütün bunlar nə deməkdir, ata? – deyə soruşdu.

Atası yerkökünün də, yumurtanın da, qəhvənin də eyni aqibətə məruz qaldıqlarını dedi. Ancaq hər birinin “münasibəti” başqa-başqa idi. Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü. Yumurta isə zərif idi.

Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qaldıqdan sonra bərkidi, qatılaşdı. Ancaq qəhvə tamam başqa idi. Qaynar suda qaldıqca həm özü dəyişdi, həm də suyu dəyişdirdi.

– Sən bunlardan hansısan? – deyə ata qızından soruşdu və davam etdi:

– Həyatda bir problemlə qarşılaşdıqda necə “münasibət” göstərəcəksən?

Yerkökü kimi yumşalıb əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı? Yoxsa, qəhvə kimi başına gələn hər hadisənin həyatına yeni bir dad verməsinə çalışacaqsan? Qız atasının nə demək istədiyini başa düşmüşdü…

******************************************************

Bəhlul danəndənin gördükləri

 Bəhlul Danəndə bir gün Harun ər-Rəşiddən vəzifə istədi. Harun ər-Rəşid də ona çarşı-bazar ağalığını tapşırdı. Bəhlul dərhal işə başladı. Əvvəlcə çörəkçinin yanına getdi. Bir neçə çörəyi çəkdi, hamısı çəkisindən az idi. Çörəkçidən:

– Həyatından razısan, dolana bilirsənmi? – deyə soruşdu.

Çörəkçinin bütün suallara cavabı mənfi idi. Heç bir şeydən razı deyildi.

Bəhlul bir söz demədən oradan ayrıldı və başqa bir çörəkçinin yanına getdi. Orada bir neçə çörəyi çəkdi. Gördü ki, bütün çörəklər çəkisindən ağır gəlir. Eyni sualları ona da verdi və hər suala müsbət cavab aldı. Bəhlul oradan birbaşa Harun ər-Rəşidin yanına getdi və yeni bir vəzifə istədi. Harun ər-Rəşid:

– Bəhlul, sənə daha yeni vəzifə verdim. Nə tez bezdin? – dedi.

Bəhlul cavab verdi:

– Şahım, çarşı-bazarın ağası var imiş. Məndən əvvəl çörəkləri çəkib, tərəziləri yoxlayıb, hər kəsə də hesabını verib. Artıq mənə ehtiyac yoxdur.

***********************************************************************************

Hansı daha möcüzəvidir?

 Müəllim şagirdlərə “Dünyanın yeddi möcüzəsi”ni yazmağı tapşırmışdı. Siyahılar müxtəlif olsa da, ən çox adı çəkilənlər bunlar idi:

1) Misir Piramidaları,

2) Tac Mahal,

3) Böyük Kanyon,

4) Panama Kanalı,

5) Empayr Steyt Binası,

6) Müqəddəs Pyotr Sarayı,

7) Və Çin Səddi…

Müəllim cavabları yığanda bir qızın tərəddüd etdiyini gördü. Ona yaxınlaşıb bir çətinliyi olub-olmadığını soruşdu. Qız: “Əslində elə bir çətinliyim yoxdur, ancaq siyahıya salmaq üçün o qədər şey var ki, heç cür qərar verə bilmirəm”, – dedi. Müəllim: “Elə isə de görüm, siyahıya hansı yerləri salmaq istəyirsən? Bəlkə biz sənə kömək edə bilərik”, – deyə təklif etdi. Qız əvvəlcə duruxdu, sonra yazdığı siyahını oxumağa başladı:

1) Görmək

2) Eşitmək

3) Toxunmaq

4) Dadmaq

5) Hiss etmək

6) Gülmək

7) Və sevmək…

Sinifə dərin bir səssizlik çökdü…

P. S. Əslində həyatda “möcüzə” dediyimiz şeylər bizə qeyri-adi yox, adi görünən şeylərdir. Üstəlik, onları nə almaq, nə də satmaq olar…

****************************************************************************

 Maraqlı təcrübə…

 Qurbağanı götürüb qaynar suya atanda xilas olmağa çalışır. Ancaq ilıq suya atanda xilas olmaq barədə düşünmür. Üstəlik, suyun temperaturunu artırdıqca çox qəribə bir şey baş verir. Belə ki, temperatur artsa da, qurbağa heç bir reaksiya vermir. Əksinə, o “özündənrazı” bir təsir bağışlayır. Nəhayət, iş o yerə çatır ki, qurbağanın təcrübə qabından çıxmağa gücü qalmır. Halbuki, onun təcrübə qabından çıxmasına mane olan heç bir şey yoxdur. Ancaq buna baxmayaraq, qurbağa yenə də orada oturub “məlum sonu” gözləyir. Bəs səbəb?.. Əslində səbəb qurbağanın daxilindəki “təhlükələri qəbul edən cihaz”dadır. Sadəcə olaraq, bu “cihaz” qurbağanın ətrafındakı sürətli və ani dəyişikliklərə görə hesablanır, yavaş və tədrici dəyişikliklərə görə yox…

Əslində günahlarımız da belədir. Günahlarımız artdıqca “suyumuz qızır”. Əvvəlcə “özümüzdən razı” kimi görünsək də, müəyyən bir müddətdən sonra “sudan” çıxmağa gücümüz qalmır. Və artıq geriyə yol qalmır…

www.zerdab.com

1 comment

  1. Bu gun cox yorulmusdum.Zerdab saytini acdim.Cox deyisiklikler gordum/ sevindim.Oxudum ozumu cox rahat hiss etdim.Yazan elleriniz var olsun.Ugurlariniz o qeder bol olsun ki saymaqdan yorulasiz.

Comments are closed.