“Ailələr sərmayəni övladlarının təhsilinə qoymalıdırlar”

0
12520

Həmyerlimiz, Zərdab rayonunun Qoruqbağı kənd sakini, jurnalist Nicat İsmayılov gənclər və idman nazirinin müavini İntiqam Babayevdən müsahibə alıb. www.zerdab.com saytı həmin müsahibəni təqdim edir.

Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Gənclər Günü ərəfəsində gənclər və idman nazirinin müavini İntiqam Babayevlə söhbətləşib, gəncləri maraqlandıran bir çox suallara aydınlıq gətirdik. İntiqam Babayevin sözlərinə görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, bu istiqamətdə ölkəmizdə mühüm işlər görüləcək.

İntiqam müəllim, yəqin razılaşarsınız ki, bu gün bir çox gənclər ipoteka krediti götürmək istəsələr də, şərtlərin ağır olması səbəbindən ala bilmirlər. Hər kəsdə bir ümid var ki, ipoteka kreditlərinin verilmə şərtləri yumşaldılacaq. Bu barədə nə deyə bilərsiniz?

– Sosial ipotekanın verilmə qaydalarına güzəştlərin edilməsi nəzərdə tutulur. Azərbaycan İpoteka Fondu ilə birgə layihə hazırlayıb təqdim etmişik və çox güman ki, yaxın zamanlarda qəbul olunacaq. Orada nəzərdə tutulur ki, sosial ipotekanın məbləği artırılsın, eyni zamanda sosial ipotekanı ala biləcək insanların kateqoriyası genişləndirilsin. Burada bir nüans da var, biz təklif etmişik və istəyirik ki, sosial iptekadan təkcə gənc ailə yox, ümumiyyətlə, gənc yararlana bilsin. Yəni burada evlilik şərt deyil. Bundan başqa, gənc alimlərin yaş kateqoriyasını yüksəltmək niyyətindəyik.

 – Gənclərin sosial inkişafına dəstək baxımından başqa nə kimi layihələr var?

– Milli Məclisin Sosial siyasət daimi Komitəsinin maraqlı bir təşəbbüsü var və biz buna dəstək vermişik. Bu təşəbbüs gənclərin sosial inkişafına dəstək xarakteri daşıyır. Bu, ondan ibarətdir ki, gənclərin sosial inkişafı ilə bağlı ayrıca qanun qəbul edilsin. Bu qanun çox geniş profilli ola bilər. Orada məişət, asudə vaxtın dəyərləndirilməsi, ailədə olan övladların tərbiyəsi və s. bağlı çoxşaxəli məsələlər öz əksini tapa bilər. Ümumiyyətlə, bu kimi tədbirlər davamlı olacaq və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasından gənclər maksimum yararlanacaqlar.

– Bu yaxınlarda mətbuata maraqlı bir açıqlama verdiniz. Bildirdiniz ki, istedadlı gənclərin dəstəklənməsi məqsədi ilə Prezident mükafatı təsis olunacaq.

Bəli, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, gənclər üçün Prezident mükafatının təsis edilməsi nəzərdə tutulur. Nazirlik tərəfindən bunun əsasnaməsinin layihəsi hazırlanıb, müvafiq dövlət qurumlarına təqdim olunub və razılaşma mərhələsini keçib. Yaxın zamanlarda sənədin qəbul olunması gözlənilir.

– Prezident mükafatının nə kimi faydası olacaq?

– Bu, dövlətin elm, təhsil, mədəniyyət, ictimai sahədə fəaliyyət göstərən gənclərə əlavə sosial dəstəyidir və onların nailiyyətlərinə verilən qiymətdir. 10 min manat mükafat nəzərdə tutulub və düşünürəm ki, bu, kifayət qədər yüksək məbləğdir.

– Hər il neçə nəfərə bu mükafat təqdim olunacaq və seçimin şəffaflığı barədə nə deyərdiniz?

– Hər il 6 nəfərə qədər gəncə Prezident mükafatı təqdim ediləcək. Söz yox ki, burada seçim çox sərt olacaq. Çünki burada ən yaxşıların yaxşısı olmalıdır. Seçim komissiyasında müvafiq dövlət qurumlarının, eyni zamanda elm və yaradıcılıq təşkilatlarının nümayəndələri olacaqlar. Onlar qiymətləndirmə aparacaqlar və məhz bundan sonra ölkə rəhbərliyinə namizədlər təqdim ediləcək.

 – İntiqam müəllim, siz birbaşa gənclərlə işləyən bir nazirlikdə çox önəmli vəzifədə çalışırsınız. Son zamanlar gənclərin aksiyalarda iştirakı barədə nə deyərdiniz?

– Çox təəssüf edirəm ki, bu mövzudan sui-istifadə olunur. Orduda bir nəfər həlak olursa, ailədə yas varsa, buna görə hər bir Azərbaycan vətəndaşı üzülür. Amma hansısa qüvvələr var ki, hər zaman olduğu kimi, bundan özləri üçün xal qazanmağa çalışırlar, qarşıdurma yaratmaq, illərlə gərgin səy nəticəsində yaranmış inkişafı, stabilliyi pozmağa cəhd edirlər. Azərbaycanın yerləşdiyi regionun analizi də göstərir ki, ölkəmiz hər zaman diqqət mərkəzində olub. Seçki ərəfəsində bu qüvvələr daha da aktivləşirlər, onların yadına düşür ki, kiminsə evində problem var. Amma qalan vaxtlarda bu məsələlər yada düşmür. Bu, ya daxildəki, ya da xaricdəki qüvvələrin istəyi ilə baş tutur və seçki ili olduğu üçün bu il belə təxribatların daha çox olacağını ehtimal etmək olar. Hər bir ölkənin inkişafı stabillikdən, dövlətinin iqtisadi qüdrətindən asılıdır. İqtisadi qüdrət isə ictimai, siyasi sabitlik olmayan ölkədə mümkün deyil. Bu gün Azərbaycan gərginlik içində yaşan dünyada bir stabillik oazisinə bənzəyir, bunu qorumaq lazımdır.

Gənclərimiz dövlət tərəfindən onlara yaradılmış şəraitdən istifadə etməlidirlər. Gənclər kifayət qədər bilik əldə etsinlər, əmək bazarında, cəmiyyətimizdə rəqabətə davamlı olana qədər özlərini inkişaf etdirsinlər.

Əlbəttə, cəmiyyətimizdə problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün dövlətin siyasəti var. Qoy gənclər özləri bu problemləri aradan qaldırmaqda bizə yardımçı olsunlar. Bəli, çox təəssüflər ki, yerlərdə bu gün də məsuliyyətsiz məmurlarımız var. Onlarla mübarizə gedir. Bu gün dövlətimizin rəhbəri tərəfindən müvafiq qanunlar qəbul olunur. Bu gün korrupsiya ilə mübarizə gedir və biz gənclərə təklif edirik ki, bu işdə dövlətə dəstək olsunlar.

 – Hər zaman açıqlamalarınızda gəncləri elmə, təhsilə, biliyə səsləyirsiniz. Bu, sizin vəzifə borcunuzdur, yoxsa içinizdən gəlir?

– Hər ikisi var, ancaq mən bu məsələlərə, ilk növbədə, bir vətəndaş kimi yanaşıram. Deyək ki, bu gün bir bazar var. Mən bazarı yaxşı mənada deyirəm. Bazarda bir insan gətirib meyvə-tərəvəz satır. Bilikli insanlar isə bazarda öz intellektlərini satırlar. Nə baxımdan satırıq: bilik əldə edirsən və bazara təqdim edirsən, yəni işə götürənlərə və yaxud müəssisələrə. Əgər sən bu əmək bazarında rəqabətə davamlısansa, dözümlüsənsə, sənin mütləq bir işin olacaq. Bu gün yaxşı bir çilingər ol, işin var. Mümkün deyil ki, sən yaxşı çilingər olasan, amma iş tapa bilməyəsən. Ola bilər ki, kimsə çilingərliklə bağlı kurs bitirib, amma əlindən bir şey gəlmir. Deyir mən çilingərəm, mənə iş yoxdur. Bu, digər ixtisas sahiblərinə də, hər kəsə aiddir.

– Övladların savadlı böyümələrində valideyn tərbiyəsi önəmli rol oynayır…

Əlbəttə. Şükürlər olsun, belə valideynlər var və onlar düşünürlər ki, mən uşağıma bahalı geyim, maşın almaqdansa, dəbdəbəli həyat təklif etməkdənsə, həmin pulu onun təhsilinə yatırım ki, cəmiyyətimiz üçün savadlı bir kadr kimi yetişsin, getsin xaricdə təhsil alsın, əlavə təhsil, bilik sahibi olsun və s. Yəni biz çalışmalıyıq ki, belə valideynlərin sayı çox olsun. Çünki bu gün Azərbaycanda mövcud olan işsizliyin səbəbi o deyil ki, iş yeri yoxdur, odur ki, sabahın tələbəsi ixtisas seçdikdə nə özü, nə onun valideynləri əmək bazarını monitorinq eləmir ki, bu gün nəyə tələbat var. Gedir dəbdə olan fakültəni seçir. Bundan əlavə, təhsil müəssisələrində biliyin tətbiqetmə metodlarını da öyrətmək lazımdır. Savadlı olmaqla yanaşı, həmin biliyi tətbiqetmənin yolları da öyrədilməlidir.

– Gənclərimizin iddiası ildən-ilə böyüyür. Məsələn, mən bu yaxınlarda qəzetimizdə bir sosial yazı yazmışdım. Mövzu gənclərin maaş istəkləri ilə bağlı idi. Söhbətləşdiyim gənclərin əksəriyyəti 1000 manatdan yuxarı maaş istəyirdi…

– Bu, tək bizə aid deyil. Mən dünyanın bir çox ölkələrində olmuşam. İtaliyada da, Fransada da gənc hesab edir ki, ona təqdim olunan iş və ya verilən maaş uyğun deyil. Yəni iş çox tələb edirlər, maaş az verirlər. Bunu fransız da deyir, italyan da deyir, azərbaycanlı da deyir. İş verən, işə götürən isə fikirləşir ki, yox, mən tələb etdiyim işə görə kifayət qədər maaş verirəm.

Bu gün adam var ki, evdə oturub işləmir. Ona 300-400 manat maaşı olan iş təklif edilir. Bu da deyir ki, azdır. Yaxşı, sən evdə oturmaqla bu 300-400 manatı da ala bilmirsən axı. Sən bu maaşla başla, çalışdığın müəssisədə mütləqdir ki, maaş da artacaq, özünü göstərərsən, sənə başqa bir mövqe təklif olunar. Lakin sən evdə otur və gözlə ki, nə vaxtsa sənə 3000-4000 manat maaş veriləcək. Bu, olmayacaq. Nə bizdə, nə Amerikada, heç bir yerdə. İşləmək lazımdır. Mümkün deyil ki, cəmiyyətdə bütün təbəqə bərabər olsun. Dövlətin vəzifəsi odur ki, qanunvericilik bazasında o şəraiti yaratsın, amma insan o şəraitdən necə istifadə edəcək, artıq onun özündən asılıdır.

Mən regionlarımızdan misal gətirmək istərdim. Götürək, kənd təsərrüfatını. Başa düşürəm ki, problemlər var. Kənd yerlərində insanlara torpaq bərabər paylanılıb, kimsə əziyyətə qatlanır, öz qonşusu ilə, qohumu ilə, yerlisi ilə birləşir və təsərrüfat yaradır, texnika alır və s. Amma elə adam da var ki, həmin torpağı  satır, bir dənə maşın alır, gəlir Bakıya taksiçilik edir və başlayır həyatdan şikayətlənməyə. Burada söhbət, birinci növbədə, insanların maarifləndirilməsindən, şüurunun artırılmasından gedir.

– Qeyd etdiniz ki, ailələr, birinci növbədə, övladlarının təhsilinə önəm verməlidirlər. Bəs belə düşüncəyə sahib olan ailələrimizin sayının çox olması üçün nə etməliyik?

– Bu, çox çətin məsələdir. Yəni biz gəncləri, gələcək ailələri maarifləndirə bilərik. Amma bu gün ailələr, orta yaş təbəqəsi var ki, onlar da bizə dəstək verməlidirlər, öz ailələrində olan gənclərə, övladlara düzgün tərbiyə verməlidirlər, burada problemimiz var və biz yalnız onları çağıra, dəvət edə bilərik. Biz bu işi qanunla tənzimləyə bilmərik, əmr verə bilmərik, müdaxilə edə bilmərik. Reallıq budur ki, uşaq, yeniyetmə gününün yarısını məktəbdə keçirirsə, yarısını da evində keçirir.

Orada nə eşidirsə, nə tərbiyə görürsə, onu da seçir. Əgər evdə valideyn övladına düzgün istiqamət vermirsə, peşə seçimində, təhsil seçimində düzgün yol göstərmirsə, daha çox dəbin dalınca qaçırsa, başqa həyata meyil göstərirsə, aydın məsələdir ki, uşaq da onu görüb formalaşır. Buna görə də valideynlərin üzərinə çox böyük iş düşür. Biz çalışırıq gənclərlə iş aparaq ki, onlar ailə qurmamışdan qabaq o düşüncəyə malik olsunlar. Elə bir ölkə və cəmiyyət göstərə bilmərik ki, orada problem yoxdur. Düşünürəm ki, bu cür maarifləndirmə yolları ilə gələcəkdə bu kimi məsələlərin həllində daha böyük irəliləyişə nail olacağıq.