Böyük Vətən müharibəsinin canlı əfsanəsi Zərdabda yaşayır – foto

6
BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN ÜÇ ŞÖHRƏT ORDENLİ YEGANƏ SALAMAT VƏ CANLI ƏFSANƏSİ, 92 YAŞLI HEYDƏROV MURADALI ŞAHBAĞAT OĞLU BU GÜN DƏ DOĞMA ZƏRDABIN MƏMMƏDQASIMLI KƏNDİNDƏ YAŞAYIR
BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN
ÜÇ ŞÖHRƏT ORDENLİ YEGANƏ SALAMAT VƏ CANLI ƏFSANƏSİ, 92 YAŞLI HEYDƏROV MURADALI ŞAVAQAT OĞLU ZƏRDABIN MƏMMƏDQASIMLI KƏNDİNDƏ YAŞAYIR.

“Faşist Almaniyası ərazisində döyüş gedərkən Muradalı Heydərov bir neçə döyüşçüsü ilə pusqu quraraq 13 düşmən əsgərini məhv etdi, 18 əsgər və 3 zabiti əsir götürdü…”

Muradalı Şavaqat oğlu Heydərov 1922-ci il martın 18-də Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdur. Məmmədqasımlı kəndində ibtidai təhsil almış, sonra kolxozda sıravi əməkçi kimi çalışmışdır. 1942-ci ildə  Böyük Vətən müharibəsinə çağırılmış, 416-cı Azərbaycan diviziyasının tərkibində qəhrəmanlıqla dolu döyüş yoluna çıxmışdır.

M. Heydərov  döyüşə atılanda – 1942-ci ilin yayında sovet ordusu ağır günlər yaşayırdı. Volqayanı çöllərdə və Qafqaz dağları ətəklərində – yerdə və göydə amansız döyüşlər gedirdi. M. Heydərovu topçu təyin etdilər. 76 millimetrlik toplar batalyonu ön mövqelərdə böyük itkilər verərək geri çəkilməyə məcbur olan polku əvəz edərək hücuma keçməli idi. Onlar mövqelərini təzəcə tutmağa başlayırdılar ki, müşahidəçi qışqırdı: – “Alman tankları düz üstümüzə gəlir”…

Dərhal atəş əmri verildi və Muradalının atdığı mərmi düz hədəfə – öndə gələn tanka dəydi. Tankdan tünd qara tüstü qalxdı. Kiçik serjant M. Heydərovun növbəti atəşi ilə ikinci alman tankı da ləngər vurub yerində qaldı. Amma qalan 4 tank topçulara hücumu davam etdirirdi. Bununla belə həmin gün Muradalıgil bu zirehli və zəhmli döyüş maşınlarının bütün həmlələrini top atəşləri ilə dəf etdilər. Elə oldu ki, ilk döyüş günü  bu zərdablı igid həlak olan tuşlayıcı nişançını da özü əvəz etdi və bu sınaqdan da şərəflə, qəhrəmanlıqla çıxdı.

Muradalı Heydərov Terek və Don çaylarının sahillərində düşmənlə vuruşdu, Ukrayna və Moldovanı azad etdi, Dnepr, Visla, Oder, Şiree çaylarını döyüşə – döyüşə keçdi. Çoxdan gözlədiyi Qələbə gününü o, Berlində–Brandenburq darvazaları önündə qarşıladı.

İkinci dünya müharibəsi…Ukraynada, müharibənin qızğın çağında serjant Muradalı Heydərovgilin batareyası mühasirəyə düşdü. Baş leytenant Abdullayevin komandir olduğu batareya qat-qat üstün olan düşmənin hücumlarını 3 sutka dəf edə bildi. Mərmiləri isə qurtarmaq üzrə idi. Vəziyyət çox ümidsiz idi. Bu vaxt Heydərov çox çətin bir tapşırığı  üzərinə götürərək 6 əsgərlə gecənin zülmətində çox ehtiyatla hitlerçilərin səngərlərindən keçib qonşu batareyaya adladı. Komandir vəziyyəti bilən kimi mərmilərini ağır vəziyyətə düşən artilleriyaçılarla bölüşdü, bir neçə döyüşçüsünü də mərmiləri aparmağa kömək üçün onlara qoşdu. Sürünə-sürünə mərmiləri aparmaq çox çətin idi. Hər addımda da ölüm gözlənilirdi. Amma Muradalıgil ölüm barədə heç fikirləşmirdilər də. Güllə vıyıltısı, mərmi uğultusu altında onlar mərmiləri ümidlə yol gözləyən  döyüş dostlarına çatdırmağa tələsirdilər…

Gətirdikləri mərmilərlə sübhə qədər düşmənin qarşısını aldılar. Son mərmilərini atanda sovet ordusu bütün cəbhə boyu sarsıdıcı hücuma keçdi. Almanlar mühasirəyə düşməkdən ehtiyatlanaraq, dərhal mövqelərini tərk edib sürətlə qərbə tərəf çəkildilər…

Faşist Almaniyası ərazisində döyüş gedərkən Muradalı Heydərov bir neçə döyüşçüsü ilə pusqu quraraq 13 düşmən əsgərini məhv etdi, 18 əsgər və 3 zabiti əsir götürdü…

Küstrin və Berlinə hücum zamanı göstərdiyi qəhrəmanlıqlara görə onun mükafatları sırasına II və III dərəcəli Şöhrət ordenləri də əlavə olundu. Muradalı Heydərov 1946-cı ildə müharibədən evə yaxasında SSRİ-nin 9 ordeni ilə qayıtdı.

O, reyxstaqın divarına adını süngü ilə yazmışdır.

Böyük Vətən müharibəsi qəhrəmanı Muradalı Heydərov döyüşlərdəki şücaətlərinə görə Şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif edilmiş, bununla da Sovet İttifaqı Qəhrəmanının bütün imtiyaz  və hüquqlarına sahib olmuşdur. O, ikinci dərəcəli Vətən müharibəsi ordeni ilə də təltif olunmuşdur.

Muradalı Heydərovun adı Rusiyanın, Ukraynanın, Moldovanın və Avropanın bir çox şəhər və kəndlərinin “Bizi alman faşizmindən xilas edənlər” xatirə memorial lövhələrində həkk olunmuşdur.

Ordu sıralarından ehtiyata buraxılandan sonra o, Məmmədqasımlı kəndində sudartan motorun mexaniki işləmişdir.

Hazırda ölkə əhəmiyyətli pensiyaçı və Prezident təqaüdçüsüdür, doğma Məmmədqasımlı kəndində yaşayır, işləyir.

Biz sizinlə fəxr edirik, Muradalı kişi!

İsaməddin Əhmədov

6 ŞƏRH

  1. Ela.Sag olun ki yazirsiz biz bunlari bilmirik axi.Artiq bilirik.Bu ise suzin ugurunuzdur.Sukani bele saxla.

  2. Oğulsan eeee oğul! Səndən Zərdabda yoxdur..Bəlkə var mən tapa bilməmişəm???

  3. Esq olsun sene ay baba.Allah seni qorusun.Bele insanlardan biri de Dekkeoba kend sakini Mecnunov Salam Salah oqludur.Onunda 92 yasi var.Xahis edirem onnanda musahube alasiniz.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 4 =