Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (6)

1

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

Hesen bey ZerdabiZərdab, 16 avqust. Mənim Zərdabda olmadığım 2 ayda Sizin tanıdığınız Əli Xidır oğlu səlahiyyətlərini genişləndirərək, əliyalın sakinlərdən bac-xərac alan adi qaçaqdan, öz fəaliyyətini Göyçay, Şamaxı, Cavad, Şuşa və hətta Yelisavetpol qəzalarına qədər böyük bir ərazidə həyata keçirən mütəşəkkil quldur dəstəsinin başçısına çevrilmişdir.

Onun bandası özü kimi başkəsənlərdən ibarətdir, bu bandaya Yelisavetpoldan Məhərrəm və İsmayıl, Şuşa qəzasının Ovşar köçərilərindən Kərbəlayi adlı şəxs, Şamaxı qəzasının Kürd köçərilərindən Məşədi adlı bir nəfər və başqaları, ümumən, 6 nəfər daxildir. Bunlar bandanın daimi üzvləridir, lakin bandanın yalnız bəzi quldurluq reydlərində iştirak edən müvəqqəti üzvləri də olur.

Onların daimi məskəni Zərdab və Zərdabın qarşısı, Kürün Şuşa qəzası sahilləridir. Hazırda Kürün Şuşa qəzası sahillərində əhali, o cümlədən orada sığınacaqları olan zərdablılar da yaşamırlar. Şuşanın hakim dairələri bandanı axtarmaq üçün pristav Səlim bəyi bu əraziyə göndərməklə kifayətlənmiş, pristav isə zərdablılara əmr etmişdir ki, Əli Xidır oğluna deyin ki, o, Şuşa sahillərinə keçməsin, vəssalam, bununla da, pristav qayıdıb gedib evinə. Bizim yerli hakimiyyət də xüsusi gücü, enerjisi olması ilə öyünə bilməz. Baxmayaraq ki, o bandanın fəaliyyət mərkəzi Zərdabdır; bütün qarət olunan mallar bura daşınır və burda nağd pula çevrilir, artıq 2 aydır ki, bura bir nəfər də olsun «çapar» gəlib gözucu da olsa baxmayıb. Bizim «Oğrubəy» (uryadnik), yəni kiçik qəza polisi məmuru, məşhur Xalaclı Pənah Yüzbaşının qardaşı Həmid Həsən oğlu öz çaparları ilə yalnız Göyçay ətrafında dolaşırlar və hələ bir dəfə də olsun, Kür sahilinə gəlməyiblər.

Mənim Zərdaba gəlişimdən dərhal sonra, məhz avqustun 10-da Əli Xidır oğlu öz bandası ilə günün günortaçağı Kür çayını keçərək Şamaxı qəzasını qarət etməyə getmiş; lakin Zərdabın 3 nəfər kəndxudasının heç biri bu barədə rəhbərliyə məlumat verməmişdir. Avqustun 14-də axşam saat 9-da banda geri qayıdarkən, mənim Dəkkə bölməsindəki balıq vətəgəmə soxulmuş, işçilərimi döymüş, onların qayıqlarını əllərindən alaraq, Kürün o biri sahilinə bütöv bir at ilxısı və 8 dəvə keçirmişlər. Bu barədə də rəhbərliyə məlumat verməyiblər…

Yazda Əli Xidır oğlu bandası ilə Qovruqbağı kəndinin sakini Qasım Hacı İsrəfil oğlunun 7 kəlçəsini qovub aparmışdı. Qasım kişi Əlinin və bandasının gəlişindən xəbər tutmuş, onların hansı yoldan keçəcəklərini öyrənmiş, öz oğlunu, qardaşını və daha iki yaxın qohumunu götürərək, quldurları pusquda xəlvəti gözləmişdir. Əli quldurbaşı kimi dəstənin önündə gedirmiş və eyni vaxtda ona tərəf 5 tüfəngdən güllə atılır, bununla da o, atdan yıxılır. Qasım dərhal kəndxudanın yanına qaçaraq, elan edir ki, Əlini öldürüb…

Lakin başqalarının dediyinə görə, Əli Xidır oğlu ölməyib, yaralanıb.

Bilmək maraqlıdır ki, görəsən Əli Xidır oğlu hardan bilir ki, mən onun əməlləri haqqında qəzetə məqalələr göndərirəm?

Fikrimcə, buna şübhə etməmək olar ki, Əliyə belə xəbərləri qəzet oxuyan şəxs çatdırır. İndi Əli mənə ismarıc göndərib ki, bundan sonra onun haqqında heç nə yazmayım, yoxsa…

HƏSƏN BƏY.

«KASPİ» QƏZETİ, №91, 27 AVQUST 1882-Cİ İL.

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × five =