Qədimdə Zərdab ərazisində Bərzəng, Suffin, Yasər adlı şəhərlər olub

1
41

Qədim zamanlarda Zərdab rayonunun ərazisində bir neçə iri yaşayış məntəqəsi və şəhərlər mövcud olub. Təəssüf ki, bu gün bir çoxumuz bundan xəbərsizik. Xüsusən də gənc nəsil. Bu yazımızda Zərdab rayonunun ərazisində bir zamanlar mövcud olmuş, indi isə yalnız adı qalan 3 böyük şəhər – ticarət mərkəzi barədə məlumat verəcəyik.

Bunlardan birincisi Bərzəng şəhəridir. Bu qədim şəhərin adı mənbələrdə bəzən Bərzənc, Bərzənd və yaxud Bərdic kimi çəkilir. Tarixi faktlardan belə məlum olur ki, indiki Zərdab ərazisində mövcud olmuş bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən biri imiş. X-XIII əsrlərdə bu şəhərə uzaq-uzaq ellərdən alış-verişə gələrmişlər. Bu şəhər tacirlərin qazanc yerlərindən biri imiş. O da qeyd olunur ki, həmin dövrdə bu şəhərin adı Təbriz, Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş. Bərzəng şəhəri Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur.

Zərdab rayonunun ərazisində mövcud olmuş digər iri şəhərlərdən biri də Suffindir. Suffin Zərdab ərazisində böyük ticarət mərkəzi hesab edilən şəhər olub. Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanır. Bəzi mənbələrə görə, Üveys-ƏL-Qərani (Veyis baba) bu döyüşdə dünyasını dəyişib. Qəbri də elə burada böyük pir kimi ziyarətgaha çevrilib. Qeyd etdiyimiz kimi, Suffin o dövrün əsas ticarət mərkəzlərindən biri imiş. Burada fəaliyyət göstərən bazarda minlərlə insan çalışarmış.

Yasər şəhəri də Zərdab rayonunun ərazisində mövcud olub. Yasər şəhəri indiki Yuxarı Seyidlər kəndinin yerində olub. Çox maraqlıdır ki, bu şəhər də böyük ticarət mərkəzlərindən biri imiş. Bu şəhər Suffin şəhəri ilə qonşuluqda yerləşirmiş. Bu böyük şəhərin indi yalnız adı qalıb.

İnanırıq ki, Zərdab rayonu ərazisində arxeoloji qazıntılar, araşdırmalar aparılsa, həm tariximizin öyrənilməsi baxımından, həm də sözügedən yaşayış məntəqələrinin araşdırılıb öyrənilməsi baxımından zəngin nümunələr aşkara çıxarıla bilər.

1 comment

  1. bu tarixi məlumatı mən bilmirdim yazıya görə təşəkkürlər tariximizin öyrənilməsi milli qüruru muz və dəyərimizdir

Comments are closed.