Zərdabın inzibati-ərazi tabeliyi və rayon strukturunun bərpası

0

Zərdab inzibati ərazi mərkəzi olmaqla 1935-ci il fevral ayının 5-də Zərdab rayonu təşkil edildi. O vaxta qədər Zərdab Şamaxı quberniyasının Göyçay qəzasının kəndi həsab olunurdu.
Zərdab şəhəri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən 285 km, Ucar dəmiryol stansiyasından 35 km aralıdadır. Rayon Ucar, Kürdəmir, Beyləqan, İmişli, Ağcabədi, Bərdə və Ağdaş rayonları ilə həmsərhəddir, Şirvan düzünün cənub-qərbindədir. Azərbaycan Sovet Ensiklopediyasının IV cildində (Bakı, 1980) yazılıb : “Rayonun səthi düzənlikdir. Ərazinin çox hissəsi okean səviyyəsindən alçaqdır. Antropogen çöküntüləri yayılmışdır. Gil yatağı var. Yayı quraq kəçən mülayim isti və quru çöl iqlimi hakimdir. Rayonun cənub və cənub-qərb sərhədindən Kür çayı axır.
Türyan çayının aşağı axarı (Qarasu) Zərdabın ərazisindədir. Boz çəmən torpaqları yayılmışdır. Kür çayı sahilində tuqay meşələri var. Bitkilər yarımsəhra tiplidir”.
Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37 yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə yiyələnməsinə baxmayaraq, kəndlərdə təsərrüfatlar hələ tam ümumiləşdirilməmişdi.
Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Kəndəbildə 69, Xalacda 52 (o vaxt Xalac Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44, Burunluda 39, Çallıda 37, Nəzəralılıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, bu kənd şuraları sonralar kənd zəhmətkeş deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında, 1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət göstərmişlər.
1933-cü ildə Zərdab bölgəsində 2134 təsərrüfatda 11 min 680 nəfər əhali yaşayırdı. Onların 99,5 faizi türklərdən (azərbaycanlılardan) ibarət idi. Ən iri yaşayış məskənləri Çallı (819 nəfər), Alıcanlı (726 nəfər), Xalac (676 nəfər), Gəlmə (618 nəfər) Yarməmmədbağı (602 nəfər), Zərdab (594 nəfər), Məlikli (453 nəfər), Məmmədqasımlı (448 nəfər), Qoruqbağı (434 nəfər), Lələağacı (428 nəfər), Qaravəlli (413 nəfər) kəndləri idi. Əldə olunan məlumatlar göstərir ki, 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox olmuşdur. 1933-cüildə də Zərdab bölgəsində yaşayan 11 min 680 nəfərdən 6235 nəfəri kişilər idi. Hazırda qadınların çoxluq təşkil etməsi müharibələrin soykökümüzə vurduğu dəhşətli zərbənin və kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir.
Rayon təşkil edilərkən İsrafil Atakişi oğlu Atakişiyev Zərdab rayon partiya komitəsinin birinci katibi seçilmiş, 1935-1937-ci illərdə bu vəzifədə çalışmışdır.
1936-cı ildə Zərdab rayon icraiyyə komitəsi yaradılmış və Cəbrayıl qəzasının Qarğabazar kəndində anadan olmuş inqilabçı bolşevik Əsəd Həsən oğlu Qarayev bu komitəyə sədr seçilmişdir və bir il bu vəzifədə çalışmışdır.
Sovet hakimiyyəti illərində rayon iqtisadiyyatında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quşçuluq əsas yer tuturdu.
1935-1940-cı illərdə kəndlərdə ictimai təsərrüfatlar yaradıldı. Bu təsərrüfatlar əvvəlcə tək təsərrüfatda fəaliyyət göstərir, yetişdirdikləri məhsulun bir hissəsini dövlətə satan kəndli təsərrüfatları həsabına təşkil olunurdu. Əhalinin mal-qarası, digər varidatı ümumi istifadə üçün əvvəlcə artellər-kommunalar, sonralar isə kolxoz təsərrüfatları adı altında (kolxoz sözü rus dilindən azərbaycancaya tərcümədə kollektiv təsərrüfat mənasını verir) birləşdirilirdi.
Əlbəttə, bu cür ümumiləşdirməyə heç də bütün kəndlilər, xüsusilə əhalinin varlı və orta təbəqəsi həvəs göstərmirdi.
Belələrinə qarşı ciddi tədbirlər görülür, çoxlarına “kulak” damğası vurularaq sürgünə göndərilir, onlara qarşı “səskəsdi”lər (səsvermə hüququndan, seçib-seçilmək hüququndan məhrum etmək) tətbiq olunur, daha sonralar isə onlar hətta “xalq düşməni “elan edilirdilər.
Kolxoz təsərrüfatı getdikcə möhkəmlənirdi.
Azərbaycan Q(b)P MK bölgələrdə kolxoz təsərrüfatının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir, MK katibləri rayonlara səfər edib yerlərdə işin təşkili ilə şəxsən maraqlanırdılar. O illərdə Zərdabda çıxan “Zərdab staxanovçusu” qəzetinin 1 iyul 1939-cu il tarixli 37-ci (251) sayında yazılmışdı ki, “Azərbaycan Q(b)P MQ və Bakı komitəsinin katibi Mir Cəfər Bağırov yoldaş iyunun 23-də rayonumuza gəlmişdir. Bağırov yoldaş Zərdabda Zərdab işçi və qulluqçuları ilə bir saatdan çox may plenumunun qərarları haqqında və pambığın yay becərilməsinin gedişi haqqında söhbət etmişdir. Bağırov yoldaş Şahsünlü – “Əkinçi”, Şəftəhal-Stalin adına və Seyidlər – “Qırmızı Oktyabr” kolxozlarına getmiş, kolxozçularla may plenumunun qərarları və pambığın yay beçərmələri haqqında söhbət etmişdir”. (Bax: “Zərdab staxanovçusu” qəzeti, 1 iyul 1939-cu il, N37 (251).
1963-cü ilin yanvarından Respublikada rayonların yeni istehsalat ərazi bölgüsünün yaranması ilə əlaqədar Zərdab rayonu da ləğv edilərək Ucar rayonunun tərkibinə verildi.
Bu birləşdirilmə elə bir dövrə təsadüf etdi ki, 1963-cü ildə SSRİ-də məhsuldarlıq kəskin şəkildə azaldı. Bu geriləmə özünü ona görə kəskin şəkildə göstərdi ki, yeddi illiyin (1959-1965-ci illər üçün 7 illik plan müəyyənləşdirilmişdi) ilk 4 ili ərzində kənd təsərrüfatı istehsalının həcmi azalmışdı. Bu dövrdə xalqın maddi həyat səviyyəsi nəzərdə tutulmuş vəziyyətə uyğun gəlmirdi.
Təsərrüfat və mədəni quruculuğa dövlət və kommunist partiyasının nəzarəti güclənirdi. 1957-ci ildə Xalq Təsərrüfatı  Şuralarının yaradılması da öz acı nəticələrini verdi. Yalnız 1965-ci ildə Sov. İKP MK-nın sentyabr plenumu və SSRİ Ali Sovetinin sessiyası Xalq Təsərrüfatı Şuralarının ləğv olunması haqqında qərar qəbul etməklə vəziyyətin bir qədər yaxşıya doğru dəyişməsinə şərait yaratdı. Beləliklə, ölkədə yenidən nazirliklər yaradıldı.
Lakin sonrakı təcrübə göstərdi ki, ümumən həmin tədbirlər məqsədəuyğun olmayıb, səhv tədbirlər kimi ölkəyə və xalqa, inkişafa ciddi ziyan vurmuşdur.
Zərdab rayonunun ləğv edilərək Ucar rayonuna birləşdirilməsi də o vaxtlar Sovet İttifaqı KP-nin birinci katibi vəzifəsinə yiyələnmiş Nikita Xruşşovun düzgün olmayan siyasətinin nəticəsi idi. Xruşşov özünü islahatçı kimi göstərməyə çalışsa da onun rəhbərliyi ilə qəbul edilmiş qərarların bir çoxu gözlənilən effekti vermədi. Onun hakimiyyəti illərində SSRİ-də hətta kəskin çörək qıtlığı yaranmışdı. Çörək mağazaları qarşısında gecəli-gündüzlü uzun növbələr yaranırdı. Əhali qarğıdalı unundan, darı unundan, bəzi hallarda hətta mal-qara yemi olan jmıxdan istifadə etmək məcburiyyətində qalırdı.
Rayonların birləşdirilməsi, kəndlərin ləğv edilib əhalinin çoxmərtəbəli evlərə yerləşdirilməsi ideyası da Xruşşov dövrünün səhvlərindən idi.
Zərdabın Ucar rayonuna birləşdirilməsi ciddi çətinliklər yaratdı ki, bu da əhali tərəfindən etirazla qarşılandı. Adi bir arayış almaq istəyən vətəndaş Ucar rayon mərkəzinə getməli olurdu. Halbuki Zərdabın Bıçaqçı və ya Əlvənd kəndindən Ucar rayon mərkəzinə qədər olan məsafə təqribən 60 kilometrdir, o illərdə yollar çox bərbad, nəqliyyat problemi isə ürəkağrıdan vəziyyətdə idi. Yaranmış çətinliklər get-gedə vətəndaş itaətsizliyinə gətirib çıxarırdı. Zərdabda bu itaətsizliyi sübut edən ilk hadisə 1964-cü ildə rayonun nüfuzlu şəxslərinin rəhbərliyi ilə təşkil edilən dərnəklər oldu. Bu dərnəklərdə Zərdab rayonunun Ucara birləşdirilməsinin əhaliyə ciddi çətinliklər yaratmasından danışılır, rayonun statusunun bərpasına nail olmaq sahəsində görüləcək işlər və tədbirlər müzakirə olunurdu, konkret olaraq kimin nə iş görəcəyi dəqiqləşdirilirdi.
Əvvəlcə Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə – Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciətlər ünvanlandı. Bu nəticə vermədikdə Moskvaya-SSRİ rəhbərliyinə – Sov.İKP MK-ya ərizələr, şikayətlər, müraciətlər göndərildi. Bu da nəticə vermədikdə cana doymuş adamlar Zərdabı Ucarla birləşdirən şose yolunu (Dördyol deyilən ərazidə) bağladılar, burada şlaqbaum quraraq keçid məntəqəsi yaratdılar.
1964-cü ilin dekabr ayında Zərdabın Ucar rayonundan ayrılması işinə rəhbərlik edən qərargah yaradıldı. Qərargahın üzvləri: Qədim Qədimov, Məcid Cavadov, Şahgəldi Məmmədov, Ağahüseyn Ağayev, Namizəd Abdullayev, Babaş Babaşov, Fəzayıl Mahmudov, Cəbi Abdullayev, Məbud Məmmədov və başqaları idilər.
Qərargahın göstərişi ilə Zərdabın müxtəlif təbəqələrini təmsil edən 16 nəfər Bakıya gedərək çox çətinliklə də olsa o vaxtkı Azərbaycan rəhbəri Vəli Axundovun qəbuluna düşə bildilər və məsələni ona izah etdilər. Məlum oldu ki, Zərdabın Ucara birləşdirilməsi Moskvanın səlahiyyətinə aid işdir, Azərbaycan KP MK belə məsələləri həll etmək gücünə malik deyil. Vəziyyəti nəzərə alaraq qərargah Zərdab əhalisinin etirazını Moskvaya – SSRİ-nin mərkəzi hakimiyyət orqanlarına bildirmək üçün nümayəndə heyəti yaratdı. Moskvaya yollanacaq nümayəndə heyətinə Məcid Cavadov, Şahgəldi Məmmədov, Ağahüseyn Ağayev, Babaş Babaşov, Asiya Məmmədova və başqaları daxil edildilər. Nümayəndə heyəti Moskvaya yola düşərək 1964-cü il dekabr ayının axırından 1965-ci ilin yanvar ayına qədər orada fəaliyyət göstərmişdir. Yola düşməzdən əvvəl rayonun müxtəlif kolxozlarından gətirilmiş 200-ə qədər yük maşınının kuzovuna çadır örtük çəkilərək üzərində Zərdabın Ucar rayonundan ayrılması ilə əlaqədar şüarlar, o cümlədən “Zərdab-Moskva” sözləri də yazılmışdı. Moskvada fəaliyyət göstərən nümayəndələr Zərdabla əlaqə saxlayaraq vəziyyətdən asılı olaraq mərkəzə rayondan çoxlu sayda teleqramlar göndərilməsinin vacibliyini bildirirdilər. Teleqramların göndərilməsini xüsusi parolla – “Göyərçinləri uçurdun” sözləri ilə telefon və ya teleqramla bildirirdilər. Moskvaya göndərilən teleqramların mətnini həmin dövrdə maliyyə şöbəsində işləyən Firəngiz Əsədova hazırlayırdı.
Nəhayət, zərdablıların nüməyəndə heyətini o vaxtkı SSRİ rəhbəri Leonid İliç Brejnevin köməkçisi Starçenko qəbul edib dinlədi.
Zaman göstərdi ki, rayonların birləşdirilməsi strategiyası düzgün yol deyildi və bu ideya özünü doğrultmadı da. 1965-ci il yanvarın 6-da Zərdab yenidən öz rayon statusunu bərpa etdi. Paşa Paşayev Zərdab rayon Partiya Komitəsinin birinci katibi, Əmirəli Əmirəliyev rayon Xalq Deputatları Sovetinin sədri seçildilər.
Rayon statusu bərpa ediləndən sonra Zərdabın inkişafının yeni mərhələsi başlandı. İqtisadi və sosial obyektlərin sayı ildən-ilə çoxalmaqda idi. Bütün bunların nəticəsi olaraq Zərdab 1967-ci ilin sonlarında şəhər tipli qəsəbədən rayon tabeliyində olan şəhərə çevrildi. Maraq doğuracağını nəzərə alaraq Zərdab rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin həmin qərarını olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
“Azərnəşr”in 1968-ci ildə çap etdiyi “Azərbaycan SSRİ İnzibati ərazi bölgüsü” kitabında Zərdab rayonu haqqında da maraqlı məlumatlar dərc edilmişdir. Bu kitabdan Zərdab rayonuna aid olan bütün məlumatları oxuculara təqdim edirik:

Zərdab rayonu

Mərkəzi- Zərdab şəhəri

Ərazi 856 kv.km

Bakıda rayon mərkəzinədək məsafə – 285 km.

Zərdab şəhərindən yaxın dəmiryol Ucar stansiyasınadək məsafə-35 km.

İnzibati vahidlərin sayı:

Şəhər soveti -1, Qəsəbə soveti-1, Kənd soveti-11.

Yaşayış məntəqələrinin sayı:
Şəhər-1, Fəhlə qəsəbəsi-1, Kənd və başqa yaşayış məntəqələri-39

Zərdab rayon ZDS İK-nin 22 dekabr 1967-ci il tarixli 23N-li iclas protokolunun gündəliyi

Zərdab qəsəbəsinin rayon tabeliyində olan şəhərə çevrilməsi haqqında (Zərdab rayon icraiyyə komitəsinin sədri Ə. Əmirəliyev yoldaş)
Zərdab rayon icraiyyə komitəsi Zərdab qəsəbəsinin rayon tabeliyində olan şəhərə çevrilməsi barədə məsələni müzakirə edərək qeyd edir ki, “Azərbaycan SSRİ yaşayış məntəqələrinin şəhər, şəhər tipli qəsəbə və fəhlə qəsəbəsi kateqoriyasına keçirilməsi qaydasına dair Əsasnamə”nin müvafiq maddələrində göstərildiyi tələbata uyğun olaraq şəhər tipli Zərdab qəsəbəsinin rayon tabeliyində olan şəhərə çevrilməsi məqsədəuyğundur.
1967-ci ilin dekabrında Zərdab qəsəbəsində 5800 nəfər əhali, 4767 fəhlə və qulluqçu ailəsi vardır.
Qəsəbədə 1059 nəfər fəhləsi olan 7 müəssisə, 2556 kv.m mənzil sahəsi fondu, iki hamam, bir mehmanxana, bir böyük  su kəməri, rayon kino-teatrı, mədəniyyət ocaqları, rayon mərkəzində 75 çarpayılıq mərkəzi xəstəxana, uşaq xəstəxanası, vərəm dispanseri, 53 idarə, müəssisə və təşkilat, bir kolxoz vardır.
Zərdab qəsəbəyə çevrilən zaman 1960-cı ildə 27 min manata qarşı 1966-cı ildə 180 min manat maliyyə gəliri, 145 min manata qarşı 152 min manat aylıq ticarət dövriyyəsi olan, 9 min manata qarşı 12 min manat məbləğdə pensiya alan 487 nəfər pensiyaçı olan şəhər tipli Zərdab qəsəbəsinin rayon tabeliyində olan şəhərə çevrilməsi mövcud inlişafın tələblərinə uyğundur.

Zərdab rayon icraiyyə komitəsi  qərara alır:
1.”Azərbaycan SSR yaşayış məntəqələrinin şəhər, şəhər tipli qəsəbə və fəhlə qəsəbələri kateqoriyalarına keçirilməsi qaydasına dair Əsasnamə”nin 5-ci  maddəsində göstərilən şərtlərin tamamilə Zərdab qəsəbəsində olmasını nəzərə alaraq Zərdab şəhər tipli qəsəbəsinin rayon tabeliyində olan şəhərə çevrilməsi Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilsin.

Zərdab rayon ZDS İcraiyyə Komitəsinin sədri Əmirəli Əmirəliyev

Zərdab rayon ZDS İcraiyyə Komitəsinin katibi Fəzli Musayev

Həmin inzibati ərazi bölgüsü kitabında qeyd olunur ki, 1960-cı il sentyabrın 24-də Zərdab şəhər tipli qəsəbə, 1968-ci il martın15-də isə şəhər kimi təşkil olunmuşdur.
1968-ci il martın 15-də-Zərdab şəhəri təşkil olunan gün rayonumuzdakı Bəyimli yaşayış məntəqəsi fəhlə qəsəbəsi kimi təşkil edilmişdir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × one =