Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (5)

0
32

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

Hesen bey ZerdabiZərdab. Mən Tiflisdən qayıdan kimi, balıq vətəgələrinin polis agentlərinin mənim «Kaspi» qəzetinin ötən 62-ci nömrəsində çap olunan məqaləmə cavablarını oxudum. İndi, o məqalələrin dərc olunmasından bir aydan da çox vaxt keçdiyi bir zamanda onların hər birini ayrılıqda təhlil etmək elə də maraqlı deyil, üstəlik, cənab Kolosov və Mokritskinin məqalələri təhlil olunmağa layiq deyil. Q. Kolosov öz etirazını əsasən belə əsaslandırır ki, iyunun 20-də,–mənim məqaləm mətbuatda dərc olunanda onlar balıq ovunun qarşısını almaq üçün hər cür tədbir görüblərmiş, lakin o unudur ki, mənim məqaləm iyunun 8-də yazılmışdı və həmin gün Zərdabda mənim məqaləmdə göstərdiyim qədər vətəgə polis məmuru vardı. Bu işdə günahkar kimdir, mənəmmi ki, gördüyümü yazmışam, yoxsa o şəxsdir ki, öz işini vaxtında görməyə gecikmişdir?

Sonra, cənab Kolosov məni, balıq ovlamağım barədə həmin vaxt Zərdabda yaşayan cənab Zelinskiyə məlumat verməməkdə ittiham edir və xahiş edir ki, yazdıqlarıma inanmasınlar, guya mən bununla vətəgə icarəyə götürmək istəyənlərin marağını öldürürəm, bununla da gələcəkdə balıq məhsulları bazarında rəqabəti zəiflədirəm, bundan isə xəzinəyə ziyan dəyir…

Bu belədirmi, cənab Kolosov?

Siz necə də mətbuatda deyirsiniz ki, mən balıq ovu barədə cənab Zelinskini məlumatlandırmamışam, siz bunu heç olmazsa, cənab Zelinskinin özündən də soruşmamısınız?

Bəli, əlbəttə, mən sizə–vətəgələrə müvəqqəti rəhbərlik edən şəxsə iyunun 8-də rəsmi sorğu göndərdim ki, balıqlar kütləvi şəkildə ovlanıb məhv edilir: siz bundan sonra məni vətəgə polis agentinə məlumat verməməkdə necə ittiham edirsiniz və mənim məqaləmdə necə xüsusi məna görürsünüz?…

Cənab Kolosovun etirazı barədə daha danışmaq istəmədiyimə görə, keçirəm cənab Mokritskinin məqaləsinə və ondan soruşuram: Cənab Mokritski, siz Allah, deyin görüm, məni qanunsuz balıq ovuna görə kim və nə vaxt cərimə edib?…

Hə, yeri gəlmişkən, sizə bir sualım da var: Necə yəni, zərdablılar qanunsuz balıqovlayanlardır? Yəni, doğrudanmı mənim balıq ovu sahəm Zərdaba aid olduğuna görə, belə qənaətə gəlmək lazımdır ki, bütün zərdablılar mənim 4 nömrəli sahəmin ərazisində yaşayırlar? Siz, balıq sənayesi idarəsi katibinin keçmiş köməkçisi kimi, yaxşı bilməlisiniz ki, bu sahələr icarəyə veriləndə mənə, Zərdab sahəsinin icarəçisinə Zərdab məntəqəsinin yalnız 30 versti, yəni, üçdə biri verilib; qalan üçdə iki hissəsi isə 3 nömrəli sahəyə birləşdirilib və beləliklə, bu da 150 verst uzunluğunda ərazidir…

Naməlum müəllifin «Qanunsuz balıq ovu» məqaləsinə  keçərək, bu məqalə üzərində daha çox dayanmağı, ovun qarşısının alınması ilə bağlı onun təklif etdiyi maddələr barədə ətraflı danışmağı lazım bilirəm.

Müəllif təklif edir:

1.       Nəzarətçilərin sayını artırmaq, Kürün yuxarı ovlaq sahələrinə onlardan birini yox, bir neçəsini ezam etmək…

Nəzarətçilərin və balıq sənayesi polisi məmurlarının sayını artırmaq, qanunsuz ovun dayandırılmasını təmin etməyəcək, çünki burada əksər hallarda günah qanunsuz balıqovlayanları izləyənlərdə  deyil, problem onların izləmə metodundadır. Oğru-balıqçı öz ovlağına çox vaxt gecələr gedir ki, bu vaxt onu “iş başında” yaxalamaq ümumiyyətlə, mümkün deyil; 1, 2, 3, 4 və 5 nömrəli balıq ovu sahələri olan ərazidə Kür çayının sahili bir neçə yüz kilometr uzunluğunda qalın meşə ilə örtülüdür, burada qanunsuz balıq ovlayanı, neçə nəfər nəzarətçi olur-olsun, hər bir kol yaxşıca gizlədə bilir. Mən belə bilirəm ki, Kür sahili boyu mövcud olan icmalara həvalə etmək lazımdır ki, onlar öz ovlaqçılarına özləri nəzarət etsinlər və özləri də onlara cavabdeh olsunlar, buna uyğun olaraq, balıq ovu haqqında müvəqqəti qaydaları dəyişərək, balıqçılıq müəssisələrinin polis məmurlarına balıq ovlayanların adlarını protokollarda göstərməmək, yalnız ov yerini və ovlaqçıların sayını qeyd etmək ixtiyarı verilsə, daha yaxşı olar.

Balıqların qırılıb məhv edilməsinin qarşısının alınmasının daha səmərəli bir üsulu isə balıqovlayanların deyil, onların tutduqları balıqları satanların nəzarətə götürülməsi ola bilər. Aydındır ki, balıq ovu ona görə genişlənir ki, ovlanan balıqlar yaxşı satılır, buna görə də belə balıqların satışının qadağan olunması və ya məhdudlaşdırılması qanunsuz ovun qarşısının alınması ilə nəticələnəcək. Və elə buna görə də düşünürəm ki, yalnız ümumi polis məmurlarına tapşırmaq kifayətdir ki, Şamaxı, Göyçay, Ağdaş, Nuxa, Yelisavetpol və Tiflis şəhərlərində balıq məhsulları alverinə nəzarət etsinlər və hansı icarəçinin vətəgəsindən alınmasını göstərən şəhadətnaməsi olmayan balıq məhsullarını müsadirə etsinlər.

Doğrudan da, bir çoxları kimi, belə düşünmək düzgün olmaz ki, balıq məhsulları ilə alver edənlər lazımi sənədləri olmayan bu məhsulları guya bura Rusiyadan və ya xarici ölkədən gətirir və yarı qiymətinə satırlar. Yəni doğrudanmı, onların çox vaxt satdıqları təzə balıq bu şəhərlərə başqa yerlərdən gətirilir?

2.       Vətəgə icarəçilərinə cəza və cərimə olaraq, polis agentlərini münasib və qızdırılan isti otaqla təmin etmək həvalə olunur…

Balıqçılıq polisi məmurlarına vətəgə icarəçiləri tərəfindən isti otaq ayrılması qanunsuz balıq ovunun qarşısının alınmasına xidmət edə bilməz; düşünürəm ki, insan öz təbiətinə görə hər halda, isti və rahat otaqda dincəlməyə meyllidir, nəinki münasib olmayan otaqda; qanunsuz ov vaxtı isə balıq polisi məmurunun isti otaqda dincəlməsi günahdır. Özü də burada söhbət balıq ovunun yayın qadağan olunan vaxtlarında davam etməsindən gedir, halbuki onda icarəçilər Kürün sahilindəki evlərindən çıxıb dözülməz istidən təmiz havada xilas yolu axtarırlar. Belə bir vaxtda balıq polisi məmuruna otaq, həm də isti otaq nə lazımdır axı?…

3.       İcarəçilər sahildə yaşayan sakinlərə əmək haqqı olaraq balıq ovu alətləri verərlərsə, cərimə ödəsinlər…

Doğrudanmı bu yolla qanunsuz ovun qarşısını almaq olar? Axı, Kür sahilində yaşayan sakinlərin çoxu balıqçı kimi, tor toxumağı bacarır və tor ipini haradan almağı yaxşı bilir. İcarəçi ona tor verməyəndə, o özü tor düzəldəcək, həm də lap təzəsini. Və bir də ki, elə icarəçi varmı ki, öz işçilərinə əmək haqqı olaraq balıq ovu alətləri versin, lap belə icarəçilər olsa da, sahilyanı sakinlərdən kimlərsə çətin ki, belə «əmək haqqı»na razı olsun…

4. İcarəçilərə öz sahələrinin müəyyən hissəsini sahilyanı sakinlərə satmaq qadağan edilsin, kənd inzibati idarəsinin işçisini öz yanında işə götürməyə görə hər iki tərəf üçün ciddi məsuliyyət nəzərdə tutulsun…

İcarəçilər tərəfindən öz sahələrinin bir hissəsinin sahilyanı sakinlərə satılması ilk dəfə keçən ilin payızında 3 nömrəli sahədə olmuşdu və mən elə o vaxt bu barədə balıq sənayesi idarəsinə məlumat verdim, xahiş etdim ki, səlahiyyətləri çatan tədbirləri görsünlər; lakin həmin sahilyanı sakinlər bu gün də icarəçilərin hüquqlarından istifadə edən və balıqçılıq haqqındakı qanuna əməl etməyən sərbəst balıqçıdırlar. Amma mənə elə gəlir ki, icarəyə götürülən sahələrin bir hissəsinin sahilyanı sakinlərə satılmasından ortaya çıxan yaramaz əməllərə nəzarət qoymaq çətin iş deyil; yalnız belə sakinlərə ya xüsusi icarəçilər, ya da icarəçi işçilər kimi  baxmaq və onları satış sənədləri almağa, balıq məhsullarının tədarükü üçün otaq tikməyə, bir sözlə, onları icarəçi vəziyyətinə gəlməyə məcbur etmək və beləliklə, icarəçilərə onlarla rəqabət aparmağa imkan yaratmaq lazımdır, bu halda balıq sənayesi polisi məmurlarının onlara nəzarət etməsi asan olacaq. İcarəçilərə kənd inzibati idarəsinin işçisini öz yanında işə götürməyə qadağa qoyulmasına gəlincə, bu, həqiqətən vacibdir; lakin mənim fikrimcə, bunun üçün xüsusi qanun yaratmağa ehtiyac yoxdur. Kifayətdir ki, hər bir belə əməl barədə ümumi polisə məlumat verilsin, onun isə kəndin vəzifəli şəxslərinə eyni vaxtda bir-biri ilə uzlaşmayan iki vəzifə tutmağı qadağan etmək hüququ var. Doğrudan da, kəndxuda balıq ovuna dair qaydaları pozanları qanunla nəzarət altına almağa borclu olduğu halda, onu işə götürən sahibkarı – bu qaydaları pozan həmin icarəçi olacaqsa, — necə izləyəcək?

Bir məsələ də var ki, mən biləni, ona daha ciddi baxılmalıdır. Bizim icarəçilər arasında bir nəfər var ki, qəza idarəsi yanında ştatdankənar məmur olmuşdur, indi isə öz sahəsi olan ərazidə polis pristavı vəzifəsinə keçməkdədir…

5. İcarəçilərə onların mənafeyinə zərər vuran qanunsuz balıqovlayanları  izləmək hüququ verilsin, onlar heç olmazsa, tam heyətli bir qayıqla təmin edilsinlər və nəzarətçiyə tabe olsunlar…

İcarəçilərə qanunsuz ovlaqçıları izləmək hüququnun verilməsi vacibdir; icarəçi deyil, kim 1-ci bənddə göstərilən şəhərlərdə balıq məhsulları satışına nəzarət edə bilər və hər dəfə də bu barədə lazımi yerlərə məlumat verər? İcarəçilərin qayıqla təmin olunmasına gəlincə, qeyd etmək lazımdır ki, bu, kəndxudaların iki vəzifədə çalışmasının yolverilməzliyini xatırladır ki, bu barədə mən yuxarda danışdığım kimi, eyni nəticələr ortaya çıxa bilər.

6. Kəndxudalara və köməkçilərinə sahilyanı kəndlərdə balıq sənayesi polisi agentinin tələbi ilə təcili olaraq onları isti otaq və təsdiq edilmiş həcmdə azuqə ilə təmin etmək həvalə olunsun…

Doğrudan da, kəndxudalara və köməkçilərinə balıq polisi məmurlarını mənzillə təmin etmək zəruridir, çünki birincisi, balıq ovu yayda, icarəçilər öz yerlərində olmayanda başlanır, ikincisi, belə balıq ovçuları ən çox yuxarı sahələrdə ovla məşğul olurlar, həm də oralarda icarəçilər balıq sənayesi polisi məmurları üçün hələ də otaq düzəltməyiblər, bunun da səbəbi odur ki, vətəgələrin altındakı xəzinə torpaqları hələ də onların ixtiyarına verilməyib.

Ərzaq ayrılması məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, azuqə tədarük edilərkən, yerli xüsusiyyətlər nəzərə alınmalıdır; məsələn, tələb etmək olmaz ki, kəndxuda hər dəfə tələb olunarsa, ət də versin; amma şübhəsiz ki, azuqənin qiymət həddi daim anlaşılmazlıqlar yaradacaq. Mənim yadımdadır ki, misal üçün, bir dəfə gecə saat 12-də  bir balıq polisi məmuru tələb etdi ki, ona təzə qaynar süd versinlər.

7. Qadağan olunmuş vaxtda sahilyanı sakinlərin qayıqları, salları və ov alətləri götürülərək möhürlənsin, bu kimi şeyləri gizlədərlərsə, ciddi məsuliyyətə cəlb olunsunlar…

Çox da ümid etmək olmaz ki, yerli sakinlərin sal, qayıq və torlarını əllərindən almaqla, qanunsuz balıq ovunun qarşısı alınacaq, çünki hər bir torçu sakində bir neçə tor olur, onlar nə qədərdir, bunu onun özündən başqa heç kəs bilmir; onu da bilmək olmaz ki, onların neçə salları, qayıqları var, çünki çoxları o sal və qayıqları ya torpaqda, ya da suda gizlədirlər, yalnız gecələr çıxarıb xüsusi məqsədlə bir sahildən o biri sahilə oğruları və oğurlanan malları keçirirlər.

H. b. «Kaspi» qəzeti, 1882-ci il, №90.