Heyrət, təəccüb və təəssüf və ya Əkrəm Əylisliyə açıq məktub

2
27
Jalə Əliyeva
Jalə Əliyeva.
Millət vəkili, filologiya elmləri doktoru

Böyük bir heyrət və təəccüb içərisindəyəm.

Əkrəm müəllim, siz bu əsəri niyə yazdınız, sizi kim və nə vadar etdi  kimliyinizi, keçmişinizi, yaşadıqlarınızı unutmağa?

Əsərin haqqında eşidəndə inanmadım. İnanmaq istəmədim ki, bir xalqın yazıçısı, həm də məşhur yazıçısı, kitabları minlərlə nüsxə çap olunan və oxunan yazıçısı, xalqından və dövlətindən bütün yüksək titulları alan, ən yüksək adlara layiq görülən bir yazıçısı öz xalqına, öz ölkəsinə, öz torpağına bu qədər dönüklük edə bilər, ona bu qədər nifrət edə bilərmiş.

Sonra əsəri oxudum. Oxuduqca hiss edirdim ki, içimdəki hayqırtı və üsyan bir yumruğa çevrilib ürəyimi sıxır. Oxuduqca kövrəlirdim, kədərlənirdim. Gözlərimin önünə gecənin qaranlığında isti evindən, yuvasından sərasər çıxıb ayaqyalın, başaçıq meşəyə üz tutan, şaxtalı qış gecəsi çöllərdə axıdılan qanıyla ağ qanın rəngini dəyişən minlərlə insan – diri-diri yandırılan, gözləri çıxarılan, min bir işgəncə ilə öldürülən qocalar, hamilə ananın qarnından yarılıb çıxarılan rüşeymlər, uşaqlarının gözləri önündə qurşunlanan analar, ərlərinin, qardaşlarının qarşısında namusuna toxunulan, alçaldılan qızlar, gəlinlər, onları qorumaq üçün özlərini düşmənin gülləsi önünə sipər edən oğullar gəlirdi.

Bəs ölmüş anasının döşünü səhərə qədər qarın altında əmən körpə? Birdirmi, ondurmu, yüzdürmü, yüz mindirmi onların sayı? Xeyr! Çoxdurlar, lap çox!  Milyonların – o qaranlıq, o qorxunc günlərin və gecələrin acısını, ağrısını, faciəsini şəxsən görüb yaşayan, öz yurdunda qaçqın və köçkünə çevrilən tam bir milyon iki yüz min azərbaycanlının və onların bu sonsuz iztirablarıyla üzülüb qəhr olan, əzilən altmış milyonluq bir xalqın kədəri yaşayır Azərbaycanın və təbii ki, dünyanın ən yeni  tarixinin səhifələrində.

Əkrəm müəllim, əgər yaddaşla bağlı bir problem yaşayırsınızsa, bir əsrdə dörd dəfə erməni iddialarının, hiyləsinin, acgözlüyünün qurbanı olan xalqımızın qanıyla yazılan tarixin bütün səhifələrini yenidən oxumanıza ehtiyac yoxdur. Elə təkcə Xocalını xatırlamağınız kifayətdir. Xatırlamaqda çətinlik çəkirsinizsə, yaddaşınızı təzələmək üçün sizə kömək edə bilərəm. Xocalı eynilə Şuşa kimi, Xankəndi kimi, Laçın kimi, Kəlbəcər kimi, Qubadlı kimi, Xocavənd kimi, Boğanis Ayrım kimi, …. özünüzün doğulub böyüdüyünüz Əylis kimi əzəli bir Azərbaycan şəhəri, qədim türk məskənidir.

Bu şəhərdə yaşayan insanlar məhz azərbaycanlı olduqları üçün, bir gecədə ermənilər tərəfindən ağlasığmaz bir vəhşiliklə qətlə yetiriliblər. Bütöv bir şəhər yerlə-yeksan edilib.

Mən bu faciənin öz bədii əksini tapdığı, faciəyə bütöv bir poemanın həsr edildiyi bir evdə yaşayıram. Xocalıdan gələn iniltili səslərin simfoniyaya çevrildiyi bir evdə yaşayıram. Mən bu əsərin hər sətrinin göz yaşları, titrəyişlər içərisində yazıldığı bir evdə yaşayıram. Bu əsər həmin gecə baş verənlərə bizim evimizdən yüksələn bir ağıdır, layladır.

Zülmün ərşə çıxdığı o gecədə Xocalıdan aldığımız qorxunc xəbərlər, orada yaşananlar hamımız kimi məni də nə qədər üzübsə, sizin həmkarınızın, anam Nurəngiz Günün o günlərdə qələmə aldığı “Xocalı Simfoniyası” poemasını, hadisələrin üstündən iyirmi il keçəndən sonra belə hər oxuduğumda bir o qədər alt-üst oluram.

O gecə uzaqda – Xocalıda baş verənlər haqqında Bakıda eşitdiklərimiz qorxulu nağıla oxşayırdı.

Hətta ən böyük bəla olan faşizm belə, həmin gecənin dəhşətləri və vəhşətləri qarşısında mat qalardı. Bəlkə yalandır deyə düşünürdüm, özümü sakitləşdirirdim.

Ancaq çox keçmədən ekranda alovlar içərisində yanan evləri, torpaqları görəndə, bu torpaqların üzərindəki cansız insan qalaqlarına baxanda, Çingizin ağlaya-ağlaya qarın içərisindən əyilib qaldırdığı, “çək, bunu çək” hayqıraraq, sadəcə, öz kamerasının deyil, bütün dünyanın önünə gətirdiyi artıq meyit olmuş, şaxtadan qaxaca dönmüş ayaqqabısız balaca qızcığazı görəndə nələr baş verdiyini anladım. Anladım ki, bu nağıl deyil.

Anladım ki, bu, yalan deyil. Amma bu  müharibə də deyildi, işğal da deyildi. Çünki müharibəni də, işğalı da insanlar edir, amma Xocalıdakı hadisələrin insanlıqla heç bir əlaqəsi yox idi.

Dözmək olmurdu. Bu insan qırğınına tab gətirmək olmurdu. Gözlərimin önündə o günlərdə qəzetlərdə dərc edilən təxminən dörd-beş yaşlarındakı, yan-yana uzanan və bir də heç zaman qalxmayacaq, həmişə elə bu yaşda, bu boyda qalacaq qıvrım telli, uzun kirpikli, balaca, yumru dizləri güllələrdən parçalanmış iki qızcığazın şəkli tez-tez canlanırdı. Dua edirdim ki,  heç olmasa bu iki balaca qızcığaz bir möcüzəylə qurtulmuş olsunlar. Elə bilirdim ki, onların yaşadığını öyrənsəm bu dərd məndə bir az azalacaq.

Bu səhnənin doğurduğu sonsuz kədər artıq mənim qanıma, canıma, qan yaddaşıma hopub. Və yaşadığım müddətcə bu kədər mənimlə yaşayacaq, məhz azərbaycanlı olduqları üçün məhv etdikləri, yox etdikləri, təhqir etdikləri, işgəncə etdikləri soydaşlarıma görə mənfur ermənilərə nifrət edəcəyəm.

Poemadan bir neçə parçanı əlavə edirəm. Bəlkə  bu misraları oxuyanda iyirmi beş ildir öz torpağında qaçqına çevrilmiş, öz yurdunda yurdsuz qalmış, öz vətənində həyatlarını, gələcəklərini itirmiş bir milyon iki yüz min günahsız insanın acı taleyini yenidən düşünər, bəlkə qəlbinizin ədalət tərəzisi işə düşər, bəlkə yaradanın ilahidən qələm əhlinə bəxş etdiyi həssaslıq və mərhəmət hissi sizin də ürəyinizə, beyninizə hakim olar deyə ümid edirəm.

***

Bəli, cahan!

O torpağın adı Məlul Xocalı!

Çəpəri qalın çəkilib…

Hə Rüzgar, hərdən soruşuram Ondan

xəyalən:

“-Xocam!.. Məğlubum!.. Necəsən?

Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi –

Bəd Qonşu?-

Drammatik “Yazıq Erməni” ilə

Məşhur “Qırmızı Qospodin?” –

O! Qospodi! Nə nazik əndişədə olmuşdur

Köhnə Sovet humanisti?-

Moto-atıcı daşıyan

kütləvi qırğın maşını?-

“Möhtəşəm” bir Alay!!!

***
Ah, mənhus düşüncə!

Necə yəni, Allah yaradanı sın,

Bir gecədə yox edəsən?!

Əhsən ,ey İnsan, əhsən,

Sən bu antik işinlə

Xirosima dəhşəti, Xatın faciəsini də

Çox-çox arxada qoydun!
***

Bəs əsir-yesirlər? Bir deyil, on deyil,

Min-mindir, yüz mindir əsirlər!

Sarsılan, əzilən həyatlar –

yüz min, yüz min,

yüz min, yüz min… yüz mindir!

***

Ah! Boğulur, cocuqlar,

Yorulur torpağın altında

Cocuqlar!

Əlləri, qolları yorulur…

Heç bir şey anlamır, Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

Cocuqlar bir təhər ovunar

Havasız…nəşəsiz…

Torpağın altında…

Ancaq ki, ana məməsi istəyir

körpələr torpağın altında!

Heç bir şey anlamır inqaaalar!..

İnqaaalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

***

Kilsə zəngləri çalxanır

beynində yenə də…

Nədən bu? Güc edir bu səs ona.

Gic edir…

İlahi! Sən Onu sakit et!

Gözlərində alov var,

Alov alışır Onun, bu ilahi Fosforun…

Bütün sümüklərində; Xocalı yanırmış,

Xocalı alovda… Of, allah, allah, allah.

Yorur Onu yeknəsəq yad ahəng!

O, bunu istəmir!

Səsləri səslərə qarışdırmaq istəmir!

Onun qulaqlarında

yerlə-yeksan olub qalmış

uşaqlarının səsi, yiyəsiz avazlar,

toz kimi, qum kimi ələnən

azan səsləri yaşayır!

***

İlahi! Kömək ol! O, təkdir!.. Anadır…

Tək qalıb… torpağın üstündə…

Biçarədir…

O elə köməksiz, elə müti ki!…

O, Ruhdur!.. Güc gəlib torpağa…

Gəlib ki,

Laylasını üst qatda oxusun!..

Gəlib ki,

Eşitsin Onu Dünya üst qatda!..

Onunla bərabər hönkürsün

bu məşum nağıla

İnsan olan bəşər də!…
Axı qalın yorğan çəkir,

Nəhəng faciə üstünə

Üst Qatlar!

***
Ah, göyərçin balaları neylədiz?

Neylədiz, Nəfəsləri? Əmilər!..

Hanı Səslərrr?!!…

Amma sərçə deyildi Onlar,

Əmilər!
***

Heç girirmi yuxunuza

sönən işıqlar, həyatlar,

lal baxan ləpirlər…

Üşüdürmü Sizləri hərdənbir

xərək-xərək Ölülər?

Təbəssümü qəfil kirimiş olan

Uşaqların məzlum pıçıltıları?

Əmilər!!!..

***

Ah, yetim baxır nəbatat…

O küknar hələ də ağlayır…

Yonur tökür saçlarını yoncalar,

o balaca qız üçün.

Çöl boyu qaçışan

“can gülüm can” oynayan uşaqlarçün

Darıxır yoncalar… ağaclar!

Bu ayrılıq felinə Sizsiniz günahkar,

Bəşəri Zalımlar!

***

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

Dü-şü-nünn!!!..

Dünya yalnız sizin deyil!

Düşünün!!!!!!

Düşünməyə çox dəyər!….

***

Ah, yetim baxır o Bağçabağ…

O qızın qıvırcıq tellərindəki

yaş danəciklərini…

parıltını…

danələri…axtarır…Bağçabağ!..

Ah, nə yazıq!…

***

İlahi! Sən Onlara rahatlıq ver…

Dönüb dolaşıb eyni sualları verirəm. Axı niyə? Səbəb nədir? Əkrəm müəllim, axı mən sizi ta uşaqlıqdan tanıyıram. Evimizdə adınız həmişə hörmətlə çəkilib. Əsərləriniz böyük kitab dolabımızın bəyənilənləri içərisində olub. Sizi həmişə sevə-sevə oxumuşam. Niyə belə etdiniz? Bu zərbəni öz xalqınıza niyə vurdunuz?

İşğal edilən, yandırılan, yox edilən torpaqlar sizin də deyilmi? Öldürülən, süngüdən keçirilən, işgəncə verilən, evləri dağıdılan, yağmalanan, təhqir edilən, iyirmi ildir çöllərdə, düzlərdə yaşayan o insanlar sizin də deyilmi? Nəhayət bu Vətən sizin də deyilmi?

Təəssüf, təəssüf, min dəfə təəssüf. Üzgünəm, çox üzgünəm. Sizin qələminizdən belə bir əsər çıxdığına görə. Üzgünəm, bu günə qədər ədəbiyyatımıza verdikləriniz haqqında ürəyimdən qopan tərifli, təmtəraqlı cümlələr yazmaq var ikən, bu son “qəhrəmanlığınız” üzündən sizə bu məktubu yazmalı olduğuma görə. Üzgünəm, evimizdə mənə verilən tərbiyəyə xilaf çıxıb özümdən böyük, atam yaşında bir insanı qınadığıma görə. Amma hisslərimə hakim ola bilmirəm, çox hiddətliyəm, qəzəbliyəm.

Düşünürəm ki, öz xalqınıza nəyə görə bu qara ləkəni yaxdığınızı, nə səbəbə bu böhtanı yaraşdırdığınızı bundan sonra etiraf etsəniz belə, çıxıb üzr istəsəniz belə, artıq faydasızdır, çox gecdir. Yazılan silinmir. Və bu yazdığınız da əsrlər keçsə belə, sizin adınızın üzərində ən ağır yük kimi qalacaq.

Ancaq nə qədər ki, gec deyil, heç olmasa haqq dünyasında şəhid ruhların əzab verməməsi üçün tövbə edin, onların sizi bağışlaması üçün dualarınızı əksik etməyin!

Jalə Əliyeva,
Millət vəkili, filologiya elmləri doktoru

2 ŞƏRH

  1. Ekrem Eylisliliye deyirem yaxsi ki eserleri hec oxumamisam. Bir adam ki oz Azerbaycan xalqini pisleye dusmenimizi terifleye neyinki onun eserini hec adini da tanimaq istemezdim. Yazirsansa eserinde oz vetenimiz haqqinda yaz.Yaz ki xocali faciesi ermeninin faciyesi yox, bizim faciemizdir. Yeqin ki, yadinan cixib nece azerbaycanlilarin faciesi olub, nece insanlarimiz sehid olub, nece insanlarimiz canlarindan, qanlarindan kecib dusmeni teriflediyinden oz heyatimizin faciesini yaz. ar olsun size oz xalqinin faciesini unudub dusmenlerini terifleyenlere.

  2. ————– —————- televizorda esidende dehsete geldim, istedim, urekden gelen fikirlerimi harasa catdirim. Cox sag olsun millet vekilimizi, men de fikirlerimi bildirdim.

Comments are closed.