Pərvin Mahmudova: “Mübariz şücaəti ilə gəncliyimizə başucalığı gətirdi”

1
24

Doğum günü münasibəti ilə fevralın 7-də Zərdab rayonundan bir qrup nümayəndə heyətinin Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etməsi barədə məlumat vermişdik. Qeyd edək ki, mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və bir qrup YAP fəalı da iştirak edib. Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb, mərhumun ruhuna dualar verilib, onun keçdiyi şərəfli ömür yolundan danışılıb.

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova səfər təəssüratlarını www.zerdab.com saytı ilə bölüşdü: “Mübariz İbrahimov öz şərəfli ölümü ilə, qəhrəmanlığı ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Mübariz bu şücaəti ilə Azərbaycan gəncliyinə başucalığı gətirdi”.

Pərvin Mahmudova dedi ki, Mübariz İbrahimov kimi oğullar, qəhrəmanlar bir evdə böyüsələr də, sonradan göstərdikləri igidliyə, qəhrəmanlığa görə, bir xalqın, millətin oğlu, fəxri olurlar: “Bu gün Azərbaycanda Mübariz İbrahimova çox böyük sevgi var. Azərbaycanımızın hər yerində, o cümlədən, Zərdab rayonunda da onu çox sevirlər. İstənilən insan onunla bağlı ürək dolusu danışmağa hazırdır. Mübariz 22 yaşında bir gənc olaraq şəhidlik məqamına yüksəlib. Bu yüksək pilləyə, məqama hər kəs ucala bilmir. Atalar deyir ki, “İgid ölər, adı qalar”. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixdə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamasından sonra igid Mübarizimizin adı tarixə həm də “Azərbaycanın Milli Qəhrəmanı” kimi düşdü. Mən inanıram və əminəm ki, bu gün Azərbaycanımızda, eləcə də bizim Zərdab rayonumuzda Mübarizin yolunu davam etdirəcək minlərlə gənc var və yetişməkdədir. Onlar Mübarizin davamçısıdırlar. Allahdan Mübariz İbrahimova rəhmət diləyirik. O, hər zaman bizim könülümüzdə, ruhumuzdadır. Azərbaycan xalqı onu hər zaman sevgi və rəğbət hissi ilə anacaq”.

www.zerdab.com

Pərvin Mahmudova

1 comment

  1. Artıq üçüncü ildir ki,zərdablı gənclər fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Fəxri Xiyabandakı məzarını ziyarət etməklə sanki özlərinin mənəvi bir vətəndaşlıq borcunu yerinə yetirirlər.Bu il həmin qrupla YAP Zədab rayon təşkilatının sədri Pərvin Mahmudovanın da Fəxri Xiyabana gəlməsi məndə ən gözəl duyğular yaratdı.Hesab edirəm ki, bu YAP Zərdab rayon təşkilatına yenicə rəhbərlik etməyə başlayan Pərvin xanım tərəfindən çox dəyərli bir jestdir.

Comments are closed.