“Əkinçi” və Zərdabi irsi milli məfkurə qaynağıdır

0

Böyük maarifçi demokrat, təbiətşünas, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzetimiz “Əkinçi” (1875-1977) Azərbaycan fikir tarixində mühüm yer tutur. Xalqımızın mədəniyyət tarixində əlamətdar hadisə olan “Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası qoyuldu. Qəzet maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi.
Az vaxt ərzində qabaqcıl fikirlər mərkəzinə çevrilən qəzetin ətrafında toplanmış böyük realist və mütəfəkkir yazıçı Mirzə Fətəli Axundov, maarifpərvər şair Seyid Əzim Şirvani, dramaturq Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, publisist Əhsənül-Qəvaid, Ə.Heydəri və başqaları yenilik uğrunda və hər cür gerilik hallarına qarşı mübarizə aparırdılar. Qəzet “maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” şüarını bütün fəaliyyəti üçün məramnamə kimi qəbul edib, sonadək bu ideyaya sadiq qalmışdı.
Görkəmli alim-jurnalist Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr edilən “Əkinçi” də mövcud cəmiyyətin bir çox mühüm məsələlərinə toxunulur, həmçinin məktəb və ədəbiyyat problemlərindən bəhs olunurdu. Həsən bəy “Qələmin vəzifəsi doğru sözü yazmaqdır”, “Hər vilayətin qəzeti o yerin aynasıdır” meyarı ilə əsl xalq qəzeti, milli söz tribunası yaratmağa nail ola bildi. Qəzet zamanın tələbləri səviyyəsində dayanaraq öz səhifələrində maarifçilik ideyaları təbliğ edir, həyatı daim dəyişməkdə, irəli getməkdə görür, xalqı tərəqqiyə səsləyirdi.
Parlaq ideyalar yayan qəzetin, onun mükəmməl biliyə və geniş dünyagörüşə malik naşiri və redaktoru Zərdabinin tükənməz irsi əbəs deyil ki, milli məfkurə, sivil, mədəni quruculuq qaynağı kimi, müxtəlif elm sahələrində çalışan tədqiqatçıları – filosofları, iqtisadçıları, jurnalistləri, filoloqları və başqalarını daim maraqlandırmışdır. Bir sıra tədqiqat əsərlərində Zərdabinin ictimai-siyasi mövqeyi şərh edilmiş, onun fəlsəfi, təbii elmi görüşləri, cəmiyyətə münasibəti və s. məsələlər aydınlaşdırılmışdır.
Həsən bəy Zərdabinin mənalı həyatını, çoxşaxəli fəaliyyətini xalqa çatdırmaq sahəsində onun həyat yoldaşı Hənifə xanım Məlikovanın “Həsən bəy Məlikovun tərcümeyi-halı” və ədəbiyyatşünas, pedaqoq Fərhad Ağazadənin (Şərqli) (“Azərbaycan mətbuatının 50 illiyi”) xidmətləri danılmazdır. Həsən bəy Zərdabi irsini ilk dəfə geniş tədqiq edən professor Heydər Hüseynovun ciddi axtarışları təqdirəlayiqdir. O, Həsən bəyin həyat və fəaliyyətinə dair qiymətli əsər yaradan filosofdur. Görkəmli alim “XIX əsr Azərbaycan fəlsəfi və ictimai fikir tarixindən” adlı monoqrafik kitabının iri fəsillərindən birini Zərdabiyə həsr etmişdir. O, alimin irsinin tədqiq olunması zərurətini qeyd edərək yazmışdır: “Azərbaycanda ictimai fikir inkişafının tarixi yazıldıqda onun ən parlaq səhifələrindən birini xalqımızın fəxri olan Həsən bəy Zərdabi tutacaqdır. Bu böyük cəmiyyət xadimi, maarifçi, mütəfəkkir şəxsiyyət, xüsusi tədqiqə layiqdir”.
Fəlsəfə elmləri doktoru, professor M.Qasımov, professor Z.Göyüşov, professor İzzət Rüstəmov və başqa alimlərin tədqiqatlarında da Zərdabi irsi geniş şərh edilmişdir.
Uzun illər Zərdabinin yazdığı əsərlər, məqalələr qəzet və jurnalların saralmış vərəqlərində qalmışdı. Bu ideya sərvətini toplu halda xalqa çatdırmaq mühüm vəzifələrdən idi. Ziyəddin Göyüşov bu işi müvəffəqiyyətlə yerinə yetirmişdir. O, Həsən bəyin rus və Azərbaycan mətbuatı səhifələrindəki elmi-kütləvi əsərlərini toplayıb iki kitab halında çap etdirmişdir. Bu əsərlərdə XIX əsrin ikinci yarısı və XX əsrin ibtidasında Azərbaycanın ictimai-siyasi mühiti, xalq kütlələrinin həyat tərzi geniş işıqlandırılmışdır. Hər iki kitaba tərtibatçı tərəfindən daxil edilən müqəddimə, qeydlər və lüğət əlavə vəsait kimi əhəmiyyətlidir.
Ziyəddin Göyüşovun “H.B.Zərdabinin dünyagörüşü” əsəri zərdabişünaslıq elminə qiymətli tövhədir. Səmərəli axtarışların bəhrəsi olan bu əsərdə maarifçi alimin dünyagörüşünün formalaşması, fəlsəfi, ictimai-iqtisadi baxışları, habelə etik görüşləri dərindən tədqiq və təhlil edilmişdir. Kitabın məziyyətlərindən biri də Zərdabi haqqında zəngin arxiv sənədlərindən, qəzet və jurnal məqalələrindən yaradıcı istifadə edilməsidir.
İ.Rüstəmovun “Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri”, Z.Məmmədovun “H.Zərdabi”, Ş.Məmmədovun “Zərdabinin dünyagörüşü” adlı əsərlər böyük alimin fikir dünyasının fəlsəfi əsaslarını, onun ictimai-siyasi baxışlarını geniş işıqlandırır.
Zərdabinin zəngin ideya irsi biologiya və iqtisad elmləri sahələrində çalışan alimlərin də tədqiqat obyekti olmuşdur. Biologiya elmləri doktorları H.Fərzəlibəyli, M.Axundov, iqtisad elmləri doktoru, professor A.Nəbiyev öz əsərlərində Zərdabinin təbiətşünaslıq və iqtisadi görüşlərini araşdırmışlar. Professor M.Axundovun “Həsən bəy Zərdabinin təbiətə aid əsərləri haqqında” kitabında alimin əsərləri ətraflı təhlil olunur. Professor Ə.Seyidovun “Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən” adlı kitabı alimin elmi-pedaqoji irsinin öyrənilməsi işində ciddi əhəmiyyətə malikdir.
H. Zərdabi irsi və publisistikanın inkişafında xüsusi yeri olan “Əkinçi” qəzeti filoloqlarımızın da böyük marağına səbəb olmuşdur. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının inkişaf yoluna nəzər salıb, iftixar hissi ilə yazırdı: “Zaqafqaziyadakı azərbaycanlıların ədəbiyyatının tədrisi inkişaf etdiyindən danışarkən onun inkişafına 70-ci illərdə nəşr olunan “Əkinçi” adlı Azərbaycan qəzetinin göstərmiş olduğu səmərəli təsiri qeyd etməmək olmaz”.
Xalq yazıçısı, akademik Mirzə İbrahimov özünün “Böyük demokrat” adlı kitabında “Əkinçi”nin meydana gəlmə şəraitindən bəhs edərək yazır: “Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılması və demokratikləşməsinə kömək edir”.
Professor Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan tarixi” kitabında “Əkinçi”nin nəşri və fəaliyyəti, ədəbi siması barədə verdiyi məlumat və fikirlər qiymətlidir. Professor Məmmədcəfər Cəfərov “Həsən bəy Məlikov Zərdabi” adlı məqaləsində maarifçi alimin elm və mədəniyyət tarixində göstərdiyi xidmətlərdən bəhs edərək yazırdı ki, Həsən bəy Zərdabi xalq səadəti yolunda çarpışan, el üçün yaşayıb-yaradan realist-demokrat bir alim, mübariz yazıçı olmuşdur. Xəlqilik həmişə onun siyasi-ictimai görüşlərinin əsasını təşkil etmişdir.
Zərdabi tədqiqatçılarından professor Sadıq Hüseynov “XIX əsrin qabaqcıl Azərbaycan yazıçıları cəhalət, fanatizm əleyhinə mübarizədə” adlı dissertasiyasında və bir sıra məqalələrində “Əkinçi”nin tənqidi realist ədəbiyyat uğrunda mübarizəsindən geniş bəhs edir. Azərbaycan ədəbi dilinin, publisistikanın inkişafında “Əkinçi”lərin rolu böyükdür. Qəzetin bu tarixi xidməti professor Ə.Orucovun “Əkinçi”nin dili mövzusunda yazdığı dissertasiyasında işıqlandırılmışdır. Burada qəzetin məzmunu və quruluşu, üslubu, imla tərzi, məqalələrdə işlənmiş əcnəbi sözlər, istilah yaradıcılığı və s. haqqında danışılır.
Qeyd edək ki, maarifçi-publisist haqqında oçerk, şeir və xatirələr də yazılmışdır. Yazıçı R.Məmmədov “Həsən bəy Zərdabi” adlı bioqrafik oçekrində alimin mənalı ömür yolunu bədii dillə qələmə almışdır.
Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və başqaları əsərlərində Zərdabinin xidmətlərindən dönə-dönə bəhs etmişlər.
“Əkinçi” Azərbaycan milli mətbuatının örnəyidir, sələfidir. Yuxarıda qeyd etdiyimiz kimi, Zərdabinin elmi irsi və onun nəşr etdiyi qəzet barədə tədqiqatçılar bir sıra əsər və məqalələr yazmışlar. Firudin bəy Köçərlinin, Salman Mümtazın, Feyzulla Qasımzadənin, Məmmədcəfər Cəfərovun, Mikayıl Rəfilinin, Əziz Mirəhmədovun, Abbas Zamanovun məqalələri bu qəbildəndir.
Ötən əsrin 60-cı illərində tədqiqatçı Sadiq Hüseynovun “Əkinçi”nin izahlı biblioqrafiyası, Vəli Məmmədovun “Əkinçi” qəzetinin göstərişi” kitabları nəşr olunmuşdur.
“Əkinçi”nin faksimilası nəşr olunandan sonra Zərdabi yaradıcılığına, ilk milli qəzetimizə maraq artmış, bir sıra kitab və məqalələr işıq üzü görmüşdür. Bu baxımdan əməkdar jurnalist Tahir Aydınoğlunun Zərdabi irsinə sevgisini xüsusilə qeyd etmək istərdim. O, ilk dəfə olaraq Hənifə xanım Məlikovanın rus dilində qələmə aldığı Zərdabinin bioqrafiyasını tam halda Azərbaycan dilinə çevirmiş, kitab halında çap etdirmişdir. Sonrakı illərdə Həsən bəy Zərdabinin “Təbiət və insan”, “Elm və həyat” məqalələr topluları onun tərtib və şərhilə çap olunmuşdur. T.Aydınoğlunun tərtibi ilə alimin “Bədəni səlamat saxlamaq düstürüləməlidir” gigiyena əsəri “Həsən bəy Zərdabi və “Əkinçi” sənədlər, məqalələr toplusu da işıq üzü görmüşdür. Tədqiqatçı jurnalistin bu təşəbbüsü Zərdabi irsilə indiki nəsil oxucuları tanış etmək baxımından gərəkli və diqqətəlayiqdir.
Görkəmli alim-publisist Həsən bəy Zərdabinin zəngin yaradıcılığı və çoşaxəli fəaliyyəti geniş və tükənməzdir.
Bununla belə görülən işin, aparılan tədqiqatların elmi məziyyətlərini qeyd etməklə yanaşı, Zərdabinin jurnalist-publisist fəaliyyətini tam şəkildə – bütün kökləri, rişələri, əlaqələri ilə vəhdətlə araşdırıb üzə çıxarmaq zəruri problem kimi həllini gözləyirdi. Bu işi bütövlükdə ilk dəfə bu sətirlərin müəllifi araşdırmışdır.
Maarifçi alimin zəngin yaradıcılığında, jurnalist publisist fəaliyyətində “Əkinçi” böyük və uğurlu bir mərhələdir. “Əkinçi” və Zərdabi irsi azərbaycançılığın və azərbaycanşünaslığın qiymətli qaynaqlarından biridir. Zərdabişünaslıq ildən-ilə inkişaf edir, milli oyanış və istiqlal məfkurəsi tariximizə töhfələrini artırır.

Vəli MƏMMƏDOV, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − three =