“O şəxsə müjdələr olsun ki, xeyir qapılarını açanlardandır”

4

insanlıq

Cürbəcür arzularla böyüyürsən. İstəyirsən ki, böyüyüb məşhur olasan, insanlara faydası olan işlərlə məşğul olasan…

Böyüyürsən, ancaq hər şey istədiyin kimi olmur. Heç ağlından keçməyən bir sənətin yiyəsi olursan və gündəlik qayğılarını, ailənin problemlərini o sənətdən qazandıqlarınla ödəyirsən. O qədər belə qəribə, ağlagəlməz işlər var ki, ətrafımızda. Ancaq əsas məsələ insanın hansı işlə məşğul olmasında deyil, çünki sənət insanı ucaltmır, insan sənəti ucaldır. Əsas məsələ insanın hansı yolda “tər tökməsindədir”, gördüyü işin xeyrə, yoxsa şərə xidmət etməsindədir. Dünyada o qədər varlı və məşhur insanlar var ki, gördükləri iş insanlığı fəlakətə sürükləməkdən başqa bir şey deyil. Belələri həm məşhur, həm də güclü göründükləri üçün onlara bənzəmək istəyənlərin sayı da çoxdur. Bəs sən nə işlə məşğulsan? – Xeyir qapılarını açmaqla, yoxsa şər qapılarını? Deyəcəksiniz ki, bu sual haradan çıxdı. Ancaq oturub ciddi düşünəndə görəcəksiniz ki, bu sual heç də əsassız deyil. İnsanlar iki cür olurlar: kimiləri xeyir qapılarını açanlardandır, kimiləri də şər qapılarını…

“O şəxsə müjdələr olsun ki, xeyir qapılarını açanlardandır, yaxud onların arasındadır, onlara yardım edir, dəstək verir. O şəxsə yazıqlar olsun ki, şər qapılarını açanlardandır, ya da onlarla bir yerdədir, onlara yardım edir, dəstək verir”… Bunu Peyğəmbərimiz (s.ə.s.) buyurmaqdadır. Həqiqətən də, insanlar öz gündəlik əməlləri ilə bu iki kateqoriyadan birinə “üzv olurlar”, xidmət edirlər. Bəs bunu necə anlamaq olar?

– Məşğul olduğunuz işə baxın, kiminlə oturub-durduğunuza, kimi daha çox arzuladığınıza nəzər salın. Əgər diqqət yetirsəniz, kimlərə yardım etdiyinizi, dəstək verdiyinizi anlayacaqsınız. Əgər, həqiqətən də, müjdəyə layiq, faydalı bir işin qulpundan yapışmısınızsa, deməli, doğru yoldasınız. Yox, əgər təəssüf doğuracaq insanlarla birlikdəsinizsə, işinizlə pis adamlara dəstək verirsinizsə, deməli, həyatınız təhlükə qarşısındadır. İnsan nə qədər çalışsa da, özünü aldada bilməz. İçinizdə sizə tabe olmayan vicdan adlı bir güc var. O gücdən istifadə etməyi bacarsanız, hansı qapını açmaq istədiyinizi öyrənə bilərsiniz. İnsanın həyatının qiyməti məşğul olduğu işdən məlum olur. Əgər xeyir işlə məşğulsunuzsa, deməli, həyatınız öz qiymətini tapır. Yox, əgər gördüyünüz işin xeyirlə bir əlaqəsi yoxdursa, deməli, həyatınızı öz qayəsi üzərində qura bilməmisiniz. Siz qəlbinizin, vicdanınızın səsini susdura bilməzsiniz. Həyatın hədər gedir, üzünü ağ edəcək bir işlə məşğul olmursan, nəfsinin istəklərini yerinə yetirməklə məşğulsan. Halbuki hər şey bir gün sona çatacaq və əməllərin şahid kimi üzünə duracaq. Onda hər şey çox gec olacaq. Ona görə də indidən özünü hesaba çək: sən kimsən, nə işlə məşğulsan? Hansı məfkurəyə xidmət edirsən və hansı qapını açmağa çalışırsan?..

4 ŞƏRH

  1. Sizin sayt başqadır..İnsan sanki dincəlir..Hər mövzuda yazı var..Üstəlik də hər bir yaşa uyğun..Hər nəslin ürəyincədir..Daha yaşlı nəsil də kompüter arxasındadır bilmirəm amma gənclər və orta yaşlı insanların ürəyincədir..

  2. Gözel yazılarla, insanlara doğru yol göstermekle, tebliğ etmekle, insanları ruhen dirçeltmekle çox şeye nail olmaq olar. Eger bu yazılar bele maraqla ve birnefese oxunursa, demek ki, azdan-çoxdan neyese nail olmaq mümkündür.
    Bu cavanlarımıza da aiddir, vezifede olanlarımıza da. Meselen, saytda başqa yazı axtaran vezifeli biri bele bir yazı ile rastlaşıb oxuyarsa ve tesirlenib insanlara qarşı münasibeti heç olmasa minde bir faiz deyişerse, bu artıq müsbet deyişiklikdir.
    İnşallah, gelecekde bele yazılarınız daha çox olar. Allah sizleri qorusun.

  3. Belə yazılardan tez-tez qoyun sayta..Ətrafımızda xeyli sayda nəfsinin hökmü ilə peşə seçənlər var…

Comments are closed.