Cəmiyyətimizdə yeni oyanış var

1

 

 

Həyat dərsi

Cəmiyyətimizdə xeyirxahlıq, insanpərvərlik baxımından yeni oyanış var

Biz azərbaycanlılar ta qədim zamanlardan xeyirxahlığı, yaxşılığı, savab işləməyi öz ruhumuzda, canımızda, qanımızda hiss etmişik. Böyüklü-kiçikli hamımız yaxşılıq edəndə özümüzü mənən rahat bilmişik. Bu isə bizim genimizdən, kökümüzdən gəlir, yəni bu günün, dünənin işi deyil. Yaxşı əməldən törəyən hissləri sözlə ifadə etmək mümkün deyil. Tutaq ki, bir insan üçün yaxşılıq eləmisən və o sənin bu hərəkətindən müsbət mənada hədsiz dərəcədə məmnun olub. Sənə təşəkkür, dua edir. O insandan, o yerdən ayrılıb evə gəlirsən. Dünya sənə əvvəlkindən daha gözəl, daha mənalı, daha təsirli görünür. Elə bil insanların sənə baxışı da dəyişir. Halbuki onları, o sifətləri belə görməyinin bir səbəbi də sənin içindəki dəyişiklikdir, müsbət hisslərdir. İşlədiyin yaxşı əməlin xoş təsiri bütün içini sarır, az qala, quş olub uçmaq istəyirsən…

Buyur, ağsaqqal, buyur

Avtomobili saxlayıb yolu keçmək istəyən piyadaya yol verirsən. Piyada necə xoşhal olursa, sənə təşəkkür etmək üçün yolun tən ortasında əlini sinəsinə qoyub, az qala dizinə qədər əyilir. Sən də bu halından məmnun olaraq sükan arxasında başını əyib, qarşılıqlı “çox sağ ol” bildirirsən. Piyada keçib gedir, sən də məmnun halda yoluna davam edirsən. Bundan gözəl nə ola bilər?! Əksini adam heç düşünmək də istəmir.

Buyurun, gəlin oturun

Avtobusda və ya metroda gedirsən. Dayanacaqda içəri bir xanımın, yaxud yaşlı bir insanın daxil olduğunu görən kimi, heç o sənə yaxınlaşmamış ayağa qalxırsan. Həmin adam sənə təşəkkür edib, yerində əyləşir. Əgər sənin əlində ağır bir çanta və ya əşya varsa, bu yaxşılığının qarşılığı olaraq, onu əlindən alıb qucağında saxlayır. Hətta bunu etməsə belə, sən halından məmnunsan. Çünki yaxşılıq etmisən, savab iş görmüsən. Deyək ki, uzun bir yolu ayaq üstə getməyin səni qətiyyən yormur, əksinə, özünü çox rahat hiss edirsən. Halbuki həmin adam gəlib sənin başının üstündə dursaydı və sən ona yer verməsəydin, oturmuş olsaydın belə, yorulacaqdın. Çünki mənən əzab çəkəcəkdin.

Gəl, dayı, gəl səni yoldan keçirim

Yolu keçmək istəyən qoca sənə ağız açmır, amma çox narahatdır. Çünki yaşlı olduğu üçün hər hansı təhlükə yaranacağı təqdirdə, ani reaksiya verə bilməyəcəyindən qorxur. Üstəlik, gözü yaxşı görmədiyi üçün məsafəni yaxşı dəqiqləşdirə bilmir. Yaxınlaşıb salam verdikdən sonra qoluna girirsən. Fürsət düşən kimi qocanı yolun bu tərəfindən o biri tərəfinə keçirirsən. Qoca dayanıb sənə bir xeyli dua edir, təşəkkürünü bildirir. Sən yenə də halından məmnunsan…

O, balalarına çörəkpulu,sən isə savab qazanırsan

Uzun müddətdir iş axtaran bir tanışın var. Onun savadlı, vicdanlı biri olduğunu bilirsən. Heç bircə dəfə də olsun, sənə bu işlə bağlı ağız açmayıb. Dost-tanışdan, qohum-əqrəbadan eşitmisən. Getdiyin yerdən, görüşdüyün insanlardan belə bir işçiyə ehtiyac olduğunu eşidirsən və bu işdə vasitəçi olursan. O insan işə düzəlir, balalarına çörəkpulu qazanır, sən isə savab yiyəsi olursan…

Süfrə açıb qonşunuzu dəvət edin

Qonşunuzda kasıb bir ailə yaşayır. Bu ailədə ay ərzində bir-iki dəfə ət yeməyi yeyilər, ya yeyilməz. Həyat yoldaşına təklif edirsən ki, bazarlıq edək, imkan daxilində kiçik bir süfrə açıb, onları qonaq dəvət edək. Bir gün öncədən özlərini də xəbərdar edirsən. Təzə olmasa da, köhnə geyimlərini səliqəli hala salıb, uşaqlarla birgə sizə qonaq gəlirlər. İmkan olsa, uşaqlara kiçik bir hədiyyə də ala bilərsiniz. Olmazsa olmasın, şərt deyil. Əsas odur ki, bu insanlar nəvaziş görsünlər, yeyib-içsinlər və etdiyiniz söhbətlərdən könülləri xoş olsun. Yox, əgər onları evinizə dəvət etmək imkanınız yoxdursa, o zaman yüngülvari bazarlıq edib, yoldaşınızla onlara göndərə bilərsiniz…

Biz yardım etsək, o gəncin təhsili yarımçıq qalmaz

Bu gün ətrafımızda kifayət qədər imkansız ailələr var ki, övladlarını oxutdurarkən maddi sıxıntı çəkirlər. Ya övladlarının kirayə pulunu, ya da aylıq xərclərini ödəyə bilmirlər. Tələbə valideynlərini çıxılmaz duruma qoymamaq üçün xərclərini maksimum səviyyədə azaldır. Amma ailə yenə də sıxıntı çəkir.

Azdırmı ətrafımızda ailəsinin imkansızlığın üzündən təhsilini yarımçıq qoyanlar? Halbuki birimiz hər ay 10, birimiz 5, digərimiz 20-30 manat yardım etsək, o gəncin təhsili yarımçıq qalmaz. Əslində o ailəyə verəcəyimiz 5-10 manatla biz nə kasıb olan deyilik, nə də acından ölənik. Bəli, razıyam ki, bu barədə kiməsə desək, o saat cavab verər ki, ayıbdır, ayda 5 manat yardım etmək istəsəm, mənə gülərlər və s. Belə deyil. Söhbət ondan gedir ki, belə düşündüyümüzdəndir ki, bir çoxları təhsilini yarımçıq qoyur. Sən əlindən nə gəlirsə, imkanın nəyə çatırsa, yaxşılığını elə. Əmin ol ki, sabah bir başqa imkanlı adam sənin bu yaxşılığını görüb, bəlkə 30, bəlkə də 50 manat yardım ayıracaq. Edilən heç bir yaxşılıq boşuna getmir…

“Səni Allah göndərib ki, bu dünyanı gözəlləşdirəsən”

Şükürlər olsun ki, son illər yaxşılıq etmək anlamında cəmiyyətimizdə bir oyanış, bir hərəkət var. Aydınlığa Doğru Milli Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli “qaranlıqdan şikayətlənmə, bir şam da sən yandır” fikrinə hər zaman sadiq olduğunu bildirir və deyir ki, cəmiyyətimizdə bu fikir hakim olarsa, bir dənə də problem qalmaz. Əslində bu fikirdə həqiqətən də, böyük bir həqiqət var: “Çünki öz-özünə şikayətlənməklə heç nə əldə etmək olmur. Əksinə, hansısa faydalı bir iş görmək lazımdır. Cəmiyyət fərdlərdən ibarətdir və əgər bu gün cəmiyyətdə böyük problemlər yaşanırsa, o, fərdlərin ayrı-ayrılıqda qüsurudur. Hər kəs özündən, ailəsindən, yaxın ətrafından başlamalıdır. İnsan özünə sual verməlidir ki, mən bu dünyaya niyə gəlmişəm, bu dünyada nə etməliyəm, sonra hara gedəcəyəm? O bu sualların cavabını tapa bilsə, inanın ki, istənilən vəziyyətdən, istənilən situasiyadan çıxa bilər. Həmin sualı verən insan bilməlidir ki, onu bu dünyaya Allah göndərib. Gəlib ki, bu dünyanı gözəlləşdirsin. Gedəcəyimiz yer də yenə Allah tərəfədir. Buna görə də həmişə yaxşılıq etməliyik. Şükür ki, cəmiyyətimizdə ildən-ilə bu cür düşünənlərin sayı artır. Biz indi özümüzə qayıdış yolundayıq”.

“Cəmiyyətimizdə bir oturuşma formalaşır”

Yaxşı əməllərin, yaxşılığın təbliğində, təbliğatında telekanallarımızın, medianın da üzərinə böyük işlər düşür: “Sovet rejimi qüsurlu olsa da, qapalı məkan idi. Ona görə də burada yad təsirlər az idi. Rejim özünü qorumaq xətrinə olsa belə, xalqların dostluğu, əməyin tərənnümü, mehribanlıq kimi dəyərləri təbliğ edirdi. Mən həmin dövrdə Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərirdim. Hazırlanan verilişlərdə bir damla olsa belə, qan efirə verilmirdi, zorakılıq, əxlaqsızlıq götürülürdü. Həmin rejim dağıldıqdan sonra Azərbaycanda da bir boşluq yarandı. Üstəlik, müharibənin yaratdığı sosial və mənəvi çətinliklər insanlarımızda mənfi izlər buraxdı. Lakin illər ötdükcə, cəmiyyətimizdə bir oturuşma formalaşır və belə deyək, insanlarımızda yavaş-yavaş əvvəlki hisslər, müəyyən problemlər səbəbindən üzə çıxara bilmədikləri duyğular yenidən özünü büruzə verməyə başlayır və bu, sevindiricidir. Bu mənada cəmiyyətimizdə xeyirxahlıq, doğmalıq, bir-birinə bağlılıq baxımından oyanış var. Mən inanıram ki, illər ötdükcə bizlər bunun daha qabarıq şahidi olacağıq”.

Həmyerlimiz Nicat İntiqamın bu yazısı fevralın 6-da “Zaman” qəzetində dərc olunub.

1 comment

  1. kimese komek etmek yarim etmek kimese el tutmaq kiminse qaydina qalmaq ona el tutmaq atasiz anasiz imkansiz korpelere yardim etmek her kisinin isi deyil er kisinin isidir

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nine − one =