Şəhid anası: “Arzum oğlumun adının əbədiləşdirilməsidir”

3
ŞƏHİD ANASI
ŞƏHİD ANASI LENA İSMAYILOVA

 

ŞƏHİD ANASI
ŞƏHİD ANASI LENA İSMAYILOVA

Şəhidlik elə bir zirvədir ki, analar da həmin an canlarından artıq sevdikləri övladlarının dünyadan köçmələrinə görə qürur hissi keçirirlər. Şəhid Babək İsmayılovun anası Lena xanım da belə analarımızdandır. Övlad itkisi ən ağır dərd olsa da, Lena xanım www.zerdab.com saytına açıqlamasında əziz balası Babəkin Qarabağ uğrunda şəhid olmasından qürur hissi keçirdiyini dedi. O, bəlkə, bu dünyada yeganə anadır ki, şəhid övladının qoxusunu onun cəbhəyə yola düşməmişdən əvvəl həyətdə əkdiyi qızılgüldən alır: “Babək hərbi xidmətə yola düşəndə bizə, nədənsə, dönə-dönə həmin qızılgül kollarıdan muğayat olmağı tapşırmışdı”.

İndi həmin vaxtdan düz 21 il ötür. Artıq 21 ildir ki, bir şəhidin əkdiyi qızılgül kolu onun yoxluğunu anasına hiss etdirməməyə çalışır.

Babək İsmayılov 1971-ci ildə Zərdab rayonunun Qoruqbağı kəndində dünyaya gəlib. İsmayılovlar ailəsinin ilk övladı olan Babək orta məktəbi bitirdikdən sonra 2 il Rusiyanın Perm vilayətində hərbi xidmətdə olub. Doğma vətənə qayıtdıqdan sonra, 1992-ci il sentyabrın 15-də könüllü Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.

“Ailəmizin ilk övladı olduğu üçün onu daha çox sevirdik. Uşaqlıq illərində bir qədər dəcəl olsa da, yaşa dolduqca xasiyyəti dəyişməyə başladı. Həddindən artıq işgüzar oğlan idi. Bağ salmağı, ağac əkməyi çox sevirdi. Hətta elə vaxtlar olub ki, gecələr bacı-qardaşları ilə birgə fənər işığında gül əkib, ağac dibi belləyib. O vaxtlar Babəkin torpağa bu qədər bağlı olması mənə təəccüblü gəlirdi. Yəqin torpağa bu qədər bağlı olduğu üçün elə onun uğrunda da şəhid oldu”,-deyir şəhid anası.

Lena İsmayılova Babəkin ikinci dəfə hərbi xidmətə yola düşdüyü günü indiki kimi xatırlayır: “Əslində bir çoxları kimi, o da hərbidən yayına bilərdi. Ancaq mərd, vətənpərvər olduğu üçün bu yolu seçə bilmədi. Həmin gün onunla birgə hərbi komissarlığa getmək istəsəm də, razılıq vermədi və gülə-gülə: “Get çay dəmlə, evə qonaqlar gələcək”, – dedi.

Babək hərbi xidmətə yola düşdükdən 15 gün sonra atası Mehdi kişi oğlu ilə görüşmək üçün cəbhəyə yollansa da, ağır döyüşlər getdiyindən onu Ağdam rayonundan geri qaytarırlar. Beləcə, Babəkin atası Mehdi dayının oğlunu görmək istəyi baş tutmur.

Lena İsmayılova oğlu Babəkin Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərin fəal iştirakçılarından olduğunu söylədi: “Daxili Qoşunların N saylı hərbi hissəsində qulluq edirdi. Əsgər yoldaşları Babəklə bağlı xatirələrini danışarkən onun ucaboy və güclü olduğu üçün həmişə irəlidə getdiyini bildirirdilər”.

Şəhidin zərdablı dostları: “Babəki snayperlə vurdular”

Əsgər yoldaşı, Zərdab rayonu Çallı kənd sakini Sakif Vəliyev Babəkin şəhid olduğu günü belə xatırlayır: “Ağdərə rayonunun Çıldıran kəndindən 50 kilometr yuxarıda qızğın döyüşlər gedirdi, ermənilərin növbəti hücumunun qarşısını almağa çalışırdıq. Təxminən iki saat sonra ara sakitləşdi və biz yaxınlıqdakı gölün kənarına toplaşıb istirahət etmək qərarına gəldik. Ancaq ermənilər bu barədə xəbər tutmuşdular. Mühasirəyə alındığımızdan xəbərsiz idik. Qəfildən bizi atəşə tutdular, çoxlu itkilərimiz oldu. Babəki həmin döyüşdə xüsusi fəallıq göstərdiyi üçün snayperlə vurdular. Ombasından ağır yaralanmışdı, hərəkət edə bilmirdi. Fürsət düşən kimi onu kənara çəkdik. Sonradan arxadan kömək gəlmədiyini görüb, mühasirəni öz gücümüzlə yarmaq qərarına gəldik. Babək isə yarası dəhşətli ağrı verdiyi üçün ona toxunmamağı xahiş etdi. Ondan ayrılarkən məni yanına çağırıb: “Bu pulu anama çatdır. Cəbhəyə gələrkən mənə cibxərcliyi vermişdi, ehtiyacım olmadığı üçün xərcləməmişəm”,-dedi.

Sakif Vəliyev həmin an göz yaşlarını saxlaya bilmədiyini söyləyir: “Dəhşətə gəlmişdim. Çox az adam tapılar ki, həmin an ölümü yox, anasını, valideynlərini düşünsün və cibindəki xərcliyi onlara çatdırmağı xahiş etsin. Babək belə oğlan idi”…

“Yeganə istəyim oğlumun adının əbədiləşdirilməsidir”

Lena ananı təəssüfləndirən yeganə məqam oğlu, şəhid Babəkin adının onun təhsil aldığı Qoruqbağı kənd orta məktəbinə verilməməsidir: “İllər öncə müraciət etdim, bildirdilər ki, məktəb Xurşidbanu Natəvanın adını daşıdığı üçün dəyişdirilə bilməz. Mən buna bir söz demirəm, ancaq gəlin razılaşaq ki, bu gün Azərbaycanda Natəvanın adını daşıyan onlarla yer var. Yəni bir bizim kənddəki orta məktəbin adının dəyişdirilməsi ilə görkəmli şairəmiz heç nə itirən deyil. Yox əgər bu iş, həqiqətən, mümkün deyilsə, onda Babəkin adını kənddəki Mədəniyyət evinə versinlər. Babək Qoruqbağı kəndinin ilk şəhididir. Mənə belə gəlir ki, bu kənddə məktəbə, mədəniyyət evinə Babəkin adının verilməsi həm də gənc nəslin tərbiyəsi baxımından faydalıdır”.

Ümid edək ki, şəhid Babək İsmayılovun anası Lena xalanın saytımız vasitəsi ilə qaldırdığı bu məsələ ilə bağlı əlaqədar təşkilatlar araşdırma aparıb tədbir görəcəklər.

www.zerdab.com

3 ŞƏRH

  1. Allah ruhunu şad etsin! Allah Babək qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin!

  2. Bibimin shehid oglu ile fexr edirem cunki Babek adina layiq heyatla shehid oldu sherefsiz ermeni eclaflarinin gullesi ile Allah shehadetini qebul etsin amin! Teshekkurler Nicat bey

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 − five =