Zərdabda qədim sənət növü – xalçaçılıq

0

XalçaçılıqAzərbaycanın ən qədim yaşayış məskənlərindən olan Zərdabda xalçaçılığa hər zaman böyük maraq olub. Məlum olduğu kimi, xalçaçılıq kənd yerlərində yaranan və zaman ötdükcə incəsənətin mühüm növlərindən birinə çevrilmiş sənətdir. Son dövrlər iqtisadi səbəblərdən bu sahəyə maraq azalsa da, ümumilikdə, bir vaxtlar Zərdabın kəndlərində xalçaçılığa böyük önəm verilirdi. Hətta bir vaxtlar Zərdab ərazisində xalça toxuma mərkəzləri də mövcud olub. Məsələn, N. Zeydlisin 1859-1864-cü illərin məlumatları əsasında 1870-ci illərdə nəşr etdirdiyi “Bakı quberniyası” kitabında yazılıb ki, Zərdabda və Əlvənd kəndində ipək məmulatlarının hazırlanması üçün 50 dəzgah var idi. Məlumdur ki, ipək məmulatları həm də xalça toxunmasında geniş istifadə olunurdu. Zərdabda və Əlvənd kəndində 50 dəzgahın olması, burada xalça toxunmasına nə dərəcədə önəm verildiyini göstərir.

Bir zamanlar Zərdabda və Əlvənd kəndində toxunan ipəklər öz keyfiyyəti və gözəlliyi ilə xüsusi seçilirmiş. Həmin ipəkləri ailələr toy-düyünlərdə ən yaxınlarına və ən hörmətli qonaqlarına bağışlayarmışlar.

Zərdabda hazırlanan ipəklər gözəlliyi ilə diqqət çəkdiyi üçün başqa bölgələrdən gələn ticarətçilər kəndbəkənd gəzib ipəkləri alar və aparıb başqa ərazilərdə baha qiymətə satarlarmış.

Həmin illərdə demək olar ki, Zərdabda əksər ailələrdə xalça toxumağı bacarırdılar. Uzun qış gecəsində qadınlar hana arxasına əyləşər və xalça toxuyarmışlar. Hətta deyilənə görə, əgər kiminsə evində xeyir iş olacaqmışsa və xalça təcili toxunmalı imişsə, kəndin, nəslin xalça toxuyan qadınları bir yerə toplaşar və qısa müddətdə işləri başa çatdırarmışlar.

Deyilənə görə, o vaxtkı xalça-palazlar bir camış qiymətinə satılarmış. Odur ki, əgər kiminsə evində xəstəsi var idisə və ona təcili pul – xərclik lazım idisə, yenə də el-obanın xalça toxuyanları bir yerə cəm olub xalçanın toxunmasını daha tez başa çatdırarmışlar ki, ev sahibi satıb dərd-sərinə xərcləsin.

Hazır xalça isə ətraf rayonlardan gələn tacirlərə satılarmış. Elə zərdablılar da var imiş ki, öz xalçalarını arabalarına qoyub Zərdaba ən yaxın məsafədə yerləşən bazarlarda baha qiymətə satarlarmış. O dövrdə xalçalarını baha qiymətə satmaq istəyən zərdablılar ən çox Ağcabədi və Göyçay bazarlarına üz tutarlarmış.

Zərdabda toxunan palazların adları da günümüzə qədər gəlib çatıb. Bunlardan “Göllü”, “Taxta-taxta”, “Camışayağı” və s. adlı – çeşidli palazları xüsusi qeyd etmək olar. Bu palazlar da bazarda bir camışın qiymətinə satılarmış.

Qızların ən qiymətli cehizi “Göllü” palaz olarmış. “Taxta-taxta” adlanan palazlar isə, nisbətən ucuz qiymətləndirilirdi. Qeyd edək ki, Zərdab rayonunda xalçaçılığa bu gün də böyük maraq var. Prezident İlham Əliyev bir müddət öncə Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin açılışını edərkən məlumat verilmişdi ki, burada şagirdlərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər mövcud olacaq. Bunlardan biri də xalçaçılıq dərnəyidir. Prezidentə məlumat verilmişdi ki, xalçaçılıq dərnəyi mərkəzin 1-ci mərtəbəsində fəaliyyət göstərəcək və bu sahəyə maraq göstərən gənc və yeniyetmə xanımlarımıza xalçaçılığın sirləri öyrədiləcək.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 5 =