Həmyerlimiz Baba Babayevin “Azərbaycan realist nəsrində satira” monoqrafiyası haqda…

0
27

Bu yazımızda həmyerlimiz, filologiya elmləri namizədi, dosent Baba Babayevin AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Elm” nəşriyyatında işıq üzü görən “Azərbaycan realist nəsrində satira” monoqrafiyasından bəhs edəcəyik. Monoqrafiyanın ən böyük məziyyəti ondan ibarətdir ki, müəllif tədqiqat obyekti kimi Azərbaycan ədəbiyyatında satiranın təzahür formalarının yaranmasından başlayaraq Sovet ədəbiyyatı ifadəsinin gündəliyə gəlməsinədək olan böyük bir dövrü əhatə edir.
Əsərlə tanışlıqdan sonra demək olar ki, filologiya elmləri namizədi, dosent Baba Maqsud oğlu Babayev qarşısına qoyduğu məqsədin öhdəsindən layiqincə gələ bilib. Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun elmi redaktorluğu, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin və filologiya elmləri namizədi Dilarə Məmmədovanın rəyi ilə işıq üzü görən tədqiqat əsərində Azərbaycan realist nəsrində satiranın təşəkkülü, inkişaf mərhələləri və problemləri (1920-ci ilə qədər) öz əksini tapıb. Qeyd edilən dövrdə yaşayıb yaratmış Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Süleyman Sani Axundov, Sultan Məcid Qənizadə, Tağı Şahbazi, Seyid Hüseyn, Qantemir və başqa yazıçıların satirik əsərlərindəki sənətkarlıq məsələləri geniş şəkildə araşdırılıb, özünəməxsus elmi nəticələr əldə edilib.
Təbii ki, əvvəlcə bu yazıçılara qədər olan dövrdə həm şifahi, həm də yazılı ədəbiyyatdakı satira elementlərinə yetərincə yer ayrılıb. Müəllif yazır: “Azərbaycan ədəbiyyatı janr, növ, üslub, formaca zəngin olduğu kimi, satirik obraz və xarakter, komik situasiyalar, yumoristik pafos, komizmin ifadə vasitələri və üsulları baxımından da müxtəlif çalarlıdır. Satirik motivlərə və pafosa folklordan, dastanlarımızdan, aşıq şeirindən, “Kitabi-Dədə Qorqud”dan üzü bəri Molla Nəsrəddin lətifələrində, Danəndə Bəhlul deyimlərində, eləcə də Nizami, Füzuli kimi klassiklərin yaradıcılığında da rast gəlirik. Lakin XIX əsrdən başlayaraq XX əsrin əvvəllərində satira tam formalaşaraq ən yüksək mərhələyə çatıb. Ən kəskin satirik əsərlər də məhz bu dövrdə meydana gəlib”.
“Satiranın ideya-estetik prinsipləri və qaynaqları” adlı I fəsildə həm dünya, həm də Azərbaycan klassiklərinin satira və gülüş haqqında mülahizələrindən, komiklik, istehza, sarkazm elementlərinin satiradakı yerindən, eləcə də milli ədəbiyyatımızdakı satira və gülüş ənənələrindən söhbət açılır. “Azərbaycan realist satirik nəsrinin təzahür formaları və yeni inkişaf mərhələsi” adlı II fəsildə isə satiranın təzahür formaları ilə yanaşı, satirik nəsrdə M. F. Axundov ənənələri, “Molla Nəsrəddin” məktəbinin satirik nəsrin inkişafına təsiri, eləcə də bədii nəsrdə satiranın çalar və özünəməxsusluqları tədqiq edilib. “Bədii nəsrdə satira və gülüşün poetikası” adlı III fəsildə tədqiqatlar nisbətən ümumiləşdirilir. Komikliyin və gülüş üsullarının mahiyyətində ideya, mövzu və süjetin oynadığı roldan söz açılır, obrazın yaratdığı gülüşlə situasiyanın komikliyi fərqləndirilir, hekayələrdəki bədii, satirik detalların mahiyyətinin açılması istiqamətində mülahizələr irəli sürülür. Qeyd edək ki, bu mülahizələrin irəli sürülməsi, elmi nəticələrin əldə edilməsi üçün müəllif uzun illər çalışıb, 300-dən çox mənbədən bəhrələnib. Kitab tələbələr, gənc tədqiqatçılar və ümumiyyətlə, ədəbiyyatla maraqlanan hər kəs üçün dəyərli çap məhsuludur.
Qeyd edək ki, filologiya elmləri namizədi, dosent Baba Babayev 1952-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində dünyaya gəlib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qabaqcıl maarif xadimi”dir. “Abdulla Şaiqin bədii nəsri” (1999), “Ədəbi söz qalacaq” (2006) monoqrafiyalarının, “Qalacaqdır dünyada” (2001), “Nur çeşməsi”(2003), Abbas Səhhətin və Abdulla Şaiqin əsərlərindən ibarət “Azərbaycan ədəbiyyatı” (tərtibçi və ön sözün müəllifi) kitablarının müəllifidir. “Azərbaycanın realist nəsrində satira” monoqrafiyası alimin altıncı əsəridir.