Müstəqil saytlar rayonların üzünü ağ edir – ARAŞDIRMA

5
22

zerdab.com“xankendi.az”, “zerdab.com”, “zengilan.com” kimi müstəqil saytlar oxuculara həmin rayonlar barədə geniş informasiya təqdim edirlər və boşluqları doldururlar. Ancaq təəssüf ki, əksər rayonlar üçün belə saytlar mövcud deyil”.

Tanınmış jurnalist Allahverdi Cəfərovun maraqlı araşdırmasını təqdim edirik:  

Məlum olduğu kimi, Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncama əsasən, bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu sərəncam ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarına (İKT) ən yüksək səviyyədə əhəmiyyət verildiyini göstərir. Ölkə başçısı İKT sektorunu neftdən sonra ikinci prioritet sahə olduğunu dəfələrlə bəyan edib. Bu günə qədər ölkəmizdə İKT-nin inkişafı ilə bağlı müxtəlif dövlət proqramları qəbul olunub. Buna misal kimi, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və digər qərarları göstərmək olar. Bütün bunların həyata keçirilməsində əsas məqsəd ölkəmizdə informasiya cəmiyyətini formalaşdırmaq, dövlət və vətəndaş arasında yaxud ayrı-ayrı dövlət və ictimai qurumların, təşkilatların öz aralarında, sürətli informasiya mübadiləsini həyata keçirməyə xidmət edir.  Dövlət və vətəndaş münasibətlərində informasiya mübadiləsini həyata keçirən ən önəmli strukturlardan biri də dövlət orqanlarının veb-saytları hesab olunur. Bu sahədə hansı tədbirlərin görüldüyünü, veb-saytların hansı səviyyədə olduğunu öyrənmək məqsədilə yerli icra hakimiyyətlərinin rəsmi saytlarına nəzər saldıq.

İcra hakimiyyətlərindən yalnız Abşeronun veb-saytı “gov.az” sonluğuna sahibdir

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə rəsmi veb-saytı olmayan icra hakimiyyəti yoxdur. Hazırda Xankəndi şəhərinə məxsus “xankendi-ih.gov.az” saytı istisna olmaqla bütün şəhər və rayonların saytları mövcuddur və fəaliyyət göstərir. Qeyd edək ki, yerli icra hakimiyyətlərinin saytları digər dövlət orqanları kimi vahid serverdə “AzStateNet” (Azerbaijan State Network) şəbəkəsində yerləşdirilib. Bu şəbəkənin idarə edildiyi əsas mərkəz (“AzStateNet” şəbəkəsinin əsas qovşağı) isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin sərəncamındadır. Onu da bildirək ki, icra hakimiyyətlərinə məxsus saytların ünvanları “-ih.gov.az” subdomeni ilə qeydiyyatdan keçib. Bir məsələni də qeyd edək ki, 66 şəhər və rayon arasında yalnız Abşeron Rayon İcra Hakimiyyətinin veb-saytı “-ih.gov.az” subdomeni ilə deyil “gov.az” domeni ilə qeydə alınıb.

Zəngilan, Cəbrayıl və Xocalı İcra hakimiyyətlərinin saytları digər rayonlara nümunə olmalıdır…

İlk növbədə, qeyd edək ki, icra hakimiyyətlərinin saytları vahid forma və dizaynda tərtib olunub. Saytdakı bölmələrin adı və sayı, demək olar ki, bir-birini təkrarlayır. Zəngilan, Cəbrayıl və Xocalı rayonları istisna olunmaqla digər şəhər və rayonların rəsmi saytlarında ümumilikdə 12 adda bölmə mövcuddur. Qeyd etdiyim 3 rayona məxsus saytların hər birində əlavə olaraq 1 bölmə artırılıb.  Zəngilan və Cəbrayıl icra hakimiyyətlərinə məxsus saytlarda əlavə bölmə “Rayonun işğalı”, Xocalı İcra Hakimiyyətinin saytında isə “Xocalı faciəsi” adlandırılır. Onu da qeyd edək ki, işğal altında olan digər rayonların rəsmi saytlarında belə bölmələr mövcud deyil. Bu rayonların işğalı barədə məlumatlar “Rayon (Şəhər) haqqında” adlı bölmədə yerləşdirilib. Hətta bəzi rayonlarda işğal faktı tək bir cümlə ilə xatırlanıb. Əgər bu cümlə olmasa, sayta daxil olanlar bu rayonun işğal olunduğunda xəbərləri olmayacaq. Zəngilan, Cəbrayıl və Xocalı İcra hakimiyyətlərinin saytlarına edilən əlavələr onu göstərir ki, yerli icra hakimiyyətlərinin saytına müsbət yöndə hər hansı bir əlavənin edilməsi qadağan edilməyib.

Bakı haqqında məlumatlar  “Bakı şəhəri gerbinin təsviri”ndə “gizlənib”

Yerli icra hakimiyyətlərinin rəsmi saytlarında ən diqqətçəkən məsələlərdən biri də yerləşdirilən informasiyaların dolğunluğu ilə bağlıdır.

Saytların əksəriyyətində “İcra hakimiyyəti” bölməsinə daxil olunduğu zaman yalnız rayon icra hakimiyyətlərinin yerləşdiyi ünvan və əlaqə telefonları ilə qarşılaşırıq. “Qanunvericilik” və “Azərbaycan” adlı bölmələrə yüklənən məlumatlar bütün rayonlar üçün eynidir. “İnfrastruktur” bölməsində isə hər rayon üçün fərqli məlumatlar yerləşdirilib. Bəzi rayonlar bu bölmədə idarə və müəssisələrin adlarını qeyd etməklə işlərini bitmiş hesab ediblər. Bir çox rayon isə bu bölməyə hər hansı bir məlumat qeyd etməyə ehtiyac görməyib. Bəzi rayonlar isə bu bölmədə rayonun infrastrukturu barədə geniş məlumat veriblər. Ümumiyyətlə, məlumat və informasiya azlığı bütün saytlar üçün xarakterik çatışmazlıqdır. Məsələn, ölkənin baş şəhəri olan Bakıda İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirmək üçün məlumat tapılmır. Bakı Şəhər İcra hakimiyyətinin “baku-ih.gov.az.” saytının “Şəhər haqqında” bölməsinə daxil olsanız, siz burada “Bakı şəhəri gerbinin təsviri” adlı qısahəcmli yazıdan başqa heç nə görməyəcəksiniz. “İcra hakimiyyəti” adlı bölmədə isə ancaq icra hakimiyyətinin binası barədə qısa məlumt verilib. “İnfrastruktur” və “Elektron xidmətlər” bölməsi tamamilə boşdur. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytına yerləşdirilən sonuncu xəbər isə ötən ilin may ayının 22-nə təsadüf edir. Həmin xəbərdə paytaxt sakinləri və şəhərin qonaqları “28 may – Respublika Günü” münasibətilə təbrik olunurlar.

 Qobustan İcra Hakimiyyətinin saytına sonuncu xəbər 15 iyun 2011-ci ildə yerləşdirilib

Saytlarda yerləşdirilən xəbərlərin təzəliyinə gəldikdə isə qeyd edək ki, bu sahədə vəziyyət əksər rayonlarda yaxşıdır. Bu sahədə ən yaxşı vəziyyət Yardımlı və Kürdəmir rayonlarına məxsusdur. Bu rayonların rəsmi veb-saytlarına sonuncu xəbər dünən, yəni 21 fevral 2013-cü il tarixində yerləşdirilib. Mövcud 66 şəhər və rayon icra hakimiyyətlərindən 45-nin saytında sonuncu xəbər bu ilin fevral ayına aiddir. Bu xəbərlərin əksəriyyəti isə son bir neçə gün ərzində saytlara yüklənib. İki şəhərdə Yevlax və Naftalanda icra hakimiyyətlərinin saytına qoyulan sonuncu xəbərlər ötən aya təsadüf edib. 12 şəhər və rayonun rəsmi saytında sonuncu xəbərlər ötən ilə məxsusdur.

6 rayon icra hakimiyyətinin saytına isə son xəbərlər 2011-ci ildə yüklənib. Ümumiyyətlə, bu sahədə rekord Qobustan İcra Hakimiyyətinə məxsusdur. Bu rayonun rəsmi saytına yerləşdirilən sonuncu xəbərdə tarix 15 iyun 2011-ci il göstərilir.

Müstəqil saytlar rayonların üzünü ağ edir

Apardığımız araşdırma onu göstərir ki, hazırda rayonların rəsmi veb-saytları həmin rayonlar barədə ətraflı məlumat almağa imkan vermir. Bu saytlarda yerləşdirilən məlumatların həcmi həddindən artıq azdır. Onu da bildirək ki, bu boşluğu bəzi rayonlarda ayrı-ayrı şəxslər tərəfindən qurulan müstəqil veb-saytlar doldursa da, bir çox rayonlar barədə ətraflı məlumat almaq mümkün deyil. Məsələn,  “xankendi.az”, “zerdab.com”, “zengilan.com” kimi müstəqil saytlar oxuculara həmin rayonlar barədə geniş informasiya təqdim edirlər və rəsmi saytların doldura bilmədikləri boşluqları doldururlar. Ancaq təəssüf ki, əksər rayonlar üçün belə saytlar mövcud deyil və bütün ağırlıq icra hakimiyyətlərinin rəsmi saytlarının üzərinə düşür. Sonda onu da qeyd edək ki, yerli icra hakimiyyətlərinə məxsus saytların ən ciddi qüsurlarından biri də onların hər hansı işlək xarici dildə təqdim olunmaması ilə bağlıdır. Halbuki Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 12.9-cu maddəsində qeyd olunur ki, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır.

Mənbə:  ZAMAN

5 ŞƏRH

  1. Zərdab Rayon İcra Hakimiyyətinin saytı da keçirilən hər tədbirdən sonra operativ yenilənir..Belə operativ rəsmi sayta çox az halda rast gəlinir..Elektron müraciət bölməsi də aktivdir..

    http://zerdab-ih.gov.az

  2. Zerdab.com-a da uğurlar arzulayırıq..Gərgin əmək, yuxusuz gecələr özünü sayta baxan kimi göstərir..Allah işinizi avand eləsin!!!

  3. Beli gergin emek yuxusuz geceler—Bu realliqda beledir.Allah avand elesin isivizi…………Men sahidem yuxusuz gecelere…..

  4. Bu saytin iscilerini Volqoqrada devet edirik. Gelin qonagimiz olun ve gorun Zerdabin yetirmeleri burda onun adini nece ucaldir. Sizi oglumla tanis etmek isteyirem. Butun xercler bizlidr.

Comments are closed.