Uşaqlıq illərimin şəkilləri

5
Sevil_Gültən
Sevil Gültən
Sevil_Gültən
Sevil Gültən

Uşaqlıq dövrümlə bağlı demək olar ki, heç bir şəkil yoxdur. İlk şəklim 4 -cü sinifdə oxuyanda, ad günümdə çəkilib. Yadımdadır ki, atamla rayon mərkəzinə getmişdik. Mən təkid etdim ki, şəkil çəkdirək. Təxminən 10 yaşım olanda. O şəkildən başqa heç bir şəklim yoxdur uşaqlıq illərimə aid. Sonrakı illərdə məktəbdə çəkdirdiyimiz şəkillərim var. Amma məhz 10 yaşımdan o tərəfdə qalan illərimdən heç bir yadigar yoxdur. Bilmirəm, bunun günahı kimdədir? Yaşadığım kənd şəraitindəmi? Başı öz iş-güclərinə qarışmış valideynlərimdəmi? Yoxsa ibtidai sinifdə bizə dərs deyən müəllimlərdə? Deyirəm, bəlkə şəhərdə yaşasaydıq ən azı “Foto” yazılmış yerlərin yanından keçərkən valideynlərimin yadına düşərdi şəkil çəkdirmək. Bəlkə valideynlərimin kasıb olmasında axtarım bu səbəbi?  Məişət problemləri başlarını  qatmasaydı bəlkə də biz uşaqların şəklini çəkdirmək kimi işlər də yadlarına düşərdi.

Uşaqlıq illərimdən bəzi anlar yaddaşıma hopub qalıb. İlk dəfə məktəbə getməyim, qələm tutmağım, tənəffüslərdə evimizə qaçmağım və sair. Amma nə qədər etsəm də o məktəbə gedən, qələm tutan, tənəffüsdə evə tərəf qaçan uşağı təsəvvür edə bilmirəm. Həmin anlar barədə düşünəndə uşaqlıq illərimin yeganə yadigarı olan şəkildəki məni təsəvvür edirəm. Həm  birinci sinifdəki, həm də dördüncü sinifdə olan hadisələri xatırlayanda özümü o yeganə şəkildəki kimi təsəvvür edirəm. Hərdən anam uşaqlıq illərimlə bağlı hansısa xatirəni yadına salır. O danışdıqca həmin anlar kino lenti kimi göz önümdən gəlib keçir. Amma yenə də özümü təsəvvür edə bilmirəm – həmin anların əsas obrazı  tanıdığım başqa uşaqlar olur.

Uşaqlıq illərimdən şəkil yoxdur. Mənim uşaqlıq illərimin ayrı-ayrı anları böyüdüyüm evin divarlarına hopub qalmışdı. Sonralar o evin palçıq suvağı sementlə əvəz ediləndə yoxa çıxdı o anlar. Həyətimizdəki, bəlkə də valideynlərimdən də yaşlı olan tut, qarağac ağacının yaddaşına hopubmuş uşaqlıq illərimin bəzi anları. Əsən küləklər, yağan yağışlar yuyub aparıb o ağacın yaddaşını. O ağacların budaqları qırıldıqca o ağacların da yaddaşı qırıq-qırıq olub. İtib dağılıb uşaqlıq illərimin anları.  4 il oxuduğum ibtidai məktəbin partalarının, lövhəsinin yaddaşında qalıbmış uşaqlıq illərimin anları. O məktəbin binası uçlurulanda, binanın kərpicləri torpağa qarışanda o binanın yaddaşında olanlar da torpağa qovuşdu…Torpağa çevrildi mənim uşaqlıq anlarım….

Ayaqyalın qaçdığım kənd yolunun yaddaşında neçə illər yaşayıb mənim uşaqlıq anlarım… Yayda tozlu, qışda palçıqlı olan o yollara daş döşənəndə həmin xatirlər daşın ağırlığına  dözə bilməyib əzik-üzük oldu….

Uşaqlıq illərimin ən çox xatirələri atamın yaddaşında yaşayırdı. Atam dünyasını dəyişəndə onları da özüylə apardı.

Anamın yaddaşında yaşayır uşaqlıq illərim. Anam qocaldıqca onun yaddaşı da kövrəkləşir, tez  sınıb tökülür xatirələr. Kim bilir, bəlkə nə vaxtsa insanların yaddaşına hopanların şəklini çəkmək mümkün olacaq? Kim bilir…

Uşaqlıq illərimdən yalnız bircə şəkil qalıb….On yaşımdan o tərəfdə qalan illərin ayrı-ayrı anları torpağa qarışıb. Nə qalıbsa anamın yaddaşında qalıb….Anam qocaldıqca onlar da yavaş-yavaş  əriyir, yoxa çıxır….

Uşaqlıq illərimin şəkilləri – mənim heç zaman görə bilməyəcəyim şəkillər!!!

5 ŞƏRH

  1. Allah ananinizi size cox gormesin.Bir az qemli notlara koklenmis xatirelerdir.Ne edek heyat…….Allah her kese omur payini verir.Kim verilen omru nece yasayir ozunden cox sey asilidir.Insan sehv yolu da duz yolu da ozu secir.Yeni cox vaxt gunahi ozumuzde olur……….

  2. Her kesi bir anliqa uwaqliq illerini xatirladir lap mende oz uwaqliq wekillerime baxib o anlari yeniden yawadim xeyallarimda Sevil xanim. COX SAQOLUN

  3. Çox sağ olun Sevil xanım! Bizi uşaqlıq illərinə apardınız..Kifayət qədər uşaqlıq şəkillərim olsa da, mən də özümü təsəvvür etməkdə acizəm! Ən gözəl şəkil elə yaddaşlarda qalanlardır…Albom arasında olmasa da olar!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 19 =