Xan Şuşinski Zərdabda muğam sevgisindən ruhlanarmış – VİDEOLAR

2
Xan Şuşinski
Xan Şuşinski

Xan Şuşinski… Azərbaycanın ən sevilən muğam ifaçılarından biri. Təkrarsız ifaçı, dahi sənətkar. Bənzərsiz səsi olan bu ifaçını yəqin ki, tanımayan yoxdur. www.zerdab.com saytı olaraq bu yazımızda böyüklərdən eşitdiklərimizə əsaslanıb xalqımızın bu dahi sənətkarının Zərdab toylarında iştirakı, ağsaqqallarımızla olan səmimi dostluğundan bəhs edəcəyik.

Deyilənə görə, 1930-1960-cı illərdə Zərdab toylarının bir çoxunda məhz Xan Şuşinski iştirak edərmiş.

Zərdab rayonunda muğama həmişə böyük sevgi və maraq olub. Xan Şuşinski böyük sənətkar olmaqla yanaşı, həm də muğamı sevən, anlayan, dəyər verən insanlarla oturub-durmağı sevərdi. Bu mənada, Zərdabda, rayonumuzun kəndlərində muğama olan maraq və sevgi onun ürəyincə olarmış. Deyilənə görə, Xan Şuşinskiyə iki eyni vaxtda toyda iştirak təklifi gələrmişsə və onlardan biri Zərdab rayonundan imişsə, Zərdabı seçərmiş.

Bu isə sənətə verilən qiymətdən, ona olan sevgidən, məhəbbətdən, irəli gələrmiş.

Xan Şuşinski Zərdab rayonunda iştirak etdiyi toy məclislərinə xalq artistimiz, dəyərli sənətkarımız Şövkət Ələkbərovanı da gətirərmiş.

Xan Şuşinski hələ bizə məlum olan məlumatlara görə, təkcə Zərdab rayonunun Qoruqbağı kəndində 17 toy məclisində iştirak edib.

Məsələn, kənd sakini Ağamoğlan Xəlilovun toyunu da Xan Şuşinski edib. Ağamoğlan Xəlilovun oğlu Yaşar Xəlilov bizimlə söhbətində bu toy barədə www.zerdab.com saytına böyüklərdən eşitdiyi maraqlı bilgiləri açıqladı: “Atamın toyuna Xan Şuşinski Şövkət Ələkbərova ilə birgə gəlibmiş. Əmilərimdən, böyüklərdən eşitdiyimə görə, bundan xəbər tutan digər kəndlərin sakinləri də gəlib onların ifasına qulaq asarlarmış. Hər iki sənətkar camaatın muğama olan bu sevgisini görüb daha ürəkdən, daha şövqlə ifa edirlərmiş”.

Toy bitdikdən sonra Xan Şuşinski geriyə – Şuşaya qayıtmaq üçün Kürü keçməli olurmuş. Məlumdur ki, o dövrdə körpü yox idi və hər dəfə Kürü gəmi ilə keçməli olurdular. Şövkət xanım Xan Şuşinski ilə birgə Şuşaya gedən zaman hər dəfə Kürü keçəndə həyəcanlanar və bir daha buralara gəlməyəcəyini deyərmiş. Amma növbəti dəfə Xan Şuşinski ilə birgə ona toy təklifi gələndə rayonumuzda muğama olan sevgini xatırlayar və bu təklifə müsbət cavab verərmiş.

Bir gün Zərdabda yenə də toy varmış. Təbii ki, toyun ifaçısı Xan Şuşinski imiş. Xan Şuşinskiyə Zərdabın Məlikli kəndindən olan Mürşüd adlı bir yeniyetmənin çox gözəl, şirin səsi olduğunu söyləyirlər. Təbii ki, dahi sənətkar sənətkarlığını sübut edir – deyir ki, gəlsin ifa eləsin qulaq asım.

Mürşüd Abbasovu gətirirlər və o, Xan Şuşinskinin qarşısında ifa etməkdən bir qədər həyəcanlansa da özünü itirmir və ürəkdən, yüksək səslə “Qatar” muğamını oxuyur.

Mürşüd Abbasov ifa etdikcə Xan Şuşinski başını silkələyər, hərdən qaşlarını çatarmış. O, Mürşüdü axıradək dinləyir və yekun sözünü deyir: öz üzərində işləsə, səsini qorusa, bu gənc gələcəyin çox sevilən sənətkarlarından biri ola bilər. Xan Şuşinskinin bu qiymətindən sonra Mürşüd daha da ruhlanır. (Qeyd edək ki, Mürşüd Abbasov 1970-ci illərin tanınmış ifaçılarından biri olur. Lakin 1975-ci ildə 34 yaşında təyyarə qəzası zamanı dünyasını dəyişib-www.zerdab.com)

Xan Şuşinski Zərdabda iştirak etdiyi toy məclislərində “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Arazbarı”, “Heyratı” muğamlarını, xalq mahnılarını və təsnifləri böyük sevgi və həvəslə ifa edərmiş.

Sonda bu dahi sənətkarın bir neçə ifasını təqdim edirik.

Hazırladı: Nicat. www.zerdab.com üçün.

https://www.youtube.com/watch?v=Dr6ckAFg5rU

2 ŞƏRH

  1. Lap kecen illere gayitdim.Super super super bashga sozum yoxdu!!!!!!!!!

  2. Heyf bu günümüzə o toyların nə fotolenti, nə də videolenti gəlib çatıb…Yazıya görə təşəkkür edirik!!!Allah köməyiniz olsun!!!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 + thirteen =